29 Aprel 2020 01:45
2284
SİYASƏT
A- A+

“Siz çiyinlərinizdə vətənin, xalqın ağır yükünü çəkirsiniz”


Dövlət başçısına ünvanlanan təşəkkür məktublarının əsas qayəsi belədir


COVID-19 bəlasından xilas olmaq yollarını axtaran dünya ölkələri Azərbaycan adlı vətənimizin hər guşəsində görünən və hiss etdirilən dövlət-xalq birliyindən nümunə götürüllər. Bu birliyi Prezidentin ünvanına göndərilən məktublar da təsdiqləyir.

Məktubların arasında məktəbyaşlılardan başlamış əlil, hərəkəti məhdud, Qarabağ qazisi, şəhid ailəsi, ömrünün ixtiyar çağlarında dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müraciətlərini televiziya vasitəsilə izləyib kövrələn, gecə-gündüz onların ailəsinin və balalarının sağ-salamat olmasını diləyən nənə-babalar da az deyil.


"Arzum Sizi daim gülərüz, Azərbaycanımızı isə firavan görməkdir”


12 yaşlı Aytən Ədilova Şamaxıdan yazır: "Hörmətli cənab Prezident, Sizə ünvanlanan minnətdarlıq məktublarını efirdə dinlədikdə mən də ürəyimdən gələn səmimi hisslərimi bildirmək istədim. 12 yaşım var. Şamaxıdakı M.Hadi adına 9 saylı məktəbin VI sinfində oxuyuram. Dünyada, eləcə də Azərbaycanda yayılmış koronavirus infeksiyasına qarşı ölkəmizdə görülən işlərə görə Sizə "çox sağ olun!” deyirəm. Sizin sayənizdə, hörmətli Prezidentimiz, respublikamızda bu virusun yayılmasının qarşısı vaxtında alınır. Siz biz uşaqları qorumaq üçün dərsləri dayandırdınız. Lakin evdə qalsaq da, təhsildən, dərslərimizdən geri qalmırıq.

Bilirik ki, Siz uşaqları çox sevirsiniz. Mən də Sizi çox sevirəm. Bu sevgimi beş yaşından iştirak etdiyim bütün tədbirlərdə Ümummilli Liderimiz Heydər Əliyevə və Sizə həsr olunmuş şeirləri böyük həvəslə söyləməklə bildirirəm.

Deyirlər uşaqların Tanrıdan istəkləri mütləq yerinə yetir. Mənim arzum Sizi daim gülərüz, Azərbaycanımızı isə firavan görməkdir. Bizi qoruduğunuza görə Sizə təşəkkür edirəm. Nə yaxşı ki, Siz bizim Prezidentimizsiniz. Biz Sizinlə fəxr edirik!”

Məktublardan birinin müəllifi Zəngilan rayonunda anadan olub 80 yaşını yola salan dünyagörmüş el ağsaqqalı, 30 ilə yaxındır ki, erməni qəsbkarlarının təcavüzü nəticəsində məcburi köçkün həyatı yaşayan, Qarabağ müharibəsi veteranı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Oqtay İsgəndər oğlu Ələkbərovdur. Vətənpərvərlik duyğulu mahnıları ilə sevilən müğənni Azərinin ifasında səslənən məşhur "Türkün bayrağı” mahnısının sözlərinin müəllifi məktubunda yazır ki, Ulu Öndər Heydər Əliyevin ideyalarının layiqli davamçısı kimi Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva dövlət-xalq-iqtidar birliyini formalaşdıraraq, onu gündən-günə möhkəmləndirir: "Hörmətli Prezident! Çətin sınaqlarda qayğı, dərin sevgi ilə vətəndaşların yanında olmusunuz. Xalqa maddi-mənəvi kömək göstərmisiniz. Xalqın qəlbində ümid çırağı yandırmısınız. Siz çiyinlərinizdə vətənin və xalqın ağır yükünü çəkirsiniz. Vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz uğurlu islahatlar və layihələr, çoxşaxəli fəaliyyətiniz dəyərli və qiymətlidir. Qloballaşan dünyamızda Sizin dərin təfəkkürünüz, uzaqgörənliyiniz, siyasi hadisələrə vaxtında düzgün qiymət vermək bacarığınız, yüksək mədəniyyətiniz inkişaf etmiş bir çox ölkələrin rəhbərlərinin Sizə hörmət və ehtiramını qazandırıb”.

