31 Iyul 2021 00:51
805
SİYASƏT
A- A+

Şuşa  qardaş ölkələrin rəsmilərinin  ziyarətgahına çevrilir

 

Azərbaycan, Türkiyə və  Pakistan İslam Respublikasının parlament sədrlərinin ölkəmizin Mədəniyyət Paytaxtına səfərləri də bunu təsdiqləyir

 

Qarabağın zümrüd tacı Şuşa illər öncəki kimi, yenə də qonaq-qaralıdır. İlin bütün fəsillərində qonaqlarını əsrarəngiz gözəllikləri ilə qarşılayan Şuşa 30 il bundan məhrum edilmişdi: İsa bulağı, Cıdır düzü  doğma ayaq izlərinə, nəğməli, musiqili günlərinə həsrət qalmışdı...

Nəhayət, bu da 44 günlük Vətən müharibəsinin zəfərindən sonrakı Şuşamız! Talanan talanıb, amma yağı düşmən onu  digər işğal altında saxladığı kənd, qəsəbə və şəhərlərimiz kimi dağıda bilməyib. Müqəddəs ziyarətgahları,  milli-mədəni varlığımızın simvollarına çevrilən  abidələri gülləbaran etsə də, Şuşa qala olduğu üçün möhkəm dayanıb, yağıya baş endirməyib!

Şuşa yenə də əvvəlki növrağına qayıdır. Yeni Zəfər yolu Şuşamızı daha da gözəlləşən sabahına aparır. İşğaldan azad edildikdən sonra bu əsrarəngiz məkan ziyarətgaha çevrilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Qarabağımızın azadlıq simvoluna çevrilən Şuşaya ilk tarixi səfərindən başlayıb həmin ziyarət. Sonra “Xarıbülbül” Beynəlxalq musiqi festivalına Cıdır düzü meydan açdı. Azərbaycanda fəaliyyət göstərən xarici ölkə diplomatlarının bu cənnətməkana səfərləri başladı. Erməni vandalizminin dünyada ifşası belə səfərlərdən, ziyarətlərdən sonra daha da genişləndi.

Bu günlərdə qədim Şuşa yeni rəsmi qonaqlarını qəbul etdi. Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Pakistan İslam Respublikasının Milli Assambleyasının Sədri Əsəd Qeysər və nümayəndə heyətləri Şuşaya səfər etdilər.

Qonaqlar əvvəlcə  Saatlı məscidində oldular. Onlara məlumat verildi ki, bu məscid  də Ermənistanın işğalı dövründə Qarabağdakı digər dini və mədəni abidələr kimi dağıdılıb. İşğaldan azad edilən məsciddə hazırda  yenidənqurma və bərpa işləri aparılır.

Parlament sədrləri Şəhər meydanına gedərək orada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tarixi Şuşa Bəyannaməsini imzaladıqları yerlə tanış oldular.  Xatırladaq ki, imzalanan həmin sənəd iki qardaş və dost ölkə  - Azərbaycanla Türkiyə arasında əməkdaşlığın bütün sahələrini əhatə etməklə iki qardaş ölkənin  münasibətlərini ən yüksək zirvəyə qaldırdı.

Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri xalqımızın tanınmış ədəbi simaları, tarixi şəxsiyyətləri olan Xurşidbanu Natəvanın, Bülbülün və Üzeyir bəy Hacıbəylinin güllələnmiş heykəllərini  də ziyarət etdilər. İşğal zamanı ermənilərin həmin heykəlləri Ermənistana apararaq əritmək istədikləri qonaqların diqqətinə çatdırıldı. Bildirildi ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər alınaraq Azərbaycana gətirildi və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanıldı. Şuşa işğaldan azad olunduqdan sonra heykəllər  öz yerlərinə qaytarıldı.

Şuşanın budəfəki qonaqları Xurşidbanu Natəvanın ermənilər tərəfindən dağıdılmış saray kompleksinə baxarkən öyrəndilər ki, lirik şeirlər müəllifinin evi işğaladək şəhərin memarlıq baxımından özünəməxsus tikililərindən hesab edilib. Natəvanın evi şəhərin ən gözəl binalarından biri olub. 1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal olunandan sonra  bu ev də bilərəkdən, məqsədyönlü şəkildə dağıdılıb.

Türkiyə və Pakistan parlamentlərinin nümayəndə heyətlərinin üzvləri Yuxarı Gövhərağa məscidində onun tarixi, işğal dövründə ermənilərin burada törətdiyi dağıntılar, eyni zamanda, Şuşanın azad edilməsindən sonra ibadət ocağında aparılan təmir-bərpa işləri barədə məlumat aldıqdan sonra ziyarətgahda namaz qılıb, dua etdilər.

Pakistan İslam Respublikasının Milli Assambleyasının Sədri Əsəd Qeysər Şuşada  bildirdi ki, onun ölkəsi azad edilmiş ərazilərdə turizmin inkişafına dəstək verməyə hazırdır: “... Burada aparılan quruculuq işləri ilə tanış olduq. Pakistan olaraq biz buradakı quruculuq işlərinə öz töhfəmizi verməyə şad olarıq. Hətta burada turizmin inkişafına da dəstək olmağa hazırıq. Biz bölgənin iqtisadi inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik. Çox şadam ki, Azərbaycan bu ərazilərdə genişmiqyaslı bərpa işləri həyata keçirir. Ümid edirəm ki, indi gördüyümüz bu ərazilər yaxın zamanlarda inkişaf etmiş bölgəyə çevriləcək”.

 Ali qonaq onu da qeyd etdi ki, buraya gəlməzdən əvvəl Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhəri haqqında eşitmişdik: “Bu gözəl və əsrarəngiz şəhəri öz gözlərimlə görmək məni həyəcanlandırdı. Amma təəssüflə demək istəyirəm ki, Şuşada gördüyümüz dağıntılar bizi məyus etdi. Özlərini bu şəhərin “sahibi” adlandıranlar buranın gözəlliyinə xələl gətiriblər. Bunu ancaq işğalçı zehniyyətli və işğalçı siyasət yürüdən ölkə edə bilər...”

Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop işğaldan azad edilmiş bütün ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə aparıldığını dilə gətirərək dedi: “İnanıram ki, yaxın bir-iki ayda Şuşa şəhərində həyat öz axarına düşəcək. Şuşadan qayıdanda bərpa-quruculuq işlərinin getdiyi Füzuli şəhərində olacağıq... Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi, biz “bir millət, iki dövlət” olaraq hər zaman bir-birimizin yanındayıq. Məhz bu gözəl şəhərdə iki ölkənin başçıları arasında imzalanan Şuşa Bəyannaməsi münasibətlərimizi ən yüksək zirvəyə qaldırdı. Mən bunu yol xəritəsi kimi dəyərləndirirəm...”

Parlament nümayəndə heyətləri Şuşa Qala divarları ilə tanışlıqdan sonra Cıdır düzünə gələrək xatirə şəkli çəkdirib, buradan  ana təbiətin açılan əsrarəngiz mənzərəsini heyranlıqla seyr ediblər.

Budur, Şuşanın illər boyu başıdumanlı dağlarında yeni dövr, xoş növraq başlayır, Şuşa müqəddəs ziyarətgaha çevrilir...

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video