18 Fevral 2012 12:02
449
İQTİSADİYYAT
A- A+

Su ehtiyatı bol məhsul üçün başlıca şərtdir

 

Yağan qar bir sıra problemlər yaratsa da, əkinçilərin ürəyincədir. "Qar taxılın yorğanıdır", deyib babalarımız. Çünki o, torpaqdan baş qaldıran zərif bitkiləri küləkdən, şaxtadan qoruyur. Havaların belə keçməsi üstəlik torpaqda yuva salmış gəmiriciləri, ziyanvericiləri məhv edir. Yazda isə əriyən qar suya dönüb torpağa hopur ki, bu da dəmyə taxıl sahələrində, otlaqlarda su ehtiyatı deməkdir.

Amma bol məhsul, xüsusilə bol taxıl yetişdirmək üçün təbiətə həmişə bel bağlamaq olmur. Bir də görürsən, havalar quraqlıq keçir, günlərlə torpağa bir damcı yağış düşmür. Elə buna görə də ölkəmizdə suvarma sistemlərinin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Xüsusən əhalini ekoloji cəhətdən təmiz, keyfiyyətli kənd təsərrüfatı məhsulları, o cümlədən çörək məmulatları ilə təmin etmək üçün bütün regionlarda ciddi işlər görülür. Nəzərə alsaq ki, ölkə başçısı yaxın gələcəkdə taxıl əkin sahələrini daha 200 min hektar artırmaq barədə göstəriş vermişdir, bu işlərin vacibliyi daha aydın olar.

"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Hacıqabul Suvarma Sistemləri İdarəsinin rəisi İbrahim İbrahimov deyir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən, mənbəyini Ağsu ərazisindən - Yuxarı Şirvan kanalının qolundan götürən rayonun magistral beton kanalının çəkilişinə 2007-ci ildə başlanmışdır. Keçən il kanalın 20 kilometrində işlər başa çatdırılmışdır. Saniyədə 5 kubmetr suötürmə qabiliyyətinə malik bu kanal vasitəsilə Hacıqabulun Padar-Qarasu ərazisində 2 min hektara yaxın əkin sahəsinin suvarılması mümkün olacaq. Həmin kanalın tikintisinin davam etdirilməsi isə rayonun Padar, Qarasu və Muğan kəndləri ərazisində 5 min 560 hektar əkinə yararlı torpaq sahəsində kompleks meliorasiya işləri həyata keçirməyə imkan verəcək.

Rayon ərazisindəki Pirsaatçay su anbarının istismar müddəti başa çatdığından tamamilə yararsız hala düşmüşdü. Leysan yağışları, qar suları zamanı Şamaxı tərəfdən axıb gələn sel suları lillənmiş dəryaça tutmadığı üçün axaraq yaxın kəndləri, əkin sahələrini basır, əhaliyə ciddi ziyan vururdu. İ.İbrahimov dedi ki, 2007-ci ildə Pirsaatçay su anbarında da yenidənqurma işlərinə başlanılıb. Layihənin həyata keçirilməsi nəticəsində anbarın su tutumu 7,8 milyon kubmetrə çatdırılacaq ki, bu da Qubalı-Baloğlan, Rəncbər, Navahı, Atbulaq və Qızılburun kəndlərini əhatə edən 7 min hektara qədər əkin sahəsinin su təminatını yaxşılaşdıracaq.

Məlum olduğu kimi, 2009-cu ildə baş vermiş təbii fəlakət nəticəsində Hacıqabul şəhəri və rayonun bir neçə kəndi ciddi ziyan çəkmişdi. Şəhər təsərrüfatının bir çox sahələri, kəndlərdəki evlər, əkin sahələri sel suları altında qalmışdı. Bundan sonra baş verə biləcək belə halların qarşısının alınması üçün 2011-ci ildə bir sıra işlər görüldü. Rəncbər, Navahı və Qızılburun kəndlərinin sel sularından mühafizəsi məqsədilə 15 kilometrlik selötürücü kanal tikildi (kanalın su ötürmək qabiliyyəti saniyədə 18 kubmetrdir) və onun üzərində hidroqovşaqlarla bərabər 2 körpü inşa edildi.

Suvarma Sistemləri İdarəsinin kollektivi keçən il rayondakı 14 min 414 hektar əkin sahəsinə suyun vaxtlı-vaxtında verilməsi üçün səy və bacarığını əsirgəməmişdir. Sudan istifadə əmsalı 0,98 faiz olmuş, su itkisi halları minimum həddə endirilmişdir. 8 min 20 hektar taxıl, 2 min 478 hektar yem bitkiləri, 606 hektar bostan-tərəvəz, 212 hektar pambıq, 153 hektar çoxillik əkinlər, 2 min 945 hektar həyətyanı sahələr il ərzində 2-3 dəfə suvarılmışdır. Nəticədə rayonda əvvəlki illərlə müqayisədə xeyli kənd təsərrüfatı məhsulları istehsal edilmişdir.

Artıq torpaq canlanmaqdadır. Novruzdan sonra isə əkinçilərin yaz qayğıları başlayacaq. Hacıqabul Rayon Suvarma Sistemləri İdarəsinin kollektivi isə həmin dövrdə sahələrin vaxtında suvarılması üçün indidən işlərini tədbirli görürlər.

 

Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video