12:56 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Təbiətin rəngi hopan rəsm əsərləri

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:16 16.09.2021

 

Adətən, poetik duyğular cilalı olanda, nəzmə çəkiləndə sevilir. Şairlərin könül dünyasının rənglərini rəssamlar kətana köçürməkdə çətinlik çəkirlərmi görəsən? Axı onlar şair deyillər. Bəlkə də heç bir misranın belə müəllifi olmayıb. Amma onların da şairlər kimi, öz dünyaları var - rəngarəng, təzadlı, qol-boyun fikirlərlə dolu...

Sənət, peşə yollarında inamla irəliləyənlər xalqın sevimli sənətkarları kimi yaddaşa yazılırlar. Təbin, istedadın, zəhmətin bəhrəsi daim insanı ucaldır. Gənclərin bu yolda inamla irəliləməsi həm də onlara yaradılan ictimai mühitdən asılıdır. Elə istedadlı gənclərimiz olub ki, onlar təsadüf nəticəsində tanınıb, məşhurlaşıblar.

Hər kəsə doğulduğu, dünyaya gəldiyi yurd daha doğmadır, ana qucağı kimi. Kəlbəcərdə dünyaya göz açanların bu mənada talelərinə bir qədər fərqli ömür-gün yazılıb. Kəlbəcərin ermənilər tərəfindən işğalından sonra doğma yurdundan didərgin düşənlərin taleyi üzünə gülməyib desək, daha doğru olardı. Bəlkə də elə buna görədir ki, Kəlbəcərdən körpə yaşlarından didərgin düşənlərin əksəriyyəti sözə, şeirə daha çox vurğun olublar: nənələrinin dili bayatılı, babalarınınkı nəsihət dolu müdrik kəlamlarla dolu...

16 avqust 2021-ci il - Müzəffər Ali Baş Komandanımız, Azərbaycan Prezidenti İlham Əliyevlə birinci xanım Mehriban Əliyeva təbiətin möcüzələri ilə dolu, sinəsi zəngin sərvətlər yatağı olan Kəlbəcərə və qayalarında qartallar qıy vuran Laçına yeni növraq gətirmək üçün yollandıqları tarixi gün!

Dövlət başçısı Kəlbəcərin füsunkar gözəlliklərinə heyranlığını kəlməbaşı bizlərə çatdırdı. Bu yerlərdən uzaq düşənlərin ömürlərinə ömür caladı həmin tarixi səfər. Dağların füsunkar təbiətini fırçası ilə kətana köçürən gənc rəssam Nəsibə Süleyman deyir ki, Kəlbəcər yalnız təbiət muzeyi deyil, həm də folklor bulağı kimi daim coşub-çağlayır.

Xalqımızın milli adət-ənənələrinə bağlı folklor nümunələrini, xüsusən də meydan tamaşalarından yadigar qalan “Kilimarası” və “Maraloyunu”nu bugünədək qoruyub saxlayan ailədə dünyaya göz açan Nəsibə xanımın sayəsində daha bir istedadlı kəlbəcərlini də tanıyaq.

 Kəlbəcər rayonunun Ağcakənd kəndində vaxtilə məşhur olmuş, yüz ildən artıq yaşamış Mehralı babanın ailəsində dünyaya göz açanların demək olar ki, hər biri fitri istedadları ilə diqqəti çəkib. Mehralı baba yalnız türkəçarə ilə məşğul olan loğman deyildi. O, ilk növbədə, hazırcavablığı və müdrikliyi ilə  tanınırdı. Bunlardan başqa, el ağsaqqalı folklorumuzun dərin bilicisi və yaşadıcısı kimi də sevilirdi. Qəlyanı ilə bağlı çoxlu lətifələr yaradılmışdı. Amma bütün bunlar ailənin “Maraloyunu” və “Kilimarası” xalq oyunu - meydan tamaşalarının qoruyucusu olduğunu kölgədə qoymurdu. Oğlu Süleymanla Şəfaqətin mədəniyyət-incəsənət sahəsində daha çox qabiliyyətli və istedadlı olmaları insanlara məlum idi. Ağcakənd kənd mədəniyyət evinin direktoru olan Süleyman Süleymanov bu xalq oyunları ilə sovetlər dövründə, az qala, dünyanın dörddəbirini dolaşmışdı. Bu, həm də milli xalq sərvətimizin təbliği demək idi.

Bu günlərdə həmin ailənin daha bir istedadlı üzvü ortaya çıxdı. Sən demə, Süleyman Süleymanovun qızı Nəsibə Quliyeva rəssamlıq sənətinin vurğunu kimi, rənglərin dili ilə qəlbinin istəklərini ifadə etməkdə məharət sahibi imiş.

Kəlbəcər rayonunun Ağcakənd kəndində dünyaya göz açan Nəsibə Süleyman da, digər həmyaşıdları kimi, doğma yurdundan 1993-cü ildə didərgin düşüb. Ata-anası Bərdədə müvəqqəti sığınacaq tapıb. O, Gəncə Dövlət Universitetini bitirdikdən sonra Yevlax rayonunun Kövər kəndindəki tam orta məktəbdə çalışır. Uşaqlıqdan ailədə saz havalarını sevə-sevə dinləyən Nəsibə xanım bu gün də həmin sənətin vurğunu və araşdırmaçısı kimi tanınır. Ozan-aşıq sənətinin incəliklərini dərindən öyrənən Nəsibə Quliyeva həm də  fikirlərini,  yurd ağrılarını, Kəlbəcər sevgisini fırça dili ilə “danışır”.

Hələ geniş ictimaiyyət arasında sərgilənməyən, susan əsərlərin “danışan dili”nə  baxaq: “Cənnət görmək istəyən...”, “Unutmaz bu oba, bu mahal məni”, “Dərdin rəngi”, “Bir ailənin ocağı”, “El geriyə dönəcəkmi?”, “40 elin bir qapısı”, “Sərhəddən başlayan Vətən”, “Ecazkar aləm”, “Sahibsiz sübh”, “Kaman  könül”, “Didərginlər”, “Közərən ocaqlar...”

Nəsibə Quliyevanın rəsmlərinin hər biri kətana köçürülən ömür kitabıdır. Onları oxumaq üçün gərək düşüncələrin fəlsəfənin açarı olsun. Rənglər haqqında özünəməxsus fikirləri var gənc rəssamın. Deyir ki, rənglərin də doğmaları, yadları, istiləri, soyuqları olur: “Hər bir rəngin aldığı çalar onun xarakterini dəyişə bilir. Təbiətin rənglərini harmoniya şəklində kətana köçürəndə rəssam “tərki-dünya olmursa, onun yaratmaq istədiyi obraz alınmaz, sönük, yəni ananın dünyaya şikəst gətirdiyi balasına oxşayar. Təbiətin dilini bilmək şair və rəssamlara xas olur. Hikmətli sözlər kimi, rəsmlər də müdrik olmalıdır, müasirliklə klassizm çulğaşanda bitkin olur əsər. Bir tablonun üzərində müxtəlif mənzərələr yaratmaq üçün rəssamın təxəyyülü güclü olmalıdır. Fırça da rəssamın dilidir, həm də səssiz-səmirsiz. Tablo danışmırsa, heç nə...”

Təbiətin rəngi hopan kətan və rəssamın əl işlərindən biri - dalğın, illərdir ki, küləklərə qoşulub əsən, vaxtsız yarpaqlarını töküb xəzana dönən, budaqları qurumuş qocaman palıd ağacı. Yan-yörəsini erməni daşnakları yandırıb külə döndərsə də, yenidən cücərən bir kötük də görürük bu əsərlərin arasında, gənc Nəsibənin duyğularının “cilov görməyən köhləni”ni yoran yollar da. Deyəsən, Murovdağdan aşıb üzü doğma ellərə aparır o yollar...

 

M.NƏRİMANOĞLU,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM