17 Avqust 2021 01:32
2077
Mədəniyyət
A- A+

Şuşa abidələrinin bərpasına dövlət qayğısı

 

Şuşa Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi, “Qafqazın konservatoriyası” olmuşdur. Şəhərin ərazisi tarixi abidələrlə zəngindir. Rəsmi məlumata görə, şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr olan daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. O cümlədən 72 tarixi abidə, həmçinin bir sıra dövlət xadimlərinin və tanınmış şəxsiyyətlərin mülkləri, ev-müzeyləri vardır. Bu abidələrin çoxu XIX əsrdə yaşamış memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayı Səfərəli tərəfindən zövqlə işlənmişdir.

Ermənistanın Azərbaycana qarşı apardığı 30 illik işağalçılıq siyasəti nəticəsində buradakı tarixi-mədəniyyət abidələri yerləyeksan edilmişdir. Şuşanın işğal altında olduğu illər ərzində şəhərdə memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 22 ümumtəhsil məktəbi, 7 uşaq bağçası, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey dağıdılmış, məbəd və məscidlər təhqirə məruz qalmış, 20 kitabxana yandırılmışdır. Yerli memarlıq abidəsi hesab edilən binalar tamamilə məhv edilmiş, hətta görkəmli şəxsiyyətlərin büst və heykəlləri gülləbaran edilmişdir.

Şuşa işğaldan azad olunduqdan sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva, bir çox ölkələrin qrup halında gələn nümayəndə heyətləri, politoloqlar, jurnalistlər, diaspor üzvləri və s. dəfələrlə Şuşaya səfər etmiş və qədim şəhərdə tarixi mədəni irsin erməni barbarları tərəfindən necə dağıdıldığının şahidi olmuşlar. Dövlət başçısı Şuşaya səfərləri zamanı ictimaiyyətlə görüşlərində və mətbuata müsahibələrində hər dəfə bu şəhərin tezliklə bərpa ediləcəyini bəyan etmişdir: “Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq, 100 faiz”. İşğaldan azad edildikdən sonra Şuşada başlanan quruculuq işləri bunu bir daha təsdiq edir.

Ulu Öndərin açılışında iştirak etdiyi Molla Pənah Vaqifin məqbərəsinin bərpa işlərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu həyata keçirib.

Dövlət başçısı bildirib ki, bütün işlər planlı şəkildə aparılmalı, Şuşanın tarixi siması saxlanılmalıdır. Bərpa işlərinin aparılması Şuşanın tarixi görkəminə xələl gətirməyəcək. Buradakı hər hansı bir tikili əvvəlkindən də keyfiyyətli bərpa edilərək Şuşanın tarixi-mədəni irsinə ikinci həyat veriləcək. Mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar özləri deyəcəklər ki, bu şəhəri necə görmək istəyirlər, çünki bu, onların şəhəridir. Şuşanın əsl tarixi simasının və qədim mədəni abidələrinin bərpası Azərbaycanın memarlıq üslubunu əks etdirməlidir. Şuşada bütün işlər görüləndən sonra şəhər sakinləri oraya qayıdacaqlar.

Şuşada indi başqa növraq, başqa ovqat yaşanır. Dövlət başçısının sərəncam və tövsiyələrinə əsasən, Şuşanın tarixi-mədəni irsinə ikinci həyat verilir. Şəhərin mədəni ruhu geri qaytarılır, tarixi görkəmi bərpa edilir. Burada Azərbaycanın mədəniyyət tarixinin çox vacib örnəklərinin bərpa olunması öz tariximizə, mədəniyyətimizə, abidələrimizə sahib çıxmağımızın nümunəsidir.

Bu gün işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng quruculuq layihələri, o cümlədən Şuşada aparılan bərpa və yenidənqurma işləri şəhərin tarixi simasının bərpa edilməsi məqsədilə, onun orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir.

Heydər Əliyev Fondu Şuşada Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin təmir-bərpa işlərini aparır. Hər üç məscidin memarı Kərbəlayi Səfixan Qarabaği olmuşdur və məscidlər ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələrinin siyahısındadır.

Yuxarı Gövhər ağa məscidinin interyeri məhv edilmiş, minarələrinin dekoru zədələnmiş, örtükləri dağıdılmışdır. Məscidin birinci mərhələdə bərpası başa çatıb, ikinci mərhələ üzrə işlər aparılır. Bu mərhələdə məscidin daşları ilkin layihəyə uyğun olaraq dəyişdirilir. Məscid ərazisində dağıdılmış mədrəsə də bərpa ediləcək.

İşğal dövründə dağıntıya məruz qalan Aşağı Gövhər ağa məscidində isə xarici ekspertlər qiymətləndirmə işləri aparıblar.

Saatlı məhəlləsində yerləşən tarixi Saatlı məscidi də Şuşa şəhəri Ermənistan tərəfindən işğal olunduq-dan sonra ciddi dağıntılara məruz qalıb.

Hazırda Qazançı kilsəsi də bərpa edilir. Bütün digər tarix-mədəniyyət abidələrimiz kimi. Qazançı kilsəsinin ilkin bədii-estetik görkəminə uyğun bərpa edilməsi nəzərdə tutulur. Bu, elmi-praktiki-tədqiqat fəaliyyəti olmaqla abidənin hərtərəfli təhlilini, memarlıq, tarixilik xüsusiyyətlərinin arasdırılmasını ehtiva edir. Hazırlanan bərpa layihəsi abidənin XIX əsrdəki ilkin-orijinal görkəminə qaytarılmasına imkan verir.

Şuşanın Qazançı kilsəsinin bərpa edilməsini həzm edə bilməyən işğalçı, terrorçu Ermənistan bizə qarşı şər-böhtan atır, cəfəng iddialar irəli sürməyə çalışır. Lakin bunlar hamısı əbəsdir və “Böyük Qayıdış” çərçivəsində abidələrimiz bərpa olunduqca, tarixi-mədəni irsimiz azad olunmuş ərazilərə qaytarıldıqca Azərbaycan dövlətinin sülhə, inkişafa və tərəqqiyə yönəlmiş siyasəti öz təntənəsini yaşayır.

Heydər Əliyev Fondu işğaldan azad edilmiş Şuşa şəhərində daha bir layihənin icrasına başlayıb. Hazırda şəhərdə Yaradıcılıq Mərkəzinin, Rəsm və Xalçaçılıq qalereyalarının təmir-bərpa işləri həyata keçirilir.

Vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası kimi tanınan Şuşa Yaradıcılıq Mərkəzinin yerləşdiyi bina ölkə əhəmiyyətli yerli tarixi memarlıq abidələri siyahısındadır.

Şuşa Xalçaçılıq Qalereyası isə keçmiş Şuşa Xalça Muzeyinin binasında yerləşəcək. Binaya işğal dövründə ciddi ziyan dəyib.

Hazırda təmir-bərpa işləri ilə yanaşı, hər üç binada sərgilənəcək əsərlərin də seçimi diqqətdədir. İlk növbədə, Şuşada Azərbaycan rəssamlarının əsərləri, Qarabağın isğaldan əvvəl və sonrakı görüntülərini əks etdirən əsərlər, həmçinin xalça eksponatları yer alacaq.

Təbii ki, Şuşanın tarixi-mədəni irsinə qayğı istiqamətində bərpasına baslanan abidələr bununla yekunlaşmır. Şuşa abidələrinin bərpasına dövlət qayğısı və nəzarəti daim gündəmdədir. Yaxın vaxtlarda Şuşanın bütün tarixi, mədəni və dini abidələri yüksək səviyyədə bərpa edilib öz əvvəlki görkəminə qaytarılacaq, bu qədim şəhər Azərbaycanın mədəniyyət paytaxtı missiyasını uğurla yerinə yetirəcək.

 

Rəhman SALMANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video