11:42 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


00:10 20.10.2021

20 oktyabr


00:06 20.10.2021

Dördgünlük iş həftəsi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sonuncu Qarabağ xanının “Tək inci”si

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:41 03.09.2021

 

Xurşidbanu Natəvana belə yüksək ehtiram göstərilib 

 

O, İbrahimxəlil xanın üçüncü oğlu, Qarabağın axırıncı xanı Mehdiqulu xan Cavanşirin yeganə övladıydı. Qarabağ xanlığının sonuncu vərəsəsi, sarayın “Dürrü yekta”sı (Tək inci) idi. El arasında isə ona “Xan qızı” deyib yüksək ehtiram göstərirdilər...

Atası Mehdiqulu xan 1832-ci ilin avqustunda dünyaya gələn qızına öz anası Xurşidbanunun adını verib. Sonralar həyatda çəkdiyi dərd, qüssə isə onu Natəvan edib...

Sonuncu xanın balaca, əziz qızının ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olublar. Məktəb yaşına çatdıqda isə evdə alim və sənətkarlardan dərs alıb, “Quran” ayələrini, dini ehkamları əzbərləməklə kifayətlənməyib, dünyəvi elmlərdən də xəbərdar olub. Ərəb və fars dillərini öyrəndikdən sonra mütaliə ilə məşğul olmağa başlayıb. Klassik şeirin qayda-qanunlarını mənimsəyib, Şərqin məşhur şairlərinin nadir kitablarını, əlyazmalarını oxuyub.

Döğma şəhəri Şuşanın şeirli, musiqili mühiti onun da xəyallarını pərvazlandırıb. Qohumları Qasım bəy Zakir, Mirzə Camal Cavanşir Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği və Əhməd bəy Cavanşirin əsərlərinin, ədəbi söhbət, məsləhət, müzakirə və mübahisələrinin Xan qızının dünyagörüşünün, bədii zövqünün formalaşmasında rolu olub.

Xarici və daxili vəziyyətin ciddi şəkildə gərginləşdiyi, xan ailələri üzərində nəzarət gücləndirildiyi bir dövrdə boya-başa çatıb. Və siyasət onun da həyatına təsirsiz keçməyib. Tarixçilərin qənaətincə, həmin vaxtlar Xurşidbanu Xasay xan Usmiyevlə izdivaca məcbur edilib. Başqa bir ehtimala görə, Vorontsov-Daşkovun şəxsi yavəri Xasay xan Tiflisdə mülk iddialarında göstərdiyi köməyin müqabilində Xurşidbanuya evlənməyi təklif edib. 1850-ci ilin payızında Şuşaya gələn Xasay xan  toy edib. Sonra Xurşidbanunu Dağıstana öz doğma kəndinə aparıb.

Xasay xan qulluğu ilə əlaqədar Tiflisə qayıdıb. Xan qızı da beş ilə yaxın bu şəhərdə yaşamaq məcburiyyətində qalıb. O, gözəl, səfalı Tiflisi bəyənib. Ancaq çox vaxt yalnız qaldığı bu şəhərdə qəriblik hiss edib, darıxıb. Ancaq Xan qızı bu hüznlü duyğulara zərif, incə qəlbini təslim etməyib. Tiflisdə rus, gürcü mədəni cəmiyyətlərinə qoşulub. Üç dildə sərbəst danışan, gözəl tərbiyə almış, əsilzadə xanım cəmiyyətdə maraqla qarşılanıb. Tiflis mühiti, Qafqazın çoxmillətli mədəniyyəti ilə tanışlıq Xurşidbanunun şair və rəssam kimi formalaşmasına böyük təsir göstərib.

O, bir sıra vilayət və şəhərlərə səyahət edib. Vladiqafqaza, Dağıstana, Şirvana, Bakıya, Gəncəyə, Naxçıvana səfərlərində yüksək rütbəli dövlət qulluqçuları, yazıçı, alim və səyyahlarla görüşüb. 1858-ci ildə Bakıda məşhur fransız yazıçısı Aleksandr Düma ilə qarşılaşıb. Həyat yoldaşı Xasay xanın fransız dilində “əsl parisli kimi” danışması qonağı həm heyrətləndirib, həm də məmnun edib, dostlaşıb, birlikdə Abşeronda gəzintiyə çıxıblar. Vidalaşarkən bir-birinə qiymətli hədiyyələr təqdim ediblər. Bu görüş barədə təəssüratlarını məşhur yazıçı “Qafqaza səyahət”ində qələmə alıb. Düma kitabında Xan qızının Bakıdan Şıx kəndinə daş yol çəkdirməsi haqqında məlumat verib.

