19:57 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Tarixinin ən qüdrətli Azərbaycanı

ANA SƏHİFƏ / SİYASƏT
00:34 17.07.2021

 

Azərbaycan dövləti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin parlaq uğurları sayəsində tarixin inkişaf istiqamətini dəyişir. Bu istiqaməti bütün bəşəriyyət üçün faydalı olan, tərəqqiyə, insanların rifahına xidmət edən yeni bir məcraya yönəldir. Tutduğumuz yol isə yalnız sülhdən keçir. Azərbaycan on illər boyu danışıqlar aparanda da, 44 günlük müharibə ilə neçə illərin problemlərini həll edəndə də nə istədiyini yaxşı bilirdi.

Bu müharibə bizə torpaqlarımızı düşməndən təmizləmək, dondurulmuş münaqişənin buzunu əritmək, yeni reallıqlar yaratmaq, haqq-ədaləti bərpa etmək, məcburi köçkünlərimizin əzəli torpaqlarına qayıdışına nail olmaq üçün lazım idi.

Müharibə başa çatan kimi Azərbaycan azad ərazilərini yenidən qurur, abadlaşdırır. Regiondan dünyaya yeni qapılar açır. İşğaldan azad edilmiş rayonlarımızda yollar çəkilir. Bu torpaqların dünyaya, sivilizasiyaya açıq olması üçün hava limanları tikilir. Dünya iqtisadiyyatı üçün yeni imkanlar yaradır. Hər kəsi, bütün qonşu ölkələri bu imkanlardan birgə faydalanmağa çağırır. Hamını sülhü qorumaqdan ötrü çalışmağa, yeni inkişaf imkanları yaratmağa, tərəqqiyə mane olan əngəlləri ortadan götürməyə dəvət edir. Prezident İlham Əliyevin irəli sürdüyü hər təklifin, verdiyi hər bəyanatın, fərmanın, sərəncamın arxasında real icra mexanizmləri, aydın, dəqiq gözləntilər durur. Azərbaycan bütün addımları ilə, həyata keçirdiyi tədbirlərlə, qazandığı uğurlarla firavan gələcəyin mənzərəsini yaradır.

 Prezident İlham Əliyevin 7 iyul 2021-ci ildə imzaladığı tarixi bir fərman cəmiyyətdə böyük maraqla qarşılandı və son günlərin əsas müzakirə mövzularından oldu.  Fərman ölkəmizdə iqtisadi rayonların yeni bölgüsü haqqındadır. Vətən müharibəsindəki parlaq qələbəmiz nəticəsində işğaldan azad edilmiş torpaqlarımızda bərpa proseslərinin getdiyi, gələcək inkişafın təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı layihələrin reallaşdırıldığı indiki günlərimizdə belə bir fərman müstəsna əhəmiyyət daşıyır.

Yeni bölgü qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə olunmasına şərait yaradacaq. Bu ərazilərin bərabər inkişafını təmin edəcək. Bütün işlərin vahid proqram əsasında aparılmasına imkan verəcək.

Fərmanın daha bir tarixi məqamı isə Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılmasıdır. Belə ki, Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmuşdur. Bununla da ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqlara malik Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsi zərurət idi.

Bundan başqa, Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla, özünəməxsus zəngin tarixi-mədəni irsə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun yaradılması da vacib idi.

Həmçinin fərmanda Gəncə-Qazax və Aran iqtisadi rayonlarının tərkibinə yenidən baxılıb. Bu, həmin bölgələr üzrə də planlaşdırma işinin səmərəliliyinin artırılmasına, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasına kömək göstərəcək. Ümumilikdə Azərbaycan Respublikasındakı iqtisadi rayonların sayı 14-ə çatdırılıb.

Bu addım düşməndən təmizlənmiş ərazilərimizin tez bir zamanda dirçəlişinə və əhalinin qayıdışı prosesinin sürətlənməsinə xidmət edəcəkdir. Ən önəmlisi isə “Dağlıq Qarabağ”, “Aran Qarabağ” və başqa bu cür terminlərin artıq tarixə qovuşduğu bir daha öz təsdiqini tapdı. Bu fərmanla Azərbaycan Şərqi Zəngəzur torpaqlarını da işğaldan azad etdiyini bütün dünyaya göstərdi. Tarixən xalqımıza məxsus olmuş Qərbi Zəngəzur torpaqlarına isə Azərbaycan dövləti qlobal iqtisadi layihələri ilə daxil olur.

