01 Oktyabr 2014 06:10
465
Elm və texnika
A- A+

Tarixi məxəzlərin gerçəklikləri və erməni saxtakarlıqlarının mahiyyəti


Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” monoqrafiyasının müzakirəsi keçirilib

 

Oktyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” monoqrafiyasının müzakirəsi keçirilib.
AzərTAc xəbər verir ki, tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” əsərinin qiymətli bir tarixi mənbə olduğunu bildirib. Ölkəmizin dövlətçilik həyatında məsul vəzifə daşıyan akademik Ramiz Mehdiyevin həm də uzun illərdir ki, çox fəal və ardıcıl şəkildə elmi tədqiqat işləri ilə məşğul olduğunu diqqətə çatdıran AMEA-nın rəhbəri bu elmi-nəzəri araşdırmalarda cəmiyyətin fəlsəfi dərki, ictimai-siyasi proseslərə tarixi-fəlsəfi baxış kimi ciddi və qlobal problemlərin dərin və geniş həllini tapdığını vurğulayıb. Akademik A.Əlizadə deyib: “Bir cəhət də xarakterikdir ki, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin tədqiqatlarında milli-mənəvi özünüdərkə və cəmiyyət həyatının irəliyə doğru inkişafına yol açmaq həmişə diqqət mərkəzində dayanır. Bundan başqa, cəmiyyətdən gələn sosial-siyasi çağırışların elmi cəhətdən aydınlaşdırılıb dəyərləndirilməsi də akademik Ramiz Mehdiyevin tədqiqatlarının əsasını təşkil edir”.
Akademik Akif Əlizadə qeyd edib ki, bu gün müzakirə üçün təqdim edilən “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” monoqrafiyası da yaşadığımız dövrün daxili tələbatından irəli gələn mühüm və vacib bir problemə həsr olunub. Diqqətə çatdırıldı ki, bu monoqrafiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini bütün kökləri ilə meydana qoyan, dərindən açıb ümumiləşdirən və bu sahədə erməni saxtakarlıqlarını dünya ictimaiyyətinə çatdıran sanballı elmi əsərdir. Özlərini “yazıq millət” kimi təqdim edən ermənilərin kimliyini müəyyən etmək baxımından da əsərin böyük əhəmiyyəti vardır.
Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” monoqrafiyasının Azərbaycan elminə xidmətin qiymətli bir nümunəsi olduğunu bildirən Akif Əlizadə bu əsərin təkcə indiki nəsillər üçün deyil, gələcək nəsillər üçün də faydalı olacağını diqqətə çatdırıb. Akademiyanın rəhbəri əsərin rus dilində çapının əhəmiyyətini bildirdi, onun ingilis dilinə də tərcümə edilib yayılmasının məqsədəuyğun olduğunu vurğuladı. Akademik Akif Əlizadə AMEA-da yaradılmış soyqırımı tədqiqatları üzrə komissiyanın işi baxımından da “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” əsərini uğurlu başlanğıc kimi dəyərləndirdi.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabında “tarixi dərinlik və müasirlik” mövzusunda məruzə ilə çıxış edib. Akademik Ramiz Mehdiyevin bu monoqrafiyasının Azərbaycan cəmiyyətində böyük əks-səda yaratdığını qeyd edən vitse-prezident mühüm əhəmiyyəti nəzərə alınaraq indiyədək bir sıra elm və dövlət qurumlarında bu kitabın müzakirəsinin keçirildiyini diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli Azərbaycan tarixinin uzun illərdir ki, yazılmasına baxmayaraq, məhz yeni aşkara çıxarılmış tarixi mənbə, məxəz və qaynaqlardan, əsasən də əcnəbi tarixçilərin mükəmməl əsərlərindən istifadə edilərək qələmə alınan bu əsəri elmi-nəzəri və ideoloji cəhətdən yüksək dəyərləndirib. Akademik İsa Həbibbəyli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm əhəmiyyətə malik olan bu əsərdə ermənilərin Asiyaya və Cənubi Qafqaza köçürülməsinin, harada və necə məskunlaşmasının tarixi-siyasi amillərinin geniş şərh olunduğunu diqqətə çatdıraraq deyib: “Akademik Ramiz Mehdiyev dünya ictimaiyyətini məlum problem üzrə tarixi mənbələr əsasında obyektiv şəkildə məlumatlandırmaq, Azərbaycan elminin əsas istiqamətlərini müəyyən etmək, gənc nəsli maarifləndirmək missiyasını dolğun faktlarla yerinə yetirərək ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi, azərbaycanlıların etnogenezi, etnik kimliyin antropoloji qaydada müəyyənləşdirilməsi, konfliktologiya və bir sıra digər məsələlərə tarixi dəlillərə söykənən yeni yanaşmalarla aydınlıq gətirib”. Akademik Ramiz Mehdiyevin yeni monoqrafiyasını tarixçi-filosof baxışları ilə ərsəyə gəlmiş, siyasi-ideoloji cəhətdən konseptual xarakterli bir mənbə kimi səciyyələndirən akademik İsa Həbibbəyli əsərdə qarşıya qoyulan vacib məsələlərin müvəffəqiyyətlə, dəqiq və gerçək elmi həllini tapdığını xüsusi vurğulayıb. Akademik İ.Həbibbəyli bu sanballı elmi əsərin Azərbaycan tarixçiləri, politoloqları, filosoflar və geosiyasətçilər, eləcə də bir sıra digər humanitar elm sahələrinin qarşısında mühüm vəzifələr qoyduğunu diqqətə çatdırdı.
Tədbirdə Azərbaycan tarixinin yenidən hazırlanması, antropologiya, mifologiya, erməni dili üzrə mütəxəssislərin yetişdirilməsi, orta və ali məktəblərin dərsliklərinə yenidən baxılması və s. təkliflər irəli sürülüb.
AMEA-nın humanitar və ictimai elmlər bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Musa Qasımlı, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, hüquq elmləri doktoru İsaxan Vəliyev, AMEA-nın Tarix İnstitutunun direktoru, müxbir üzv Yaqub Mahmudov çıxış edərək Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” monoqrafiyasının tarixi əhəmiyyətindən, elmi dəyərindən, qarşıya qoyulmuş problemin tədqiqat-araşdırılma istiqamətlərindən danışıb və əsərin tarix elmində xüsusi yer tutacağını qeyd ediblər.
Müzakirədə çıxış edənlər monoqrafiyanın elmi dəyərini önə çəkərək kitabın ortaya çıxardığı yeni vəzifələrdən danışıb, bir sıra təklif və mülahizələrini bildiriblər. Kitabın Azərbaycan dilinə, o cümlədən dünya dillərinə tərcümə edilərək yayılması da təklif edilib.
Tədbirdə AMEA-nın Rəyasət Heyətinin üzvləri, akademiyanın humanitar elmlər üzrə elmi-tədqiqat müəssisələrinin rəhbərləri və elmi əməkdaşları iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video