14 Noyabr 2021 01:01
1662
SİYASƏT
A- A+

Türk dünyasına Zəfər sevinci bəxş edən LİDER

 

İlham Əliyevə təqdim olunan Türk Dünyasının Ali Ordeni Azərbaycan Prezidentinin şəxsiyyətinə yüksək ehtiramın təcəssümüdür

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının noyabrın 12-də İstanbulda keçirilən VIII Zirvə Görüşü mühüm hadisələrlə əlamətdar oldu: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyinin yeni binasının açılış mərasimi keçirildi, şuranın adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi, Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi, “Türk dünyasına baxış - 2040” sənədinin qəbulu ilə bağlı və digər  əhəmiyyətli qərarlar qəbul olundu. VIII Zirvə Görüşünün ən mühüm hadisəsi isə Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi oldu.

 

Qalib Azərbaycan türk birliyinin möhkəmləndirilməsinə də böyük töhfələr verir

 

Prezident İlham Əliyev bu mükafatla Azərbaycanın Vətən müharibəsindəki tarixi və möhtəşəm qələbəsinə və türk birliyinin daha da möhkəmləndirilməsindəki səylərinə görə təltif olundu. Vətən savaşındakı qələbə ilə Azərbaycan 30 ilə yaxın işğal altında qalan torpaqlarını azad etdi. Ermənistanın işğal siyasətinə son qoymaqla Azərbaycan BMT-nin kağız üzərində qalan qətnamələrinin icrasını təmin etdi. Bu qələbə regionda yeni siyasi-iqtisadi reallıqlar və əməkdaşlıq imkanları yaratdı.

Türk Dünyasının Ali Ordenini təqdim edərkən “Hörmətli Prezident, Əziz qardaşım, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev”  deyə müraciət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, “qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub.

Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır”. Türkiyə Prezidenti xüsusi vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmiş, Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur.

Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması dövlətimizin başçısının şəxsiyyətinə göstərilən böyük ehtiramın  nümunəsidir. Bu mükafat Azərbaycan Prezidentinin dünyadakı yüksək nüfuzunun təcəssümüdür. Türk Dünyasının Ali Ordeninə görə dərin təşəkkürünü bildirən Prezident İlham Əliyev  bunun bütün Azərbaycan xalqına verilmiş mükafat olduğunu bildirib: “Bu, mənim üçün böyük şərəfdir, eyni zamanda böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz Qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir. Qeyd edilir ki, bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır”.

 

Azərbaycanın sədrliyi dövründə Türk Şurasının uğurlu fəaliyyəti təmin olunub

 

Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə həm də türk birliyinin daha da gücləndirilməsindəki xidmətlərinə görə təltif olundu. Qeyd edək ki, iki il əvvəl Bakıda keçirilmiş Türk Şurasının VII Zirvə Görüşündə sədrlik Azərbaycana keçmişdi. Həmin Zirvə görüşündə Prezident İlham Əliyev bəyan etmişdi ki, türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı respublikamızın xarici siyasətinin prioritet istiqamətlərindən biridir və sədrliyi qəbul edən Azərbaycan türkdilli  dövlətlər arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcək.

Bakı görüşündən sonra sürətlə dəyişən dünya nizamı da göstərirdi ki, türk dövlətlərinin həmrəylik nümayiş etdirməsi olduqca vacibdir. Bundan çıxış edərək Türk Şurasına sədrliyi dövründə Azərbaycan türk dövlətləri arasında əlaqələrin daha da dərinləşməsi istiqamətində tşəbbüslərlə çıxış etdi. Respublikamzın sədrliyinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, Azərbaycan türkdilli dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, habelə Türk Şurasının dünyada nüfuzunun daha da artırılması istiqamətində səylər göstərdi. Məsələn, Azərbaycanın sədrliyi dövründə təşkilat çərçivəsində mövcud əməkdaşlıq istiqamətlərinə əlavə olaraq, səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri quruldu.  2020-ci il aprelin 10-da isə Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının COVID-19 pandemiyasına həsr olunmuş fövqəladə Zirvə görüşü keçirildi. Bu görüş dövlət və hökumət başçıları səviyyəsində pandemiyaya həsr olunmuş və videokonfrans vasitəsilə təşkil edilmiş ilk beynəlxalq tədbir oldu.

Zirvə görüşündə dövlət başçıları tərəfindən pandemiya ilə mübarizə çərçivəsində birgə tədbirlərə dair fikir mübadiləsi aparıldı, fövqəladə Zirvə Görüşünün Bakı Bəyannaməsi qəbul olundu. Zirvə görüşünün nəticəsi olaraq ölkələr arasında pandemiya və sonrakı dövr ərzində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı dövlət başçılarının təlimatlarına uyğun olaraq, iqtisadiyyat, nəqliyyat, səhiyyə, energetika, gömrük, turizm və miqrasiya sahələrindən məsul nazirlərin görüşləri keçirilib, qarşıya qoyulan hədəflər müzakirə olunub. Eyni zamanda sözügedən iclaslar zamanı qəbul edilmiş qərarların icrası ilə bağlı işlər aidiyyəti qurumlar arasında təsis olunmuş mexanizmlər çərçivəsində davam etdirilir.

