02 May 2019 00:45
1795
SİYASƏT
A- A+

Tarixə işıq salan fenomenal yaddaş sahibi


Ulu öndəri yaxından tanıyan, onunla eyni zaman kəsiyində yaşayan, oxuyan, birgə işləyən, ünsiyyətdə olan, onu dinləyən insanları həmişə heyrətə salan bir cəhəti xüsusi qeyd etmək və vurğulamaq istərdik. Bu da Heydər Əliyevin fenomenal yaddaşı, şahidi olduğu, iştirak etdiyi, yaxud haqqında oxuduğu və ya eşitdiyi hər bir hadisəni, hər bir sözü bütün incəliyi, bütün təfərrüatı ilə yadda saxlayıb mahiyyətini dərindən xatırlaması və bunların hamısından lazım gəldiyi anda böyük ustalıqla istifadə etməsidir.

Heydər Əliyev müdrik siyasətçi, böyük dövlət xadimi olmaqla bərabər, həm də yaxşı tarixçi idi. Tarixin dərin qatlarından xəbərdar olan, onu çox yaxşı bilən bu dahi şəxsiyyət hər sözünün sanbalını, qiymətini dərindən dərk etdiyinə görə keçmişdən danışarkən sadəcə onu yada salmaq xatirinə danışmırdı. Onun hər bir sözü, hər bir söhbəti Azərbaycan tarixinə işıq salır, onu vərəqləməyə imkan verirdi. O, misal gətirdiyi, yaxud xatırlatdığı tarixi anı, tarixi hadisəni yaşadığı günün kontekstində elə yada salırdı ki, bu, ona həm öz fikrini əsaslandırmaq, həm də müəyyən bir məsələnin məntiqi izahını vermək üçün bir vasitə olurdu.

Ulu öndər, çıxışlarının birində qeyd etdiyi kimi, öz xatirələrini qələmə ala bilməsə də, bir çox nəşriyyatların böyük təkliflərindən imtina etsə də, onun çıxışlarını izlədikcə bu böyük şəxsiyyətin və siyasi xadimin keçdiyi həyat yolunun ən çətin, ən şərəfli anlarından xəbər tutmaq, onları bilmək və öyrənmək olur. Bəlkə də həmyaşıdları olan bəzi siyasi xadimlər, o cümlədən onunla eyni vaxtda SSRİ-nin ali orqanlarında təmsil olunan digər dövlət adamları kimi, öz həyat yolunu, düşüncələrini qələmə alsaydı, bu işə bir qədər vaxt ayıra bilsəydi, nəinki Azərbaycan məkanında, hətta bütün dünyada böyük maraq doğuran bir əsər ərsəyə gələr və orada yazılanlar çoxları üçün əvəzsiz həyat nümunələri olardı.

Heydər Əliyevin ən müxtəlif məsələlərdən bəhs edən çıxışlarını, mülahizələrini izlədikcə onun çox geniş erudisiyaya, zəngin dünyagörüşünə, böyük tarixi təcrübəyə malik olduğunu dərhal görür və buna heyran olursan. Özü xatirə yazmasa da, misilsiz xidmətləri ilə tarixdə izini qoymuş, çox insanların qəlbində gözəl xatirələr yazıb getmiş bu insanın həyat tarixçəsini vərəqləmək, tarixin hansı dolanbac yollarından və ağır sınaqlarından keçdiyini izləmək özü böyük bir həyat yolu keçmək, böyük bir mənəvi dünyaya pəncərə açmaqdır.

Heydər Əliyev istər sovetlər dönəmində, istərsə də 1993-cü ildə xalqın tələbi və təkidi ilə yenidən Azərbaycana rəhbərlik etməyə başladığı gündən ömrünün sonunadək özünü Azərbaycanın müstəqilliyinin əbədiləşdirilməsinə, onun parlaq gələcəyinin bünövrəsinin qoyulmasına həsr etmişdir. Çox zəngin həyat yolunda qarşılaşdığı unudulmaz hadisələri təhlil edərək topladığı təcrübədən vətənimizin və hər bir vətəndaşımızın taleyi üçün həyati əhəmiyyətli qərarlar qəbul olunmasında istifadə edirdi. O, keçmişə nəzər salmaqla, keçmişə söykənməklə Azərbaycanın gələcəyini görür və müəyyən edirdi.

Ümummilli lider elə bir həyat yolu, elə bir siyasi və idarəçilik məktəbi keçmişdi ki, bütün ömrü boyu, necə deyərlər, respublikada baş verən hadisələrin burulğanında olmuşdu. Bu hadisələrin içində olmaq, onları yaddaşında həkk etmək və onlardan nəticə çıxarmaq və bu nəticəni mühüm siyasi məqamlarda tətbiq etmək ən çətin anlarda onun köməyinə gəlmişdi.

Heydər Əliyev respublikaya yenidən rəhbərliyə başladığı ilk gündən müstəqil Azərbaycanın idarə olunmasının mükəmməl sisteminin yaradılması üçün müvafiq hüquqi bazanın qurulmasına var qüvvəsi ilə çalışırdı və onun titanik səylərinin bəhrəsi olaraq artıq 1995-ci ildə Azərbaycanın yeni Konstitusiyası qəbul olundu. Bu Konstitusiyanın ən mühüm maddələrindən biri Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi oldu. Bu barədə gedən qızğın müzakirələrə yekun vurularaq dövlət dilimiz Azərbaycan dili kimi təsbit edildi. Müzakirələr zamanı Heydər Əliyev bir çox hallarda keçmişə istinad edərək maraqlı və tutarlı faktlarla bu sahədə əvvəllər baş verənləri yada salır və öz fikirlərini daha yaxşı çatdırmağa, öz ideyasını onu dinləyən insanlara aşılamağa nail olurdu.

Müstəqil Azərbaycanın Konstitusiya layihəsinin müzakirələrinin birində Heydər Əliyev hələ 1978-ci il aprelin 21-də Azərbaycan SSR Ali Sovetinin VII növbədənkənar sessiyasında Azərbaycan Konstitusiyasının qəbulu zamanı qarşıya çıxan maneələri yada salmışdı. Azərbaycan dilinin dövlət dili elan olunmasına dair 73-cü maddənin qəbulunun vətənimiz üçün ən əhəmiyyətli bir məsələ olduğunu xatırladaraq bu maddənin qəbulu üçün ovaxtkı SSRİ rəhbərliyi ilə apardığı kəskin müzakirə və mübahisələrdən söz açaraq demişdi: "O vaxt mən Sovetlər İttifaqının rəhbərliyi ilə, Kommunist Partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu öz Konstitusiyamıza yazmalıyıq və yazacağıq.

Moskvada bir neçə dəfə müzakirələr oldu. Cürbəcür fikirlər səsləndi və həmin fikirlərin əksəriyyəti ondan ibarət idi ki, belə olmamalıdır. Ancaq biz buna nail olduq və 1978-ci ildə, səhv etmirəmsə, aprel ayında biz Konstitusiyanı qəbul etdik. Həmin Konstitusiyada yazıldı ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Xatirimdədir, o vaxt başqa respublikaların rəhbərləri ilə kəskin danışıqlarımız oldu. Ukraynanın rəhbəri Şerbitski ilə mənim kəskin danışıqlarım xatirimdədir. O buna çox etiraz edirdi, belə əsaslandırırdı ki, siz belə yazdığınız halda gərək onda biz də yazaq ki, Ukraynanın dövlət dili Ukrayna dilidir. Mən ona dedim ki, sizə heç kəs mane olmur. Siz bizdən də böyük respublikasınız və Sovetlər İttifaqında Sizin xüsusi çəkiniz bizimkindən qat-qat artıqdır. Siz istəsəniz bunu yaza bilərsiniz. Ancaq siz nə üçün bizə mane olursunuz? Mübahisəmiz çox gərgin oldu... Ancaq biz buna nail olduq. Hesab edirəm ki, bu o dövrdə, o zamanın şəraitində respublikamızda, ümumiyyətlə, ölkəmizin tarixində çox böyük hadisə oldu”.

Bu faktın özü Heydər Əliyevin böyük vətənpərvərliyinin, müdrikliyinin əyani sübutudur və məsələnin incəliklərini dərindən bilən ulu öndər öz prinsipial mövqeyini müstəqil Azərbaycanın Konstitusiyasının qəbulunda bir daha nümayiş etdirdi. Müdrik rəhbər Azərbaycan xalqının gələcəyinə xidmət edən Konstitusiyanı hazırlayıb ümumxalq referendumuna çıxardı və hamı Konstitusiyanın 21-ci maddəsinə yekdilliklə səs verdi.

Maraqlıdır ki, bu məsələnin ətrafında bundan əvvəl Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi ilə əlaqədar muxtar respublika Ali Sovetinin 1990-cı il noyabrın 24-də keçirilən iclasında da geniş müzakirələr aparılmış və o zaman da ulu öndər bir çox tarixi faktları xatırlatmalı olmuşdu. Ümummilli lider Azərbaycan xalqının çar Rusiyası zamanı gah "tatar”, gah "türk”, gah "Qafqaz tatarları”, sonralar sovet dövründə "azərbaycanlı” adlandırılmasına toxunaraq uzun illər ərzində formalaşmış stereotipləri təhlil etməklə Naxçıvan Konstitusiyasına dəyişikliklər zamanı dilimizin "Azərbaycan dili” adlandırılmasına üstünlük vermiş və bunun səbəblərini izah edərək ölkənin ümumi Konstitusiyasına qarşı separatçılıq kimi qəbul ediləcəyini göstərmiş və demişdi: "Demək istəyirəm ki, biz onsuz da böyük dəyişikliklər eləmişik. İndi gəlin çalışaq ki, bu, Azərbaycanda həzm olunsun. Tələsməyək. İkinci tərəfdən, biz muxtar respublikanın adını dəyişdirə bildik - "Naxçıvan Muxtar Respublikası” etdik. Ali Məclisin adını dəyişdirdik. Naxçıvan Muxtar Respublikasının bayrağını da qəbul etdik. Amma bu dil bizim bütöv, ümumi dildir, bütün Azərbaycana aiddir. Biz burada gərək separat hərəkət eləməyək. Ona görə mən belə hesab edirəm ki, müzakirələr tamamilə əhəmiyyətli hesab edilsin. Ancaq burada olan maddə elə belə də qalsın. Gələcəkdə bunu həll edəcəyik”.

Bu gün ulu öndərin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanıb qəbul edilmiş Əsas Qanunumuz - Azərbaycan Konstitusiyası əvəzsiz bir aktdır. Bütün müddəaları Heydər Əliyev tərəfindən nöqtə-vergülünədək yoxlanılaraq qəbul edilmiş bu tarixi sənəd çox mükəmməl və beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olan tam demokratik bir Konstitusiyadır.

Ümummilli liderin Azərbaycan dövlətinin varlığının əsas atributlarından biri olan Azərbaycan Ordusunun yaranması və formalaşması haqqında fikir və düşüncələri də çox maraqlı və ibrətamizdir. Heydər Əliyev hələ sovet dövründə Mərkəzi Komitənin birinci katibi olarkən Azərbaycanın müstəqillik arzularını dirçəltmək üçün Azərbaycan gənclərinin hərbi məktəblərdə oxumasını, milli zabit kadrlarının formalaşmasını həmişə diqqət mərkəzində saxlayırdı. Azərbaycan Ordusu ilə əlaqədar 1993-cü ildən sonra respublikada keçirilən bütün tədbirlərdə ulu öndər bu şərəfli tarixi hörmətlə xatırlayır, bu sahədə gördüyü işlərdən böyük qürurla, fəxrlə söhbət açırdı.

