21 Sentyabr 2021 00:33
978
Mədəniyyət
A- A+

Sönməyən işıq

 

Bütün zaman və məkanlarda xalqın döyünən qəlbi, düşünən beyni olan yaradıcı ziyalılar həm də milli yaddaşın, milli ruhun daşıyıcısı kimi zirvələr fəth edirlər. Onların keçdikləri ömür yolu gələcək nəsillər üçün örnəyə çevrilir, özləri isə yaddaşlarda əbədi yaşamaq hüququ qazanırlar. Bu ziyalılar yaşadıqları dövrün, mühit və məkanın hüdudlarına sığmayaraq mənəviyyat və kamillik zirvəsində yer tuturlar.

Uzun illər şərqşünaslıq sahəsində ciddi araşdırmalar aparan, özünəməxsus tədqiqatçılıq məharəti, bir də qələminin qüdrəti ilə məşhurluq qazanan filologiya elmləri doktoru, professor Aida İmanquliyeva görkəmli alim, müəllim, tərcüməçi, ictimai xadim kimi milli elm tarixinə sanballı möhürünü vurmuşdur. Sağlığında sahib olduğu yüksək vəzifələri, elmi titulları, ictimai həyatdakı fəallığı onu həmişə ucaltmış, ümdə insani keyfiyyətləri ilə vəhdət təşkil etmiş, böyük alimi çoxlarının sevimlisinə çevirmişdir. Gözəllik, dərin zəka, mehribanlıq, qayğıkeşlik, yüksək mənəvi dəyərlər - bütün bunlar Aida xanıma xas keyfiyyətlərin toplumunu təşkil etmişdir.

 

O, elmi əsərlərinə əbədi ömür bəxş etmişdir

 

Professor Aida İmanquliyeva çoxsaylı elmi əsərlərinə əbədi ömür bəxş etmiş, bütün varlığı milli kökə bağlı şəxsiyyət olmuşdur. Onun əsərlərində xalqın maariflənməsi, milli yaddaşın qorunması, tərəqqiyə doğru irəliləməsi kimi nəcib niyyətlər özünü qabarıq göstərmişdir. Elmi tədqiqatlarını əsl alim təəssübkeşliyi ilə aparan, ərəb filologiyası sahəsində özünəməxsus məktəb yaradan Aida İmanquliyeva ərəb ədəbiyyatının bir sıra korifeylərinin yaradıcılığını tamamilə yeni rakursdan araşdıraraq onları Azərbaycan ədəbi ictimaiyyətinə tanıtmışdır. Bununla da Aida xanım ərəb və Azərbaycan ədəbiyyatları arasında sağlam körpü yaratmağa, ədəbi xəzinəmizi daha da zənginləşdirməyə çalışmışdır.

Görkəmli alim Şərq filologiyasının müxtəlif aspektləri üzrə apardığı tədqi-qatlarla, yaratdığı fundamental əsərlərlə müasir elm tariximizə yeniliklər gətirmiş, müasir ərəb ədəbiyyatının tədqiqində tamamilə yeni səhifə açmışdır. Aida xanım təkcə Azərbaycan və keçmiş sovet deyil, bütövlükdə dünya şərqşünaslığının inkişafına misilsiz töhfələr vermişdir. Geniş coğrafi arealda - Ru-siyada, Ukraynada, Almaniyada, İngiltərədə, Fransada, Özbəkistanda, Gürcüstanda, eləcə də bir sıra ərəb ölkələrində yaxşı tanınan, əsərlərinə tez-tez istinad edilən görkəmli alim, müasir ərəb ədəbiyyatının sanballı tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixində əbədi iz qoymuşdur.

1962-ci ildə Azərbaycan Dövlət Univer

sitetini (indi BDU) fərqlənmə diplomu ilə bitirən Aida xanım filoloq-ərəbşünas ixtisasına yiyələnmişdir. Elə həmin il universitetin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspiranturasına daxil olmuş, az sonra Moskvaya ezam olunaraq təhsilini SSRİ Elmlər Akademiyasının Asiya Xalqları İnstitutunun aspiranturasında davam etdirmişdir. Aida xanım aspiranturada tədqiqat obyekti kimi ərəb məhcər (mühacirət) ədəbiyyatını seçmişdir. 1966-cı ildə dissertasiya işini uğurla müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

Bakıya qayıdan alim Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda fəaliyyətə başlamış, enişli-yoxuşlu elm yolunda pillə-pillə irəliləmişdir. Əvvəlcə kiçik elmi işçi, sonra böyük elmi işçi vəzifələrində çalışmış, 1976-cı ildə isə institutda Ərəb filologiyası şöbəsinə müdir təyin olunmuşdur. 1988-1991-ci illərdə həmin institutda elmi işlər üzrə direktor müavini işləmişdir. 1991-1992-ci illərdə direktor vəzifəsində çalışmışdır. 1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə etmiş, tezliklə bu ixtisas üzrə professor dərəcəsi almışdır.

 

Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın elmlər doktoru

 

Professor Aida xanım İmanquliyevanın Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın elmlər doktoru olması onun şərəfli və zəngin həyat salnaməsində diqqəti cəlb edən məqamlardandır. Onun bilavasitə rəhbərliyi altında 10-dan çox namizədlik dissertasiyası müdafiə edilmiş, ərəb ədəbiyyatının, ərəb-Azərbaycan ədəbi əlaqələrinin müxtəlif sahələrini araşdıran monoqrafiyalar, kitablar yazılıb çap olunmuşdur. Tanınmış alim elmi fəaliyyətlə yanaşı, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəbşünas kadrların  hazırlanması işinə də böyük töhfə vermişdir.

Görkəmli alim Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən “Asiya və Afrika ölkələri xalqları ədəbiyyatı” ixtisası üzrə müdafiə şurasının üzvü, sədr müavini və  sədri olmuşdur. Bununla yanaşı, Azərbaycan şərqşünaslıq elminin beynəlxalq səviyyədə tanınmasına ziyalı təəssübkeşliyi ilə səy göstərmişdir. O, Moskva, Küveyt, Poltava, Sankt-Peterburq, Düşənbə, Tbilisi, Hamburq və digər şəhərlərdə keçirilmiş elmi konfranslarda maraqlı məruzələrlə çıxış etmişdir.

Professor Aida İmanquliyeva geniş elmi yaradıcılıq potensialı ilə yanaşı,  təşkilatçılıq bacarığı ilə də seçilmişdir. AMEA-nın Şərqşünaslıq İnstitutunun əldə etdiyi böyük uğurlar məhz bu alim-xanımın adı ilə bağlıdır. Onun təşəbbüskarlığı sayəsində institutun maddi-texniki bazası möhkəmləndirilmiş, aparılan elmi-tədqiqat işlərinin miqyası genişlənmiş, onların nəzəri səviyyəsi yüksəlmiş, elm ocağının beynəlxalq əlaqələri dərinləşmişdir. Dünyanın bir sıra aparıcı şərqşünaslıq mərkəzləri ilə əməkdaşlıqda maraqlı olan Aida xanım Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, habelə Şərq Ədəbiyyatlarının Tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olmuşdur.

 

Dəyərli əsərlər müəllifi

 

Professorun elmi-fəlsəfi düşüncələri, hadisələrə özünəməxsus baxışı, elmi tələbkarlığı və bir o qədər də qayğıkeşliyi onun ziyalı portretinin ayrılmaz cizgiləri idi. Görkəmli alimin müxtəlif illərdə dərc olunmuş əsərləri bu günün özündə də peşəkar tədqiqatçılar üçün sanballı mənbə kimi dəyərini qoruyub saxlayır. Aida İmanquliyeva Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun ötən əsrin 70-80-ci illərində nəşr etdirdiyi “Ərəb filologiyası məsələləri” məcmuəsinin tərtibçisi və redaktoru olmuşdur. O həm də “Xarici Şərqin problemləri: tarix və müasirlik”, “Yaxın Şərq xalqları ədəbiyyatı imperializmə qarşı mübarizədə”, “Sovet Azərbaycanı və xarici Şərq”, “Yaxın Şərq xalqlarının müasir ədəbiyyatında tərəqqi və ictimai ədalət uğrunda mübarizə problemi”, “Yaxın və Orta Şərqdə milli azadlıq hərəkatı məsələləri”, “Şərq filologiyası məsələləri”, “Şərq ədəbiyyatında ənənə və novatorluq” kimi  məcmuə və topluların redaksiya heyətinin üzvü, müəllifi və redaktorlarından biri olmuşdur. 

Aida İmanquliyevanın Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsiri problemini sistemli şəkildə araşdıran ilk azərbaycanlı ərəbşünas olduğunu da xüsusi vurğulamaq lazımdır. Uzaqgörənliyi sayəsində hələ ötən əsrin 70-ci illərində bu gün üçün aktual olan sivilizasiyalararası dialoq probleminə özünəməxsus tərzdə yanaşmış, onun fəlsəfi mahiyyətini açıqlamağa çalışmışdır. Alim Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürmüş, mədəni tərəqqini şərtləndirən amillərə istinad etmişdir. Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkülü kimi məsələləri öyrənən fədakar alim elmi araşdırmaları ilə təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da böyük nüfuz qazanmışdır. Təsadüfi deyil ki, Azərbaycan hələ keçmiş sovet məkanında ərəb filologiyasının əsas tədqiqat mərkəzlərindən biri kimi tanınmışdır. Aida İmanquliyevanın araşdırmaları da ərəb ədəbiyyatının yeni mərhələyə qədəm qoymasında böyük xidmətləri olmuş Cübran Xəlil Cübranın, Əmin ər-Reyhaninin, Mixail Nüaymənin yaradıcılığına həsr edilmişdir. O, keçmiş sovet şərqşünaslığında adı çəkilən ədiblərin yaradıcılığını hərtərəfli araşdıran alim kimi tanınmışdır. Aida xanımın 1975-ci ildə Moskvada nəşr olunmuş ilk monoqrafiyası da Mixail Nüaymənin yaradıcılığına həsr olunmuşdur. Müəllif kifayət qədər ciddi elmi əsaslarla bu qənaəti diqqətə çəkir ki, “Qələmlər Birliyi”nin yaranması yeni ərəb ədəbiyyatının, mədəniyyətinin inkişafında müstəsna əhəmiyyəti olan yeni ədəbi məktəbin formalaşması kimi qiymətləndirilməlidir. Monoqrafiyada vurğulanır ki, M.Nüaymə, C.X.Cübran, İ.Abu Mazi... kimi görkəmli ədibləri öz sıralarında birləşdirən bu cəmiyyət ərəb ədəbiyyatının inkişafında bütöv bir mərhələ təşkil etmiş, xeyli dərəcədə onun sonrakı inkişafını müəyyənləşdirmişdir.   

Aida xanım İmanquliyeva məhcər ədəbiyyatının görkəmli nümayəndələrinin - Cübran Xəlil Cübranın və Əmin ər-Reyhaninin daha çox Qərb romantizminin, Mixail Nüaymənin isə rus tənqidi realizminin təsirinə məruz qaldığını göstərmiş, bunun əsas səbəbini onların dünyagörüşü, düşdükləri mühitin ədəbi-bədii qayəsi və yaradıcılıq istiqamətləri ilə bağlamışdır. Müəllif doğru olaraq belə bir nəticəyə gəlmişdir ki, Cübran və ər-Reyhanidə R.U.Emersonun, U.Uitmenin, N.Toronun, Şellinin, Bayronun, Hüqonun təsiri daha çox hiss edildiyi halda Poltavada təhsil almış Mixail Nüaymənin bədii yaradıcılığında L.Tolstoyun, İ.Turgenevin, A.Çexovun, ədəbi-tənqidi məqalələrində isə V.Belinskinin təsiri müşahidə olunur. Görkəmli ərəbşünas alim romantik poeziyanı onun Qərbdə C.Bayron, U.Bleyk, R.Emerson, U.Uitmen, Şərqdə isə C.X.Cübran, Ə.ər-Reyhani, M.Nüaymə kimi məşhur nümayəndələrinin timsalında araşdırmış, bir tərəfdən hiss və əqlin, digər tərəfdən isə Şərq və Qərb düşüncə tərzlərinin vəhdət məqamlarını üzə çıxararaq bəşəriyyətin məhz bu vəhdətə doğru inkişaf etmək əzmini təsbit etmişdir. Öz tədqiqatlarında poetik ruhla fəlsəfi düşüncənin, romantizmlə realizmin ittifaqından çıxış edən Aida xanım Azərbaycan ədəbi və fəlsəfi fikrində ilk dəfə olaraq Şərq və Qərb romantiklərinin müqayisəli təhlilini aparmışdır. Ümumilikdə, alimin Şərq müdrikliyi ilə Qərb həssaslığını özündə cəmləşdirən ərəb məhcər ədəbiyyatının yaranması, inkişafı, sənətkarlıq xüsusiyyətləri, onun başqa ədəbi məktəblərdən fərqli cəhətləri barədə mülahizə və fikirləri bu gün də görkəmli şərqşünaslar tərəfindən bəyənilir və qəbul edilir.

Alimin fikrincə, yeni ərəb ədədiyyatının təşəkkülündə əhəmiyyətli rol oynamış “Suriya-Amerika məktəbi”nin nümayəndələri yaradıcılıqları ilə yalnız ərəb ədəbiyyatında deyil, həm də Şərq ölkələrinin milli ədəbiyyatlarında davamçıları üçün yol açmışlar. Bu, əsasən onların əksər əsərlərini ingilis dilində yazması ilə əlaqədar olmuşdur.

 

Onun elmi məktəbindən bu günədək bəhrələnirlər

 

Şərqşünas alimin qələmə aldığı əsərlər orijinallığı, mövzu müxtəlifliyi, ensiklopedik səciyyə daşıyaraq bir sıra mətləblərə elmi işıq salması, bir sözlə, yüksək sanbalı ilə diqqəti çəkir. Onun “Qələmlər birliyi” və Mixail Nüaymə”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri” monoqrafiyalarına, çoxsaylı elmi məqalələrinə bu gün də azərbaycanlı və əcnəbi tədqiqatçılar tez-tez istinad edirlər. Eyni zamanda Aida xanım İmanquliyevanın elmi tədqiqatlarının nəzəri və praktik əhəmiyyəti yüksək dəyərləndirilir. Alimin bir çox xarici dillərə tərcümə edilmiş “Yeni ərəb ədəbiyyatı korifeyləri” monoqrafiyası onun çoxillik gərgin araşdırmalarının yekunu olmaqla ərəb məhcər ədəbiyyatı haqqında yazılmış ən sanballı tədqiqat əsərlərindəndir. Kitab ərəb dilinə tərcümə edildikdən sonra ərəb alimləri arasında da geniş maraq doğurmuş, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

Ümumiyyətlə, professorun əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkülü geniş tədqiq edilmişdir. Aida xanım İmanquliyeva təkcə şərqşünaslıq sahəsində deyil, həmçinin Şərqlə Qərb arasında elmi və mədəni əlaqələrin, ortaq mənəvi dəyərlərin aşkar edilməsində də səmərəli fəaliyyət göstərmişdir.

Alim ərəb ədəbiyyatını araşdırmaqla yanaşı, özünü həm də tərcümə sahəsində sınamış, bu ədəbiyyatın bir sıra nümunələrini dilimizə çevirmişdir. Onun “İnsan və quş” (hekayələr) və “Ağ günlərin sorağında (İraq ədəbiyyatından nümunələr)” kitablarında toplanmış tərcümələri ilə tanışlıq göstərir ki, Aida xanım bu işin də incəliklərinə dərindən bələd olmuş, tərcümələrində yüksək poetik ruhu, orijinal dəstxəti, məna və məzmunu qoruyub saxlaya bilmişdir. 

Görkəmli elm xadimi Aida İmanquliyeva fundamental tədqiqatları ilə eyni zamanda dünya şərqşünaslığını xeyli dərəcədə zənginləşdirmiş və inkişaf etdirmişdir. Özündən sonra sanballı irs qoyub getmiş böyük şəxsiyyətlər kimi, onun da xatirəsi milyonların qəlbində məhz ziyalılıq və mənəviyyat mücəssəməsi kimi yaşayır, həmişə sevgi və ehtiramla anılır.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video