18:40 24 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şuşa dövlət qoruğu kimi qorunub inkişaf etdiriləcək

ANA SƏHİFƏ / PARLAMENT
02:23 26.05.2021

 

Mayın 25-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirildi. Əvvəlcə on səkkiz məsələdən ibarət gündəlik təsdiqləndi.

Cari məsələlərin müzakirəsində parlamentin komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, deputatlardan Anar İsgəndərov, Elman Nəsirov, Məlahət İbrahimqızı, Razi Nurullayev, İqbal Məmmədov, Əli Məsimli, Rauf Əliyev, Ceyhun Məmmədov, Sahib Alıyev, Səttar Möhbalıyev bir sıra məsələlərə dair fikirlərini bildirdilər. Deputatlar anti-Azərbaycan mövqeyində dayanan bəzi dairələrin xarici ölkələrdə fəaliyyətinə diqqət yönəldərək bu kimi hallara qarşı mübarizənin gücləndirilməsinin vacibliyindən danışdılar.

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. Milli Məclisin sədri Sahibə Qafarova dedi ki, gündəliyin birinci məsələsi Azərbaycan xalqının milli-mədəni və mənəvi varlığının rəmzlərindən biri olan Şuşa şəhəri haqqındadır: “Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev may ayının 7-də Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sənəd Şuşa şəhərinin nəinki ölkəmizin və regionun, həm də dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi ilə bağlı dövlət başçısının qarşıya qoyduğu hədəfin əldə edilməsi yolunda ilk addım olub. Bu istiqamətdə həyata keçirilən fəaliyyətin institusional əsaslarını möhkəmləndirmək məqsədilə möhtərəm Prezidentimiz “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsini Milli Məclisə təqdim edib. Bu gün həmin qanun layihəsini birinci oxunuşda müzakirə edəcəyik”.

“Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva dedi ki, 2020-ci il Azərbaycan xalqı üçün tarixi ədalətin bərpa olunduğu Zəfər, qələbə və qürur ili kimi tarixin qızıl səhifəsinə yazıldı. Bu qələbədə Ulu Öndərin vəsiyyətini sədaqətlə yerinə yetirən Ali Baş Komandan İlham Əliyevin və Müzəffər  Ordumuzun müstəsna xidmətləri Azərbaycan xalqının 30 illik həsrətinə son qoydu.

Təqdimatında tarixi məqamlara da toxunan komitə sədri 1977-ci ildə Ümummilli Liderin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edildiyini xatırlatdı. Ermənistanın təcavüzkarlığı nəticəsində işğal dövründə xalqımızın Şuşadakı tarixi-mədəni irsinin sıradan çıxarıldığını bildirən Qənirə Paşayeva  dedi ki, Şuşa işğaldan azad olunduqdan sonra ən qısa müddətdə şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin inventarizasiyası aparılıb, bərpa işlərinə başlanılıb.

Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında parlamentə ünvanladığı qanun layihəsini dövlət-xalq birliyinin təntənəsindən qaynaqlanan fundamental hüquqi sənəd kimi dəyərləndirən Qənirə Paşayeva dedi ki, bu qanun Şuşa şəhərində tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun davamlı inkişafına da münbit şərait yaradacaq.

Deputatların nəzərinə çatdırıldı ki, layihə Milli Məclisin 4 komitəsinin birgə iclasında geniş müzakirə olunub və yüksək qiymətləndirilib. Layihəyə əsasən, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır. Qanun layihəsi Şuşada dövlət siyasətinin əsas istiqamətlərini, şəhər ərazisində və onun mühafizə zonasında hüquqi tənzimləməni, abidələrin bərpası, qorunması, öyrənilməsi, istifadəsi və təbliğini, ətraf mühitin mühafizəsini, tikinti, memarlıq və şəhərsalma fəaliyyətini, nəqliyyatın təşkilini, sahibkarlıq, reklam, turizm kimi fəaliyyətləri, həmçinin Şuşada beynəlxalq səviyyəli tədbirlərin keçirilməsini və digər bir sıra mühüm məsələləri tənzimləyəcək.  

Məlumat dinlənildikdən sonra müzakirələr başladı. Komitə sədrləri Musa Quliyev, Siyavuş Novruzov, deputatlar Tural Gəncəliyev, Azər Badamov, Azay Quliyev, Fazil Mustafa, Erkin Qədirli, Nigar Arpadarai rəy və təkliflərini bildirdilər. Çıxışlarda Şuşanın işğaldan azad edilməsinin Azərbaycan xalqı üçün tarixi, siyasi, mənəvi əhəmiyyəti xüsusi vurğulandı. Mədəni irs baxımından şəhərin inkişaf tarixinə, Azərbaycanın siyasi və mədəni həyatında oynadığı rola nəzər salındı. Çıxış edənlər qanun layihəsini Azərbaycan parlamentarizmi tarixində çox mühüm sənəd kimi yüksək dəyərləndirdilər. Layihənin konseptual baxımdan mükəmməl hazırlandığı bildirildi, bir sıra təkliflər irəli sürüldü.

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deputatların çıxışlarında səslənən bəzi məsələlərə aydınlıq gətirdi. Müzakirələrin yekununda qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

 “Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevo şəhərində) səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi barədə məlumat verən parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirdi ki, səfirliyin açılması ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrini yeni müstəviyə yüksəldəcək. Qanun layihəsi qəbul olundu.

Sonra üçüncü oxunuşda müzakirəyə çıxarılmış 5 qanun layihəsinə baxıldı. Bu məsələlər barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimlinin, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevin məlumatları dinlənildi.

Səsvermə zamanı “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanununda dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş), “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş), Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələri qəbul edildi.

İclasda Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirəyə təqdim edildi. Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dedi ki, qanun layihəsi Sığorta Agentlərinin statusunu müəyyən edir. Deputatlar qanun layihəsinə ikinci oxunuşda müsbət münasibət bildirdilər.

Gündəliyin növbəti məsələsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) idi. Layihə barədə məlumat verən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili birinci oxunuş zamanı qaldırılmış məsələlərə, o cümlədən qəzetlərdə kotirovka elanı verilməsi ilə bağlı məqama münasibət  bildirdi.

Diqqətə çatdırıldı ki, qanunun 25.1-ci maddəsində göstərilir ki, açıq tenderlərin keçirilməsi  barədə dövlət qəzetlərində  elan verilməlidir. Qanunun 25.2-ci maddəsində ikimərhələli tenderin keçirilməsi zamanı elanın dövlət qəzetlərində verilməsi nəzərdə tutulur. Qanunun 25.1-1-ci maddəsində deyilir ki, elektron satınalma keçirilən zaman açıq tenderlər barədə elan dövlət satınalmalarının vahid internet portalında dərc olunur. Bu maddələrə dəyişiklik olunmur.

Tahir Mirkişilinin sözlərinə görə, indiyədək “Dövlət satınalmaları haqqında” qanunda kotirovka sorğularının keçirilməsi zamanı  elanın dövlət qəzetlərində dərc edilməsi barədə heç bir tələb olmayıb. Qanunda göstərilməsə də kotorivka sorğularının keçirilməsi barədə elanlar dövlət qəzetlərində dərc olunub. Lakin qanunun 25.1-1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən kotirovkalar elektron formada keçirilməli olduğuna görə, elanın da elektron formada verilməsi nəzərdə tutulur.

Tahir Mirkişili dedi ki, bu məsələni deputat həmkarı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovla da müzakirə edib: “Kotirovka sorğularının ancaq elektron portalda yerləşdirilməsinin qəzetin maliyyə vəziyyətinə mənfi təsir etməsi mümkündür. Belə bir problem var. Amma hesab edirəm ki, həmin problemin həlli bu qanunun  subyekti və ya obyekti ola bilməz. Biz bunu başqa bir formada, başqa bir qanunda və ya başqa müzakirələrlə həll etməyə çalışacağıq”. 

Məsələ ilə bağlı çıxış edən deputat Bəxtiyar Sadıqov dedi ki, qanun layihəsindəki bəzi məqamlarla bağlı bizim narahatçılığımız var. “Azərbaycan” qəzeti dövlət büdcəsindən maliyyələşmədiyinə görə qanuna belə bir dəyişikliyin edilməsi qəzeti reklam bazarından məhrum edə bilər. Məsələ ilə bağlı Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdüyünü bildirən Bəxtiyar Sadıqov dedi: “Mən hörmətli sədr Sahibə xanım Qafarovaya bu məsələdə göstərdiyi dəstəyə görə təşəkkür edirəm. İnanıram ki, rəsmi dövlət nəşri, Milli Məclisin orqanı “Azərbaycan” qəzetinə maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün kömək ediləcək”.

Bəxtiyar Sadıqov vurğuladı ki, “Dövlət satınalmaları haqqında” qanunun 25.1, 25.2, 41.1, 50-3.1-ci maddələrində “dövlət qəzetləri” ifadəsi işlənilir: “Jurnalistikada  “dövlət qəzetləri” anlayışı yoxdur. Mətbuatı “iqtidar qəzetləri”, “partiya qəzetləri”, “müstəqil qəzetlər”, “ədəbiyyat qəzetləri”, “sarı qəzetlər”, “reket  qəzetlər” və digər adlarla təsnifatlaşdırmaq olar. Eyni zamanda, “Rəsmi dövlət qəzeti” ifadəsi var. Bu, bir statusdur və bu status Milli Məclisin Nizamnaməsi ilə “Azərbaycan” qəzetinə verilib. Yəni digər heç bir qəzetin “rəsmi dövlət qəzeti” kimi statusu yoxdur. İstərdik ki, qanunun qeyd etdiyim maddələrində ifadə dəqiqləşdirilsin və “rəsmi dövlət qəzeti” kimi göstərilsin. Belə olması həm mətbu tələblər baxımından düzgündür, həm də belə olduqda “Azərbaycan” qəzeti büdcədən maliyyələşmədiyi üçün rəsmi dövlət qəzeti kimi reklam bazarından yetərincə bəhrələnə bilər”.

Bu məsələyə qayıdacaqlarını deyən Milli Məclisin sədri Sahibə Qafarova bildirdi ki, “Azərbaycan” qəzeti rəsmi dövlət qəzetidir və Milli Məclis də mütləq ona dəstək olmalıdır.

Qanun layihəsi ikinci oxunuşda qəbul edildi.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi (ikinci oxunuş) barədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi “Dövlət satınalmaları haqqında” qanuna uyğunlaşdırma xarakteri daşıyır və bu sahədə qanunvericiliyin pozulması halları ilə əlaqədar olaraq layihədə sanksiyalar iki dəfə artırılır. 

Qanun layihəsi ikinci oxunuşda qəbul edildi.

İclasda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə, 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Gənclər siyasəti haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Antiinhisar fəaliyyəti haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Yerin təki haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda qəbul edildi.

İclasda son olaraq birinci oxunuşda təqdim edilən 2 qanun layihəsi müzakirəyə çıxarıldı. Öncə “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi müzakirəyə təqdim olundu. Layihə barədə parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun məlumatı dinlənildi. Müasir dünyada bərpaolunan enerji mənbələrinin böyük rolundan söz açan komitə sədri bildirdi ki, qanun layihəsi beynəlxalq təcrübəyə istinadən,  beynəlxalq maliyyə qurumlarının, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadəyə investisiya qoymağa maraqlı olan beynəlxalq şirkətlərin və qeyri-hökumət təşkilatlarının  rəy və təklifləri öyrənilməklə hazırlanıb.

Deputatların nəzərinə çatdırıldı ki, 5 fəsil 20 maddədən ibarət olan bu qanunun qəbulu ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadə sahəsində mühüm nəticələrin əldə edilməsinə, investisiyaların cəlbinə, ənənəvi enerji resurslarına qənaət olunmasına, nəticədə ixrac potensialımızın artırılmasına, ətraf mühitə atılan tullantıların azaldılmasına, dövlət vəsaitlərinə qənaət edilməsinə, yeni iş yerlərinin açılmasına imkan yaradacaq.

Müzakirələrdə komitə sədri Musa Quliyev, deputatlardan Eldar Quliyev, Asim Mollazadə, İltizam Yusifov, Razi Nurullayev, Fazil Mustafa, Məşhur Məmmədov rəy və təkliflərini bildirdilər. Sadiq Qurbanov deputatları maraqlandıran sualları cavablandırdıqdan sonra layihə səsə qoyuldu və birinci oxunuşda qəbul edildi.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş) barədə məlumat verdi. Bildirdi ki, məqsəd dövlət qulluğu sistemində idarəetmənin təkmilləşdirilməsi və dövlət qulluğuna qəbulun optimallaşdırılmasıdır.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edildi.

 

Rəşad CƏFƏRLİ,

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM