23 Sentyabr 2011 12:09
452
Mədəniyyət
A- A+

Tükənməyən incilər

 

Xalqımızın hikmət dünyasından xəbər verən atalar sözləri və el məsəllərinin hər biri bir incidir. Xalq bunları yüzillər boyu yaratmış, yaşatmış, bu gün də yaşadır və yaradır. Mütəxəssislər haqlı olaraq bildirirlər ki, atalar sözləri ipə-sapa düzülməyən incilərdir. Eldən elə, dildən dilə keçərək gələcəyə doğru inamla addımlayır, həmişə də təzə-tərliyini saxlamaqdadır. Atalar sözləri dərin mənaya, böyük və yığcam fikrə malik olmaqla elə ifadə olunur ki, çatdırdığı həqiqətin qarşısında heyran qalırsan. Bəzən də atalar sözü tapıntı kimi dəyərləndirilir. Həyatın müxtəlif sahələrinə aid ibrətamiz məzmunlu qısa kəlam, hikmətli sözlər həm də xalqımızın dərin zəkasından, düşüncəsindən, təcrübəsindən bəhrələnərək çox məqamlardan xəbər verir. Hər bir atalar sözündə tarixi dövrün, zamanın, quruluşun öz əks-sədası da yaşamaqdadır. Atalar sözlərinin istər bədii sənət baxımından, istərsə də elmi cəhətdən araşdırılması həmişə faydalıdır. Çünki ictimai tarixi həqiqətlərin bədii ifadəsi olan bu hikmət dəryasında bəzən də tarixi keçmişimizə boylana bilirik. Məsələn, "Paslı dəmirdən qılınc olmaz", "Düyünlü ağacdan oxlov çıxmaz", "Rəhmət yazana, lənət pozana" və s.

Azərbaycanda atalar sözü kitab halında ilk dəfə 1899-cu ildə İrəvan şəhərində müəllim Məhəmməd Vəli Qəmərlinin hazırladığı çərəkə boyda toplu hesab  olunur. Burada 750 atalar sözü toplanmışdı. 1881-1889-cu  illərdə Tiflisdə rus dilində nəşr  olunan "Qafqazın məskən və məskunlarının təsvir materialları" məcmuəsinin müxtəlif nömrələrində ara-sıra ana dilimizdə atalar sözləri dərc olunardı. Hətta Soltan Məcid Qənizadənin, Firidun bəy Köçərlinin, Rəşid bəy Əfəndiyevin XX əsrin əvvəllərində çap edilmiş kitablarında da atalar sözünə rast gəlinir. Eləcə də "Məktəb" və "Dəbistan" jurnallarında arabir atalar sözləri dərc edilərmiş. Bu hikmət çeşməsini ilk dəfə ciddi surətdə araşdıran, onu illər boyu sevərək toplayıb bir yerə yığan, tərtib edən, nəşrə hazırlayan unudulmaz folklorşünas, əməkdar mədəniyyət işçisi Əbülqasım Hüseynzadə olub.

Əmək fəaliyyətinə mühasib kimi başlayan Əbülqasım Hüseynzadə 98 il ömür sürüb. Ömrü boyu atalar sözü axtarmaqla məşğul olub. Onları bir-bir toplayaraq müxtəlif kitablar halında nəşrinə çalışıb. Hələ orta məktəbdə oxuduğu illərdə baqqaldan aldığı saçaqlı konfetlərin üstünə yazılmış atalar sözü və zərbməsəllər, tapmacalar onun diqqətini cəlb edirmiş. Konfet fabrikinin sahibi alıcıları şirnikləndirmək üçün öz məhsullarına bu cür yazılar həkk etdirməklə alverini qızışdırmaq istəyirmiş. Məktəb yoldaşı ilə birlikdə bu cür sözləri toplayan Əbülqasım Hüseynzadə sonralar o illəri xatırlayaraq deyərdi: "İllər boyu səliqə-sahmanla bir yerə toplayıb, sistemə salıb ktab halında çap etdirdiyim atalar sözlərinin əksəriyyətini bax həmin illərdə əldə etmişəm. Bu səbəbdən də konfet fabrikinin sahibinə həmişə rəhmət oxuyuram".

Əbülqasım Hüseynzadə 1910-cu ildə Bakıda "Səadət" məktəbində hesabdar-katib vəzifəsində işləyərkən tale elə gətirib ki, Üzeyir Hacıbəyli ilə görüşüb. Üzeyir Hacıbəyli onun atalar sözü topladığı dəftərini vərəqləyərək əməyini təqdir edib. Nəcib işini dəyərləndirərək "Sən xalqımızın ləl-cavahiratını toplayırsan" söyləyib. Məsləhət görüb ki, bu işi davam etdirsin. Üzeyir bəyin tövsiyəsindən sonra Əbülqasımın həvəsi daha da artıb. Bir məsəli tez-tez işlədərdi: "Mənim incim, mirvarim atalar sözləridir". O, bu işi ustalıqla görürdü. 1925-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında baş mühasib vəzifəsində çalışdığı vaxt Azərbaycan Ədəbiyyat Cəmiyyətinin sədri Böyükağa Talıblı ilə görüşərək illər boyu topladığı atalar sözünün kitab halında çap olunmasını xahiş edib. Beləliklə, 1926-cı ildə iki minə yaxın atalar sözündən ibarət ilk kitab "Bakı işçisi" nəşriyyatının mətbəəsində çapdan çıxdı. Bunun ardınca Hənəfi Zeynallının tərtib etdiyi "Atalar sözü" kitabı çap edildi. Həmin kitabın müqəddiməsində müəllif yazırdı: "Mənə kömək edənlərdən biri də Əbülqasım Hüseynzadədir. Onun topladığı atalar sözündən istifadə etmişəm". Buna görə də Əbülqasım Hüseynzadə həmişə fəxrlə deyərdi ki, Azərbaycanda ilk "Atalar sözü" kitabı mənimdir. 1938-ci ildə Məmməd Arif Dadaşzadənin redaktorluğu, Həmid Araslının müqəddiməsi ilə müəllifin ikinci kitabı çapdan çıxdı. Onun cəfakeşliklə atalar sözlərini toplaması dövrün ədəbiyyatşünas alimləri tərəfindən dəyərləndirilirdi. Hamı da məsləhət görürdü ki, Azərbaycanı qarış-qarış gəzsin. Bu müdrik sözlərin toplanması yolunda bir an da dayanmasın. Bu səbəbdən də yurdumuzu qarış-qarış dolanan Əbülqasım Hüseynzadə şifahi ədəbiyyatın bir çox sahələrinin də üzə çıxmasında xeyli zəhmət çəkmişdi. Kitablar çap edildikcə onun şöhrəti də artırdı. Təkcə atalar sözləri deyil, tapmaca və nağılları toplayaraq kitabça şəklində nəşr etdirirdi. Məsələn, uşaqlar üçün hazırladığı "Tülkü və xoruz", "Tapmacalar" işıq üzü gördü. Hətta artıq o, atalar sözlərini müxtəlif təsnifatlar, sahələr, bölmələr üzrə də nəşrə hazırlayırdı. Məsələn, qəhrəmanlıq və dostluq haqqında atalar sözləri, bayatılar və s.

1949-cu ildə Əbülqasımın çap etdirdiyi növbəti "Atalar sözü" kitabı tərtib cəhətdən əvvəlkilərdən çox fərqli idi. Burada atalar sözləri əlifba sırası ilə düzülmüş, kitabın sonunda isə müfəssəl mövzular göstəricisi verilmişdir. Bu kitabın tərtibində onun redaktoru, yazıçı Mikayıl Rzaquluzadənin də zəhməti böyük idi. Əbülqasım Hüseynzadənin bu sahədəki xidməti əsl qəhrəmanlıq nümunəsi idi. O öz işindən bir an olsa belə ayrılmırdı. İldən-ilə, nəşrdən-nəşrə oxucuya təqdim etdiyi toplunun yeniləşməsinə, zənginləşməsinə, təkmilləşməsinə çalışırdı. 1956-cı ildə "Atalar sözü" kitabının dördüncü nəşri işıq üzü gördü. Sonrakı illərdə artıq Azərbaycan atalar sözləri rus, Ukrayna dillərində çap edilirdi.

1974-cü ildə "Azərnəşr"də müəllifin topladığı "Rəvayətlər" çap edildi. On il sonra "Maarif" nəşriyyatının təqdim etdiyi "Müxtəsər rusca-azərbaycanca atalar sözü lüğəti" Əbülqasım Hüseynzadə yaradıcılığının yeni bir cəhətini üzə çıxardı. Ömrünün sonuna kimi hikmət dəryasından ayrılmayan Əbülqasım Hüseynzadənin sonuncu "Atalar sözü" kitabı 40 min nüsxə ilə 1985-ci ildə çap edilib.

Atalar sözünün hər biri bir dastandır. Bu barədə də atalar sözümüz var: "Atalar sözü Qurana girə bilməz, amma onunla yanaşı gedər". Bu sözün nə vaxt deyildiyi bəlli olmasa da, amma çox dəyərli bir ifadədir. Türk folklorşünası Ömər Asim Aksoy bu sözü belə şərh etmişdir: "Yəni Quranla birlikdə gedər, ondan geri qalmaz". Bəzən də elə atalar sözü olur ki, mənası qaranlıq qalır. Bu səbəbdən də Əbülqasım Hüseynzadə bəzi atalar sözlərinin izahını verməyə, onun yaranma səbəbini və şəraitini araşdırmağa çalışmışdır. Məsələn, "Ölüm haqdan, kəfən Məmməd Cəfərbəydən". Dillər əzbəri olan bu məsəlin açıqlamasını Əbülqasım Hüseynzadə belə izah edirdi: "Bakının Ramana kəndinin sakini Məmməd Cəfərbəy 1882-ci ildə şəhərdə və ətraf kəndlərdə baş vermiş vəba xəstəliyindən qırılan adamların elə pal-paltarlı basdırıldığını görüb top-top ağ alıb ehsan edir. Əhali, bir növ, bu nəcib işdən xatircəm olaraq özünə təsəlli verib: "Ölüm haqdan, kəfən Məmməd Cəfərbəydən".

Atalar sözlərinin yaranmasında şair və yazıçıların da xidmətləri böyük olub. Bu işləri də incəliyinə qədər araşdıran Əbülqasım Hüseynzadə yazırdı: "Dillər əzbəri kimi məşhurlaşan elə atalar sözü var ki, onların müəllifi məlumdur. Məsələn, "Azadlıq gözəl yaşamaq üçündür", "Təcrübə yüksəlişin qanadıdır". Bu kəlamın müəllifi Cəfər Cabbarlıdır. Yaxud da: "Çörək bol olarsa basılmaz vətən", "Soyuq məzara da zinətdir insan", "Ağılsız köpəklər ulduza hürər" kimi atalar sözünə çevrilmiş hikmətli poetik ifadənin müəllifi xalq şairimiz Səməd Vurğundur. Bu cür hikmətli ifadələrin yaranması bütün xalqların ədəbiyyatında mövcuddur. Eləcə də tapmaca və lətifələrin yaranması bu şəkildə davam edib. Xalq yaradıcılığının qaynar bulağından yetərincə bəhrələnən Əbülqasım Hüseynzadə 80 ildən artıq bir zaman kəsiyində həmin tükənməz çeşmədən damcı-damcı yığaraq 50 mindən artıq atalar sözü toplayıb. Doğrudur, kitablar nəşr edildikcə bəzən də cəmiyyətimiz üçün məqbul olmayan atalar sözləri nəşrlərə salınmayıb. Bəzi atalar sözündə də ifadə tərzi xoş olmayıb. Açıq-saçıqlıq onun çapına mane olub. İnsan zəkasının yaratdığı elə incə mətləblər var ki, onlar yazıya köçməsə də, qələmə alınmasa da, xalq arasında, şifahi nitqdə yaşamaqdadır. Külli halında isə Azərbaycan atalar sözü öz zənginliyi, ifadə tərzi və məziyyətləri ilə seçilir. Xalq şairi Bəxtiyar Vahabzadə atalar sözü barəsində belə deyirdi:

 

Atalar sözü öyüddür bizə,

Yüz illər, min illər deyiləcəkdir.

 

Bu, bizim həm də xalqımızın mentalitetindən, təbiətindən irəli gəlir. Şirin, bədii eyhamla, məzəli, bəzən də üstüörtülü, ikimənalı, ibarə ilə danışmağı xoşlayır. Ona, bir növ, adət etmişik. Bununla bərabər açıq və şax danışmağı da sevmişik. Öyüd-nəsihət, ibrətamiz kəlam dilimizdən əskik olmur və maraqlıdır ki, onlar qulağımızı yorub bizi bezdirmir. Hər bir atalar sözü zəngin sərvətdir. Yığcam və incə mətləbləri o qədər dürüst və səlis ifadə edir ki, hər eşitdikcə heyrətlənirik: "Adamların qorxusundan doğru demək olmur, vicdanın qorxusundan yalan", "Zəhmətlə yeyilən acı soğan minnətlə yeyilən baldan şirindir", "Qartal milçək ovlamaz" və s. və i.a.

Əslində 120 yaşı tamamlanmış mərhum Əbülqasım Hüseynzadə elə bir işin qulpundan yapışdı ki, həyat verdiyi, millətinə ərməğan etdiyi atalar sözü qədər əbədi bir ömür qazandı. Onun zəhməti ilə işıq üzü görmüş kitabları hər dəfə vərəqləyəndə bu unudulmaz söz sərrafının əməyini ehtiramla yad edir, ruhuna dualar oxuyuruq! Özünün sevdiyi bir atalar sözü var idi: "Diridən dirilik qalar". Həqiqətən də o, ömür sürdüyü 98 il ərzində bizə elə diriliklər bəxş etdi ki, onların ahənginə öz həməişəyaşarlığını da ustalıqla qata bildi...

 

Flora XƏLİLZADƏ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video