12 Aprel 2012 03:04
421
SİYASƏT
A- A+

Şuşa azad ediləcəyi günü səbirsizliklə gözləyir

 

"Şuşasız, Ağdamsız, ümumiyyətlə, Qarabağsız Azərbaycan yoxdur".

 

Heydər ƏLİYEV

 

Şuşa XX əsrdə üç dəfə erməni təcavüzü ilə qarşılaşıb. 1905-1907-ci illərdə şəhər ermənilər tərəfindən hücuma məruz qalmış və yandırılmışdır. 1920-ci ildə də şəhərin bir hissəsi ermənilər tərəfindən dağıdılmışdır. Üçüncü dəfə isə Şuşa xəyanətin qurbanı olaraq 1992-ci ilin mayında ermənilər tərəfindən işğal edildi. Şuşadan əvvəl o zamankı ölkə rəhbərliyinin yarıtmaz siyasətinin nəticəsi olaraq Meşəli, Kərkicahan, Malıbəyli, Quşçular işğal olunmuşdu, Qaradağlı və Xocalı faciələri baş vermişdi. Lakin Şuşanın belə aqibətlə üzləşə biləcəyini bir kimsə ağlından belə keçirmirdi. Amma bu, baş verdi... alınmaz qala, hər yeri səfalı Qarabağın dilbər guşəsi, Azərbaycan musiqisinin beşiyi Şuşa işğal edildi.

Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir düşdü və girov götürüldü. İşğal nəticəsində 22 minə yaxın şuşalı məcburi köçkünə çevrildi. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan elədilər, yüzlərcə tarix-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri təhqirlərə məruz qoydular, çox sayda nadir əlyazma nümunələrini məhv etdilər. O cümlədən Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşudbanu Natəvanın evi, Vaqifin məqbərəsi yağmalandı. Üzeyir Hacıbəyli, Bülbül, Natəvan kimi görkəmli şəxsiyyətlərin heykəlləri düşmən gülləsinə tuş gəldi. Şuşanın işğalı həm də bütün xalqımızın mənəviyyatına vurulmuş ağır bir zərbə oldu.

Şuşanın işğalından 20 il ötür. Prezident İlham Əliyevin "Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında" 9 aprel 2012-ci il tarixli sərəncamı ilə respublikamızda və ölkəmizin hüdudlarından kənarda Şuşa şəhərinin Ermənistan tərəfindən işğalının iyirminci ildönümü ilə əlaqədar müvafiq anma mərasimləri keçiriləcək. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Şuşanın işğalı ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirilməsini təmin edəcək.

Yaranma tarixi XVIII əsrin ortalarına təsadüf edən Şuşa şəhəri həmişə düşmənə göz dağı olmuşdur. Çünki Şuşa təkcə öz gözəlliyi, əsrarəngiz təbiəti, xalqımızın əsas mədəni mərkəzlərindən biri kimi yox, həm də hərbi baxımdan strateji əhəmiyyəti ilə seçilirdi. XIX əsrdən etibarən Azərbaycan torpaqlarında, o cümlədən Qarabağda məskunlaşmağa başlayan ermənilər öz mənfur niyyətlərini, əməllərini reallaşdırmaq üçün daim Şuşaya göz dikmişlər. Qarabağ xanlığı ləğv edildikdən sonra yeni yaradılmış Qarabağ vilayətinin, 1840-cı ildən isə Şuşa qəzasının mərkəzinə çevrilən şəhərdə çar hökumətinin himayədarlığı ilə çoxalan ermənilər azərbaycanlıları sıxışdırmaq üçün 1905-1907-ci illərdə qanlı hadisələr törətdilər.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulması Şuşanın taleyinə təsirsiz ötüşmədi. Sovet rəhbərliyinin himayədarlığı ilə Qarabağda vəzifələrə sahib olmuş ermənilər öz məkrli siyasətlərini "sinfi mübarizə" adı altında həyata keçirərək şuşalılara qarşı soyqırımı və deportasiya siyasəti yeritdilər. Şuşanın inzibati statusu da dəyişikliyə məruz qaldı. 1921-ci ildə şəhər Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirildi. Lakin sonradan vilayətin mərkəzi Xankəndi seçildi. Görünür, ermənilər Azərbaycana qarşı hazırladıqları məkrli planları Şuşadan həyata keçirməyin heç də asan olmayacağını başa düşüb bu addımı atmışdılar. Şuşa 1923-cü ildə vilayətin tərkibinə daxil edildi, eyni zamanda Şuşa rayonunun mərkəzinə çevrildi. Bununla da Şuşa 170 ildən artıq yerinə yetirdiyi statusdan - Qarabağın mərkəzi statusundan məhrum edildi. İnzibati mərkəz statusundan məhrum edilməsi Şuşanın sonrakı  həyatına ciddi təsir göstərdi. Respublika və vilayət rəhbərliyinin laqeyd münasibəti nəticəsində şəhər özünün  əvvəlki görkəmini və şöhrətini tədricən itirməyə başladı. Uzun müddət burada nəinki heç bir tikinti-abadlıq işləri görülmədi, əksinə, tarix-memarlıq abidələrinin bəziləri vəhşicəsinə dağıdıldı.

Şuşa şəhərinin yenidən dirçəldilməsi 1969-cu ildə Heydər Əliyevin Azərbaycanda rəhbərliyə başlamasından sonra mümkün oldu. Öncə bir məsələni xüsusilə qeyd etməliyik ki, 1969-cu ildən Azərbaycanın ictimai-siyasi, mədəni-ideoloji həyatında dirçəliş yaradan Heydər Əliyev Dağlıq Qarabağda çiçəklənən erməni millətçiliyinin qarşısına da sipər çəkdi. Moskvanın təzyiqlərinə baxmayaraq, muxtar vilayət erməni cinayətkar ünsürlərdən təmizləndi. Millətçilik şüarları ilə çıxış edən daşnak tör-töküntüləri cinayət məsuliyyətinə cəlb olundular. Erməni separatçı ideoloqları vilayətdən uzaqlaşdırıldılar. Beləliklə, Qarabağda yaşayan azərbaycanlılar Heydər Əliyevin sayəsində özlərini ata-baba yurdlarının əsl sahibi kimi hiss etməyə başladılar. Azərbaycanın bütün bölgələri kimi, Qarabağda da sənaye və kənd təsərrüfatı sahələri sürətlə inkişaf etməyə başladı.

Ulu öndər Heydər Əliyev Şuşanın inkişafını xüsusilə diqqət mərkəzində saxlayırdı. Bu, Heydər Əliyevin xalqımızın milli-mənəvi dəyərlərinə son dərəcə bağlılığından irəli gəlirdi. O dövrdə Şuşada görkəmli şəxsiyyətlərin abidələrinin, büstlərinin qoyulması, ev-muzeylərinin yaradılması, şəhərin tarix-memarlıq abidələrinin bərpası, tar, kamança, ud, nağara alətləri istehsal edən fabrikin istifadəyə verilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin "Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında" sərəncamında bu barədə deyilir: "1977-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyətimizin və incəsənətimizin böyük simalarından Üzeyir bəy Hacıbəylinin, Xurşudbanu Natəvanın və Bülbülün ev-muzeyləri təşkil olunmuş, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılmışdır".

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə Şuşada görkəmli sənət adamlarının, incəsənət xadimlərinin iştirakı ilə keçirilən, sözün həqiqi mənasında, el şənliyinə çevrilən tədbirlər yüz minlərlə respublika sakininin hafizəsinə silinməz izlərlə həkk olunmuşdur.  

Heydər Əliyevin diqqət və qayğısı nəticəsində Şuşada kurort kompleksinin inkişafı istiqamətində görülən işlər də şəhərin dirçəlməsində əhəmiyyətli rol oynadı. "Şuşa" dağ iqlim sanatoriyası, meşə sağlamlıq məktəbi kompleksi, 100 nəfərlik xəstəxana istifadəyə verildi. Ulu öndərin "Şuşa şəhərində kurort kompleksini daha da inkişaf etdirmək tədbirləri haqqında" qərarı Şuşanın iqlim şəraitindən, qiymətli mineral bulaqlarından və digər təbii sərvətlərindən səmərəli istifadə üçün geniş imkanlar açdı.

Qarabağa hər səfərindən böyük zövq alan Heydər Əliyev Şuşaya öz ailə üzvləri ilə birlikdə gəlirdi. Ulu öndərin Qarabağ torpağının ecazkar gözəlliyinə vurğunluğu, milli mədəniyyətimizlə bağlı sənət adamları ilə sıx ünsiyyəti, Qarabağa hər səfərindən məmnunluq hissləri keçirməsi bu ulu diyara və onun insanlarına bağlılığının təcəssümü idi.

Ermənilər hər vəchlə Şuşanı erməniləşdirməyə çalışsalar da, tarixi saxtalaşdırmağa cəhd etsələr də, əbəsdir. Bütün dünya Şuşanın məhz Azərbaycan şəhəri olduğunu bilir və bu cür də qəbul edir. Şuşa isə azad ediləcəyi günü böyük səbirsizliklə gözləyir. Həmin gün uzaqda deyil. Çünki bölgədə cərəyan edən bütün siyasi və iqtisadi proseslər Ermənistanın təcavüzkar siyasətinin iflasını günbəgün yaxınlaşdırır.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video