Məktub aşağıdakı səmimi fikirlərlə bitir: "Dünyanın 200-dən çox ölkəsini çənginə almış koronavirusla mübarizədə vaxtında qabaqlayıcı tədbirlər görməyinizin nəticəsidir ki, ölkəmizdə insan itkisi az oldu. Əminik ki, xalqımız bir yumruq kimi birləşərək bu mübarizədən başıuca çıxacaq.

Əziz Prezidentimiz! Sizin adınız vətənin və xalqımızın tarix səhifəsinə qızıl hərflərlə yazılacaq. Siz ən dərin hörmət və ehtirama layiqsiniz. Uca Tanrı Sizi qorusun!”


"Gördüyünüz işlər o qədər böyükdür ki, onlar dünyanın hər yerindən görünür”


Bəli, şagirdlərlə yanaşı, müəllimlər arasında da dövlət başçısına pandemiyaya qarşı mübarizədə göstərdiyi qətiyyət və vətənpərvərliyə, xalq sevgisinə görə minnətdarlıq məktubu yazanlar az deyil. Yaşar Qarayev Əməkdar müəllimdir. Ağsu rayonunun Bico kəndində yaşayır. Qocaman müəllim məktubunda yazır ki, Ağsu rayonunun Bico kəndinin sakinləri də xalqımızın uğurlu sabahına, xoşbəxt gələcəyinə hesablanmış dövlətin daxili və xarici siyasətini ürəkdən bəyənir, möhtərəm Prezidentə minnətdarlıqlarını bildirirlər: "Bu gün Ulu Öndərin ruhu ona görə şaddır ki, Siz onun mənsub olduğu, sevdiyi xalqa ləyaqətlə xidmət edirsiniz. Buna görə xalqımız Sizi mərd atanın mərd oğlu kimi tanıyır.

Əziz Prezidentimiz, apardığınız işlər o qədər əzəmətli və böyükdür ki, onlar dünyanın hər yerindən görünür. Son illər kəndimizdə də çox böyük işlər görülüb: məktəb və xəstəxana binaları istifadəyə verilib, evlərimizə qaz və su xətləri çəkilib, kəndarası yollar asfaltlanıb və s. Bu qayğılı günlərdə də aztəminatlı, həssas təbəqəyə hər cür qayğı göstərilir. Bütün işlərinizə görə kənd sakinləri adından Sizə "çox sağ olun!” deyir, hörmət və ehtiramımızı bildiririk”.

Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin müəllimi Ələkbər Mirzəyev məktubunda ölkə başçısının həyata keçirdiyi sosial-iqtisadi islahatların Azərbaycanın sürətli və dinamik inkişafında böyük rol oynadığını qeyd edir. O, bildirir ki, son illər ərzində aparılan çevik islahatlar nəticəsində ölkəmiz uğurlu inkişafın növbəti mərhələsinə qədəm qoydu. İstər sosialyönümlü, istərsə də kadr islahatları qloballaşan dünyaya adekvat olan yeni bir idarəetmə sisteminin yaranmasına səbəb oldu: "...Respublikamızda dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi də təqdirəlayiqdir. Gənclər siyasəti əsasən son dövrlər aparılan kadr islahatlarında özünü kəskin şəkildə büruzə verdi. Çünki yeni kadr islahatlarında müasir dünyagörüşlü, beynəlxalq aləmdə gedən prosesləri analiz etmək qabiliyyətinə malik yeni, savadlı gənc kadrlara üstünlük verilməsi buna əyani sübutdur. Biz gənclərə göstərdiyiniz etimada görə də Sizə, cənab Prezident, BDU gəncləri adından təşəkkürümüzü bildiririk”.


