13 Sentyabr 2011 12:09
534
Mədəniyyət
A- A+

Üfüqdən qalxan səhər

 

Şair, dramaturq, tərcüməçi Novruz Gəncəli ədəbiyyata qanlı-qadalı müharibə illərində - İkinci Dünya savaşı zamanı gəlib. Bu səbəbdən də onun haqqında həmişə belə bir fikir söyləyirlər ki, Novruz Gəncəli bir əlində qələm, bir əlində də silah tutaraq faşist işğalçılarına qarşı vuruşan vətən övladlarının qəhrəmanlığını, əməksevərliyini, insansevərliyini poeziyaya gətirdi. Həyatın çox ağır və sərt sınaqlarından üzüağ çıxan Novruz Gəncəli tənqidçi Qulu Xəlilovun təbirincə desək, poeziyaya bir təbiilik, özünəməxsus deyim tərzi bəxş etdi. Novruz Gəncəli elə bir vaxtda ədəbiyyatda söz deyirdi ki, artıq Azərbaycan poeziyasının qartal nəfəsli şairlərinin şöhrəti yurdumuzun sərhədlərindən də kənara çıxmışdı. Ölkəmizi bürümüş repressiyanın qara caynaqlarından qurtulmuş Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Osman Sarıvəlli, Əhməd Cəmil… kimi şairlərin yandırdığı söz çırağının işığına qanadlanan pərvanələr - gənc şairlər bu məsuliyyəti dərindən dərk edirdilər.

 

Bütün ömrü boyu Novruz Gəncəli bir məqamı heç vaxt unutmadı. 1947-ci ildə Yazıçılar Birliyinin iclas salonunda Səməd Vurğun onun bir şeirini bütünlüklə oxuyaraq inamla demişdir: "Ədəbiyyatımıza əsl şair gəlir". Böyük Səməd Vurğunun verdiyi xeyir-duanın, bəyəndiyi həmin şeirin Novruz Gəncəlinin həyatındakı rolu çox dəyərli oldu. Sanki üfüqdən doğan səhərin şəfəqləri bu şairin yaradıcılığına əbədi bir uğur və məram gətirdi:

 

Mən qovdum vətəndən qara kabusu,

Candan əziz tutdum arı, namusu.

Sən ey, qəm bilməyən gənc nəsil!

Üzümü görməyi eləsən arzu,

Bax, üfüqdən qalxan al səhər mənəm,

Qəlbinin istəyi o zəfər mənəm!

 

O, 12 sentyabr 1921-ci ildə Bakı şəhərində dəmirçi ailəsində anadan olmuşdur. Səkkiz yaşında atasını itirən Novruz İsmayıl oğlu Sadıqov böyük qardaşının himayəsində yaşamışdır. Çox kiçik yaşlarında əməyə alışan Novruz H.Z.Tağıyev adına toxuculuq fabrikinin nəzdindəki orta məktəbdə ibtidai təhsil almışdır. 1929-cu ildə ailəliklə Gəncəyə köçmüşdülər. Bu səfərin, eləcə də "Gəncəli" təxəllüsünün seçməsinin də maraqlı bir tarixi var. Novruzun böyük qardaşı Qulamhüseyn Sadıqov həmin toxuculuq fabrikində baş mühəndis işləyirdi. Elə rəhmətlik anası da burada çalışırdı. İş elə gətirib ki, Qulamhüseynin təcrübəsini nəzərə alaraq onu Gəncəyə - oradakı fabrikdə işləməyə göndəriblər. Bu səbəbdən də ailə Bakıdan getməli olub. Novruz da Gəncə şəhərindəki 3 saylı beynəlmiləl orta məktəbdə oxuyub. Bir müddət fabrikdə çalışıb. Lakin 1938-ci ildə qardaşının vəfatı ailənin vəziyyətini yenidən ağırlaşdırıb. Bu dəfə bütün ağırlıq Novruzun üzərinə düşüb. Amma oxumağa böyük marağı onu ali təhsil almaqdan çəkindirməyib. 1939-cu ildə ADU-nun filologiya fakültəsinə daxil olub. Eyni zamanda, müxtəlif yerlərdə əmək fəaliyyətinə başlayıb. Ona "Gəncəli" təxəllüsünü də Əhməd Cəmil verib. Şeirləri ilə tanış olduqda ilk sözü bu olub: "Mütləq bu imza ilə çıxış et". Ömrünün sonuna kimi də Novruz Gəncəli kimi yazıb-yaradan tanınmış şairimizin sağlığında 14 kitabı çap edilib. İlk kitabı 22 yaşında işıq üzü görüb. "Odlu ürəklər" adlanan bu kitabın qədəmləri yüngül olub. Sonrakı illərdə "Unudulmaz günlər", "Şeirlər", "Dalğalar", "Mənim mahnılarım", "Üç dost", "Könüllər açılanda", "Unuda bilmirəm", "Ədəbi dost" və s. şeir kitabları nəşr edilmişdir. "Azərbaycan gəncləri" qəzeti redaksiyasında, Azərbaycan Baş Mətbuat İdarəsində, Azərbaycan Yazıçılar Birliyində, "Ədəbiyyat qəzeti"ndə, "Azərbaycan" jurnalı redaksiyasında müxtəlif vəzifələrdə çalışan Novruz Gəncəli 1945-ci ildə Yazıçılar Birliyinin üzvü olub.

