14 Oktyabr 2021 00:59
1184
İQTİSADİYYAT
A- A+

TAP - ilin təbii qaz layihəsi

 

Trans-Adriatik Qaz Boru Kəməri (TAP) istifadəyə veriləndən indiyədək Avropaya 5 milyard kubmetrədək Azərbaycan təbii qazı nəql edib. “Cənub qaz dəhlizi”nin sonuncu seqmenti olan, ölkəmizdən Avropa bazarlarına ildə 10 milyard kubmetr qaz tədarükünü həyata keçirəcəyi nəzərdə tutulan bu kəmər fəaliyyətini ahəngdar davam etdirərək yeni uğurlara imza atır.

TAP-ın keçən ay Dubayda keçirilən “Gas tech Awards 2021” mərasimində “İlin təbii qaz, LNG və ya hidrogen layihəsi” kateqoriyasında qalib elan olunması da təsadüfi deyil. Qeyd edək ki, hər il keçirilən qlobal “Gastech” konfransı ərəfəsində təşkil edilən “Gastech Awards” mükafatları şirkətlərin və təşkilatların təbii qaz sektorundakı üstün nailiyyətlərinə görə təqdim olunur.

TAP-ın səhmdarları layihənin inkişafı və tikintisi haqqında 2013-cü ilin sonunda qərar veriblər. Seçim prosesində o, səkkiz şərtə görə üstünlük qazanıb.

Bunlardan birincisi, kəmərin kommersiya səmərəliliyidir. İkinci, üçüncü və dördüncü əsas şərt layihənin icra mümkünlüyü, həmçinin maliyyə baxımından icra mümkünlüyü və texniki layihələndirmədir. Daha bir vacib məsələ kimi tənzimləmə və şəffaflıq götürülüb. Altıncı amil kəmərin təhlükəsizliyi və səmərəli istismarının mümkünlüyüdür. TAP eləcə də digər kəmərlərdən genişləndirmə imkanlarının olduğuna görə fərqlənir. Nəhayət, qiymətləndirmə zamanı ictimai maraqlarla bağlı amillər da nəzərə alınıb. Kəmərin təməli isə 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. TAP Azərbaycan qazını mənzilbaşına keçən ilin son günündə çatdırıb.

Sistem keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.

Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən “Cənub qaz dəhlizi” layihəsinin ayrılmaz hissəsi olan bu kəmər Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı TANAP-dan (Trans-Anadolu Qaz Boru Kəməri) qəbul edir. Bu uzunluğu təxminən 878 kilometr olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçir və sonuncu, bir neçə kilometrlik hissəsi İtaliya torpağında quru sahəyə çıxır. Burada kəmər “Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsi ilə birləşir.

TAP-ın səhmdarları bunlardır: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagas” (16 faiz) və “Axpo” (5 faiz).

Layihənin uğurla tamamlanmasında Azərbaycanın rolu şəksizdir. Bu işdə “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 2015-ci ildən başlayaraq ildə bir dəfə Bakıda keçirilən iclasları mühüm əhəmiyyət daşıyıb.Yalnız sonuncu - yeddinci toplantı pandemiya ilə bağlı videoformatda keçirilib.

 Xatırladaq ki, TAP xətti İtaliyada bitməsinə baxmayaraq, gələcəkdə Azərbaycan qazının Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün də böyük imkanlar yaradır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu il oktyabrın 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edərkən “Cənub qaz dəhlizi”nin, nəticə etibarı ilə TAP-ın da respektivləri məsələlərinə toxunub. Dövlət başçısı deyib: “Bizim ənənəvi əməkdaşlıq sahələrimiz yaxşı məlumdur və biz böyük nailiyyət əldə etmişik. On il bundan əvvəl bu binada Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa, enerji təhlükəsizliyinə dair Bəyannamə imzalandı. Bu, “Cənub qaz dəhlizi”nin icrası istiqamətində çox mühüm addım idi. Bundan sonra əməli addımlar atıldı və ötən ilin son günündən bu yana biz artıq əməli nəticələri görürük. Azərbaycan qazı artıq Avropa bazarındadır. Əlbəttə ki, bizim böyük layihə olan “Cənub qaz dəhlizi”nin tamamlanması ilə bağlı planlarımız bununla məhdudlaşmır. Biz görürük ki, Avropa İttifaqının bir çox başqa üzvlərinin də təchizatçısı ola bilərik. Biz təchizatımızın coğrafiyasını genişləndirmək üçün Avropa İttifaqı ilə birgə işləməyi planlaşdırırıq - xüsusilə indi, qışda hər kəs görəndə ki, alternativ marşrut baxımından alternativ mənbə məhz enerji təhlükəsizliyidir.”

Beləliklə, gələcəkdə TAP enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və mənbələrin şaxələndirilməsinə daha böyük dəstək verəcək. O, eyni zamanda regionda əməkdaşlıq körpülərini möhkəmləndirəcək, yüksək gəlirlər, firavanlıq, xeyir-bərəkət gətirəcək. Bu kəmər həm biz və layihədə tərəfdaşlıq edən şirkətlər, həm də Azərbaycandan qaz alan və mavi yanacağın istehlakçısı olmaq istəyən bütün ölkələr tərəfindən yüksək dəyərləndirilir.

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video