Dünya "Azərbaycan təcrübəsi”ni təhlil edir


Məktubda daha sonra dünyanı bürüyən COVID-19 kimi yeni növ koronavirus pandemiyasının ölkəmizdən də yan keçmədiyi xatırladılır: "Qəbul edilən xüsusi karantin rejimi çərçivəsində sosial izolyasiya tədbirlərinin vaxtında həyata keçirilməsi nəticəsində xalqımız pandemiyadan minimum zərər çəkdi. Bu dövr ərzində Sizin rəhbərliyinizlə qəbul olunan bir sıra vacib qərarlar sayəsində əhalinin həssas təbəqəsi olan yaşlı və muzdlu əməklə məşğul olanların sosial rifah halı stabil saxlanıldı. Buna misal olaraq deyə bilərəm ki, işsizliyə görə 190 manat sosial müavinətin təyin olunması və bunun 600 min vətəndaşımızı əhatə etməsi pandemiya dövründə insanlar arasında böyük rəğbətlə qarşılandı”.

Məktub müəllifinin də qeyd etdiyi kimi, ölkə iqtisadiyyatının dinamikliyini bərpa etmək üçün görülən tədbirlər dünya ölkələri arasında böyük marağa səbəb oldu. Pandemiya dövründə aparılan bütün işlər artıq dünya ölkələri tərəfindən araşdırılır, "Azərbaycan təcrübəsi” təhlil edilir: "Möhtərəm Prezident! Sizin kimi güclü bir liderimiz olduğundan həmişə qürur duymuşuq. İnanırıq ki, Sizin yüksək idarəetmə qabiliyyətiniz, dünyada gedən prosesləri təhlil etmək bacarığınız nəticəsində dövlətimiz və xalqımız bundan sonra da rifah içində yaşayacaq, ölkəmiz yenə əvvəlki dinamik inkişaf tempinə qayıdacaq.

Respublikanın gənc müəllimlərindən biri olaraq Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı, gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayıram”.

Azərbaycan Texniki Universitetinin tələbəsi Ayxan Allahverdiyev də Prezident İlham Əliyevə təşəkkür məktubu yazanların sırasındadır. Məktubu aşağıdakı cümlələrlə başlayır: "Hörmətli cənab Prezident! Mən bir gənc olaraq öz vətənimi, torpağımı, millətimi sevirəm. Sizin uğurla apardığınız siyasəti xalqımız hər zaman dəstəkləyir. Möhtərəm Prezident, daim insanların rifahını, əmin-amanlığını düşündüyünüz, dəstək olduğunuz və qayğısına qaldığınız göz önündədir. Bunun üçün Sizə minnətdarlığımızı bildiririk. Çox təəssüflər olsun ki, son dönəmlərdə dünyada və regionumuzda geniş yayılmış koronavirus (COVID-19) pandemiyası ölkəmizə də öz təsirini göstərdi. Virusla uğurlu mübarizə üçün siyasi iradəniz, qayğıkeşliyinizlə yaradılmış şərait nəticəsində ölkəmizdə bu təhlükəli bəlanın daha geniş yayılmamasının qarşısı alındı”.

Məktub müəllifi göstərdikləri fədakarlığa görə bütün səhiyyə işçilərinə öz minnətdarlığını bildirir və onları da alqışladığını qeyd edərək yazır: "Cənab Prezident, məhz Sizin xalqa diqqətinizin və uğurlu siyasətinizin göstəricisidir ki, bu gün Azəbaycan digər qonşu və inkişaf etmiş ölkələrdəki kimi bu bəlanın əlində aciz qalmadı. Əminəm ki, bu bəladan qısa zamanda Sizin dəstəyinizlə, səhiyyəmiz və fədakar həkimlərimizlə birgə xilas olacağıq”.


"Göstərdiyiniz fədakarlıq tarixə qızıl hərflərlə yazılacaq”


Gədəbəy rayonundan Səbinə Abdullayeva isə Azərbaycan Prezidentinə ünvanladığı məktubunda yazır: "Hörmətli Prezidentimiz! Sizin rəhbərliyiniz ilə Azərbaycan dünyanın ən nüfuzlu, qüdrətli dövlətləri sırasına yüksəlmiş, beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Dünyanı çənginə alan COVID-19 pandemiyası qüdrətli Azərbaycandan yan keçməsə də, Sizin uzaqgörənliyiniz sayəsində ölkəmizdə bu virusa qarşı mübarizə çox yüksək səviyyədə təşkil olundu. Qısa zaman ərzində əhalinin qorunması ön plana çəkildi. Pandemiya ilə bağlı mübarizədə göstərdiyiniz fədakarlıq tarixə qızıl hərflərlə yazılacaq. Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər yüksək səviyyədə davam etdirilir. Bu istiqamətdə atdığınız qətiyyətli addımlara, xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə Gədəbəy gəncləri adından Sizə öz minnətdarlığımızı bildirir, çətin və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq”.

Kamran Məmmədov Azərbaycan Texniki Universitetinin Metallurgiya və materialşünaslıq fakültəsinin 4-cü kurs tələbəsidir. Gəncliyə dövlət qayğısından bəhs edən tələbə məktubunda qeyd edir: "Öz vətənini, torpağını, millətini sevməklə yanaşı, cənab Prezident, Sizin uğurla apardığınız siyasəti hər zaman dəstəkləyirik. Daim xalqımızı düşündüyünüz və qayğısına qaldığınız göz önündədir. Bunun üçün Sizə minnətdarıq. Son zamanlar dünyada geniş yayılmış koronavirus (COVID-19) pandemiyası ölkəmizdə də ciddi problemlər yaratmağa başladı. Əhalinin işgüzar hissəsi müvəqqəti olsa da "evdə qal” kampaniyasına qoşuldu. Cənab Prezident, bu virusla uğurlu mübarizə üçün göstərdiyiniz siyasi iradə, qayğıkeş fəhminizlə yaradılmış tibbi şərait öz bəhrəsini verməkdədir. Hazırda virusa yoluxma halları getdikcə azalır. Həmçinin bütün səhiyyə işçilərimizə də öz minnətdarlığımızı bildiririk və etdikləri bu fədakarlıqlar üçün onları alqışlayırıq. Əminik ki, bu bəladan da qısa zamanda Sizin dəstəyiniz ilə xilas olacağıq...”

Sumqayıt şəhərinin paytaxt Bakı kimi gündən-günə gözəlləşməsi onun sakinlərinə dövlət qayğısının bariz nümunəsidir. Sumqayıtdakı Təbiət elmləri təmayüllü gimnaziyanın 8”b” sinif şagirdi Səid Elşad oğlu Qüdrətlinin də Prezident İlham Əliyevə ünvanlı məktubundan görünür ki, sumqayıtlılar bu çətin sınaq dövründə dövlət başçısının ətrafında sıx birləşərək ümumi bəlaya qalib gəlməyə çalışır: "Əziz Prezidentimiz! Sizin dünyanın çətin sınaq mərhələsində hadisələri öncədən görməyinizi və qabaqlayıcı tədbirlərin təşkilini alqışlayır və dərin minnətdarlığımızı bildiririk. Bu tədbirlər təhlükəli virusun Azərbaycanda geniş yayılmasına imkan vermədi. İnanıram ki, Sizin sayənizdə Azərbaycan xalqı bu pandemiyaya da qalib gələcək və dövlətimiz gündən-günə çiçəklənəcək”.


"Getdiyiniz yol haqq yoludur - Heydər yoludur, bu yolda Sizinləyik!”