Novruz Gəncəli çoxcəhətli yaradıcılığa malik bir şəxsiyyət idi. Onun qələmə aldığı mövzulardan, janrlardan söz açanda bəzən çətinlik çəkirsən. Şair Novruz Gəncəlidən danışaq, yoxsa dramaturqdan? Çünki onun pyesləri də çoxdur. Hətta müəllifin komediyalardan ibarət kitabı Moskvada "Sovetski pisatel" nəşriyyatında rus dilində çap edilib. Onun pyeslərini görkəmli rus dramaturqları tərcümə ediblər. Ölkə teatrlarında da əsərləri dəfələrlə tamaşaya qoyulub. Məsələn, Gənc Tamaşaçılar, Gəncə Dövlət Dram, Naxçıvan Musiqili Dram, Ağdam Dövlət Dram, Azərbaycan Musiqili Komediya teatrlarında və respublikadan kənarda pyesləri səhnələşdirilib. "Şəlalə" adlı əsəri Azərbaycan dramaturgiyasında ilk elmi fantastik pyes sayılır. Eləcə də "Ev bizim, sirr bizim", "Məhəbbət körpüsü", "Səadət yağış deyil" pyesləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Novruz Gəncəli öz qələmini tərcümə sahəsində də ustalıqla sınamışdı. Hötedən, Bayrondan, Puşkindən, Brextdən. Patrindən, Abaydan və digərlərindən etdiyi tərcümələr də ədəbiyyatımızın bu qolunu zənginləşdirmişdir. Onun şeirlərinə yazılan musiqilər də dillər əzbərinə çevrilirdi. Gör neçə ildir ki, xalq artisti Zeynəb Xanlarovanın böyük şövq və məhəbbətlə oxuduğu "Ananın səsi" qitələr dolaşmaqdadır.

Əmək fəaliyyətinə fəhləlikdən başlayan, kitabxana işçisi olan, müəllimlik edən, jurnalistliklə məşğul olan Novruz Gəncəli yaradıcılığının məziyyətləri çoxdur. Diqqətçəkən bir məqamı da dilə gətirmək lazımdır. O, şeirlərində yurdumuzu, onun gözəlliklərini vəsf etməkdən yorulmayan şair idi. Kitablarını vərəqlədikcə sanki vətənin xəritəsini görürük. Gəncənin gözəllikləri, Göygölün füsunkarlığı, Bərdənin bərəkətli çölləri, Laçının dağları, Göyçə gölünün sirləri, Göyçayın xan çinarı, Arazın şəfəqləri, Təbrizin, Mərəndin əlçatmaz, ünyetməz üfüqləri... daha nələr dil açır onun şeirlərində. "Azərbaycan" adlı şeirinin ilk bəndinin son misralarına diqqət yetirək:

 

İlhama nur verir, nur verir Azərbaycan,

"Mahur" Azərbaycan, "Şur" Azərbaycan!

 

Nə qədər gözəldir. Milli-mənəvi sərvətimiz sayılan muğamların yurdumuzun mayası olması haqqında şairin poetik düşüncələri səmimi və dəqiqdir. Arazı, Kürü Azərbaycanın bir cüt hörüyünə bənzədən şairin illər öncə arzu kimi səsləndirdiyi aşağıdakı fikirlər, əslində böyük cəsarətdən və vətənpərvərlikdən xəbər verirdi:

 

Oyanar Babəklər, Qoç Koroğlular,

Çəkər qılıncını Murovla Qoşqar,

Şahdağı hayqırar, Kəpəz hayqırar...

Gözündə qalmasın xoş arzuların,

Açılsın, Cənuba gedən yolların!

 

Şəxsiyyət etibarilə ləyaqətli insan olan Novruz Gəncəli şeirlərinin mövzusuna və xüsusiyyətlərinə görə də seçilən, yaddaqalan, sevilən şairlərdən idi. Ədəbiyyat sahəsindəki xidmətləri o dövrdə respublika Ali Sovetinin fəxri fərmanları və SSRİ-nin müxtəlif medalları ilə təltif olunmuşdur. "İstəyirdim" adlı bir şeirində isə həyata keçməyən arzularından söz açan şair sanki kimliyini poetikləşdirərək özü-öz yaradıcılığına əbədi qiymət verib:

 

Nə su oldum, nə od oldum,

Nə dənizəm, nə mayakam,

Nə çay oldum, nə gül oldum,

Nə bulağam, nə zanbağam;

Bir ah çəkib torpaq oldum,

Meh nəfəsim, nur odumdur.

Axar sular göz yaşlarım.

İnsansa övladımdır!

 

Olumdan ölümə doğru uzanan beş addımlıq ömür yolundan yadigar qalan nəğmələrində, şeirlərində əbədiyaşarlıq tapdı Novruz Gəncəli! Bulaq da quruya bilər, gül də solar, mayak da sönər, amma torpaq əbədidir! Yenidən qoynunda güllər açar, insan doğular, ömürlərə ömür calanar. İtib-bitməyən, davam edən ömrün yeni nağılları yaşandıqca Novruz Gəncəlinin şeirləri ürəklərə xoş ovqat bəxş etməkdədi.

 

Flora XƏLİLZADƏ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video