17 Iyul 2021 00:31
956
İQTİSADİYYAT
A- A+

Taxıl biçini yekunlaşır

 

Nəticələr nədən xəbər verir

 

Məlumdur ki, hazırda  ərzaq təhlükəsizliyi bütün ölkələr üçün xüsusi önəm kəsb edir.  Dünyada əhalinin sürətlə artması məsələnin aktuallığını daha da artırır. Üstəlik, torpaqlardan düzgün istifadə edilməməsi nəticəsində məhsuldarlıq aşağı düşür.

Bütün bunlar, ilk növbədə, taxıla olan tələbatı artırmaqla yanaşı, onun bahalaşmasına da səbəb olur. Odur ki, ölkələr problemi aradan qaldırmaq üçün yeni məhsuldar sortların yetişdirilməsinə, taxılçılıqda müasir texnika və texnologiyaların tətbiqinə üstünlük verirlər.

 Hər bir ölkə özünün iqlim şəraitinə və torpaq örtüyünə uyğun taxıl sortları yetişdirir. Azərbaycanda da bu sahədə müəyyən işlər görülür. Lakin demək olmaz ki, nöqsan yoxdur və bütün fermerlər yüksəkkeyfiyyətli toxumlarla təmin edilir. Ancaq müsbət hal odur ki, alimlərimiz bu istiqamətdə  elmi tədqiqatlar aparır və yeni sortların yaradılmasına çalışırlar. Onlar  bu sahədə xarici ölkələrdəki həmkarları, xüsusilə türkiyəli mütəxəssislərlə sıx əməkdaşlıq edirlər. Qalır əldə olunan məhsuldar toxum növlərini fermerlərə vaxtında çatdırmaq.

Taxılçılıqda əsas şərtlərdən biri də məhsulun itkisiz yığılmasıdır. Hələ sovetlər dönəmində taxılbiçən kombaynların biçin zamanı böyük itkilərə yol verdiyi məlumdur.

İndi dövlət bu itkilərin qarşısını almaq məqsədilə dünyanın ən qabaqcıl texnologiyaları ilə istehsal edilən kombaynların alınıb ölkəmizə gətirilməsinə lazım olan qədər vəsait ayırır. Xüsusilə dağlıq ərazilərdə yeni kombaynların rolu əvəzsizdir.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Azərbaycanda buğda, xüsusilə bərk buğda respublikanın bütün iqtisadi rayonlarında becərilir. Qida, qənnadı, makaron, çörəkbişirmə sənayesinin əsas xammalı olan bərk buğda ölkənin təxminən 1 milyon hektara yaxın əkin sahəsini əhatə edir.

Danılmaz  faktdır ki, xüsusi  əhəmiyyət kəsb edən taxılçılığın inkişafı dövlətin diqqət mərkəzində saxlanılır. Nazirliyin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda məhsuldar, keyfiyyətli, xəstəlik və zərərvericilərə davamlı yeni sortların yaradılması istiqamətində  işlər davam etdirilir. Tədqiqatlar nəticəsində əldə olunan yeni sortlar müxtəlif bölgələrin fermer təsərrüfatlarında sınaqdan keçirilir. Alimlərimiz tərəfindən bu sortların seçilərək daha geniş ərazilərdə becərilməsi tövsiyə olunur, onlara düzgün aqrotexniki qulluğun göstərilməsinin vacib olduğu qeyd  edilir.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları ölkədə bərk buğda əkini ilə məşğul olan fermerlərə kömək məqsədilə onlarla  görüşlər keçirir, becərmənin müasir elmi yanaşma əsasında həyata keçirilməsi ilə bağlı məsləhətlər verirlər. Fermerlərlə növbəti görüş ölkənin ən iri taxılçılıq rayonlarından olan Şəkidə keçirilib. Rayonda taxılçılığın inkişafına elmi əsaslarla nail olmaq üçün institutla Şorsu kənd sakini Əfqan Əsgərov və Qaratorpaq kənd sakini Natiq Məmmədov arasında əməkdaşlıq müqavilələri imzalanıb. Müqaviləyə əsasən, fermerlər  alimlərlə  əməkdaşlıq edəcək,  aqrotexniki qaydalara düzgün riayət olunması nəticəsində  daha çox və keyfiyyətli məhsul  götürəcəklər.

Kənd təsərrüfatı naziri İnam Kərimov isə Lerik rayonunun dağ kəndində yeni nəsil kombaynların iştirakı ilə aparılan biçin prosesində iştirak edib. Rayonun dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən Dizdipok kəndində biçin prosesinə dağlıq ərazilərdə, maili sahələrdə biçin üçün ixtisaslaşmış  kombaynlar cəlb olunub. Nazir yeni nəsil dağ kombaynlarını idarə edən mexanizatorlarla söhbət edib, fermerlərlə belə ərazilərdə biçinlə bağlı fikir mübadiləsi aparıb. Bildirilib ki, əvvəllər yüksək dağlıq ərazilərdə biçin prosesində yalnız sovet istehsalı olan köhnə kombaynlar  işləyirdi. Həmin kombaynların maili ərazilərdə biçin aparmaq xüsusiyyəti zəif olduğundan biçində  çox vaxt çətinliklər yaranırdı. Ötən il “Aqroservis” ASC-nin xətti ilə alınmış yeni nəsil dağ kombaynları isə problemi aradan qaldırıb. Yeni nəsil dağ kombaynlar relyefi hamar olmayan dağlıq və dağətəyi rayonlarımızda da dəmyə şəraitində dənli bitkiləri becərməyə imkan verir.

Nazir İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, ölkədə taxıl biçini yekunlaşmaq üzrədir: “Bu günə kimi taxıl sahələrinin 87 faizində biçin prosesi başa çatıb. Artıq yalnız dağlıq və dağətəyi rayonlarda biçin gedir. Əvvəlki illərdə olduğu kimi, bu il də biçin mütəşəkkil təşkil olunub və bu səbəbdən ötən illə müqayisədə biçin prosesini ən azı 10 gün tez yekunlaşdırmaq ərəfəsindəyik. Orta məhsuldarlıq 32 sentnerdən yuxarıdır, ayrı-ayrı rayonlarda isə göstəricisi 40 sentneri keçib. Doğru toxum seçimi, düzgün aqrotexniki qulluq nəticəsində respublikanın ayrı-ayrı təsərrüfatlarında hektardan 60 sentnerdən çox məhsul götürən fermerlərimiz də var”.

Nazir qeyd edib ki, artıq dağ kombaynları ilə Yardımlı, Lerik, Cəlilabad rayonlarının dağlıq ərazilərində biçin aparılıb. Şəmkir, Şamaxı və Qobustan rayonlarının yüksək dağlıq hissələrində isə yaxın günlərdə kütləvi biçinə start veriləcək. Biçin prosesinin mütəşəkkil təşkili üçün nazirlikdə xüsusi operativ qərargah yaradılıb, biçinin növbəli şəkildə həyata keçirilməsi təmin olunub. Əsas hədəfə - biçin prosesini məhsul itkisi olmadan, mütəşəkkil şəkildə həyata keçirmək hədəfinə nail olunub.

Xatırladaq ki, bu il Lerik rayonunda 3069 hektar sahədə payızlıq taxıl əkilib. Əkin sahələrinin əksəriyyəti dəmyə ərazilərdə yerləşir. Artıq taxıl sahələrində biçin başa çatmaq üzrədir. Hazırda rayonda taxıl üzrə orta məhsuldarlıq 22 sentnerə yaxındır ki, bu da dəmyə əkinlər üçün normal göstərici hesab olunur.

Zərdab rayonunda da taxıl biçini başa çatıb, zəmilərdən 62 min 639 ton məhsul götürülüb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari mövsümdə bölgədə 18 min 501 hektar sahədə taxıl yetişdirilib. Zəmilərin 13 min 7 hektarına buğda, 5494 hektarına arpa əkilib. İstehsal olunan məhsulun 45 min 264 tonu buğda, qalanı isə arpadır. Ümumi məhsulun istehsalı ötən illə müqayisədə 201 ton çoxdur. Hər hektardan orta məhsuldarlıq 5 sentner artaraq 33,8 sentnerə çatıb. Rayonun əsas taxılçılıq təsərrüfatlarında, xüsusilə Bəyimli, Şəhhüseynli, Yarməmmədbağı, Pərvanlı, Məlikli və bir sıra digər icra nümayəndəliklərində fermerlər və fiziki şəxslər daha yüksək məhsuldarlığa nail olublar.

Taxıl biçini kampaniyası Göyçay rayonunda da yekunlaşıb. Zəmilərdən 42 min 502,2 ton məhsul götürülüb.  Rayon icra hakimiyyətindən  bildirilib ki, cari mövsüm 6261 hektarda buğda, 6239 hektarda arpa yetişdirilib. Builki məhsul ötənildəkindən  3398,2 ton çox olub.

Tərtər rayonunun fermerləri və torpaq mülkiyyətçiləri də taxıl biçinini yekunlaşdırıblar. Rayon Statistika İdarəsinin məlumatına görə, 8800,2 hektar taxıl sahəsindən 35 min 968,5 ton məhsul əldə edilib. Məhsulun 22 min 699,9 tonu buğda, 13 min 268,6 tonu arpadır. Hər hektarın məhsuldarlığı əvvəlki ilə nisbətən orta hesabla 1,2 sentner artaraq 40,9, o cümlədən buğda üzrə 42,9, arpa üzrə 37,9 sentner olub. Hazırda biçilmiş taxıl sahələrində şum aparılır.

Cari mövsümdə Qax rayonunun təsərrüfatlarında taxıl istehsalı əvvəlki illə müqayisədə 7 min tondan çox artıb. 14 min 91 hektar sahənin məhsulu biçilib, 45 min 681 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 32,4 sentner təşkil edib. Rayon üzrə ən yüksək məhsuldarlıq Qax Aqroparkında qeydə alınıb.

 

Rüstəm KAMAL,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video