07 Aprel 2021 00:42
598
DÜNYA
A- A+

Ukraynanın şərqində vəziyyət gərginləşir

 

Münaqişə iştirakçıları hələlik söz dueli aparırlar

 

Ukraynanın şərqində - separatçı Donetsk və Luqansk vilayətlərində son günlər gərginlik müşahidə olunur. Ötən ilin iyulunda imzalanmış atəşkəs sazişi əvvəlki dövrlərə nisbətən tez-tez pozulur. Sabitliyin pozulmasında münaqişə tərəfləri bir-birini günahlandırırlar. Beynəlxalq ictimaiyyət hadisələrin gedişini həyəcanla izləyir və vəziyyətin nəzarət altından çıxmasından narahatlıq ifadə edir.

Gərginliyin artmasına əsas səbəb kimi ötən ayın 26-da Donetsk vilayətinin Şumı yaşayış məntəqəsinin yaxınlığında separatçıların Ukrayna Silahlı Qüvvələrinin mövqeyini minaatanlardan atəşə tutulması nəticəsində dörd ukraynalı hərbçinin həlak olması və ikisinin yaralanması göstərilir. Ukrayna hakimiyyəti və Donetskdəki separatçı rejim bir-birini gərginliyi artırmaqda ittiham etmişlər. Eyni zamanda Donetsk və Luqansk separatçıları Kiyevi Minsk razılaşmalarına zidd olaraq münaqişə zonasındakı təmas xəttində hücum və təxribat hərəkətlərinə qoyulmuş məhdudiyyətlərdən tamamilə imtina etməkdə günahlandırmışlar.

Bütün bunlardan sonra Rusiyanın Ukraynanın şərq sərhədinə təxminən dörd min hərbçi göndərməsi vəziyyəti daha da gərginləşdirmişdir. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Ruslan Xomçakın verdiyi məlumata görə, söhbət döyüşə hazır vəziyyətə gətirilmiş tabor taktiki qruplarından gedir. Ukrayna mətbuatı da sərhədə Rusiya hərbi texnikasının yeridilməsindən xəbər vermişdir.

Ukraynanın şərq sərhədi boyunca yaranmış vəziyyət Moskva və Kiyev tərəfindən fərqli qiymətləndirilir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdir ki, Rusiyanın qoşunlarını ölkə hüdudları daxilində özünün istədiyi kimi yerləşdirmək hüququ var və bu, heç kimi narahat etməməlidir. O əlavə etmişdir ki, Rusiya sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün lazım olan tədbirlər görür: “Rusiya Federasiyasının sərhədləri boyunca NATO ölkələrinin silahlı qüvvələrinin, digər birliklərin, ayrı-ayrı ölkələrin artan fəallığı nəzərə çarpır. Bütün bunlar sayıq qalmağa vadar edir”. Eləcə də Kreml Kiyevin “Ukraynada vətəndaş müharibəsinin yenidən başlamasına” gətirib çıxara biləcək “təxribat xarakterli addımlar atacağından” narahatdır. 

Rusiyanın təmas qrupunda səlahiyyətli nümayəndəsi Boris Qrızlov da vəziyyətin gərginləşməsində Kiyevi günahkar sayır. O bildirmişdir ki, Ukrayna hərbçiləri yaşayış məhəllələrində hərbi texnika yerləşdirməkdə davam edirlər: “Dinc əhali pərdəsi altında aparılan hərbi əməliyyatlar əslində müharibə cinayətləridir. Ukrayna hakimiyyəti, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı bu cinayətlərin törədilməsinə mümkün qədər çox əsgər cəlb etməyə çalışırlar”.

Ukraynanın separatçı vilayətlərində və ölkənin şərq sərhədində yaranmış vəziyyət Kiyevi və Qərb dövlətlərini ciddi düşündürür. Ukrayna hərbi komandanlığı bəyan etmişdir ki, Rusiya Ukrayna sərhədi boyunca və işğal olunmuş ərazilərdə 28 tabor taktiki qrupu cəmləşdirmişdir, təlimlərə hazırlaşmaq adı altında daha 25 tabor taktiki qrupu cəlb etməyi planlaşdırır. Kiyev hesab edir ki, ölkənin şərq sərhədi boyunca bu qədər qoşunun mövcudluğu Ukrayna dövlətinin hərbi təhlükəsizliyinə təhdiddir. Rusiya tərəfi ön hərbi hissələri kəşfiyyat qrupları və snayper cütləri ilə gücləndirir, həmçinin Rusiya Silahlı Qüvvələrindən təlimatçıların cəlb edilməsi ilə şəxsi heyətə təlim verir. Həmçinin Rusiya qoşunları müəyyən istiqamətlərdə, xüsusilə Ukraynanın işğal olunmuş ərazilərindəki yaşayış məntəqələrində döyüşə hazır vəziyyətə gətirilmiş növbətçi artilleriya bölmələri saxlayır.

Rusiya qoşunlarının Ukrayna sərhədinin yaxınlığında fəallaşması beynəlxalq aləmdə getdikcə daha çox tənqid olunur. NATO-nun mətbuat katibi Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində bildirmişdir ki, Rusiyanın “sabitliyi pozan hərəkətləri” Ukraynanın şərqində gərginliyi azaltmaq üçün göstərilən bütün səyləri sarsıdır. O, Şimali Atlantika alyansının Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini vurğulamışdır.

Donetsk vilayətində separatçı silahlılarla Ukrayna hərbçiləri arasında döyüşlər yenidən başlayandan sonra ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı döyüş hazırlığını ən yüksək səviyyəyə qaldırmışdır. Vaşinqton bəyan etmişdir ki, Ukraynanın şərqində gərginliyin artacağı təqdirdə Kiyevi düşmən qarşısında tək qoymayacaq.

Bir neçə gün əvvəl Almaniya və Fransa Xarici İşlər nazirlikləri Ukraynanın şərqində münaqişə tərəflərini təmkinli olmağa və gərginliyi dərhal azaltmağa çağırmışdır. Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrel məlumat vermişdir ki, bu məsələni Aİ ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşündə Ukrayna tərəfi ilə müzakirə etmək niyyətindədir.

Göründüyü kimi, Ukraynanın separatçı vilayətlərində və ölkənin şərq sərhədində yaranmış gərginlik fakt kimi ortadadır. Bəzi müşahidəçilər regionda cərəyan edən hadisələri əzələ nümayişi kimi sayır, yeni müharibənin alovlanmasını istisna edirlər. Hələliksə tərəflər söz dueli aparırlar.

 

Allahverdi MEHDİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video