11 Aprel 2021 00:46
890
Sərəncamlar
A- A+

Sumqayıt  Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu”  (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə müasir texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalını genişləndirmək, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin məşğulluq səviyyəsini  artırmaq məqsədilə qərara alıram:

1.  Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. iki ay müddətində:

1.1.1. “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin (bundan sonra - Cəmiyyət) Sumqayıt istehsalat sahəsinin istifadəsində olan Sumqayıt şəhəri, Metallurgiya küçəsi,

1 ünvanındakı 67.35 hektar və Sumqayıt şəhərində Sumqayıt Kimya Sənaye Parkının qərb sərhədi boyunca yerləşən 8.05 hektar olmaqla, ümumilikdə 75.4 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin daimi istifadəsinə verilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.2. Cəmiyyətin kreditor borclarının tənzimlənməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.3. özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirmiş işçilərinə və ya ölmüş işçilərinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə verilən aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən aylıq müavinətin ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı nəzərə alınmaqla, məbləğin və həmin ödəncin ödənilməsi qaydasına dair mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

2.  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

2.1. Cəmiyyətin Sumqayıt istehsalat sahəsinin müasir sənaye istehsalı üçün yararsız olan, fiziki və mənəvi cəhətdən köhnəlmiş əmlakının satışını təşkil etsin və əldə edilən vəsaitin Cəmiyyətin Sumqayıt istehsalat sahəsinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirmiş işçilərinə və ya ölmüş işçilərinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənclər, işçilərin əməkhaqqı, vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə yaranmış borcların, habelə Cəmiyyətin Sumqayıt istehsalat sahəsinin bu Sərəncam qüvvəyə mindiyi günədək olan digər borclarının (ödənişinə möhlət verilmiş borclar istisna olmaqla) ödənilməsinə yönəldilməsini təmin etsin;

2.2. bu Sərəncamın 2.1-ci bəndində göstərilən borclar ödənildikdən sonra Cəmiyyətin Sumqayıt istehsalat sahəsinin istifadəsindəki əmlakın satışından əldə olunmuş  vəsaitin qalan hissəsini  özəlləşdirmədən daxilolmalara aid edilməklə dövlət büdcəsinə köçürülməsini təmin etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Müəyyən edilsin ki, Cəmiyyətin ləğvi və yenidən təşkili ilə bağlı ümumi yığıncağın səlahiyyətləri Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlər isə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilir.

4. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə:

4.1. Cəmiyyətin restrukturizasiyasını və sağlamlaşdırılmasını (borcların silinməsi daxil olmaqla), habelə yerli xammal və materiallarla təchizatını təmin etmək və idxaldan asılılığını aradan qaldırmaqla alüminium sənayesini inkişaf etdirmək, alüminium istehsalını artırmaq, bu sahənin rəqabət qabiliyyətini və ixrac imkanlarını genişləndirmək üçün dövlət-özəl tərəfdaşlığı əsasında investisiyaların cəlb edilməsi üçün təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

4.2. bu Sərəncamın 2.1-ci və 4.1-ci bəndləri nəzərə alınmaqla, Cəmiyyətin nizamnamə kapitalının miqdarının müəyyən edilməsi ilə bağlı tədbirlər görsün.

5. Sumqayıt Şəhər İcra Hakimiyyəti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri,  9 aprel 2021-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video