Zəngəzur dəhlizi tez bir zamanda fəaliyyətə başlayacaq və Azərbaycan Naxçıvanla quru əlaqələrini bərpa edərək qlobal kommunikasiyalar üçün bütün dünyaya yeni imkanlar yaradacaq. 

 

Kompleks yanaşma

 

Ümumən, Azərbaycan Prezidentinin bütün qərarları kimi, bu addımında da kompleks yanaşma, digər fərman və sərəncamlarla həmahənglik görünür.  Fərmandan bir gün əvvəl, 6 iyul 2021-ci il tarixində də dövlət başçısı bir neçə mühüm sərəncam imzalamışdı. Bunlardan biri “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”dır.

Belə ki, sərəncama əsasən, Ermənistanın hərbi təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsinin təmin edilməsi üçün Prezidentin Ehtiyat Fondundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 30 milyon manat vəsait ayrılır.

Hərbi təcavüz nəticəsində mülki əhaliyə və dövlətə məxsus nəqliyyat vasitələrinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması məsələləri də diqqətdən kənarda qalmır. Eyni tarixli daha bir sərəncamla Prezidentin Ehtiyat Fondundan İqtisadiyyat nazirliyinə bu məqsədlə 5 400 000 manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur.

Digər sərəncam isə eyni səbəbdən mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardım ödənilməsi barədədir. Bununla əlaqədar olaraq Prezidentin Ehtiyat Fondundan Maliyyə nazirliyinə 5 200 000 manat məbləğində vəsait ayrılır.

Dövlətimiz Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində ölkəmizin kənd təsərrüfatına dəymiş ziyanı da aradan qaldırmaq əzmindədir. Dövlət rəhbərimizin müvafiq sərəncamında bu məqsədlə Kənd Təsərrüfatı nazirliyinə 1 400 000 manat məbləğində vəsaitin ayrılması təsbit edilib.

Bütün bunlar bir tərəfdən, Azərbaycan dövlətinin daim öz vətəndaşının yanında olmasını, istənilən probleminin həllinə köməyini, dəstək əlini ondan əsirgəməməsini göstərir, eyni zamanda ölkəmizin iqtisadi gücünə dəlalət edir. Bu addımlar həm də onu nümayiş etdirir ki, heç bir məsələ dövlət rəhbərliyinin nəzər-diqqətindən kənarda deyil. Bütün işlər planlaşdırılmış şəkildə, öz vaxtında, vədəsində sistemli qaydada həyata keçirilir və prosesə ciddi nəzarət təmin olunur. Ölkəmiz yenilənir. Bu yenilik ruhu hər yerdə, hər an özünü hiss etdirir və insanlarımızın arzuları ilə üst-üstə düşür. Bu yeniliklərlə Azərbaycan özünü növbəti inkişaf mərhələlərinə hazırlayır.

 

Mina xəritələrinin alınması işləri sürətləndirir

 

Azərbaycan dövləti hərbi təcavüz nəticəsində ölkə iqtisadiyyatına, ayrı-ayrı vətəndaşlarımıza dəymiş ziyanın aradan qaldırılmasını düşməndən azad edilmiş torpaqlarımızın minalardan təmizlənməsinə və bu ərazilərdə tikinti-quruculuq tədbirlərinin həyata keçirilməsinə, həmçinin bu ərazilərin gələcək strateji inkişafına paralel olaraq aparır.