 2021-ci il martın 31-də videokonfrans vasitəsilə Türk Şurasının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Bu, Azərbaycan Respublikasının təşkilata sədrliyi dövründə dövlət başçıları səviyyəsində sayca ikinci tədbir oldu. Tədbir zamanı Qazaxıstanın Türkistan şəhərinə yeni təsis olunmuş “Mənəvi paytaxt” statusu verilmişdir. Uzun tarixə malik olan ölkələrimizin “Mənəvi paytaxt” statusuna layiq görülə biləcək çox sayda şəhərləri var və bu səbəbdən sözügedən ənənə davam etdiriləcək. Tədbirdə qeyri-rəsmi Zirvə görüşünün Türkistan Bəyannaməsi qəbul olundu.

Bu dövrdə Türk Şurasına üzv olan dövlətlərin iqtisadiyyat, səhiyyə, nəqliyyat, xarici işlər nazirlərinin videkonfrans formatında görüşləri keçirilib. İşğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması layihələrinə Türk Şurasına üzv və müşahidəçi ölkələrdən olan şirkətlər və iş adamlarının marağı nəzərə alınaraq 2021-ci il sentyabrın 10-da Bakı şəhərində “Azərbaycanın işğaldan azad edilmiş Qarabağ regionunun bərpasına və inkişafına həsr olunmuş” biznes-forum keçirildi. Həmçinin Bakıda Türkdilli Dövlətlərin Baş Prokurorlarının 1-ci iclası keçirildi və Türk Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurası təsis olundu.

Bakıda keçirilmiş VII Zirvə Görüşündən sonra Özbəkistan Respublikası Türk Şurasına üzv oldu. Görülən işlərin nəticəsi olaraq İstanbulda keçirilən VIII Zirvə Görüşündə isə Türkmənistan təşkilat yanında müşahidəçi statusu əldə etdi.

Göründüyü kimi, Azərbaycanın təşkilata sədrliyi dövründə Türk Şurasının səmərəli, məhsuldar və uğurlu fəaliyyəti təmin olunub, üzv ölkələr arasında arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində mühüm addımlar atılıb.

 

Zəngəzur bölgəsi türk dünyasını birləşdirən körpüyə çevriləcək

 

Azərbaycanın Türk Şurasına sədrliyi ölkəmiz üçün olduqca tarixi bir dövrə təsadüf edib. Bu dövrdə Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanıb, ərazi bütövlüyümüz təmin olunub. Müharibə günlərində və ondan sonra türkdilli dövlətlərin xalqları da Azərbaycan xalqına dəstəklərini ardıcıl olaraq ifadə ediblər. Birmənalı şəkildə demək olar ki, Azərbaycanın Zəfəri türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynayıb.

Zəngəzur dəhlizinin reallaşması isə bu birliyin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək. Prezident İlham Əliyev Zəngəzur dəhlizi vasitəsilə nəqliyyat əlaqələrinin yaradılmasını hələ illər əvvəl Azərbaycanın milli marağı kimi müəyyən edib. Çünki bu dəhlizin bərpası ilk növbədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın nəqliyyat əlaqələrinin yaxşılaşdırılması baxımından vacibdir. Digər tərəfdən qeyd olunan nəqliyyat əlaqələrinin yaradılması və bərpası ilə Zəngəzur bölgəsi bütün türk dünyasını birləşdirən körpüyə çevriləcək. Hələ 2009-cu il oktyabrın 3-də Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Görüşündə Prezident İlham Əliyev bununla bağlı demişdi: “Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı.Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti onilliklər ərzində dayandırılmışdır. Ancaq biz bu gün qəbul edilmiş qərarlarla, atılmış addımlarla bu bağlantını daha da gücləndiririk”.

2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə Prezident İlham Əliyev bir daha bu mövzuda danışaraq bildirmişdi ki, vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı, ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk.

Vətən müharibəsindəki Qələbə Zəngəzur dəhlizinin reallaşması üçün tarixi şəraiti təmin edib. “ Zəngəzura gəldikdə, mən Naxçıvan zirvəsindəki çıxışımı xatırlatmaq istəyirəm. O zaman mən demişdim ki, 1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur və bunu xəritəyə baxmaqla hər kəs görə bilər. Bu gün isə biz bu coğrafiyanı bərpa edirik. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə biz bu coğrafiyanı yenidən bağlayırıq, birləşdiririk və ümid edirəm ki, buna sona qədər müvəffəq olacağıq”, - deyə Prezident İlham Əliyev Türk Şurasının VIII Zirvə Görüşündə bildirib.

Türk Şurası qarşısında duran vəzifələrin həyata keçirilməsi istiqamətində böyük uğurlar əldə edib. Son illərin reallıqları da göstərir ki, təşkilat öz imkanlarından türkdilli xalqların mənafeyi naminə səmərəli istifadə etməkdədir. Azərbaycanın Vətən müharibəsindəki qələbəsi isə yeni əməkdaşlıq imkanlarının meydana çıxması baxımından təşkilatın fəaliyyətini daha da canlandıracaq.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video