21 Oktyabr 2021 01:55
1196
DÜNYA
A- A+

“Taliban” Əfqanıstana nə gətirdi?!

 

Təxminən iki aydır ki, “Taliban” hərəkatı Əfqanıstanda hakimiyyəti ələ keçirib. Taliblərin ilk addımlarından biri ölkənin adını dəyişmələri oldu - Əfqanıstan İslam Əmirliyi. Bundan sonra hərəkatın liderləri beynəlxalq birliyə bəyan etdilər ki, narahatlıq üçün əsas yoxdur. Yəni ölkədə qadınların hüquqları qorunacaq, narazılar təqib olunmayacaq və ümumiyyətlə, adi əfqanlar ciddi dəyişiklik hiss etməyəcəklər. Bəs hazırda ölkədə vəziyyət necədir? Taliblər verdikləri vədlərə əməl edirlərmi?

 

Qadınların hüquqları...

 

1996-2001-ci illərdə “Taliban” Əfqanıstanda hakimiyyətdə olanda ölkədə qadınların hüquqları xeyli məhdudlaşdırılmışdı. Onlara qarşı sərt cəzalar, o cümlədən edamlar və əl-ayağın kəsilməsidə tətbiq olunurdu. Məhz bu səbəbdən beynəlxalq birliyi ən çox narahat edən məqamlardan biri qadınların hazırkı vəziyyətidir.

Avqustun ortalarında hakimiyyəti ələ keçirdikdən sonra ilk rəsmi brifinqdə “Taliban”ın mətbuat katibi (hazırda informasiya nazirinin müavini) Zəbihulla Mücahid əmin etmişdi ki, qadınlar təhsil alacaq, işləyəcək və ölkənin sosial həyatında iştirak edəcəklər. Ancaq “şəriət qanunları çərçivəsində...”

Lakin cəmi bir aydan sonra əfqanıstanlı hamilə polis qadın taliblər tərəfindən bıçaqlanaraq qətlə yetirilmişdir. Hüquq müdafiəçiləri sorğu keçirmişlər və xeyli qadın təsdiqləmişdir ki, ölkədə evdənkənar  hərəkət sərbəstliyi, məşğuliyyətə və təhsilə əlçatanlıq kəskin şəkildə  məhdudlaşdırılıb, xüsusi məcburi geyim tətbiq olunub. Bundan başqa, dinc toplantılara imkan verilmir. Qadınlar sistematik şəkildə dövlət vəzifələrindən azad edilir. 12 yaşından sonra qızlar təhsildən məhrum olunurlar. Bu səbəbdən müəllim qadınlar işlərini itirirlər.

 

Təxliyənin məhdudlaşdırılması

 

Hakimiyyəti ələ keçirdikdən dərhal sonra taliblər ölkəni tərk etmək istəyənlərə maneə törətməyəcəklərini bildirmişlər. Lakin avqustun 25-dən əfqanlara ölkəni tərk etmək qadağan olundu. Bunun üçün Kabil Hava Limanına aparan yol bağlandı. Ancaq əcnəbilər təxliyə oluna bilərdilər.

Dünya birliyinin bu məhdudiyyətlərə reaksiyasından sonra taliblər yenidən əfqanlara ölkədən getməyə icazə verdilər. Lakin cəmi bir neçə gün sonra “Taliban” rejimindən qaçmaq istəyən adamlarla dolu təyyarələrin uçuşuna imkan verilmədi. Hazırda əfqanları ölkədən çıxmağa qoymurlar, indiyədək orada qalan əcnəbilər üçün də təxliyə olunmaq müşgül məsələyə çevrilib.

 

Dinc etiraz hüququ

 

Beynəlxalq qanunlara əsasən, taliblər də hər bir insanın dinc etiraz etmək hüququna  hörmətlə yanaşmalıdırlar. Sentyabrın 2-dən ölkənin böyük şəhərlərində yüzlərlə əfqanıstanlı ölkə qadınlarının hüquqları uğrunda etiraz nümayişlərinə çıxmağa başladı. İki gündən sonra paytaxt Kabildə etiraz aksiyasının 10 iştirakçısı, o cümlədən qadınlar taliblər tərəfindən vəhşicəsinə döyüldü. Düzdür, “Taliban”ın rəsmi hakimiyyət orqanları etirazçıların döyülməsini pislədilər və bunda əli olan 4 nəfəri həbsə atdılar. Amma bu, gözdən pərdə asmaq kimi bir addım idi.

