01 Avqust 2021 01:52
3696
SİYASƏT
A- A+

Türkiyə, yanındayıq!

 

Prezident İlham Əliyevin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət ikinci qrup da qardaş ölkəyə yola salınıb

 

“Yanan meşələrinlə yanaşı, bizim ürəyimiz də alovlanır!”, “Yanındayıq, Türkiyə”, “Bu çətinliyə də bərabər sinə gərib, birlikdə qalib gələcəyik”...

Son günlərdə qardaş Türkiyədə fəsadlar törədən və insan itkisinə səbəb olan meşə yanğınları bütün Azərbaycan xalqının dərin üzüntüsünə, kədərinə səbəb olub. Hər bir azərbaycanlı sevinci sevincimiz, kədəri kədərimiz olan qardaşlarımıza bu dar günlərdə də arxa olmaq üçün bir ürək olub. Kimi dəstək mesajları, paylaşımları, kimi də duaları ilə türk xalqı ilə həmrəy olduğunu bildirir.

Sosial şəbəkələrin Azərbaycan seqmentinə nəzər saldıqda əksər istifadəçilərin şəkillərinin Türkiyə bayrağı ilə bəzəndiyini, paylaşımlarında qardaş xalqa dəstək mesajlarını görürük. Eynilə Vətən müharibəsi zamanı türk qardaşlarımızın Azərbaycanla bağlı paylaşımlarında olduğu kimi. Hər zaman üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağı, al qırmızı, ay-ulduzlu Türkiyə bayrağı ilə qoşa dalğalandırıldı. Türkiyə müharibənin ilk dəqiqələrindən etibarən Azərbaycanın haqlı davasının yanında olduğunu nümayiş etdirdi. Son dərəcə böyük siyasi və mənəvi dəstək nümayiş etdirərək qardaşına dayaq oldu.

Sonrakı mərhələlərdə də iki ölkə arasındakı qardaşlıq münasibətləri daha yüksək pillələrə qədəm qoydu.

Şuşa Bəyannaməsinin, eyni zamanda Azərbaycan-Türkiyə-Pakistan parlament rəhbərlərinin üçtərəfli Bakı Bəyannaməsinin qəbul edilməsi, buna qədər mövcud olan ölkələrarası münasibətlərin daha inkişaf etdirilməsi və gələcəyə hesablanmış uğurlu davamı oldu...

Tarixən babalarımızın başlatdığı həmrəylik bu gün də davam edir. Hər iki qardaş xalq ağrı-acısını da, xoş gününü də birlikdə yaşayır, birlikdə kədərlənib, birlikdə gülürlər...

Türkiyədə baş verən meşə yanğınları ilə bağlı yaşanan fəlakət zamanı da Azərbaycan dövləti qardaş ölkənin yanında, ona dayaq olduğunu nümayiş etdirir. 

Prezident İlham Əliyev qardaş ölkənin rəhbərinə yanğınlar zamanı həyatını itirən vətəndaşlara görə başsağlığı verərək bildirdi ki, Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır.

Birinci vitse-prezident Mehriban Əliyeva da Türkiyəyə dəstək olaraq paylaşım edərək “Türkiyə xalqının kədəri bizim kədərimizdir”, - deyə vurğuladı.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasının qarşısının alınması üçün qardaş ölkəyə Azərbaycandan yardım dəstələri göndərildi.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola salınıb. Yanğınsöndürmə qrupunun tərkibində olan 100 əməkdaş Türkiyənin Muğla vilayətinin Marmaris və Dalaman bölgəsində yanğınlarla mübarizə aparır.

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyasda yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu dünən qardaş ölkəyə yola salınıb.

Yanğın-xilasetmə qrupuna 1 helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir. Qrupu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yola salıb və müvafiq tapşırıqlar verib. Nazir müavini jurnalistlərə müsahibəsində Türkiyədə yanğınların söndürülməsinin mürəkkəbliyini qeyd edib. Bildirib ki, azərbaycanlı və türkiyəli mütəxəssislər yanğının lokallaşdırılması və qarşısının alınması üçün birlikdə fədakarlıqla çalışırlar.

Qeyd edək ki, ikinci qrup Gürcüstandan keçməklə iki sutka ərzində Marmarisə çatacaq və birinci qrupun üzvlərinə qoşularaq yanğınların söndürülməsində iştirak edəcək.

Türkiyədə olan azərbaycanlı yanğınsöndürənlər “çətin zamanlarda canımızla və qanımızla hər zaman Türkiyənin yanındayıq. Və nə vaxt ehtiyac olsa, biz həmişə qardaş Türkiyənin yanında olacağıq. Birliyimizi göstərəcəyik”, - söyləyərək bir daha türk qardaşlarımıza dəstəklərini nümayiş etdirirlər.

Bütün beynəlxalq platformalarda, dövlətlərimizlə bağlı istənilən məsələlərdə daim birlik nümayiş etdirərək, bir-birinə dayaq duran iki qardaş ölkə - Azərbaycan və Türkiyə dövlətçiliyimizə, xalqlarımızın varlığına qarşı təhdid olan terrorizmə, işğal siyasətinə qarşı birlikdə mübarizə aparır. Eyni zamanda bütün təbii fəlakətlər, onların nəticələrinin aradan qaldırılması zamanı da daim bir-birinə dayaq, dəstək dururlar. Bu kömək iki ölkə arasındakı diplomatik münasibətlərdən ziyadə, iki qardaş xalq arasındakı mənəvi-ruhi bağlılığın, sevginin təzahürüdür. Bu, bir qardaşın çətin vəziyyətə düşən qardaşının harayına yetməsinin əyani təcəssümüdür.

İndi də Azərbaycan mənəvi və maddi dəstəyi ilə əziz Türkiyənin yanındadır, cani-dildən qardaş xalqa kömək etmək üçün əlindən gələn hər şeyi etməyə çalışır.

Qeyd edək ki, hazırda ölkənin beş vilayətinin on fərqli nöqtəsində yanğınlar hələ də davam edir, 88-i isə artıq söndürülüb. Alovlarla mübarizəyə ümumilikdə 3 təyyarə, doqquz insansız hava vasitəsi (İHA), bir insansız helikopter, 1 yanğınsöndürmə tankı, 38 helikopter, 680 yanğınsöndürmə maşını, 55 xüsusi maşın və 4000-dən artıq canlı qüvvə cəlb olunub. Yanğınlarla mübarizədə qardaş Türkiyəyə ölkəmizlə yanaşı, Rusiya və Ukraynadan da kömək göndərilib. Yanğınlar nəticəsində çox sayda ev, iş yeri, əkin və meşəlik ərazilər yararsız hala düşüb, heyvanlar tələf olub.

Türkiyə dövlətin aldığı mühüm qərarlar, qardaş, dost ölkələrin köməyi ilə tezliklə bu fəlakətin də öhdəsindən əzmlə gələcək.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video