06 Yanvar 2012 12:01
461
Mədəniyyət
A- A+

Torpaq altındakı qədim tarix

 

Arxeoloqlar Salyan rayonu ərazisindən tapılan küplərin eramızdan çox-çox əvvəllərə aid olduğunu deyirlər 

 

Zaman keçir, torpaq altında yatan, yaşı minillərlə ölçülən əşyayi-dəlillər təsadüflər nəticəsində aşkarlanır. Ölməz şairimiz S.Vurğunun dediyi kimi:

 

Kim bilir, dünyanın neçədir yaşı?

Tarixin nə qədər yazısı vardır.

Hər saxsı parçası, hər məzar daşı

Nəsildən nəsilə bir yadigardır.

 

Artıq tarixə çevrilən 2011-ci ilin avqust ayının ortalarında Ələt-Astara magistralını yenidən quranlar yolun yatağı üçün Salyan şəhərinin kənarında, Kür  çayının sol sahilində yerləşən Babazanlı dağından torpaq daşıyarkən nadir bir hadisə ilə rastlaşdılar: ekskavator torpaq götürərkən çalovu iri bir küpə toxundu. Yolçəkən təşkilatın rəhbərləri məsələdən hali olduqdan dərhal sonra Salyan Rayon İcra Hakimiyyətinə məlumat verdilər. İş prosesində ərazidə digər qəbir küplər də aşkarlandı. Rayonun icra strukturlarının rəhbərləri, ziyalılar hadisə yerində oldular. Qərara alındı ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan mütəxəssislər dəvət olunsun.

Beləliklə. institut tərəfindən təşkil edilən xüsusi qrup Babazanlı dağında əsrlər boyu torpaq altında yatan küp qəbirlərlə əlaqədar axtarış və elmi-tədqiqat işlərinə başladı. Alim-arxeoloqlardan, digər mütəxəssislərdən ibarət qrup gecəli-gündüzlü çalışaraq tarixin qaranlıq səhifələrinə işıq tutdu. Bölgənin tarixinə dair yeni faktlar üzə çıxdı. Alimlər belə qərara gəldilər ki, Salyan rayonu ərazisində yaşayış eramızdan əvvəl birinci minilliyin əvvəllərindən başlamışdır.

Aparılan tədqiqat işlərinin nəticəsi olaraq AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Salyan Rayon İcra Hakimiyyəti ilə birlikdə "Salyan - dəmir dövründən orta əsrədək" (tarixi-arxeoloji icmal) adlı məlumat kitabçası çap etdirdi. "Bakı-Elm" nəşriyyatının çap etdiyi kitabçanın müəllifi professor Arif Məmmədovdur.

Yaradılan təşkilat komitəsinin təşəbbüsü ilə bu yaxınlarda "Salyanın arxeoloji və memarlıq irsi" mövzusunda elmi-praktik konfrans keçirildi. Rayon ictimaiyyəti nümayəndələrinin də iştirak etdiyi tədbiri giriş sözü ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov açdı. AMEA-nın vitse-prezidenti Akiş Haşımov, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Əliyev, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlı Salyanın tarixinin öyrənilməsinə həsr olunmuş arxeoloji tədqiqatlardan, bu bölgənin Azərbaycan tarixində yeri və rolundan, Muğanın tunc dövrü mədəniyyətindən, rayondakı memarlıq irsindən danışdılar. Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Salyan arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru, professor Arif Məmmədov isə  çıxışında göstərdi ki, Salyandakı küp qəbirlər Babazanlı (Baba Sənan) dağında geniş bir sahəni əhatə edir. Bir-birindən 100 metr məsafədə yerləşən 1-ci və 2-ci qazıntı sahələrindən tapılan qəbirlər müxtəlif dövrlərə aiddir. Alimin sözlərinə görə, 2-ci qazıntı sahəsindən tapılan küp qəbirlər daha qədimdir və eramızdan əvvəl IV-III əsrlərə aiddir. Tədqiq olunmuş küp qəbirlər içərisində kişi, qadın, uşaq sümükləri vardır. Küp qəbirlərin yanında avadanlıqlar say etibarilə çox fərqlənməsə də, çeşidi və görkəmi ilə seçilir. Bu da onların sinfi təbəqələşmənin ilk dövrlərinə aid olduğunu söyləməyə əsas verir. Arxeoloq onu da nəzərə çatdırdı ki, 2-ci qazıntı sahəsindəki küp qəbirlər özündən əvvəlki torpaq qəbirlərin üstündə salındığından onları dağıtmışdır. Maraqlı cəhət isə sıxlığa baxmayaraq, qəbiristanlığın yerinin dəyişməməsidir.  A.Məmmədovun qənaətinə əsasən, 1-ci qazıntı sahəsində qəbirlər 1,5 metr dərinlikdən tapıldığı halda, 2-ci qazıntı sahəsində 3-4 metr dərinlikdən aşkarlanır. Bu onunla izah olunur ki, 1-ci qazıntı sahəsi nisbətən hündürdə və dağ döşündə yerləşdiyindən sel suları torpaq səthini yumuşdur. 2-ci qazıntı sahəsi isə dağın aşağısında və qismən düzən ərazidə olduğundan sel sularının yuyub gətirdiyi lil qatı torpağın səthini qalınlaşdırmışdır.

Alim məruzəsində həmçinin vurğuladı ki, Salyan rayonunda tapılmış küp qəbirlərdən əldə olunmuş maddi-mədəniyyət qalıqlarının müqayisəli təhlili onların respublikamızın Cənub bölgəsindən aşkarlanmış küp qəbirlərlə eyniyyət təşkil etdiyini, lakin daha qədim olduğunu söyləməyə əsas verir.

Aparılan arxeoloji qazıntılardan məlum olmuşdur ki, burada yaşayış eramızdan əvvəl 1-ci minilliyin əvvəllərindən başlayır. Qəbir küplərin bəzilərinin üzərində dini inanclarla bağlı təsvirlər vardır. Təsvirlər qədim türklərdəki şamançılıq adətini xatırladır və bu, şər qüvvələrin qəbirdən uzaqlaşdırılması ilə bağlı ola bilər. Hər küpün yanına bir qabın qoyulması türklərin Tanrıya inamını əks etdirə bilər. Küplərin ağız hissəsinə yaxın yerdə tapılan kömür qalıqları isə pis ruhları qovmaq və s. məqsədlə burada tonqal qalandığını söyləməyə əsas verir. 

Bununla yanaşı, rayonun Qırxçıraq, Bəndovan və digər ərazilərində tapılan saxsı qab nümunələri, Səlcuq və Xilafət sikkələri buranın qədim insan məskənlərindən biri olduğunu göstərir. Ən ümdəsi odur ki, Salyanın yeni arxeoloji tapıntıları bir daha sübut edir ki, Azərbaycan əraziləri qədim türklərin tarixi vətənidir.

 

Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video