Sumqayıtda məskunlaşan Zülfiyyə Aftandil qızı Məmmədova Qubadlının Saray kənd orta məktəbinin müəllimidir. Yazdığı məktubda Azərbaycanın, o cümlədən Sumqayıtın inkişafında Ulu Öndər Heydər Əliyevin ideya və arzularını gerçəkləşdirən Azərbaycan Prezidentinə təşəkkür dolu ürək sözlərini oxuyuruq: "Hörmətli cənab Prezident, bütün dünyanı dəhşətə gətirən COVID-19 pandemiyası ilə əlaqədar həyata keçirdiyiniz tədbirlər xalqımıza olan məhəbbət və sevginizin təzahürüdür. Azərbaycan koronavirusla mübarizədə ağır nəticələrlə üzləşmədi. Bu da Sizin Ulu Öndər Heydər Əliyev məktəbindən öyrəndiyiniz dərin siyasi, diplomatik biliyiniz və vətənsevərliyiniz sayəsində mümkün oldu.

Aztəminatlı ailələrə verilən müavinətlər, koronavirus xəstələrinin dövlət hesabına müalicəsi, əhalinin həssas qrupuna aid olan tələbələrin təhsil haqlarının dövlət hesabına ödənilməsi, kommunal ödənişlərə edilən güzəştlər insanların Sizə inamını daha da artırdı. Sizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqa ünvanlanan doğma və qayğıkeş müraciətləriniz, həqiqətən, bizim birlikdə güclü olduğumuzu sübut etdi. Dünyamıza, ölkəmizə, Sizə, ailənizə və doğmalarınıza sağlam həyat diləyirik”.

Kərim Novruzov Ağdamda dünyaya göz açıb. Azərbaycan Prezidentinə ünvanladığı məktubda bütün dünyanı bürümüş pandemiyanın fəsadlarından qorunmaq üçün dövlət başçısının təşəbbüs və tələbləri ilə həyata keçirilən qabaqlayıcı tədbirləri alqışladığını yazır: "Bu gün bütün xalqımızın vətəndaşlıq nümunəsi göstərmək məqamıdır. Hər kəs əlindən gələni mövcud şəraitə uyğun olaraq ən yaxşı şəkildə və keyfiyyətlə yerinə yetirməlidir.

Bir tarix müəllimi kimi bütün imkanlardan istifadə edərək, şagirdlərimin təhsildən geri qalmamaları üçün əlimdən gələni əsirgəmirəm. Bundan başqa, dövlətimizin bu bəladan qorunması üçün istənilən tapşırıqları yerinə yetirməyə hazıram.

Cənab Prezident, Sizə bir daha uzun ömür, cansağlığı və xalqımızın rifahı naminə fəaliyyətinizdə uğurlar diləyərək deyirəm ki, getdiyiniz yol haqq yoludur. Bu yol Heydər yoludur və bu yolda Sizinləyik!”

Daha bir məktəbli məktubunu Bərdə rayonunun Cəyirli kəndindən Nurlan Ramin oğlu İlyaslı yazıb: "Möhtərəm Prezident! Səkkizinci sinifdə oxuyuram. Əvvəllər də gördüyünüz işlərdən ruhlanaraq Sizə məktubla müraciət etmişdim. Sizin sərəncamınızla banklara borcu olan şəxslərə hərtərəfli kömək edilməsi üçün hazırlanmış plan məni çox təsirləndirmişdi. Buna laqeyd qala bilməmiş, bir məktəbli, gələcəyin əsgəri kimi Sizə minnətdarlıq məktubu yazmışdım. Hazırda da Sizin respublikamızda apardığınız işlər məni yenidən şövqə gətirib. Buna görə də bir daha minnətdarlıq məktubu yazmaq qərarına gəldim”.