Prezident İlham Əliyevin diplomatik uğurları sayəsində Ağdam, Füzuli və Zəngilan rayonlarının mina xəritələrinin düşməndən təhvil alınması da bu baxımdan son dərəcə əhəmiyyətlidir. Bununla, ilk növbədə, insan itkilərinin qarşısı alınır. Torpaqların qarış-qarış minalardan təmizlənməsinə sərf olunan vaxta qənaət edilir. İnvestorların bu ərazilərə cəlb olunmasına şərait yaranır. Azərbaycan minaların təmizlənməsinə sərf olunacaq yüksək xərclərə də qənaət etmiş olur. Ən əsası isə ermənilərin illər ərzində xarabazara çevirdikləri şəhər, kənd və qəsəbələrimizdə tikinti-quruculuq işlərinin sürətlə aparılması, əhalinin doğma yurdlarna qayıtması, bu torpaqlarda yenidən həyatın canlanması üçün imkanlar yaranır.

Ağdam, Füzuli və Zəngilanın mina xəritələrinin əldə edilməsi bu bölgələrdə iqtisadi quruculuq və məskunlaşma prosesinə təkan verəcək. Mina xəritələrini əldə etməklə Azərbaycan həm də Qarabağda nəqliyyat-logistika layihələrini də daha sürətlə reallaşdırmaq imkanı qazanır.

 

Qarabağ regionun inkişaf mərkəzinə çevriləcək

 

44 günlük Vətən savaşını parlaq qələbə ilə başa vuraraq torpaqlarımızı ildırım sürəti ilə işğaldan azad etmiş Azərbaycan dövləti tikinti-quruculuq işlərinin miqyası ilə göstərir ki, eyni sürətlə ərazilərimizi də dirçəltmək gücündədir. Düşməndən təmizlənmiş yurd yerlərimizə abad yollar çəkilir. Lazımi infrastruktur qurulur. Kənd təsərrüfatı potensialından istifadə üçün müvafiq addımlar atılır. Vandal ermənilərin ekologiyaya vurduqları ziyanların aradan qaldırılması məqsədilə başlanğıc işlər görülür. Yaxın illərdə bu bölgəni Azərbaycanın və ümumən, regionun əsas inkişaf mərkəzlərindən birinə çevirməkdən ötrü ardıcıl tədbirlər həyata keçirilir.

Məlum olduğu kimi, qələbədən sonrakı ilk günlərdə Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava limanının təməlini qoyub. Ermənilər Füzuli boyda şəhərdə hər yeri yandırıb dağıtmışdılar. Dağıntı o səviyyədə idi ki, hərbçilərimiz ərazini düşməndən azad edəndə dövlət bayrağımızı ucaltmağa salamat bir tikili tapa bilməmışdılər. Bu gün isə Füzulidə beynəlxalq hava limanı inşa edilir və bu əhəmiyyətli infrastruktur obyektinin qısa zamanda istifadəyə verilməsi nəzərdə tutulur. Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan olunmasından, dövlət rəhbərimizin iştirakı ilə bu qədim şəhərimizdə “Xarıbülbül” festivalının keçirilməsindən, ardınca Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla “Şuşa Bəyannaməsi”nin imzalanmasından sonra belə bir hava limanının əhəmiyyəti daha aydın görünür.

Şuşada mütəmadi olaraq beynəlxalq səviyyədə tədbirlərin təşkili nəzərdə tutulur. Təbii ki, bunun üçün Füzulu Beynəlxalq Hava limanı qonaqların gəlişini daha asan və təhlükəsiz formada təmin edəcək. İşğaldan azad edilmiş torpaqlarımızın xarici platformalarda təbliği, investisiyanın cəlbi, tədricən tikinti bumunun yaşandığı azad bölgələrimizə yük daşmalarının həyata keçirilməsi üçün belə infrastruktur obyektləri çox önəmlidir. Füzuli Beynəlxalq Hava Limanı gələcək perspektivdə Azərbaycan və Türkiyə arasında yük daşımalarının daha rahat həyata keçirilməsinə imkan verəcək. Belə ki, yüklər Füzuli Beynəlxalq Hava Limanına daha rahat şəkildə daşına və Naxçıvan dəhlizindən qardaş ölkəyə aparıla, eləcə də əks-marşrutla daşımalar həyata keçirilə bilər.