Ulu öndər çox gözəl bilirdi ki, Azərbaycanın böyük hərbi xadimləri olmuş, çar Rusiyasının ordusunda da görkəmli azərbaycanlı generallar böyük şücaətlər göstərmiş, Xalq Cümhuriyyəti dövründə o dövr üçün kifayət qədər güclü ordu yaradılmış, aprel inqilabından sonra 1920-1922-ci illərdə yaranan ordu Zaqafqaziya diviziyası adı ilə SSRİ ordusunun tərkibinə verilmiş, İkinci Dünya müharibəsi zamanı Həzi Aslanov kimi sərkərdələr yetirmiş Azərbaycan xalqının hərbi mütəxəssislərinin sayı yox dərəcəsinə endirilmişdir. Heydər Əliyev bütün vasitələrdən istifadə edərək Azərbaycanın hərb ənənələrini yaşatmaq və bərpa etmək üçün misilsiz işlər görmüşdür. 1998-ci il iyunun 26-da Azərbaycan Ordusunun yaranmasının 80 illiyi qeyd edilərkən o, bir daha bu tarixi vərəqləyir, son dərəcə geniş məlumata sahib olduğunu göstərərək konkret faktlarla 1972-ci ildə açılmış C.Naxçıvanski adına orta hərbi məktəbi necə yaratmasını böyük məhəbbətlə xatırlayırdı. O, 1970-ci ildə vəziyyəti öyrənərkən görmüşdü ki, Azərbaycanda 1939-cu ildə yaradılmış 2 hərbi məktəbdə - Ümumi Hərbi Komandirlər Məktəbində və Hərbi Dəniz Donanması Məktəbində cəmi 10-15 azərbaycanlı oxuyur. C.Naxçıvanski adına məktəbin yaradılmasından sonra isə Sovet İttifaqının müxtəlif şəhərlərində və 45-dən artıq hərbi məktəbdə hərbi təhsil almaq üçün ildə 800-900 nəfər gənc göndərilirdi. Ulu öndər deyərdi: "Bunların hamısını edərkən biz xalqımız haqqında düşünürdük. Düşünürdük ki, xalqımızda hərbi peşə itməsin, - çar Rusiyası vaxtı demişdilər ki, "müsəlmanlar orduda qulluq edə bilməz” - xalqımız hərbi peşədən məhrum olmasın. Mən eyni zamanda o vaxt düşünürdüm ki, gələcəkdə bu bizə lazım olacaqdır”.

Ulu öndərin Azərbaycan Ordusunun yaranmasında, onun pərakəndə və hazırlıqsız dəstələrdən, "şəxsi batalyonlar”dan nizami ordu kimi formalaşmasında, vaxtilə sovet ali hərbi məktəblərində təhsil almış zabitlərin Azərbaycan Ordusuna cəlb edilərək onlara yüksək vəzifələr verilməsində və onun bugünkü mübariz və döyüşkən, eyni zamanda, güclü hərbi texnikaya və hərbi hazırlığa malik bir orduya çevrilməsində ulu öndərin xidmətləri əvəzsizdir.

Çox sevindirici haldır ki, onun bu uzaqgörən siyasətini və gözəl ənənələrini layiqli varisi Prezident İlham Əliyev bu gün yüksək səviyyədə davam etdirir.

Ümummilli lider Azərbaycan Ordusu ilə əlaqədar hər bir çıxışında Azərbaycanda hərbi mütəxəssislər hazırlamaqda yaradılan maneələrin bir çox naməlum cəhətlərini açıb göstərir və bu yolda qarşılaşdığı çətinliklərin ən yuxarı səviyyələrdən qaynaqlandığını izah edirdi. 1995-ci il mayın 28-də respublika Milli Qvardiyasının qərargahında Azərbaycanın Milli Qəhrəmanı Əfqan Hüseynovun büstünün açılışı mərasimində deyirdi: "Xatirimdədir, 1970-ci ildə 25 il bundan öncə mən Azərbaycanda əvvəllər heç vaxt oxşarı, analoqu olmayan ixtisaslaşdırılmış hərbi orta məktəb yaratmaq haqqında fikir irəli sürdüm. Bu məktəbi yaratdıq. Doğrudan da mənim həyatımda gördüyüm işlər içərisində bu addımı, bu işi, bu təşəbbüsü o dövrdən artıq 25 il keçəndən sonra şəxsən özüm çox yüksək qiymətləndirirəm. Mən belə bir addım atarkən... təkcə o günləri yox, Azərbaycanın gələcəyini düşünürdüm. Mən çox istəyirdim ki, Azərbaycanın milli ordusu olsun... Mən istəyirdim ki, zabitlər korpusumuz olsun. Çünki bu, Azərbaycanın gələcəyi üçün lazım idi. O vaxt bizi dərk edə bilməyən adamlar da... indi yəqin artıq bilirlər ki, bu addımı atarkən nə qədər böyük uzargörənlik olmuşdur”.

Heydər Əliyev bu məktəbin bağlanması üçün Moskvadan gələn komissiyaların nələrə əl atdığını, bunun qanunsuz olduğunu sübut etmək istədiklərini ürək ağrısı ilə xatırlayır və bütün bu maneələri dəf edə bildiyinə görə qürur hissi keçirir, bəzi hallarda isə bundan duyduğu sevinc hislərini bölüşərək kövrəlirdi. "Mən oraya hər il gedirdim. Hər dəfə 13, 14, 15 yaşında oğlanlar orada hərbi paltarda, hərbi intizamla, əsgəri addımlarla bizim önümüzdən keçib gedəndə bəzən gözlərimdən yaş gəlirdi. Mən onlara baxdıqca düşünürdüm ki, nə qədər gözəl bir iş görmüşük və bu iş Azərbaycanın gələcəyi üçün nə qədər lazımdır”.

Ulu öndərin Azərbaycan Ordusunun maddi-texniki bazasını möhkəmləndirmək, keçmiş Sovetlər İttifaqının Azərbaycanda olan silah və sursatının ölkədən çıxarılmasının qarşısını almaq üçün atdığı düşünülmüş addımları bu gün xatırlamağa dəyər və Heydər Əliyev bunu öz çıxışlarında vaxtaşırı qeyd edirdi. 1999-cu il oktyabrın 15-də Naxçıvan qarnizonunun şəxsi heyəti ilə görüşündə Naxçıvanda yerləşən 75-ci diviziyanın necə çıxarılmasından söz açaraq Rusiyanın rəhbərliyi ilə danışdığını, bu diviziyanın burada qalmasının qeyri-mümkünlüyünü sübut etməsini və buradakı bütün əşyaların, silah-sursatın, bir sözlə, əmlakın muxtar respublikaya necə təhvil verildiyini iftixar hissi ilə danışırdı: "O vaxt Naxçıvanın başçısı kimi mənim məqsədim ondan ibarət idi ki, nizami ordu hissəsinin silah-sursatını, maddi-texniki bazasını, binalarını qoruyub saxlayaq. Naxçıvanda yerləşən 41-ci sərhəd dəstəsinin də şəxsi heyətini buradan çıxarıb onun bütün əmlakını, silah-sursatını, maddi-texniki bazasını Azərbaycanın, Naxçıvanın sərəncamına aldıq”. Təəssüf ki, Azərbaycandan çıxarılan sovet qoşunlarının silah və sursatını, eləcə də texnikasını, hərbi təyyarələri Azərbaycanın mülkiyyətinə çevirmək əvəzinə onların ölkədən çıxarılmasına imkan verilmişdi.

Heydər Əliyev təkcə hərbi kadrların hazırlanmasını deyil, respublika üçün bütün sahələr üzrə mütəxəssis hazırlığını diqqət mərkəzində saxlayır və sovet dövründə SSRİ-nin 170-dən çox nüfuzlu ali məktəbində dövlət hesabına təhsil almaq üçün hər il ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 800 tələbənin göndərilməsini təşkil edir və onları çox təntənəli şəkildə respublika ictimaiyyətinin iştirakı ilə yola salır, onlara layiqli mütəxəssis kimi Azərbaycana dönməyi tövsiyə edirdi. Onun həmin məzunlarla keçirdiyi görüşlərdə bu nəcib işin tarixi, hətta belə görüşləri Moskvada, Kremldə işlədiyi illərdə davam etdirməsi barədə ayrı-ayrı tədbirlərdə dediyi fikirləri, əslində, təhsil tarixinin ən maraqlı və dəyərli səhifələri saymaq olar. Həqiqətən o dövrdə yetişmiş mütəxəssislər Azərbaycanın taleyində, onun iqtisadi inkişafında və SSRİ ərazisində yüksək dərəcəli, yüksək ixtisaslı Azərbaycan diasporunun formalaşmasında böyük rol oynamışlar. Əgər ulu öndər Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı ənənəni yaşadırdısa, onun layiqli varisi Prezident İlham Əliyev də bu xətti davam etdirərək azərbaycanlı tələbələrin xaricdə təhsil proqramını təsdiq etmiş və uğurla həyata keçirmişdir. Bu gün dünyanın ən nüfuzlu ali məktəblərində yüzlərlə azərbaycanlı gənc təhsil alır və onlar həm respublika üçün nadir ixtisaslara yiyələnir, həm də xaricdə güclü Azərbaycan diasporunun yaranmasında fəal iştirak edirlər.

Heydər Əliyevin çıxışlarını bu gün vərəqləyərkən onun ən müxtəlif məsələlərin, ən müxtəlif hadisələrin və problemlərin müzakirəsi zamanı yada saldığı, nümunə gətirdiyi xatirələrin və misalların hər biri bir həyat dərsidir. Bunu Azərbaycanda qanunun aliliyinin təmin olunması sahəsində görülən işlərin müzakirəsi zamanı da tez-tez müşahidə etmək olurdu.

Qanunçuluğun möhkəmləndirilməsi, korrupsiyaya qarşı amansız mübarizə aparılması Heydər Əliyevin çox diqqət yetirdiyi məsələlərdən biri idi. 1993-cü ildə o, yenidən respublikaya rəhbərlik edərkən vaxtilə ona qarşı Mixail Qorbaçovun dövründə yol verilən haqsızlıqlar, buna görə Azərbaycanda bir çox adamların haqsız cəzalandırılması və ölkəyə rəhbərlik edən şəxslərin buna imkan yaratması, bir növ etibarsızlıq nümayiş etdirməsi onu çox ağrıdır və bəzi məqamlarda bunları xatırlatmağa məcbur olurdu. Ulu öndər 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi gündən ölkədə qanunçuluğun möhkəmləndirilməsi və sovet sistemindən irəli gələn neqativ halların aradan qaldırılması, korrupsiya girdabında boğulan SSRİ kimi bir dövlətdə "Qoy ədalət zəfər çalsın!” deyə haqq səsini ucaldan, Azərbaycanda bu sahədə inqilabi dəyişikliklər etməyə nail olan bir dövlət xadimi kimi şöhrət qazanmış və SSRİ rəhbərliyində çalışarkən ən çətin və mürəkkəb sahələrin idarə olunması ona həvalə edilmişdi. O, bəzi çıxışlarında bunlar barədə çox təsirli faktları ictimaiyyətə çatdırırdı.

Heydər Əliyevin Azərbaycana müəyyən fasilələrlə rəhbərlik etməsindən bizi 16 ildən artıq bir dövr ayırmasına baxmayaraq, onun istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycanın inkişafı və tərəqqisi naminə gördüyü misilsiz işlər o qədər çoxdur ki, bunları hər addımda xatırlamamaq mümkün deyildir və bayaq qeyd etdiyimiz kimi, bunu müəyyən məsələlərin müzakirəsi zamanı onun özü də tez-tez yada salırdı. Bəzi hallarda onun belə haşiyələri əsas mövzudan kənara çıxsa da, çox böyük maraq doğurur, bu böyük şəxsiyyətin titanik fəaliyyətinin müəyyən bir hissəsinə işıq salırdı.

Məsələn, 1995-ci ildə Azərbaycanın yeni Konstitusiyasının müzakirəsi gedərkən vaxtilə 1989-90-cı illərdə ölkədə cərəyan edən proseslər bir daha təhlil olunur və ulu öndər 1991-ci il martın 17-də SSRİ-ni saxlamaq üçün keçirilən ümumxalq referendumunda Azərbaycanın iştirakını və bu məsələdə ozamankı Azərbaycan rəhbərliyinin mövqeyini şərh edərkən təəssüf hissi ilə qeyd edirdi ki, xalq kütlələri, Azərbaycanın müstəqilliyini arzu edən ictimai-siyasi qüvvələr, qətiyyətlə demək olar ki, Azərbaycan xalqının tam əksəriyyəti Azərbaycanın müstəqilliyini istəsə də o dövrdəki rəhbərlik bu referendumda iştirak etmək barədə qərar qəbul etmiş və guya Azərbaycan müstəqillikdən imtina etmiş, xalqın iradəsinə zidd olan bu referendumda Sovetlər İttifaqının saxlanmasına səs vermişdir. Ulu öndərin qeyd etdiyi kimi, çox sürətlə davam edən hadisələr nəticəsində artıq 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Azərbaycan xalqı yaxşı bilir ki, o zaman Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Heydər Əliyevin qətiyyəti sayəsində muxtar respublikada bu referendum keçirilməmiş, həmin hadisə çox böyük rezonans doğurmuşdu.

Heydər Əliyev sovet dövründə Azərbaycana rəhbərlik etdiyi zaman onun iqtisadiyyatını Sovetlər İttifaqında ön mövqelərə çıxararaq, demək olar ki, hər il SSRİ-nin keçici qırmızı bayraqlarını respublikaya gətirməklə Azərbaycanın şöhrətini daim yüksəldir, eyni zamanda, o dövr üçün ən müasir sənaye müəssisələrinin Azərbaycanda tikilməsinə, güclü sənaye və nəqliyyat infrastrukturunun yaradılmasına nail olurdu.

Burada ulu öndərin 1995-ci il oktyabrın 28-də Bakı metrosunda baş vermiş qəza nəticəsində insanların həlak olması ilə əlaqədar Konstitusiya Komissiyasının noyabrın 2-də keçirilmiş iclasında 1 dəqiqəlik sükut elan etdikdən sonra Bakı Metropoliteninin yaranma tarixi haqqında çıxdığı haşiyəni yada salmaq yerinə düşərdi. Həmin çıxışında o, metropolitenin tarixi haqqında çox maraqlı bir məlumat vermişdi. Ümummilli lider sovetlər dövründə cəmi 10 şəhərdə metro tikildiyini və bunun üçün həm Bakıda, həm də Moskvada Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən gördüyü işləri qeyd edərək bildirirdi ki, Bakı Metropoliteninin əksər hissəsi onun vaxtında tikilib. Həmin iclasda Heydər Əliyev baş verən faciənin səbəblərini araşdırıb tədbirlər görülməsini tapşırmaqla yanaşı, baş vermiş belə hadisələrdən siyasi məqsədlər üçün yararlanmaq istəyənləri də kəskin qınamışdı.

Böyük Azərbaycanlı adını şərəflə doğruldan və hakimiyyətdə olduğu dövrdə Azərbaycan xalqının mənəvi dirçəlişi, inkişafı üçün misilsiz işlər görən ulu öndərin iştirakçısı və şahidi olduğu hadisələrin bəzi anları, bəzi unudulmaz cəhətləri haqqında öz çıxış və görüşlərində söylədiyi fikirlər bu gün Azərbaycan tarixinin bir parçasına, onun xronologiyasına, onun dərin izahına çevrilmişdir.

Heydər Əliyevin Azərbaycan kinematoqrafçıları ilə keçirilən görüşünün bəzi epizodlarını yada salmaq bu baxımdan vacibdir. Ulu öndər sovet dövründə Azərbaycanın yazıçı və bəstəkarlarının, elm və mədəniyyət xadimlərinin mükafatlandırılması, SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilməsi, Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması üçün gördüyü çox böyük işlərin bəzi epizodlarından söhbət açaraq, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə haqqında o zaman çox böyük şöhrət qazanmış filmin yaranmasında, ümumiyyətlə, Mehdi Hüseynzadənin qəhrəmanlıqlarının üzə çıxarılıb Azərbaycan xalqına tanıdılmasında gördüyü işlərin bir qismini görüş iştirakçılarına çatdırmışdı.

Ümumiyyətlə, Heydər Əliyevin özünü Azərbaycan mədəniyyətinin canlı tarixi, Azərbaycan tarixinin salnaməsi, canlı ensiklopediyası adlandırmaq daha düzgün olardı. Bu böyük insanın hər bir sözü, hər bir xatirəsi, eyni zamanda, insanlar üçün böyük örnək və nümunədir. Onun öz gənclik illəri, ömür-gün yoldaşı Zərifə xanım Əliyeva haqqında xatirələri onu dinləyənlərin hər birini kövrəltməklə yanaşı, bu insanın ailə dəyərlərinə, mənəvi sərvətlərimizə nə dərəcədə yüksək qiymət verdiyini bir daha sübut edir. Ulu öndərin Azərbaycan xalqının adət-ənənələrinin, onun ailə dəyərlərinin nə qədər müqəddəs olduğunu göstərən çıxışlarını oxuduqca Azərbaycan xalqına dərin məhəbbətinin bir daha şahidi olursan.

Ümumən çox iradəli, qətiyyətli, əyilməz və məğrur bir insan olan Heydər Əliyevin bəzən son dərəcə kövrək və çox həssas olduğunu onun bəzi çıxış və müsahibələrində, xüsusilə keçmişi, uşaqlıq və gənclik illəri ilə bağlı xatirələrində çox aydın görmək mümkündür. Bunu həm 20 Yanvar faciəsindən danışarkən, həm də görkəmli elm və mədəniyyət xadimləri ilə görüşlərindən söhbət açarkən çox yaxından duyur və hiss edirsən.

Bu il ulu öndərin 96-cı ildönümü, eyni zamanda, respublika rəhbərliyinə gəlməsinin 50 illiyi qeyd olunur. Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış Heydər Əliyevin ölkəmizin müstəqilliyinin əbədiləşdirilməsi naminə xalqımız və millətimiz qarşısında əvəzsiz xidmətləri zaman keçdikcə daha aydın görünür.

Ümummilli liderin xüsusilə 1993-2003-cü illər ərzində gördüyü misilsiz işlərin tarixi əhəmiyyətini Azərbaycanın sürətli inkişafını davam etdirən, bu gün ən qüdrətli Azərbaycanı qurmuş, Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin 2007-ci il mayın 25-də Respublika Günü münasibətilə keçirilən mərasimdə dediyi sözlər bir daha təsdiq edir: "1993-2003-cü illər ərzində Azərbaycanın dövlətçiliyi quruldu, Azərbaycanın inkişaf strategiyası müəyyən olundu... Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri unudulmazdır, əvəzolunmazdır və onlar tarixi əhəmiyyət kəsb edir”.

Heydər Əliyev irsinin tədqiqi və öyrənilməsi davam edir və hələ uzun illər davam edəcəkdir. Ulu öndərin siyasi irsinin dərindən öyrənilməsi və müxtəlif çıxışlarında, görüşlərində əksini tapmış tarixi hadisələrin, eyni zamanda, onun şirin və mənalı xatirələrinin Azərbaycanın keçmişinə və gələcəyinə işıq salan düşüncə və mülahizələrinin gələcəkdə sistemləşdirilərək Azərbaycan oxucularına çatdırılması öz növbəsini gözləyir. Yəqin ki, yaxın dövrdə belə kitablar da işıq üzü görəcəkdir.

Süleyman İSMAYILOV,

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşlarınmüraciətləri ilə iş şöbəsinin müdiri, YAP Siyasi Şurasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video