16 Dekabr 2011 12:12
447
Mədəniyyət
A- A+

«Sona bülbüllər» üçüncü dəfə yetim qaldı

 

"Sona bülbüllər" yetim qaldı... Zatən bu yetimliyin tarixi çoxdan yazılmışdı. Artıq neçə gündü onun adı  qəzet səhifələrindən, radio-televiziya ekranlarından düşmürdü. O vaxt oxuduğu mahnılarla, muğamlarla baş-başa qalan Qədir indi öz ölümüylə, əcəliylə üz-üzə dayanmışdı. Köməyinə nə biz çata bilirdik, nə doğmaları. Qədir isə yaşamaq, düşmən tapdağındakı doğma torpaqlara qayıdıb Qarabağı  bir də görmək istəyirdi. Onun bu yolda çəkdiyi iztirablarının yeganə ifadəçisi həmişəki kimi yastığının dibini kəsən, ondan bir addım da aralanmayan həyat yoldaşı Fatma xanım idi: "Qədirin həkimi bildirdi ki, o, komadan ayılsa, bu, tibdə möcüzə olacaq. Həkimlər vəziyyətin bu qədər ağır olmasına baxmayaraq, onun yaşamaq uğrunda mübarizə aparmasını onsuz da möcüzə sayırlar. Həkimi dedi ki, Qədirdə olan bir neçə xəstəliklərdən birini belə yaşayan insan çoxdan dünyasını dəyişmişdi, o isə bu qədər xəstəliklə hələ də mübarizə aparır."

O, mübarizə aparırdı. O, ümumiyyətlə neçə ildi özüylə mübarizə aparırdı -  tək canıyla, tək ürəyiylə, tək böyrəyiylə. Hələ sağlığında onu tanıyanların hamısı Qədir Rüstəmovun bu mübarizliyinə, həyat eşqinə heyran qalırdı. Hələ neçə illər öncə onun ifasında "Sona bülbüllər" sanki ilk dəfə səslənəndə (nədənsə, mənə elə gəlir ondan əvvəl "Sona bülbüllər"i heç kim ya oxumamışdı, ya oxuya bilməmişdi) o yanıqlı səsi, ifanı sirli, mübhəm bir "şayiə", söz-söhbət də bəzəməkdə idi - "Qədirin bir böyrəyi yoxdu". Biri deyirdi ki, anadangəlmə belədir, o biri iddia eləyirdi ki, Qədir hər sözü götürən deyil, kimlərləsə dalaşıb, orda itirib..." O illərdə Qədirin yanıqlı, sirr dolu səsini dinləyə-dinləyə hamı kimi mənə də elə gəlirdi ki, onun canındakı bu çatışmazlıq, bu natamlıq (natamamlıq yox) elə Qədirin taleyindəki, qismətindəki, aqibətindəki, sonradan Vətənindəki, yurdundakı, əvvəl isə keçmişimizdəki hansısa bir qırıqlıqla, natamlıqla, ağrı-acıyla  sıx bağlıdır. Yoxsa bu cür oxumaq mümkün olmazdı...

Son günlər ona nəsə olacağını hamı duyurdu, amma heç kim heç nə edə bilmirdi. Eləmək mümkün də deyildi! İnsanlardan uzaqda, yerlə göy arasında, bir vaxtlar ancaq səsinin qalxıb ucaldığı bir yerdə tək idi. O, tək düşünürdü, tək cavab verirdi,  tək canıyla mübarizə aparmağındaydı...

. O artıq yoxdur. Yetim qalan uşaqları, yaxınları, bir də bir-birinə bənzəməyən ifaları var. O ifalara, o mahnılara 76 yaşlı Qədir Rüstəmovun həm də övladları kimi baxsaq, bundan sonra çətin ki, kimsə onları ovuda, sakitləşdirə bilə. Artıq neçə gündür radiolardan, televizorlardan, maşınlardan, küçələrdən, yollardan onların səsi gəlir.  Onların arasında evin kiçik qızı kimi "Sona bülbüllər" bundan sonra çətin ki, bir də kiriyə, çətin ki, nə vaxtsa sakitləşə, çətin ki, bu kimsəsizliyə, yetimliyə alışa...

Zatən bu təkliyin-tənhalığın, yetimliyin tarixi xeyli əvvəllərə gedib çıxır. Bu yetimlik birinci dəfə Şuşadan başladı. Xarı bülbül düşmən tapdağında qalanda "Sona bülbüllər"in faciəsi başladı.

İkinci dəfə belə bir kimsəsizliyi, yetimliyi "Sona bülbüllər" Ağdam işğal olunanda, neçə il əvvəl  Şuşadan Ağdama kimi çiyinlər üstündə gətirilib İmarətdə dəfn olunan Xan qızı Natəvanın da uyuduğu torpaqlar əldən gedəndə yaşadı.

 

Mənim bu ağsaçlı qədim eşqimin

Başında qapqara bir duman ağlar.

Tutub matəmini yetim eşqimin

Xaraba könlümdə bir kaman ağlar.

 

Bu artıq Bəxtiyar Vahabzadənin dedikləridir. Zamana və vaxta tabe olmayan, Qədirqarışıq hər birimizə aid sözlərdir. Böyük şairin özündən sonra yaşayan sözləridir. Ümumiyyətlə, dünya, Yer üzü sözlə, səslə doludur. Dünyada heç nəyin itmədiyini nəzərə alsaq, bəzi alim və tədqiqatçıların araşdırmalarına haqq qazandırmaq mümkündür. Yəni min il əvvəlki insanların, əcdadlarımızın  səslərini eşitmək, nə danışdıqlarını, nə oxuduqlarını, bir də nə arzuladıqlarını, nə istədiklərini bilmək mümkündür. Axı oxuyan adam, hər şeydən əvvəl, öz arzularını, istəklərini dilə gətirir. O arzuların, istəklərin biri də "Sona bülbüllər"dədir. Onu Qədir Rüstəmov qədər ifadə eləyən, ora ürəyni-qəlbini qoyan başqa bir ifaçı hələ ki, yoxdu. Olacaqmı - onu zaman göstərəcək. Mən olmasını istəməzdim də... Qədir Rüstəmovun neçə ildən bəri bu ifada anlatdıqları kifayətdir. Bir də ona  məxsus ifa tərzi, qeyri-adi insani keyfiyyətlər təkrarlanmayacaq.

Bir də bu gün musiqi aləmində baş verənlərdən həmişə həm kənarda, həm də yuxarıda durmağı bacardı,  müxtəlif dedi-qodulara, şayiələrə uymadı. Şou dünyasının adamlarına həmişə öz şəxsiyyəti, öz təkrarsız sənəti ilə cavab verdi. Çünki dərs aldığı, gördüyü  insanlardan - Cabbar Qaryağdıoğludan, Seyid Şuşinskidən, Xan əmidən, Hacıbaba Hüseynovdan, ilk dəfə təkidlə səsini, ifasını lentə aldıran Əhsən Dadaşovdan... tamam başqa şeylər görmüşdü və gördüklərini, əxz etdiklərini daha sonralar heç nəyə dəyişmədi, dəyişmək istəmədi.  O, dahi Üzeyir bəyi çox sevirdi. Üzeyir bəyin ömür yoluna, yaşadığı dövrə aid  "Uzun ömrün akkordları" filmində Məcnun obrazını sevə-sevə yaratmışdı.

Qədir Rüstəmov artıq yoxdu. Bu, "Sona bülbüllər"in üçüncü və yəqin ki,  axırıncı yetimliyidir. Qədir Şuşanın, Ağdamın, ümumən Qarabağın yoxluğuna qoşulub getdikdən sonra bu, "Sona bülbüllər"in  sonuncu  yetimliyi, təkliyi, kimsəsizliyidir. Ancaq bu da var -  Qədir yoxsa, yetimlik də yoxdu!

 Bir də nə vaxtsa Qədiri görmək, Qədir Rüstəmovla bu dünyada üz-üzə gəlmək, görüşmək istəyiriksə,  Şuşanı, Ağdamı, Qarabağı gərək qaytaraq. Qədiri görmək, eşitmək, "Sona bülbüllər"i sevindirmək istəyirikmi? Bu, artıq bizlikdir, buna Qədir neyləsin?..

 

Bəxtiyar QARACA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video