"Siz bu çətinliyə də etibarlı sipər oldunuz: xalqımızı qorudunuz”


Məlum COVID-19 virusunun ölkəmizdə qarşısının alınması məqsədilə ölkə başçısının verdiyi sərəncam və fərmanları ailə üzvləri ilə birlikdə dəstəklədiyini yazan məktəbli məktub müəllifi xüsusi olaraq vurğulayır ki, görülən tədbirlər nəticəsində ölkəmizdə itki daha az oldu, sahibkarlara, fermerlərə dəyən zərərin aradan qaldırılmasına dəstək göstərildi, xalqımızın yaşayış səviyyəsinin aşağı düşməməsi üçün həyata keçirilən sosial-humanitar tədbirlər isə göz qabağındadır:

"Cənab Prezident, bu çətin dövrdə Siz bizim xalqımıza ata, baba, qardaş, öz doğma, əziz övladlarınız kimi yanaşırsınız. Hamının çətinliyini, problemini özünüzünkü kimi qəbul edirsiniz. Hörmətli Mehriban xanımın xalqımıza ünvanladığı müraciət isə ayrıca bir mövzudur. Mehriban xanım öz müraciətində Azərbaycan xalqına bir bacı, ana, nənə kimi müraciət etdiyini göstərdi. Həmin müraciəti həvəslə dinlədim və oxudum. İnanıram ki, Sizin sayənizdə tezliklə COVID-19 virusundan qurtulacaq, yenidən məktəbə gedəcəyik. Siz mənə çox doğma insansınız”.

Mehman Mehtiyevlə Adil Xaliqovun Bakı şəhərinin Xəzər rayonundan ünvanladıqları məktubdan sətirlər: "Koronavirusla mübarizə dövründə xalqımızın Sizə bəslənən ümidlərini bir daha doğrultdunuz. Cənab Prezident, Siz xalqımızı böyük bir bəladan xilas etməkdəsiniz. Sizi dəstəkləyir, bu şərəfli və məsuliyyətli işinizdə Sizə uğurlar arzulayırıq. Sizin tərəfinizdən görülən qabaqlayıcı tədbirlər pandemiya bəlasına qarşı çox səmərəli oldu. Bu virus heç kimin gözləmədiyi anda ortaya çıxdı. Lakin hər kəsin gözlədiyi kimi, Siz bu çətinliyə də etibarlı sipər oldunuz, xalqımızı qorudunuz, ölkəmizi böyük bir təhlükədən xilas etdiniz. Allah Sizə hər zaman kömək olsun”.

Hacıqabuldan Nazim Fətixan oğlu Zeynalovun ürək sözlərindəki səmimiyyət ilk andan hiss olunur: "Hörmətli cənab Prezident, dünyanı çənginə alan koronavirus pandemiyasının ölkəmizə təsirinin azaldılmasında müdrik və uzaqgörən siyasətiniz nəticəsində çox mühüm işlər görülüb. "Mənim üçün Azərbaycan vətəndaşının sağlamlığının qorunması, onun təhlükəsizliyinin təmin olunması hər şeydən üstündür” fikriniz bizə dünyada hər şeydən üstündür. Çünki öz xalqının taleyinə ürəkdən yanan müdrik rəhbər, dövlət başçısı kimi çətin gündə Azərbaycanın hər bir vətəndaşına sevginizi, qayğınızı ifadə edir.

Azərbaycanda virusun qeydə alındığı gündən bütün qüvvələr səfərbər edilərək, xüsusi karantin rejimi tətbiq olundu. Sizin təşəbbüsünüzlə Türk Şurasının videokonfrans vasitəsilə keçirilən Zirvə görüşündəki əhatəli çıxışınızla ölkələri əməkdaşlığa çağırdınız.

Bütün bunlar sübut edir ki, apardığınız uğurlu siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı dayanır. Xalqımızın sağlamlığı, təhlükəsizliyi naminə göstərdiyiniz fədakarlığa, yüksək qayğıya görə rayonumuzun sakinləri adından Sizə təşəkkür edirik. Bu çətin günlərdə Siz xalqımıza dayaqsınız, xalqımız da Sizə güvənir, Sizinlə qürur duyur. Qürur duyuruq ki, dar məqamda düzgün qərar qəbul edən, xalqı təhlükədən qoruyan Sizin kimi Prezidentimiz var. Ulu Tanrı Sizi qorusun”.

"Mən gözdən əliləm. Amma Sizin xalqımız üçün etdiklərinizi, bizləri işıqlı sabaha apardığınızı görürəm. Bizi qorxulu bəladan qoruduğunuza görə Sizə təşəkkür etmək istəyirəm”.

Sabirabad rayonunun Qalağayın kəndindən gözdən əlil Fazilə İsbat qızı Qurbanovadan gələn məktubu həyəcansız oxumaq mümkün deyil: "Cənab Prezident, Sizin müdrik rəhbərliyinizlə nəinki pandemiyaya qalib gələcəyik, hətta işğal altında olan torpaqlarımızı da azad edəcəyik. Siz varsınız, bütün problemlər öz həllini tapacaq”.

Məktubda daha sonra deyilir: "Övladım Türkiyədə təhsil alır. Türkiyədə olan bütün tələbələr bu çətin vaxtlarda özlərini tək hiss etmədilər. Siz onlara arxa oldunuz. Çox sağ olun, var olun! Biz əlillərə göstərdiyiniz qayğıya görə Sizə xüsusi təşəkkür etmək istəyirəm. Sizinlə fəxr edirik”.


Təşəkkür məktublarının əsas qayəsi: həyat eşqi, çətin sınaq, ümid işığı


Belə məzmunlu məktublardan biri də Tovuz rayonunun Köçəsgər kəndindən Razim Qocayevdən gəlib. Orada qeyd edilir ki, COVID-19 pandemiyasının dünyada səhiyyəni və sosial durumu iflic etdiyi bir vaxtda Prezidentimiz öz qərarları ilə göstərdi ki, həqiqətən də Azərbaycan güclü dövlətdir. Neftin kəskin ucuzlaşdığı bir zamanda sosial vəziyyəti zəif olan vətəndaşlara birdəfəlik ödənişin edilməsi, xalqının rifahının yaxşılaşdırılması ilə bağlı tapşırıqlar yenə sübut etdi ki, ölkəmizin neftdən asılılığı azalıb: "Cənab Prezident, bütün bunlara və sadalamağa ehtiyac duymadığım çoxsaylı humanist tədbirlərinizə görə ailəmiz Sizə minnətdarlığını bildirir. Qürur duyuruq ki, bəli, belə güclü dövlət yaratmısınız və biz bu ölkənin vətəndaşlarıyıq. Cənab Prezident, bütün bunlar Sizin sayənizdədir. Sizə minnətdarıq. Əlbəttə ki, biz Sizinlə güclüyük”.

Bəli, yuxarıdakı məktubların ümumi mənzərəsi və məzmunundan da göründüyü kimi, XXI əsrin iyirminci ilinə qədəm basanda bəşəriyyət sanki "qəflət yuxusu”ndan ayıldı: dünya doğrudanmı bir günün ərzində məhv ola bilər?! Bu sualla insan övladı güman ki, özünə hələ çox müraciət edəcək.

Bir daha yəqinləşdirdik ki, tarixən yaşananlar xalqların folklorunda, atalar sözlərində, zərb-məsəllərində yaşayırmış. Xalqımıza məxsus belə folklor nümunələrindən biri də "elnən gələn qara gün” fikridir. Bunun, əlbəttə, bayrama, şadlığa-şadyanalığa qətiyyən aidiyyəti yoxdur. Lakin çətin və amansız günlərin stresindən çıxmaq üçün zaman-zaman həmin fikir belə formalaşıb: "elnən gələn qara gün toy-bayramdır”. Yəni bu bəladan birlikdə, elliklə, həmrəyliklə çıxmaq olar.

Bu deyimin nə qədər həqiqətə yaxın olduğunu koronavirus pandemiyası yalnız bizə, yəni həmin atalar sözünü yaradan xalqa yox, əslində, bəşəriyyətə sübut etdi. Bir daha anladıq ki, bir-birimizi xilas etmək üçün həmrəyliyimiz daha vacibdir.

Nəhayət, həyat eşqi, çətin sınaq, ümid işığı - Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan səmimi ürək sözlərindən ibarət təşəkkür məktublarının əsas qayəsi də bax belədir...

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video