19 Noyabr 2013 02:11
439
Səhiyyə
A- A+

Təhlükəsiz donor qanına ehtiyac həmişə var

 

Qan bədənimizdə dövr edən və insan orqanizminin bütün üzvlərini oksigenlə təmin edən qırmızı rəngli maye toxumadır. Ehtiyacı olanlar üçün qan həyat mənbəyidir. Ümumi bədən çəkisinin 6,5-7 faizini təşkil edən qanın insan həyatı üçün nə dərəcə əhəmiyyət kəsb etdiyini bircə cümlə ilə ifadə etmək kifayətdir: insanın bədənində qan tükənəndə həyatı da sona çatır. Təsadüfi deyil ki, qanla bağlı yaranan xəstəlkilər mürəkkəb olması ilə yanaşı uzunmüddətli müalicə tələb edir.

Dünyada ən çox rast gəlinən irsi qan xəstəliklərindən biri  talassemiyadır.  Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə dünyada 266 milyon talassemiya daşıyıcısı və 300 min talassemiya xəstəsi var. Azərbaycanda bu xəstəlikdən 1500-ə qədər insan əziyyət çəkir. Son illər ölkəmizdə talassemiyalı xəstələrin müalicəsinin səviyyəsi yaxşılaşdığı  üçün ölüm faizi azalıb. Əgər əvvəllər talassemiyalı xəstələr 10-12 yaşa qədər yaşayırdılarsa, indi onların ömrü 26 yaşa qədər uzanıb. Müalicə düzgün və davamlı aparılarsa, talassemiyalı xəstələr 50 il və daha çox yaşaya bilərlər.

Azərbaycanda irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsi dövlət tərəfindən həyata keçirilir və bu istiqamədə ölkəmizdə mükəmməl qanunvericilik bazası mövcuddur. Məsələn, "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" qanunu qəbul etməklə dövlət üzərinə bir sıra vəzifələr götürüb. Ölkəmizdə uğurla həyata keçirilən "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı" irsi qan xəstəliyindən əziyyət çəkənlərin həyat tərzinin yaxşılaşdırılmasına və ömürlərinin uzadılmasına xidmət edir. Proqram çərçivəsində xəstələr dərman preparatları ilə pulsuz təmin olunurlar. Proqram hemofiliya və talassemiya xəstələrinin həyat tərzinin yaxşılaşdırılması və ömürlərinin uzadılmasını qarşıya məqsəd qoyub. Eləcə də proqramda hemofiliya və talassemiyanın fəsadlarından əmələ gələn əlilliyin və ölüm hallarının azaldılması, bu fəsadların profilaktikasının təşkili və belə xəstə uşaqların doğulmasının qarşısının alınması sisteminin yaradılması yer alıb. Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə imzalanan "Hemofiliya və talassemiyalı irsi qan xəstəliyinə düçar olmuş şəxslərə dövlət qayğısı" haqqında Fərman isə bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin  dolğun olduğunu təsdiq edir.

Xüsusilə qeyd etməliyik ki, Heydər Əliyev Fondu bu sahədə həyata keçirdiyi fəaliyyətlə dövlət siyasətinin həyata keçirilməsinə mühüm töhfələr verir. Məlum olduğu kimi Heydər Əliyev Fondu insanların sağlamlığının qorunmasını öz fəaliyyətində prioritet istiqamətlərdən biri elan edib. Bu baxımdan fondun talassemiyalı uşaqlara diqqət və qayğısı  xüsusilə təqdirəlayiqdir. Fond 2005-ci ildən ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə "Talassemiyasız həyat naminə" layihəsinə başlayıb. 2009-cu il mayın 9-da Bakının Nərimanov rayonunda istifadəyə verilən Talassemiya Mərkəzi indi hemofiliyalı uşaqların və onların valideynlərinin ümid yeridir. Burada quraşdırılan ən müasir tibbi avadanlıq müalicənin yüksək səviyyədə aparılmasına şərait yaradır. Talassemiya Mərkəzində gün ərzində 30-40 xəstə qəbul edilir. Mərkəzin laboratoriyasında qan qrupunu avtomatik təyin edən müasir cihaz quraşdırılmışdır. Donorlardan götürülən qan dərhal müayinə olunur. Mərkəzdə regionda ilk dəfə olaraq sümük iliyinin köçürülməsi üçün əməliyyat otağı yaradılmış və bu prosesin tətbiqi istiqamətində geniş iş aparılır.  

İstənilən cərrahiyyə əməliyyatının aparılmasında da qan olduqca mühüm rol oynayır. Çünki əksər vaxtlarda qan köçürmədən cərrahiyyə əməliyyatını başa çatdırmaq mümkün deyil. Bu mənada istər qan xəstəliklərindən, istərsə də cərrahiyyə əməliyyatlarından danışarkən yada düşən əsas məsələlərdən biri qan xidmətidir. Bu, səhiyyənin tibb müəssisələrini müalicə məqsədləri üçün qan komponentləri ilə təmin edən ayrıca bir sahəsidir. Qan xidməti olmadan cərrahiyyə, reanimasiya, doğuşa yardım, hematologiya, onkologiya, travmatologiya və sairə kimi sahələrdə ixtisaslaşdırılmış tibbi yardımın müvəffəqiyyətlə həyata keçirilməsi mümkün deyildir. 

Ölkəmizdə qan ehtiyatını, qandan asılı olan xəstələrin ehtiyacının ödənilməsini, qanın çatdırılmasının təşkilini və təhlükəsizliyini qənaətbəxş hesab etmək olarmı?  Bu kimi suallara Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının müdiri Pərvanə Hacıyeva aydınlıq gətirdi:

- Ölkəmizdə yayılmış hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir və donor qanına tələbatı artırır. Səhiyyə Nazirliyinin "2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramının həyata keçirilməsi" və "Qan xidməti müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi" barədə əmrləri donor qanına tələbatın  ödənilməsinə yönəldilib.  

Son zamanlara kimi ölkəmizdə çox sayda qan tədarük edən tibb müəssisələri fəaliyyət göstərirdi. Onların çoxu cüzi miqdarda qan tədarük edirdi və təbii ki, belə az miqdarda qan tədarük edən müəssisələrdə qanın keyfiyyətinin və təhlükəsizliyinin tam təmin edilməsi mümkün olmurdu.  Yaranmış vəziyyətdən çıxmaq məqsədilə Səhiyyə Nazirliyi tərəfindən "Qan xidməti müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi barədə" əmr imzalanıb. Bu əmrə əsasən bölgələrdə fəaliyyət göstərən bütün və Bakı şəhərində yerləşən bəzi qanköçürmə şöbələri transfuzion kabinetlərə çevrilmiş və eyni zamanda xəstəxanalarda daxili ştatlar hesabına qan tədarükü qadağan edilmişdir. Rayonlararası qanköçürmə mərkəzləri və iri regional qanköçürmə şöbələrinin bazasında Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının 8 filialı təşkil edilmişdir.

Qan xəstəliklərindən əziyyət çəkən xəstələrin ehtiyacının ödənilməsində donorlar mühüm rol oynayır. Donor o kəsdir ki, başqasının həyatını xilas edir. Qan donoru olmaq isə asandır. Qan vermə mərkəzinə müraciət edərək donorluqla əlaqədar tibbi müayinədən keçmək kifayətdir. Qan verən donorlar qan vermədən öncə qan banklarında həkim müayinəsindən keçərək laboratoriyalarda 4 infeksiyadan yoxlanılıb tələbnamə əsasında müalicə müəssisələrinə buraxılırlar.

Qan və onun komponentlərinin tədarükünün həcminin artmasıyla, donorçuluğun inkişafıyla yanaşı, qanın tələb olunduğu ünvana çatdırılması və qəbul edilməsi qaydalarının dəyişdirilməsi də qan xidməti sahəsində mütərəqqi addım olmuşdur. Qanın xəstəxanalara çatdırılması təcili yardım xidmətinə tapşırılmışdır. Bu, prosesi tezləşdirməklə yanaşı, xəstə qohumları ilə qan xidməti işçilərinin görüşməsinin qarşısını almış və neqativ halların əmələ gəlməsini istisna etmişdir.

Danılmaz faktdır ki, donor qanı ağır vəziyyətlərdə xəstələrin həyatlarının xilas edilməsi üçün əvəzsiz rol oynayan vasitədir. Ona görə bu gün  dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır.  Azərbaycanda isə təhlükəsiz donor qanı ilə təminat bu gün praktiki olaraq həll edilmiş, son illərdə qan tədarükü 6,8 tondan 25,9 tonadək artmışdır. Bunun nəticəsidir ki, Azərbaycanda ehtiyacı olanların qan və onun komponentləri ilə təmin olunmasında çətinlik yoxdur.

 

Valeh RƏHİMLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video