16 Noyabr 2018 16:46
1342
Səfərlər
A- A+

Sumqayıt Kimya Sənaye Parkında əlvan metallar və ferroərintilər zavodunun açılışı olub


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodunun açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, "Baku Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin müşahidə şurasının sədri Rasim Məmmədov Prezident İlham Əliyevə əvvəlcə yaxın gələcəkdə inşası planlaşdırılan layihənin üçüncü fazası, yəni fasonlu tökmə zavodunun tikintisi barədə məlumat verdi.

Bildirildi ki, bu zavodda maşınqayırmada, kənd təsərrüfatında, dağ-mədən sənayesində istifadə olunan məhsullar istehsal ediləcək. Bu məhsullar arasında yayma valları, 3D printer vasitəsilə hazırlanan detallar, dəyirman kürələri, müxtəlif növ maşın avadanlıqları üçün detallar var. Zavodun illik istehsal gücünün 12000 ton olması nəzərdə tutulub.

Dövlətimizin başçısına Daşkəsən rayonundakı dəmir-filiz yataqlarından istifadə edilməklə Gəncədə böyük metallurgiya zavodunun tikintisi ilə bağlı da məlumat verildi. Artıq tikinti ilə bağlı texniki işlər yekunlaşıb. Qeyd edildi ki, Daşkəsəndəki yataqlarda yeni geoloji işlər və ehtiyatların qiymətləndirilməsi aparılıb.

Prezident İlham Əliyev əlvan metallar və ferroərintilər zavodunu işə saldı.

Zavodda İtaliya texnologiyası əsasında ildə 50 min ton ferrosilisium və 72 min ton ferrosilikomanqan istehsal ediləcək. Məhsullar daxili bazarın tələbatını tam ödəməklə yanaşı, xaricə də ixrac olunacaq. Bu zavodda Azərbaycan tarixində ilk dəfə olaraq ferrosilisium, ferrosilikomanqan və gələcəkdə ferroxrom da istehsal ediləcək. Bu ferroərintilərin istehsalı yüksək temperaturda manqan filizindən və kvarsitdən karbon tərkibli maddələrin vasitəsilə müvafiq olaraq manqan və silisium elementinin bərpasına və onların dəmirlə birləşmə yaradaraq kristallaşmasına əsaslanır. Ferroərintilərin istehsalı üçün lazım olan komponentlər elektrik qövslü sobada əridilərək çalovlar vasitəsilə konveyerdə qəliblərə tökülür və müvafiq fraksiyalar şəklində hazır məhsul əldə edilir. İstehsal olunmuş məhsul avtomatik paketləmə maşınında 1 tonluq kisələrə qablaşdırılır.

Zavodda ekoloji tələblərə uyğun, mükəmməl konstruksiyalı qaz-toz təmizləyici qurğu işə salınıb. Qaz-toz tutucu qurğuda isə istehsal prosesi zamanı ayrılan uçucu maddələr və qazlar xüsusi filtrlər vasitəsilə tutularaq təmizlənir və bərk hissəciklər islatma üsulu ilə xüsusi konveyerlərdən keçirilərək dənəvarı hala salınır. Bundan sonra həmin maddələr kisələrə yığılaraq qablaşdırılır. Bu məhsul həm satıla, həm də təkrar istehsal prosesinə qaytarıla bilər. Bütün bu maddələrdən təmizlənmiş hava kütləsi filtrlərdən keçdikdən sonra ekoloji normativ tələblərə uyğunlaşdırılır, daha sonra atmosferə buraxılır.

Burada istehsal olunan məhsulun keyfiyyəti bir çox beynəlxalq standartlara, o cümlədən QOST və İSO-ya uyğunlaşdırılıb. Zavodda sınaqlar quru və yaş, spektrometr vasitəsilə müxtəlif üsullarla yoxlanılır. Məhsulun keyfiyyəti spektral təhlil və kimyəvi üsulla analiz olunur. İnvestisiya dəyəri 51 milyon dollar olan zavodda 230 nəfər işlə təmin olunacaq. Zavod 2016-cı ilin fevralında rezident kimi qeydiyyata alınıb. Layihənin əsas təyinatı metallurgiya sənayesində son məhsulun istehsalı üçün tələb olunan ferroərintilərin lazımi səviyyədə təmin edilməsi və həmin sənaye sahəsinin idxaldan asılılığının nisbətən aradan qaldırılmasıdır.

Dövlətimizin başçısı müəssisənin istehsal prosesi ilə tanış oldu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video