21 Sentyabr 2021 00:31
1482
SİYASƏT
A- A+

Tarixi Azərbaycan ərazilərindəki yaşayış məntəqələrinin adları da erməni “işğalı”ndan azad olunmalıdır

 

Ermənilərin yurd yerlərimizə verdikləri saxta adlar hafizələrdən, kitablardan, xəritələrdən, tarixdən birdəfəlik silinməlidir

 

“...İndiki Ermənistan Respublikasının toponimlərinin mütləq əksəriyyəti Azərbaycanmənşəlidir. Onlar müxtəlif vaxtlarda bu toponimləri dəyişdiriblər...” Prezident İlham Əliyev 2020-ci il iyun ayının 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışı zamanı bu fikirləri söyləmişdi.

Dövlət başçısı bundan əvvəlki çıxışları zamanı da Azərbaycanın qədim toponimlərinin ermənilər tərəfindən dəyişdirildiyinə diqqət çəkmiş, aidiyyəti qurumları, bu işlə məşğul olan hər kəsi tarixi həqiqətlərin bərpa edilməsinə və onların xəritələrdə öz əksini tapmasına çağırmışdır.

 

Yer adlarımız erməni saxtakarlığı ilə üz-üzədir

 

Vətən müharibəsindən sonra işğaldan azad olunan Kəlbəcər və Laçına səfər edən Prezident bir daha vurğuladı ki, indiki Ermənistan ərazisində yerləşən bütün qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə  çağırılmalıdır: “Misal üçün, Naxçıvan-Ermənistan sərhədində mövcud olan gərginliklə bağlı mən indi mətbuatı izləyirəm. Bizim mətbuatda yazılıb ki, Ermənistanın “Yerasx” kəndində, onun ətrafında hansı hadisələr baş verir. Bu kəndin adı Arazdəyəndir və azərbaycanlılar deportasiyaya qədər orada əbədi yaşayıblar. Ona görə bütün qədim, yəni tarixi adlar bərpa edilməlidir. Bu adlar bizdə müxtəlif kitablarda da öz əksini tapıb. Ona görə xahiş edirəm ki, həm jurnalistlər, həm ümumiyyətlə, insanlarımız bu yerlərin əsl adlarını çəksinlər - Vardenis yox, Basarkeçər rayonu, Basarkeçər şəhəri”.

Tarix milli kimliyimizin aynası və gələcəyimizin bünövrəsidir. Elə buna görədir ki, zamanla əzəli torpaqlarımız İrəvana, Zəngəzura, Göyçə mahalına minbir hiylə ilə, zorla yiyələnən ermənilər özlərinə saxta tarix uydurmaq üçün, ilk növbədə, qədim toponimlərimizə qənim kəsiliblər. Yer adlarımızı dəyişdirib uydurma erməni adları quraşdırıblar, bəzən isə riyakarcasına türk dilində mövcud olan yer adlarını ermənicəyə çeviriblər.

Ermənilər bu saxta əməllərini 30 il müddətində işğal altında saxladıqları Qarabağda və Şərqi Zəngəzurda da həyata keçiriblər. Onlar şəhərlərimizin, qəsəbələrimizin, kəndlərimizin adlarını erməniləşdirərək eybəcərləşdirmişlər. Amma Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğ”u işğal altındakı torpaqlarımızla bərabər, toponimlərimizi də xilas etdi, onları qədim, doğma adlarına qovuşdurdu. Bununla belə qədim türk-oğuz yurdu Qərbi Azərbaycanda toponimlərimiz, yer adlarımız hələ də erməni “işğalı” altındadır. Buna baxmayaraq, Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı və daim gündəmdə saxladığı kimi, ermənilərin yurd yerlərimizə verdikləri yalançı adları hafizələrdən, dillərdən, kitablardan, xəritələrdən, tarixdən birdəfəlik silməli və öz əvvəlki, min illərdir var olan adları ilə çağırmalıyıq.

Bu baxımdan xalqımızın tarixi köklərinin qorunması və həqiqətlərin olduğu kimi gələcək nəsillərə ötürülməsi və tarix səhifələrindən məkrli niyyətlərin sildiyi faktların yenidən bərpa olunmasında tanınmış ictimai xadim və pedaqoq, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həsən Mirzəyevin “Azərbaycan toponimləri və şivə sözləri” kitabının əvəzolunmaz mənbə kimi əhəmiyyəti böyükdür.

 

El ağsaqqalı, tanınmış pedaqoq, vətənpərvər alim...

 

1927-ci il noyabr ayının 26-da Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olan Həsən İbrahim oğlu Mirzəyev orta məktəbi bitirdikdən sonra 1948-1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951-1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. Əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlayan Həsən Mirzəyev 1955-ci ildə ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin müfəttişi və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957-1959-cu illərdə isə məktəb direktoru işləyib. Həsən Mirzəyev 1959-1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada oxuyub, aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək həmin institutda çalışıb. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrini tutub.

Elmi yaradıcılıqla dərindən məşğul olan Həsən Mirzəyev 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1990-cı ildən professor olan alimin 200-dən çox elmi əsəri, 25 kitabı və 10-a yaxın dərs vəsaiti işıq üzü görüb.

1990-cı illərin əvvəllərindən etibarən respublikada cərəyan edən ictimai-siyasi proseslər zamanı Həsən Mirzəyev fəal vətəndaşlıq mövqeyi nümayiş etdirib və taleyüklü hadisələrə münasibətdə Azərbaycan xalqının milli mənafelərinə daim sadiq qalıb. Azərbaycanın ən ağır günlərində xilasını yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışında görən şəxslərdən olan Həsən Mirzəyev Ulu Öndərə müraciət edən “91-lər”dəndir.

Ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən Həsən Mirzəyev birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. El-oba arasında hər zaman sayılıb-seçilən və nüfuzlu ağsaqqallardan olan Həsən müəllim Respublika Ağsaqqallar Şurasının sədr müavini kimi də fəaliyyət göstərib. Onun çoxillik elmi-pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. H.Mirzəyev bir sıra təltiflərə, o cümlədən “Şöhrət” ordeninə layiq görülüb.

Tanınmış pedaqoq, dilçi alim Həsən Mirzəyev 2015-ci il fevralın 25-də 87 yaşında vəfat edib.

 

Heydər ƏLİYEV: “Bu yer-yurdların azərbaycanlılara məxsus olduğunu yazıb beynəlxalq aləmə yaymaq lazımdır”

 

Görkəmli alim və tədqiqatçı Həsən Mirzəyev “Azərbaycan toponimləri və şivə sözləri” adlı kitabında qeyd edir ki, bu kitab Ulu Öndər Heydər Əliyevin xüsusi tövsiyəsi ilə hazırlanıb. Ulu Öndər söyləyib ki, ermənilər Ermənistanda yaşayan azərbaycanlıların hamısını öz doğma yurdundan çıxarmış və oradakı yer-yurd adlarını sürətlə dəyişirlər: “Bu yer-yurd adlarını sizin nəsil yazmasa, itib-batacaq və gələcək nəslə çatmayacaqdır. Bu yer-yurdların azərbaycanlılara məxsus olduğunu yazıb beynəlxalq aləmə yaymaq lazımdır”. 

Ulu Öndərin tövsiyəsi və peşəkar dilçi alim Həsən Mirzəyevin əməyi sayəsində araya-ərsəyə gələn bu qiymətli kitabda Dərələyəz mahalı haqqında geniş məlumat verilir, onun coğrafi mövqeyi, əhatə etdiyi ərazi və sahə dəqiqliklə göstərilir, təbiəti təsvir edilir, əhalisinin məşğuliyyəti barədə danışılır. Real faktlara əsaslanaraq göstərilir ki, türk-oğuz yurdu olan Dərələyəz V əsrdən başlayaraq yaşayış yeri kimi təşəkkül tapıb. Təkzibedilməz faktdır ki, hələ eramızdan çox-çox əvvəl və ondan sonrakı dövrlərdə Dərələyəz türk dövlətləri olan Albaniyanın, Səlcuq, Elxani, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilərin tərkibində olub.

Dərələyəz sözü isə əvvəlcə Dərə Ələyəz formasında olub, sonra Dərə və Ələyəz sözləri birləşərkən “ə” saitinin biri düşüb. Türk dillərində ala/ələ sözü uca, yüksək mənasını ifadə edir.

 

1829-cu ildə 500 erməni ailəsi Dərələyəzin kəndlərinə yerləşdirilmişdir

 

Professor kitabında doğulub boya-başa çatdığı bu mahalın qanunsuz olaraq Azərbaycandan alınıb Ermənistana verilməsi ilə bağlı faktları, eləcə də Qafqazın strateji cəhətdən əhəmiyyətli ərazilərinə ermənilərin köçürülməsi və azərbaycanlıların kütləvi şəkildə doğma yurdlarından deportasiya olunmasından ürək ağrısı ilə bəhs edir.

Bildirir ki, hələ 1829-cu ildə İranın Xoy, Salmas qəzalarından, Samsun və Makıdan 500 erməni ailəsi Dərələyəzin bir qisim kəndlərinə, Məlişkə, Erdəpinə, Orta kəndə, Başkəndə, Əyərə, Qoytula, Həsənkəndə, Erdəpinə, Kələkuluxa, Tərətuma və digər kəndlərə yerləşdirilmiş və azərbaycanlılar tədricən buradan çıxarılmışlar. Müəllif təkzibolunmaz tarixi faktlarla sübut edir ki, indi Ermənistan adlanan ərazidəki yerli azərbaycanlılar kimi, Dərələyəz mahalının sakinləri də 1828-1833, 1905-1907, 1918-1919, 1948-1953, 1988-ci illərdə öz doğma yurdlarından deportasiya olunmuşlar.

Tarixin bütün dövrlərində türk-oğuz yurdu Dərələyəz 1920-ci ilə qədər Azərbaycanın tərkibində olmuşdur. Lakin həmin il noyabrın 29-da rus şovinistlərinin və erməni daşnaklarının köməyi və təkidi ilə Azərbaycanın Zəngəzur, Göyçə, Qaraqoyunlu mahalları ilə birgə Dərələyəz də qanunsuz olaraq Azərbaycandan alınıb Ermənistana verilmişdir.

 

Haylar necə erməni oldu

 

Tarixi faktlar göstərir ki, ermənilər nəinki Dərələyəzə, ümumiyyətlə, Qafqaza çox-çox sonradan gəliblər və heç zaman özlərini erməni adlandırmayıb, milliyyətlərinə həmişə “hay” deyiblər. İndiki Ermənistan və ona yaxın olan ərazilərdə isə vaxtilə “Ərmən” adlı türk tayfaları yaşayıb və bu ərazilər həmin türk tayfalarının adı ilə Ərməniyyə adlandırılıb. Sonradan bu ərazilərə gətirilən haylar yerli ərmən tayfalarının torpaqlarında özlərinə yer edərək həmin ərazilərin adı ilə “Ərməni”, “ərmənli” adlanmağa başlayıblar. Son dərəcə hiyləgər olan haylar isə zaman-zaman öz məkrli niyyətlərini həyata keçirərək özlərinə aid olmayan millətin adına, tarixinə yiyələniblər. Bunun nəticəsində tarixən türk-oğuz yurdu olan indiki Ermənistanda indi yalnız haylar yaşayır.

Ermənistanda Şura hökuməti yaradılanda Dərələyəz mahalı da ləğv edilərək iki rayona (Paşalı və Keşkənd) bölünüb. Keşkənd rayonu 1957-ci ildən sonra Yeğeqnadzor, Əzizbəyov rayonu isə 1988-ci ildən sonra Vayk adlandırılıb.

Ermənilər Dərələyəzdən azərbaycanlıların zorla çıxardıldıqları kəndlərin əksəriyyətini dağıdaraq “ölü” kəndə çevirib, bir çoxunun isə adını dəyişdirərək erməniləşdirməyə, onlardakı türk izlərini silməyə çalışıblar. Erməni saxtakarlığının və tarixi cinayətlərinin izlərini daşıyan kəndlərdən bir neçəsinin adını təqdim edirik:

 

Ağkənd - Ağnadzor

Almalı - Xndzorud

Keşkənd -Yeğeqnadzor

Başkənd - Varnaşen

Cul - Artivan

Əyər - Aqarakadzor

Arpa - Aveni

Kotanlı - Qarmiraşen

Köçbək - Uğeqzor (Hedzor)

Ortakənd - Qladzor

Terp - Saravan

Ərgəz - Arqazan

 

Doğma torpaqlarımızın hər daşından, qayasından türkün səsi gəlir

 

Görkəmli alim Həsən Mirzəyevin tarixi faktlar, o cümlədən də həmin kəndlərdə doğulmuş və deportasiyaya qədər orada yaşamış sakinlərdən topladığı məlumatlara əsasən hazırladığı “Azərbaycan toponimləri və şivə sözləri” adlı kitabında Dərələyəzdəki yer adlarımız dəqiqliklə verilib, hər bir kəndin adının toponomik mənası elmi dəlillərlə izah edilib. Məsələn, Dərələyəz mahalında yerləşən və ermənilər tərəfindən xarabalığa çevrilən kəndlərimizdən olan Abananın adı qədim türk mənşəli Aban tayfasının adından götürülüb. Faktlara əsasən, Ayısəsi kəndinin adı da Qayı/Kayı tayfasının adı ilə bağlıdır. Dilçi alim izah edir ki, burada sözün əvvəlində gələn “q” səsi düşüb və qayı sözü “ayı” forması alıb. Türk dillərində, o cümlədən Azərbaycan dilində belə səs düşmələri və səs artırmaları çoxdur.

XVI-XVII əsrə aid tarixi mənbələrdə “Cağatay” formasında verilmiş Cığatay kəndinin toponimi də qədim türk tayfası olan və Kəngər tayfası ilə qohum olan Cığataylarla əlaqədardır. Türk tayfasının adını daşıyan Cul kəndi də ta qədimdən azərbaycanlı kəndi olub. Her-her Dərələyəzin kəndlərindən biridir və qədim dövrdən 1828-ci ilə qədər burada həmişə azərbaycanlılar yaşayıblar. Araşdırmalar göstərir ki, Her-her sözü də qədim türk tayfalarından birinin adıdır və bu Qarqar etnoniminin fonetik variantıdır.

Dərələyəzdə tarixən var olan və hər zaman azərbaycanlılar yaşayan kəndlərdən biri də Ərgəzdir. Kəndin adının formalaşması ilə bağlı dilçi alim vurğulayır ki, bu, türk tayfasının adından götürülüb və ya “oğuz”, “kas”, yaxud “xəz” sözləri ilə bağlıdır. Məsələn, türk dillərində tarixən qəhrəman, yenilməz kişi sözləri mənasında işlənən “ər” sözünün oğuz/ğuz/quz sözünə birləşməsi yolu ilə əmələ gəlib, “Ərgəz” (Ər oğuz - Ərğuz - Ərgəz) formasına düşüb.

Ümumiyyətlə, “Azərbaycan toponimləri və şivə sözləri” adlı kitabda tarixən Dərələyəzin 150-dən çox kəndi barədə hərtərəfli ensiklopedik məlumat verilib. Kitabda əksini tapan məqamlarla bağlı kiçik misallar belə onu deməyə əsas verir ki, “Azərbaycan toponimləri və şivə sözləri” adlı bu qiymətli məxəz Dərələyəzdəki erməni saxtakarlığına qarşı bir qalxan, həqiqətlərdən ibarət tutarlı bir dəlil, obyektiv tariximizi əks etdirən misilsiz mənbədir.

Aparılan elmi araşdırmalar həm də onu göstərir ki, hiyləgər və məkrli haylar nə qədər çalışsalar da, Qərbi Azərbaycandakı tarixi yurdlarımızdan oğuz-türk nəfəsini silə bilməmişlər. İndinin özündə də doğma torpaqlarımızın hər daşından, qayasından türkün səsi gəlir.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video