Xurşidbanu dörd il övlad həsrəti çəkib. 1854-cü ildə həyat yoldaşı Xasay xanla Bakıya gəlib, Şıx kəndindəki Bibiheybət məscidini ziyarət etdikdən bir il sonra onların oğlu olub. Uşağa Xan qızının atası Mehdiqulu xanın adını veriblər. 1856-cı ildə isə qızları Xanbikə dünyaya gəlib.

Xasay xan Usmiyev anasının vəfatından sonra ailəsinin təkidi ilə vətəninə  dönməli olub. Həyat yoldaşı Xurşidbanunu, uşaqlarını da özü ilə aparmaq istəyib. Ancaq Xan qızı Dağıstanda həmişəlik yaşamaq istəməyib. Onlar 1864-cü ildə ayrılıblar. Xurşidbanu övladları ilə Şuşaya gəlib. 1869-cu ildə ikinci dəfə ailə qurub. Rəiyyət içərisindən çıxmış, kasıb Seyid Hüseyni seçdiyinə görə Xan qızını ömrünün sonunadək töhmətləndiriblər. Bu cəsarətindən hiddətlənən bəylər, mülkədarlar onu övladları ilə sınağa çəkiblər. Ailəsinə ixtilaf salıblar. Oğlu Mehdiqulu xanın evdən baş götürüb getməsinə nail olublar.

Ancaq Xurşidbanunu nə xeyirxah əməllərdən, nə də poeziyadan perikdirə biliblər. Tədqiqatçılar qeyd edirlər ki, 1870-1880-ci illər Xan qızının həyatında və yaradıcılığında yeni mərhələ başlayıb. İctimai-mədəni tədbirlərdə fəal işirak edib, maarifin, mədəniyyətin təbliğinə çalışıb. Yolların, körpülərin salınması, məktəb binasının tikilməsi üçün illik gəlirdən xüsusi fond ayıran Xurşidbanunun xeyirxahlığı dillərə düşüb. Uzaq şəhərlərdə təhsil alan azərbaycanlı tələbələrə, yoxsul alim, şair və sənətkarlara yardım göstərib. O, yalnız Qarabağda deyil, bütün Zaqafqaziyada neçə-neçə sənət sahibini himayə edib.

1873-cü ildə yeddi kilometr uzaqdan, Sarı Baba təpəsindəki su mənbəyindən Şuşaya su kəməri çəkilməsinə yüz min manat xərcləyib. Böyük su ambarı, hamam, buzxana tikdirib. Şəhər əhalisinin gəzintisi və istirahəti üçün yaşadığı evin günbatanında bağ saldırıb. Vətənpərvər, fədakar, xalq yolunda malını, varını əsirgəməyən Xan qızının nüfuzu gündən-günə artıb.

O, yalnız şeirlər yazmayıb, incəsənətin bütün növlərinə bələd olub. Qurduğu ziyafətlərdə, məclislərdə müxtəlif sənət adamları, ziyalılar iştirak edib. Firudin bəy Köçərlinin “XIX əsr ədəbiyyatının xoşbəxt zamanı” adlandırdığı o dövrdə Xan qızı Qarabağ ədəbi məclislərinin fəaliyyətində misilsiz xidmətlər göstərib. 1872-ci ildə onun təşəbbüsü və maddi yardımı ilə əsası qoyulan “Məclisi-üns” ədəbi məclisinə otuza yaxın şair toplaşıb. Firudin bəy Köçərli Şuşa ədəbi məclislərinin şeirimizin inkişafındakı rolundan bəhs edərkən bildirib: “Xüsusən Qarabağ şairləri nəhəng qartallar kimi Şuşa dağlarının poetik zirvəsində məskən salaraq, öz fövqlərindən poeziyaya ton vermişlər”.

Xurşidbanunun iyirmi ilədək rəhbərlik etdiyi “Məclisi-üns”də Azərbaycan, fars, hətta çığatay dilində dəyərli mənzumələr yaranıb. Məclisdə klassiklərdən tərcümələr edilib, Xaqani, Nizami və Füzuli kimi qüdrətli şairlərin əsərlərinə nəzirələr yazılıb. Qarabağ şairləri Azərbaycanın bir çox şəhərləri ilə yanaşı, Tiflis, Orenburq, Həştərxan, Buxara, Mərv, Bağdad və başqa şəhərlərlə də ədəbi əlaqə saxlayıblar. Tədqiqatçılar qeyd edirlər ki, şeirlərin bir qismi məşğələ zamanı məclis üzvlərinin bədahətən söylədikləri beyt və ya misralardan qoşulub. Bu məclislərdə tanınmış şair, musiqiçi və rəssamların sənətkarlığına diqqət göstərilib, onların incəsənətə gətirdikləri yenilik müzakirə edilib. Dövrünün tanınmış şairlərindən biri olan Xan qızının “Eylər”, “Gətirir”, “Mən idim”, “Sən idin”, “Bənzətdim”, “Ölürəm” və başqa qəzəlləri dillər əzbərinə çevrilib. Şeirlər müasirləri arasında əlyazma şəklində yayılıb. Qarabağ, Şəki, Şirvan, Bakı, Quba, Gəncə, Naxçıvan, Ordubad şairləri onun əsərlərindən təsirlənərək onlarca nəzirə və təxmis yazıblar.

Ancaq Qarabağ bəylərinin bir çoxunun bitməyən düşmənçiliyi şairənin rahatlığını əlindən alıb. Xan qızının ən böyük dərdi, könlünün ən ağır yarası isə  oğlu Mir Abbasın xəstələnərək on yeddi yaşında vəfat etməsi olub. Oğlunun ölümündən sarsılan şairənin şeirləri də kədərli olub.

Yaradıcılığa XIX əsrin 50-ci illərindən başlayan, ilk vaxtlar “Xurşid” imzası ilə yazan Xurşidbanu bundan sonra özünə köməksiz, zəif, taqətsiz xəstə mənasını ifadə edən “Natəvan” təxəllüsü götürüb. Onun “Xurşid” imzası ilə qələmə aldığı şeirlərin əksəriyyəti itib-batıb. Natəvan imzalı əsərləri günümüzə gəlib çatıb. Onların da çoxu

Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı!

Nə də bu aləm əra dil muqəyyədi-qəm olaydı!

 

misralarındakı kimi dövrdən şikayət, dünyadan giley, ayrılıq fəryadlıdır. Natəvanın 1885-1886-cı illərdə yazdığı silsilə şeirlərində yaslı ananın naləsi var.

 

Yıxıb bu könlüm evin, eyləyib viran, getmə,

Yoxumdu tabü-təvan firqətə, cavan, getmə!

Fəda olum sənə mən, səndən ayrıla bilməm,

Yəqin fəraqın edər qəddimi kaman, getmə.

 

Natəvanın ömrünün son beş ili çox ağır keçib. Həmin illərdə ata ayrı uşaqları arasında mal-mülk çəkişmələri vəziyyətini çətinləşdirib. Yaylaqları, yararlı torpaqları əlindən çıxıb, borca düşüb. Evindən xeyriyyəçilik məqsədilə ayrılmış bir sandıq qızıl pul və qiymətli əşyalar oğurlanıb. Buna görə Arazdan Mil düzünə çəkdirməyə başladığı arx Kəngərli məntəqəsində yarımçıq qalıb.

Dövri mətbuatda verilən xəbərlərə görə, o, ağır maddi çətinliklər üzündən ev əşyalarını, zinət əşyalarını açıq satışa çıxarıb. Çəkdiyi iztirablar, sonu görünməyən problemlər Natəvanı vaxtsız qocaldıb, ağlamaqdan gözləri nurunu itirib, xəstəliyi şiddətlənib. 1897-ci il oktyabrın 1-də vəfat edib. Cənazəsini camaat Şuşadan Ağdamadək piyada apararaq Xan qızına son ehtiramını bildirib. Natəvan Ağdamda “İmarət” deyilən ailə qəbiristanlığında dəfn olunub. Onun vəfatı yalnız Azərbaycanda deyil, bütün Qafqazda qabaqcıl, maarifpərvər adamları kədərləndirib. “Qafqaz”, “Tərcüman” və başqa qəzetlərdə nekroloqlar, Natəvanın həyat və fəaliyyəti haqqında yazılar dərc edilib.

Sağ ikən bu dünyanın qəhrini çox çəkib Natəvan. Vəfatından bir əsrə yaxın vaxt keçəndən sonra da erməni gülləsinə “tuş gəlib”. 1992-ci il may ayının 8-də Xan qızının əziz yurdu Şuşa işğal olundu. Şuşalılar yurdundan didərgin düşdülər. Şəhəri talan edən, yaşayış evlərini, qədim, tarixi-mədəni abidələri uçurub dağıdan düşmənlərin bununla da nifrəti, kini bitmədi. Erməni işğalçıları Azərbaycan musiqisinin beşiyi Şuşanı işğal etdikdən sonra Üzeyir bəy Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın büstlərini güllələdilər.

2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində qəhrəman Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğratdı. Ağdam rayonu işğaldan azad olunandan sonra məlum oldu ki, ermənilər tərəfindən Natəvanın məqbərəsi də dağıdılıb, qəbri təhqir olunub.

Başı bəlalı şairənin gözəl diyarı Qarabağ artıq işğaldan  azaddır. Şuşa yenidən bütün Azərbaycanın mədəniyyət beşiyi olmağa hazırlaşır. Xan qızının babalarının bünövrəsini qoyduğu bu şəhərdən yenə Azərbaycanın poetik nümunələri, musiqisi, muğamları səslənir.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM