08 Sentyabr 2021 01:04
1042
İQTİSADİYYAT
A- A+

Sumqayıt Kimya Sənaye Parkı qeyri-neft sektorunun flaqmanına çevrilir

 

Burada istehsal olunan məhsullar daxili tələbatı ödəməklə yanaşı, ixrac da edilir

 

Son bir neçə ildə Azərbaycanda sənayeləşmə istiqamətində mühüm addımlar atılır, o cümlədən ümumilikdə iqtisadiyyatın, xüsusən neft-qaz sektorunun inkişafında xüsusi rolu olan sənaye parkları və sənaye məhəllələri yaradılır. Onu da qeyd edək ki, belə tədbirlər birbaşa dövlət başçısının təşəbbüsü ilə həyata keçirilir və Prezident İlham Əliyevin bu günlər Sumqayıt Sənaye Parkında “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışında iştirak etməsi bunu sübut edir.

Ümumiyyətlə, qeyri-neft sənaye müəssisələrinin yaradılması ölkəmizin neft asılılığından azad olunmasında və ümumi iqtisadi inkişafında mühüm rol oynayır. Bu sahənin sürətli inkişafı indiki pandemiya dövründə özünü daha aydın göstərir. Belə ki, belə çətin zamanda sənayenin inkişafı ölkəmizdə dərin iqtisadi böhranın qarşısını alır, yəni ölkəmizin dünya bazarında qiyməti tez-tez dəyişən neft-qazdan asılılığını xeyli azaldır. Beynəlxalq maliyyə və reytinq təşkilatları da öz hesabatlarında Azərbaycanda bu istiqamətdə görülən işləri yüksək qiymətləndirirlər.

Bu baxımdan Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” MMC-nin fəaliyyətə başlaması ölkə sənayesi üçün böyük əhəmiyyətə malikdir. Burada hazırlanan məhsullar daxili tələbatı ödəməklə yanaşı, ixrac imkanlarımızı da artırır. Əgər daxili tələbatın ödənilməsi ölkədən valyuta axınının qarşısını alırsa, ixracın artması əlavə valyuta qazanmağımıza imkan verir. Bu, ölkənin maliyyə dayanıqlılığının təmin edilməsində əhəmiyyətli amildir.

Parkdakı 17-ci rezident olan “Azmonbat” MMC-nin fəaliyyətə başlamasının iqtisadi və ekoloji cəhətdən xüsusi önəmi var. Müəssisədə istifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası aparılacaq, bunun sayəsində propilen və yüksək sıxlıqlı polietilen, qurğuşun külçə, qurğuşunlu aktiv kütlə, həmçinin sulfat məhlulu əldə olunacaq. Beləliklə, istifadəsiz qalan köhnə akkumulyatorlar gəlir gətirəcək və tullantıların ekologiyamıza vurduğu ziyanın qarşısını alacaq.

100 nəfərin işlə təmin olunduğu müəssisədə inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyalarından istifadə olunur. Bu, müəssisəyə həm yüksək keyfiyyətli məhsul istehsal etməyə, həm də istehsalı artırmağa imkan verir. Yeri gəlmişkən qeyd edək ki, müəssisə ildə 30 min ton akkumulyator utilizasiya etmək gücünə malikdir. Bu isə ildə orta hesabla istifadə müddəti bitmiş 800 min akkumulyatorun faydalı məhsula çevrilməsi deməkdir. Üstəlik həmin akkumulyatorlardan 15 min ton qurğuşun və 4,5 min ton gübrə almaq mümkündür.

Sumqayıtda sovetlər dönəmində fəaliyyət göstərən müəssisələrin ətraf mühitə vurduğu ziyan məlumdur. Elə indinin özündə də həmin ziyanı aradan qaldırmaq üçün şəhərdə müəyyən layihələr icra edilir. Ancaq “Azmonbat” MMC-də müasir texnika və texnologiyalardan istifadə olunduğu üçün ətraf mühitə heç bir ziyan dəymir. Əksinə, bu müəssisənin fəaliyyəti ölkədə ekologiyanın sağlamlaşmasında mühüm rol oynayır. Bu səbəbdən “Azmonbat”ı iqtisadi mənfəət gətirən müəssisə olmaqla bərabər, həm də ekoloji layihə hesab etmək olar.

Xatırladaq ki, hazırda ölkəmizdə icra edilən sənayeləşmə siyasəti sayəsində 5 sənaye parkı fəaliyyət göstərir. 6-cı isə təməli qoyulan Ağdam Sənaye Parkıdır. Bu da onu göstərir ki, sənaye parkları və sənaye məhəllələri təkcə ölkənin paytaxtı və Sumqayıt şəhərində fəaliyyət göstərmir. Artıq regionlarda da belə müəssisələr var və onlar ölkə iqtisadiyyatına sanballı töhfə verir. Digər tərəfdən, sənaye parkları və sənaye məhəllələri əhalinin məşğulluğunda önəmli rol oynayır. Məsələn, Sumqayıtdakı parkda 5500-dək insan daimi işlə təmin olunub.

Bu cür park və məhəllələrin fəaliyyəti həm də sahibkarlığın inkişafını stimullaşdırır. Təkcə misal çəkdiyimiz Sumqayıt Sənaye Parkında 24 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və gələcəkdə daha 7 sahibkarlıq subyektinin fəaliyyəti də nəzərdə tutulur.

Bu gün həyata keçirilən sənayeləşmə siyasəti sayəsində ölkəmizdə istehsal olunan sənaye məhsullarının çeşidi və həcmi ildən-ilə artır. Həmin məhsullar yüksək texnologiyalardan istifadə edilərək hazırlandığı üçün rəqabətqabiliyyətlidir və xarici bazarda özünə rahatlıqla alıcı tapa bilir. Yalnız Sumqayıt Kimya Sənaye Parkında cari ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz çox məhsul istehsal olunub və 47 faiz çox ixrac həyata keçirilib. Digər 4 sənaye parkında da vəziyyət oxşardır və onlar da istehsalı və ixracı artırırlar. Bu isə ölkənin həm dayanıqlı inkişafını təmin edir, həm də neft-qaz gəlirlərindən asılılığını azaldır.

 

Rüstəm KAMAL,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video