Azərbaycan bununla özünün tranzit potensialını gücləndirir. Beynəlxalq daşımanın daha səmərəli olması üçün alternativ yollar yaradır. Eyni zamanda bölgədə sülhün, sabitlik və inkişafın təmin olunmasından ötrü hər kəsin faydalana biləcəyi imkanlar formalaşdırır.

 

Misilsiz bir şəhər

 

Mədəniyyət paytaxtımız olan Şuşada bərpa-yenidənqurma işləri intensiv şəkildə davam etdirilməkdədir. Şuşaya “Zəfər” yolu çəkilir. Şəhərin bir sıra tarixi binaları, yaşayış məntəqələri, abidələri restavrasiya olunur. İnfrastruktur sistemi yenilənir. Yeni məktəb, məscid də daxil olmaqla bir neçə obyektin təməli qoyulub və inşaat işləri həyata keçirilir. Qısa müddətdən sonra böyük turizm axını olacaq. Şuşada interaktiv məlumatverici lövhələrin quraşdırılması, turizm xidmətləri ilə bağlı mobil tətbiqlərin, tarixi abidələr, keçmiş münaqişənin izləri haqqında məlumat verən robot-bələdçilərin, intellektual nəqliyyat sisteminin, “yaşıl enerji” istehsalının tətbiqi nəzərdə tutulur. Bütün bunlar ölkəmizə turist axınını daha da sürətləndirəcək.

Mayın 28-də Respublika Günündə Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonundan olan ziyalıların iştirakı ilə şəhərin bərpasının təməlini qoydu. Ağdamın Baş planı media vasitəsilə ölkə ictimaiyyətinə də təqdim olundu. Tikinti prosesi sürətlə davam etdirilir. Qısa müddətdə burada müasir şəhərsalmanın ən son nailiyyətlərini özündə birləşdirən misilsiz bir şəhər salınacaq. Müasir Ağdam - Ağdam şəhərinin özünü, rayona daxil olan kəndləri əhatə edəcək. Şəhər iki dəfə böyüdüləcək, 2450 hektar sahə şəhərətrafı yaşıllıq zonasını, bağları əhatə edəcək. Şəhərin əhalisinin 100 min nəfər olması nəzərdə tutulur. Bu da Ağdama Qarabağın ən böyük, Azərbaycanın isə 6-cı böyük şəhəri statusunu qazandıracaq. İlkin olaraq şəhərdə 1750 fərdi ev və 23 min mənzilli binalar olacaq. Şəhər ərazisinin 23 faizi meşə və park sahələrindən (yaşıllıq sahəsi) ibarət olacaq. Ağdamda bir meşə parkı da (125 hektar) salınacaq.

Məşğulluq sabitliyini təmin etmək üçün şəhərin yaxınlığında sənaye zonası (sənaye parkları) salınacaq. Burada estetik komponent də unudulmayıb. Şəhərdə süni gölün yaradılması nəzərdə tutulur. Həmçinin şəhərdən 2 kanal keçəcək. Kanallar üzərində körpülər olacaq. Şəhər - tarixi mərkəz, inzibati ərazi, yaşayış ərazisi, yaşıl zona və sənaye, əkinçilik zonaları olmaqla bölgələrə bölünəcək. Tarixi mərkəzdə İmarət saray kompleksi, Qarabağ xanlarının məqbərəsi, Şahbulaq qalası və yeni bir məscid olacaq.

Şəhər mərkəzi Qarabağ şəhərlərinin ənənəvi memarlığı üslubunda inşa ediləcək. İnzibati mərkəz futbol stadionundan (30 min nəfərlik), inzibati binalardan, teatrdan, konsert salonundan və Qarabağ Universitetindən ibarət olacaq. Həmçinin şəhərdə Qələbə muzeyi və açıq hava konsert salonunun olduğu park da salınacaq.

Hər fərdi evə kənd təsərrüfatı ehtiyacları üçün 4-5 hektarlıq torpaq sahəsi ayrılacaq. Suqovuşan və Xaçınçay su anbarları və artezian mənbələri su təchizatı üçün istifadə ediləcək.

Ağdam insanlar üçün komfortlu şəhər olacaq. Ona görə də şəhərdə böyük piyada və velosiped yolları şəbəkəsi qurulacaq. Şəhərin nəqliyyat sistemi dairəvi olacaq. Magistral yollardan başqa, tramvay xətti də nəzərdə tutulub. Azərbaycanda ilk dəfə olaraq burada “ağıllı şəhər” sistemi tətbiq ediləcək.

 

“Ağıllı” şəhər və kənd konsepti

 

Zəngilan rayonunun Ağalı kəndində də dövlət rəhbərimizin iştirakı ilə ilk “ağıllı kənd” layihəsinin təməli qoyulub və inşaat işləri davam etdirilməkdədir. Kənddə layihənin icrası, əsasən, 5 komponent üzrə həyata keçirilir. Bunlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir. Burada inşa edilən 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.

Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə bildirib ki, azad olunmuş ərazilərimiz “yaşıl enerji” zonasına çevriləcək. Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olmaq Azərbaycanın 2030-cu ilədək nəzərdə tutduğu Milli Prioritetlərdə də öz əksini tapıb. Azad torpaqlarımızda tikinti-quruculuq tədbirləri də buna uyğun həyata keçirilir.

İşğaldan azad edilmiş ərazilərdə yüksək texnologiyaların və “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasının tətbiqi Azərbaycana dünyada misli görünməmiş dəyişikliklər həyata keçirmək imkanı verir. İşğalçıların 30 il ərzində xaraba qoyduqları əraziləri ayağa qaldırmaqla Azərbaycan bölgədə sülhün və iqtisadi inkişafın davamlı olmasına çalışan dövlət mövqeyini bütün dünyaya nümayiş etdirir. “Ağıllı şəhər”, “ağıllı kənd” layihələrini tətbiq etməklə Azərbaycan təhlükəsizlik, vaxt və rahatlıq, sağlamlıq, ətraf mühitin keyfiyyəti, sosial əlaqə və vətəndaş iştirakı, iş yerləri və yaşayış xərci kimi müxtəlif həyat keyfiyyəti standartları formalaşdırır.

Belə texnologiyalar vətəndaşların sağlamlığını və rifahını yaxşılaşdırmaqla yanaşı, iqtisadi inkişafın yeni yollarını təqdim edir. Bərpa olunan ərazilərdə müasir texnologiyaların tətbiqi regionun dirçəliş prosesini sürətləndirir, texnologiyalar sahəsinə maraq göstərən investorlar üçün xüsusi maraq kəsb edir, investisiyaların axınını sürətləndirir. Eyni zamanda Qarabağda innovasiya mərkəzləri və texnoparkların yaradılmasının fundamental əsaslarını formalaşdırır. Bu, Azərbaycanın dünyanın aparıcı ölkələrinin şirkətlərinin də bu ərazilərdəki bərpa-yenidənqurma işlərində iştirakında marağını nümayiş etdirir. Həmin ölkələrin və onlara aid şirkətlərin qarşılıqlı maraqları ilə bölgədə yaxın gələcək üçün çox əhəmiyyətli inkişaf imkanları formalaşır.

“Ağıllı şəhər” texnologiyaları böyük turizm potensialına malik Qarabağ regionunda bu sektoru inkişaf etdirmək üçün geniş şərait yaradacaq. XXI əsrin innovativ müharibəsini apararaq torpaqlarımızı düşmən tapdağından azad edən Azərbaycan dövləti indi də yeni minilliyin texnologiyaları ilə şəhər və kəndlərimizi yenidən qurur. Bütün bunlar təkcə iqtisadi imkanlar hesabına başa gələn layihələr deyil. Bundan ötrü zəruri infrastruktur təminatı, peşəkar kadr potensialı, geniş xarici əlaqələr və s. tələb olunur. Azərbaycanın tikinti-quruculuq işlərini belə sürətlə həyata keçirməsi onu göstərir ki, ölkəmiz iqtisadi nailiyyətlərlə yanaşı, bütün bunlara da vaxtında nail ola bilir.

 Bu, tarixin ən qüdrətli Azərbaycanının imkanlarıdır.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM