16 Sentyabr 2021 00:28
1167
SİYASƏT
A- A+

Tahir Budaqov: “Azərbaycan və Türkiyənin mənəvi-siyasi birliyi bütün dünyaya nümunədir”

 

İqtidar partiyaları arasında münasibətlər heç vaxt bu cür güclü və yüksək səviyyədə olmayıb

 

Dünyada Azərbaycan ilə Türkiyə qədər bir-birinə yaxın ölkələr yoxdur. Milli dəyərlər və tarixi ənənələr üzərində təşəkkül tapmış bu qardaşlıq münasibətləri bənzəri olmayan birlik və həmrəylik nümunəsidir. 1918-ci il sentyabrın 15-də Bakının erməni-daşnak və bolşevik birləşmələrinin işğalından azad olunması da ortaq şanlı tariximizin qürurverici səhifələrindən biridir. Ümumiyyətlə,

15 sentyabr tarixi Azərbaycan xalqı üçün  çox əlamətdar bir gündür. 103 il bundan əvvəl Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin  ordusu ilə birlikdə  Bakı şəhərini bolşevik-daşnak işğalından azad ediblər. Bundan iki gün sonra isə Xalq Cümhuriyyətinin paytaxtının Gəncədən Bakı şəhərinə köçürülməsi tariximizdə böyük hadisədir. Bu hadisə göstərdi ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı dərin tarixi köklərə əsaslanır. “Türk şəhidliyi” abidəsini ziyarət etmək, şəhidlərin əziz xatirəsinə ehtiram göstərmək  bizim mənəvi borcumuzdur. Bakının daşnak-bolşevik qüvvələrindən azad edilməsinin 103-cü ildönümü münasibətilə bütün xalqımızı təbrik edirəm.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların nümayəndələrinin “Türk şəhidliyi” abidəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

Bakının işğaldan azad edilməsində 1130 türk əsgərinin şəhid olduğunu vurğulayan Tahir Budaqov bildirib: “Ümumilikdə Azərbaycan ərazisində o zaman daşnak-bolşevik qüvvələri ilə döyüşlərdə 5 mindən çox türk əsgəri öz canını qurban verib. Bu fədakarlıq Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub və biz hər zaman türk şəhidlərinin xatirəsini uca tuturuq. Bütövlükdə, 1918-ci il sentyabrın 15-də Bakının erməni-daşnak və bolşevik birləşmələrinin işğalından azad olunması da ortaq şanlı tariximizin qürurverici səhifələrindən biridir. Xalq Cümhuriyyətinin hökuməti tərəfindən 1919-cu ildə bu ərazidə “Türk şəhidliyi” abidəsinin bünövrəsi qoyulsa da, 1920-ci ilin aprel ayında bolşevik işğalı nəticəsində cümhuriyyətin süqutu bu işin başa çatdırılmasına imkan vermədi. Lakin Azərbaycan ikinci dəfə müstəqilliyini elan etdikdən sonra abidə ucaldıldı. Bu abidə Azərbaycan-Türkiyə dostluq və qardaşlığının bir rəmzidir. “Türk şəhidliyi” abidəsi xalqımız tərəfindən böyük hörmət və ehtiramla yad edilən məkana çevrilib”.

Tahir Budaqovun sözlərinə görə, 102 ildən sonra - İkinci Qarabağ müharibəsində Türkiyə dövləti və xalqı Azərbaycanın öz torpaqlarını erməni işğalından azad olunmasına güclü mənəvi və siyasi  dəstək verdi. Türkiyə Vətən müharibəsində Azərbaycanla bir olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı qardaş dəstəyini hər zaman çox yüksək qiymətləndirir, “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan münasibətlərin inkişafından böyük məmnunluq ifadə edir.

Azərbaycan-Türkiyə münasibətlərinin bu gün strateji müttəfiqlik zirvəsinə yüksəldiyini bildirən YAP Sədrinin müavini qeyd edib: “Bir millətin iki dövləti olan Azərbaycan və Türkiyə arasında dostluğa, qardaşlığa və strateji tərəfdaşlığa əsaslanan çoxşaxəli, milli maraqlara cavab verən münasibətlər bu gün ən yüksək zirvədədir və heç vaxt indiki qədər möhkəm - güclü olmayıb. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri, qardaşlığı bütün sahələrdə əməkdaşlığa, görülən işlərə öz töhfəsini verməkdədir. İki ölkə başçısının siyasi iradəsi tərəflər arasında iqtisadi, hərbi-texniki, mədəni-humanitar və digər istiqamətlərdə münasibətlərin dinamik inkişafını təmin edir. Fəal siyasi dialoq şəraitində iqtisadi əlaqələrin genişlənməsi iki ölkənin milli maraqlarına xidmət edən mühüm strateji amildir. Türkiyə Azərbaycanın əhəmiyyətli ticarət tərəfdaşıdır, ölkəmizin xarici ticarət dövriyyəsində və ixracında, eləcə də idxal əməliyyatlarında mühüm yer tutur. Bununla yanaşı, qarşılıqlı investisiya qoyuluşu iqtisadi münasibətlərin səmərəliliyini artırır. Digər tərəfdən, Azərbaycan-Türkiyə münasibətlərində hərbi-texniki əməkdaşlıq da vacib istiqamətlərdən biridir. Xüsusilə də müdafiə sənayesi sahəsində intensiv əlaqələrin və işbirliyinin yaradılması strateji önəm daşıyır. Bütövlükdə isə, iki ölkənin hərbi-strateji əməkdaşlığı bölgədə sülh və təhlükəsizliyin təmin olunması baxımından olduqca əhəmiyyətlidir. Cari il iyunun 16-da Şuşa Bəyannaməsinin imzalanması isə tarixi hadisə kimi müttəfiqlik münasibətlərinin yeni səviyyəyə yüksəlməsini şərtləndirib. Şuşa Bəyannaməsinin imzalanmasından sonra görülən işlər göz önündədir. Bu gün Azərbaycanın güclü və müzəffər ordusu var. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun daha da gücləndirilməsi işi davam etdirilir. Türkiyə bu məsələdə öz dəstəyini göstərir. Son zamanlar keçirilən birgə hərbi təlimlər də bunu nümayiş etdirir. Həmçinin Türkiyə şirkətləri işğaldan azad olunmuş ərazilərimizin  bərpasında da yaxından iştirak edir. Bütövlükdə, Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin icra edilməsi ilə faktiki olaraq Azərbaycanla Türkiyə Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Yeni reallıqlar regionda təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığa və inkişafa xidmət edir”.

Tahir Budaqov yeni mərhələdə Azərbaycan və Türkiyənin strateji təşəbbüslərinin regional inkişafa və təhlükəsizliyə xidmət etdiyini diqqətə çatdırıb. “Postkonflikt mərhələsində Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bölgədə sülh və təhlükəsizlik mühitinin möhkəmlənməsinə, çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcək. Bu isə tərəqqi və rifah vəd edir”, - deyən Tahir Budaqov əlavə edib ki, Azərbaycan və Türkiyənin mənəvi-siyasi birliyi bütün dünyaya nümunədir.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri iki ölkənin hakim partiyaları arasında münasibətlərin inkişafının da müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, YAP-AK Parti əlaqələrinin intensiv xarakter daşıması Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfədir. T.Budaqov vurğulayıb: “Ümumiyyətlə, Azərbaycan-Türkiyə münasibətləri yalnız dövlətlər arasında deyil, iki ölkənin hakim partiyası - Yeni Azərbaycan Partiyası  ilə  Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında əlaqələr də keyfiyyətcə yeni mərhələyə  qədəm qoyub. Biz siyasi partiyalar olaraq dövlət başçılarının qardaşlıq münasibətlərini örnək götürərək əlaqələrimizi daha da gücləndirməyi, inkişaf etdirməyi qarşıya məqsəd qoymuşuq. Bu ilin iyun ayında mənim rəhbərliyimlə Türkiyədə səfərdə olan YAP nümayəndə heyəti AK Partinin yüksəksəviyyəli rəsmiləri ilə görüşlər keçirib, eyni zamanda tarixdə ilk dəfə olaraq iki partiya arasında Əməkdaşlıq Protokolu imzalanıb. Səfər zamanı nümayəndə heyətimiz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib. Bu səfər çox səmərəli olub və bizim qarşılıqlı münasibətlərimiz, gələcək əməkdaşlığımız  üçün güclü hüquqi, institusional baza formalaşdırıb, siyasi əlaqələrin perspektiv inkişafı üçün dönüş nöqtəsi olub. İyul ayında isə AK Parti sədrinin birinci müavini Numan Kurtulmuşun başçılığı ilə geniş  nümayəndə heyəti ölkəmizə səfər etdi. AK Partinin nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunub. Bundan sonra bizim birgə fəaliyyətimizin dəqiq konturları müəyyən edilib. Eyni zamanda, bu fəaliyyət yalnız siyasi partiyaları əhatə etməyəcək, eləcə də ölkələrimizin vətəndaş cəmiyyəti institutları, müxtəlif ictimai-siyasi təsisatları arasında, beynəlxalq platformalarda əməkdaşlığı da özündə ehtiva edəcək. Gələcəkdə bu istiqamətlərdə işlərimiz davam edəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video