Zəbihulla Mücahid bildirdi ki, “Taliban”ın bir çox üzvləri qadınlarla necə rəftar etməyi bilmirlər və buna görə qadınlar evdə qalmalıdırlar.

Bundan sonra taliblər yenə də etirazçılara əl qaldırmış və hətta atəş açmışdılar. Nəticədə 2 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.  Bəzi hallarda jurnalistlər və operatorlar saxlanılmış və döyülmüş, onların kameraları və avadanlığı müsadirə olunmuşdur. Mücahid bildirmişdir ki, nümayişçilər mürəkkəb bir vaxtda “problem”lər yaradırlar. Hazırda mitinq və etiraz nümayişləri keçirmək üçün planlaşdırılmış aksiyadan azı bir gün əvvəl Ədliyyə Nazirliyinin icazəsi tələb olunur.

 

Vəd edilən amnistiya

 

“Taliban”ın ilk rəsmi mətbuat konfransı zamanı vəd olunmuşdu ki, əvvəlki rejimin tərəfdarları təqib edilməyəcək və Əfqanıstan Ordusunun hərbçiləri və polislər amnistiyaya düşəcəklər. Bundan təxminən bir həftə sonra, avqustun 20-də BMT-nin yaydığı konfidensial hesabatda deyilir ki, taliblər NATO qüvvələrinə, yaxud Əfqanıstanın əvvəlki hökumətinə işləyən adamları axtarırlar.

Hesabata görə, taliblərdə “həbs üçün prioritet” adamların siyahısı var. BMT hesabatının müəlliflərindən biri BBC telekanalına bildirib ki, taliblər həmin adamların könüllü şəkildə təslim olmalarını gözləyirlər. Bu, baş verməsə, həmin adamlar təqib olunacaq, həbs ediləcək və ailə üzvləri ilə birlikdə cəzalandırılacaqlar.

 

Beynəlxalq reaksiya

 

BMT tərəfindən “Taliban”a qarşı ilk sanksiyalar hələ 1999-cu ildə tətbiq olunmuşdu. Həmin vaxt məhdudiyyətlər Əfqanıstan hökumətinin üzvlərinə şamil edilirdi. Adları bu siyahıya düşən şəxslər BMT-yə üzv olan heç bir ölkədə maliyyə əməliyyatları həyata keçirə bilmirlər. Onların digər ölkələrə girişi də qadağan edilmişdir. 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş faciədən sonra taliblərə qarşı yeni sanksiyalar tətbiq olundu.

Taliblər yenidən hakimiyyətə gəldikdən bir neçə gün sonra ABŞ Əfqanıstan hökumətinin Amerika banklarının hesablarında saxlanılan vəsaitlərini dondurmuşdur. Bu yaxınlarda BMT-də Əfqanıstana humanitar yardım edilməsinin vacibliyi qeyd olundu. Belə ki, ölkə “iqtisadi iflas” ərəfəsindədir. ABŞ Əfqanıstan sakinlərinə humanitar və maliyyə yardımı üçün iki lisenziya verdi. Lakin ABŞ-ın özündə və digər ölkələrdə buna müxtəlif reaksiyalar oldu: bəziləri hesab edirlər ki, bu addım “Taliban”ı legitimləşdirir və rejimə qarşı maliyyə sanksiyalarını yumşaldır.

Əslində, əvvəldən  “Taliban” rejimini dəstəkləyən və onun legitimliyini tanıyan ölkələr var idi. Avropa ölkələrinin diplomatik nümayəndəliklərinin bağlandığı bir vaxtda Çin Kabildəki səfirliyini saxlamış və ölkənin bərpasını dəstəkləməyə hazır olduğunu bəyan etmişdir. Sonradan Çin liderləri dəfələrlə taliblərə qarşı sanksiyaları pisləmişlər. Əfqanıstandakı yeni rejimi Pakistan liderləri də dəstəkləyirlər. Eyni zamanda İranda bildirmişlər ki, ABŞ və NATO hərbçilərinin Əfqanıstandakı “məğlubiyyəti regiona çoxdandır gözlənilən sülhü gətirəcək”. Rusiya isə Əfqanıstanın yeni liderlərinə münasibətini hələ müəyyənləşdirməyib. Bu ölkədə “Taliban” terrorçu təşkilatların siyasında yer alıb.    

 

Gündəlik həyat

 

Əfqanıstanın şəhərlərindən çəkilmiş fotolara baxarkən ölkədə qadınların hüquqlarının məhdudlaşdırıldığını görmək mümkündür. Restoranlarda, mağazalarda, məktəblərdə və şəhərlərin küçələrində, əsasən, xüsusi geyimli və uzunsaqqallı kişilərdir. Praktiki olaraq heç kəs müasir geyimdən istifadə etmir. Taliblər bu qadağanı onunla izah edirlər ki, “dəbdəbəli Qərb geyimi şəhid qanının yaratdığı statusu məhv edir”.

Əfqanıstanda əvvəllər də iqtisadi vəziyyət sabit deyildi, lakin taliblər hakimiyyətə gəldikdən sonra ölkədə əsl iqtisadi kollaps baş vermiş, işsizliyin səviyyəsi artmışdır. BMT bildirir ki, bir il ərzində Əfqanıstanı “ümumi yoxsulluq” gözləyir. Bu, əhalinin böyük əksəriyyətinin yoxsul vəziyyətə düşməsidir. Hazırda bu rəqəm 72 faiz təşkil edir.

Bir çoxları işlərini itirmişlər. Bəzi mağaza, idman zalları və gözəllik salonlarının sahibləri ölkəni tərk etmiş, digərləri qadınlara küçələrə çıxmağa qadağa qoyulduqdan sonra qazancının xeyli hissəsini itirməsi səbəbindən biznesini qapatmışdır. 

Digər cəfəng qadağalar da var ki, bunları nə dinlə, nə də ideoloji inanclarla izah etmək mümkündür. Məsələn, bu yaxınlarda taliblər bərbərlərə ölkə ərazisində saqqal qırxmağı qadağan ediblər. Bundan əlavə, yerli media şirkətləri kriket üzrə Hindistan liqasının proqramlarını yayımlamır. Səbəb tribunalarda qadınların olmasıdır. Daha bir qəribə qadağa onunla bağlıdır ki, “Taliban”çılar xidmət zamanı selfi edə bilməzlər. Halbuki haklimiyyəti ələ keçirdikdən sonra onlar aktiv şəkildə sosial şəbəkələrdən istifadə edir və orada öz şəkillərini yerləşdirirdilər.  

 

Legitimlik üçün zəruri şərt

 

Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai hesab edir ki, beynəlxalq miqyasda tanınmaq üçün “Taliban” hökumətinin ölkə daxilində legitimliyinə ehtiyac var. Bu isə ya seçkilərdən, ya da əfqan xalqının Loya Cirqanın -Ümuməfqanıstan Ağsaqqallar Şurasının vasitəsi ilə iradəsinin ifadə olunması, konstitusiya tətbiqi və sairələr asılıdır.

Pakistanın Əfqanıstandakı hadisələrə təsiri haqqında danışan keçmiş prezident “Amerikanın səsi” radiostansiyasına müsahibəsində demişdir: “Mən qardaş ölkə Pakistana deyirəm ki, İslamabad Əfqanıstanı təmsil etməyə çalışmasın. Ümidvaram ki, Pakistan Əfqanıstanla əlaqələrini işimizə qarışmaq yolu ilə deyil, beynəlxalq münasibətlər prinsipləri əsasında quracaq”.

Eks-prezident terrorçu “İslam dövləti” qruplaşmasının “Əfqanıstan, əfqan xalqının həyatı və rifahı üçün təhlükə” olduğunu təsdiqləmişdir. Kərzai vurğulayıb ki, qruplaşmaya qarşı mübarizədə region ölkələrinin Əfqanıstanı dəstəkləyəcəyinə ümid edir.

Xatırladaq ki, bu ilin yazında Vaşinqton Amerika Silahlı Qüvvələrinin Əfqanıstandan çıxarılması barədə qərarını elan etdikdən sonra “Taliban” hərəkatı ölkəyə nəzarəti ələ keçirmək üçün genişmiqyaslı əməliyyata başlamışdır. Avqustun 15-dən taliblər döyüşsüz Kabilə daxil olmuş, prezident Əşrəf Qani ölkəni tərk etmişdir. Ötən ayın 6-da “Taliban” Əfqanıstanın bütün ərazisinə nəzarət etdiyini bildirmiş, növbəti gün isə müvəqqəti hökumətin tərkibini açıqlamışdır.    

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video