26 Avqust 2011 12:08
582
İDMAN
A- A+

Türkiyə futbolunda danışılmış oyunlarla bağlı tarixi qərar çıxarıldı

 

"Fənərbaxça" avrokuboklardan kənarlaşdırıldı

 

Xəbər verildiyi kimi, artıq iki aydır Türkiyə ölkə futbolunda korrupsiya ilə bağlı araşdırmalarını davam etdirir.

"Fənərbaxça" klubu  ötən mövsüm Türkiyə Superliqasında çempion olaraq UEFA Çempionlar Liqasının birbaşa qrup mərhələsinə vəsiqə qazanmışdı. Lakin sonradan klubun danışılmış oyunlarda iştirakı ittihamı ilə cinayət işi açıldı. Bununla bağlı "Fənərbaxça"nın prezidenti Əziz Yıldırım da daxil olmaqla bir neçə məşhur futbol adamı həbs olunub.

Srağagün isə Türkiyə Futbol Federasiyasının aldığı qərar ictimaiyyətdə şok effekti yaratdı. Belə ki, milli futbol təşkilatından verilən məlumata görə, İstanbulun "Fənərbaxça" komandası qitənin ən nüfuzlu klub turnirindən kənarlaşdırılmışdır.

Açıqlamadan bir gün əvvəl UEFA-nın baş katibi Gianni İnfantino bu komandanın Çempionlar Liqasında iştirak edə biləcəyini demişdi. Amma Türkiyə Futbol Federasiyası (TFF) bunun tam əksini edib.

TFF-in rəsmi internet saytında yerləşdirilən açıqlamada qərarın UEFA-nın tələbi ilə verildiyi bildirilir: "UEFA 23 avqust 2011-ci ildə TFF-ə göndərdiyi məktubda ölkəmizdə davam etməkdə olan danışılmış oyunlar istintaqı çərçivəsində "Fənərbaxça"nın bu mövsüm Çempionlar Liqasına qatılmaqdan çəkilmə qərarı verməsinin vacibliyini, klubun bu yola getməyəcəyi halda TFF-in "Fənərbaxça"nı 2011-2012-ci il mövsümündə Çempionlar Liqasına qatılmaqdan xaric etməsinin vacibliyini, bu 2 yoldan hər hansı biri yerinə yetirilməsə, UEFA-nın özünün intizam araşdırması başladaraq TFF-ə, yəni ölkəmiz əleyhinə intizam sanksiyaları tətbiq etmə vasitəsinə əl atacağını bildirib".

Bu hadisədən sonra vəziyyət TFF tərəfindən dərhal yazılı şəkildə "Fənərbaxça" klubuna çatdırılıb. "Fənərbaxça" isə avqustun 24-də TFF-ə göndərdiyi cavab məktubunda TFF-in bu məsələdə ittihamnamənin məhkəmədəcə qəbulunun gözlənilməsinə yönəlmiş qərarına hörmətlə yanaşdıqlarını və qısa müddət ərzində belə bir vacib məsələyə dair konkret qərar verilməsinin mümkün olmayacağını bildirib.

Bundan sonra məsələ TFF-in İcraiyyə Komitəsinin növbədənkənar toplantısında qaldırılıb və həm "Fənərbaxça"nın məruz qala biləcəyi ağır intizam sanksiyaları, həm də TFF-in, ölkənin üzləşə biləcəyi intizam sanksiyalarını göz önünə alaraq "Fənərbaxça"nın bu mövsüm Çempionlar Liqasına qatılmaqdan xaric edilməsinə qərar verilib.

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsindən xaric edilən "Fənərbaxça"nı ötən mövsüm ikinci yeri tutmuş  "Trabzonspor" əvəzləyəcək. Bu barədə UEFA-nın operativ məsələlərin həlli komissiyası qərar qəbul edib.

UEFA Çempionlar Liqasından kənarlaşdırılan "Fənərbaxça" klubu həm də böyük maddi zərərə uğrayıb. Qitənin ən nüfuzlu klub turnirinə  qatıldığı üçün Türkiyəyə ayrılmış 12,5 milyon avronu qazanmalı olan İstanbul təmsilçisi 6 qrup matçına çıxdığı üçün daha 7,5 milyon avro gəlir əldə edəcəkdi.

Bununla yanaşı, İstanbulda oynayacağı 3 matçın hasilatı, reklam gəlirləri və UEFA-dan televiziya yayımları ilə əlaqədar gələcək əlavə gəliri də hesablasaq, ən azı daha 20 milyon avro  ziyana uğrayan "Fənərbaxça" klubunun ümumi zərərinin 40 milyon avro olduğu bildirilir.

UEFA-nın prezidenti Mişel Platini də Türkiyə Futbol Federasiyası  ilə bağlı rəsmi mövqeyini açıqlayıb. Qitə futbol təşkilatının başçısı TFF-in "Fənərbaxça"nın Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə buraxılmaması ilə bağlı qərarını dəstəkləyib: "Yaşanan son hadisələr heç də ürəkaçan deyil. Lakin Türkiyə Futbol Federasiyasının qərarı doğrudur. Prosesləri biz də araşdırdıq. Yəni bir ölkənin çempionu Çempionlar Liqasına gedə bilmirsə, 2-ci yeri tutan çıxış etməlidir. Bu da "Trabzonspor" olduğundan bu komanda Çempionlar Liqasının qrup mərhələsinə qatılacaq".

Hadisələrin bu cür cərəyan etdiyini görən "Fənərbaxça" klubunun prezidentinin vəkili Nihat Özdəmir "Habertürk" televiziya kanalında TFF-in prezidenti  Mehmet Əli Aydınların qonağı olduğu "Təkə-Tək" proqramına telefonla bağlanaraq deyib: "Əgər federasiya bizi UEFA-ya qarşı müdafiə etmirsə və danışılmış oyunlarda iştirak etdiyimizi düşünürsə, buna inanırsa, komandanı birinci diviziona göndərsin". Federasiyanın bu müddət ərzində davamlı səhv addımlar atdığını vurğulayan Özdəmir onu da qeyd etmişdir ki, bu yaşananlar türk futboluna çox ağır zərbə endirmişdir.

Məlumat üçün onu da qeyd edək ki, bu qərardan özünə gəlməyən "Fənərbaxça" dünən daha bir xəbərlə sarsılmışdır. Türkiyənin "NTVSpor" kanalının müxbiri Aykut Yıldırım qəzetimizə verdiyi açıqlamasında bildirdi ki, komandanın baş məşqçisi Aykut Kocaman istefa ərizəsini rəhbərliyə təqdim etmişdir.  Klub isə baş məşqçini qərarından döndərməyə çalışır. Yaxın günlərdə bu məsələnin dəqiqləşəcəyi gözlənilir. A.Yıldırımın sözlərinə görə, təcrübəli mütəxəssis komandasının avrokuboklardan kənarlaşdırılması xəbərini eşidəndən sonra bu qərara gəlib.

Xatırladaq ki, Kocaman ötən yaydan çalışdırdığı komandanı debüt mövsümündəcə çempion etmişdi.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video