06 May 2021 00:50
1114
SİYASƏT
A- A+

Siyasətin dahisi, ədəbiyyatın hamisi

 

Heydər Əliyev əvvəl milli məfkurəni, sonra müstəqil dövləti yaratdı. Bu baxımdan, minillik dövlətçilik tariximizə milli məfkurəyə istinad edən ilk və yeni Azərbaycan dövlətinin qurucusu kimi daxil oldu.

Milli müstəqilliyi qazandığımız ötən əsrin 90-cı illərində deyil, eləcə də hakimiyyətdə olduğu sovet epoxası daxilində ədəbiyyatı nəinki iqtisadiyyatın, eləcə də siyasətin, gücün ayağına vermədi. Bütün fəaliyyəti dövründə ədəbiyyata, onun müxtəlif dövrlərində yaşayıb-yaratmış ədiblərinə qədirşünas mövqedən yanaşan Heydər Əliyevin rəhbər kimi özəlliyi bəlkə də elə buradan başlayır.

1970-ci illərdə ümumən respublikamızda klassik mədəni irsimizin öyrənilməsi baxımından tamamilə yeni mərhələ başladı. Həmin mərhələ bilavasitə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Adil Babayev yazır ki, “Şərqin ən böyük dastanı olan “Kitabi-Dədə Qorqud”u  adi döyüş əsəri kimi qiymətləndirirdilər və onun araşdırılmasının qarşını alırdılar. Heydər Əliyev abidənin millətə qaytarılmasında böyük işlər gördü”. Eləcə də böyük Azərbaycan şairi İmadəddin Nəsimi ilə bağlı Heydər Əliyevin gerçəkləşdirdiyi işlər bu şairin irsinin yeni təfəkkür qatına, milli şüur və yaddaşa bədii-estetik çalar qatmasını izləməyə imkan verir.

Heydər Əliyevin sərəncamı əsasında 1973-cü ilin 13 sentyabrında İmadəddin Nəsiminin 600 illik yubileyi keçirildi. Elə həmin il Həmid Araslının tərtibatı ilə Nəsiminin “Divan”ı çap olundu. Bütün ölkə Nəsimi əhvali-ruhiyyəsində oldu, şairin şəkli həmin dövrdə çap olunan ölkə qəzetlərinin loqosuna çevrildi. Şairin əsərləri ingilis və fransız dillərinə tərcümə edildi, haqqında xarici ölkələrin və beynəlxalq təşkilatların mətbuat orqanlarında bir neçə məqalə çap olundu. UNESCO-nun “Kuryer” jurnalında Nəsimi haqqında məqalə dərc edildi. Heydər Əliyev Nəsiminin yubileyinin təkcə Bakıda deyil, Moskvada da keçirilməsinə nail oldu. 1980-ci ilin fevral ayında Bakının mərkəzi parklarından birində Nəsiminin abidəsi qoyuldu və heykəlin açılış mərasimində şəxsən özü iştirak etdi. Beləcə, sovet ideologiyasının birbaşa marağında olduğu Nəsimini milli ədəbi-tarixi yaddaşdan çıxdaş etmək niyyətinin qarşısı böyük siyasətçi tərəfindən alındı.

Böyük Azərbaycan şairi  Nizami Gəncəvinin irsinə də Heydər Əliyev münasibəti konseptual səciyyə daşıyırdı. 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar isə nizamişünaslıqda əsaslı dönüş yaratmışdır.

Yaxud 1982-ci ilin 15 yanvarında Şuşada M.P.Vaqif məqbərəsinin açılışı Heydər Əliyev üçün əbədiləşən tarixi yaddaş baxımından əhəmiyyətli idi.

Heydər Əliyevin üzərinə düşən missiya çətin idi. O, fəaliyyətinə güdaza verilmiş dəyərlərin, itirilən meyarların bərpası kontekstində başladı.  Böyük liderin ədəbiyyatda gerçəkləşdiyi işlər, klassiklərə qayıdış, milli ədəbiyyata güvənc hissinin qabarıqlığı sistemin yaratdığı mif anlayışını yazıçı düşüncəsində heçə endirir, onun tənəzzülünü labüdləşdirirdi. İslahatlar ədəbi-mədəni həyatımızın bütün sferalarına sirayət etdikcə milli mənlik şüuru önə keçir, milli məfkurə işığı dalğalanmağa başlayırdı. Bu mənada ötən əsrin 90-cı illərində insanların öz azadlığını qazanması üçün meydana axışması, haqqını geri almaq təşnəsi birmənalı təfsirə gəlmir, onun kökləri bir qədər dərinlərə işləyib mövcudluğunu iki onillik əvvəldə, Heydər Əliyev dühasının imkan verdiyi azad söz zamanında, sovet ədəbiyyatı daxilində yaranmağa cəsarət etmiş hürr duyğulu, millət problematikalı poeziya mətnlərində tapır.

Bunu meydanda olan faktlar deyir: Nəriman Həsənzadə “Heydər Əliyevin şəxsində mən “Bütün Şərq bilsin” pyesinin qəhrəmanını, Nəriman Nərimanovun prototipini görürdüm”, - yazır. Qabil qeydlərinin birində “Ömür həbləri” romanında Heydər Əliyevin də obrazını düşündüyünü bildirir. Mövlud Süleymanlı “Dəyirman” povestinin 70-ci illərin sağlam, duru, doğma ab-havanın məhsulu kimi meydana çıxdığını və üstəlik əsərlə bağlı “Azərbaycanı bürüyən” hücumdan onu Heydər Əliyevin qoruduğunu dilə gətirir. Bu məqam İsa Hüseynovun, Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, Anarın, Elçinin mətbu etiraflarında da yer alır.

Önəmli bir faktın - 1978-ci ildə Heydər Əliyevin səyi nəticəsində dəyişdirilmiş Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət Himni məsələsi üzərində dayanmaq istəyirəm. 1945-ci ildə Səməd Vurğun və Süleyman Rüstəmin müəllifliyilə yaradılmış Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət Himninin  sözlərinin müəlliflər cərgəsinə Hüseyn Arifin də qoşulmasıyla 1978-ci ildə yeni redaksiyada işlənildi. Qəribədir, Stalinin adı Azərbaycan himnindən məhz 1978-ci ildə çıxarıldı.

Heydər Əliyev içindən çıxdığı xalqın öz dəyərlərinin nədə ehtiva olunduğunu yaxşı bilirdi. Şəxsiyyətlərini tanıyırdı, dövləti güclü edən amillərin söykəndiyi bütün çıxış nöqtələri ona məlum idi. Eləcə də bilirdi ki, bir xalqın müstəqilliyinin qazanılması, öz mövcudluğunu sürdürə bilməsi bir tarixi, ideoloji və siyasi fakt olaraq yalnız tarixi şəraitin məhsulu ola bilməz, o həm də milli siyasi, ədəbi və fəlsəfi düşüncənin nəticəsi kimi hasilə gəlməlidir, milli mənlik şüurunun yaranmasının aspektləri bədii düşüncəyə söykənməlidir. Digər tərəfdən, Heydər Əliyev dünya mədəni sferasına inteqrasiyanın da zəruriliyini duyurdu. Ona görə milli varlığın idrakı məsələsinə bu qədər həssas yanaşırdı, fəaliyyətinin əsas istiqamətini milli ruhun oyanışı və ona qayıdış əzminin qorunub saxlanması təşkil edirdi.

Bu məqamda bir məsələni də vurğulamağa ehtiyac var. Heydər Əliyev yalnız qorumurdu, yalnız himayə etmirdi, yalnız cəsarət aşılamırdı. O, həm də sahib çıxmağı bacarırdı. Gücünün yetdiyi qədər milli-mənəvi dəyərlərin qorunmasına çaba göstərirdi. Bu barədə əlbəttə, kifayət qədər təcrübə və bacarıq sahibi idi, amma onlarla bahəm (və daha əsas!) millətinə və xalqına can yanğısı vardı. Böyük şairimiz Məhəmməd Füzuli ilə bağlı Heydər Əliyevin qatlaşdığı çətinliklər və onun bu istiqamətdə əzmkar fəaliyyəti fikirlərimizə əyani sübutdur. Heydər Əliyevin Füzulinin qəbrinin qorunması və məqbərəsinin tikilməsi ilə bağlı gördüyü çöxyönlü işlər - SSRİ XİN qarşısında qaldırdığı məsələ, Bağdaddakı səfirlik ilə yazışmaları, ölkə ziyalıları ilə danışıqları və s. bu kimi yorulmaz, inadlı və əzmkar mübarizələri bu siyasi liderdən hər cür yüksək məzmunda danışmağa əsas verir.

Heydər Əliyev siyasətinin dissident ruhu 1982-ci ildə daha bir müdhiş hadisə ilə nəhayətsiz miqyas aldı. Böyük Azərbaycan şairi Hüseyn Cavidin nəşinin Sibir çöllərindən vətənə gətirilməsi haqda sərəncam verdi. Bu hadisəni Heydər Əliyevin siyasi fəaliyyətinin şah əsəri saymaq olar. Axı söhbət 1937-ci ilin repressiya dalğasının güdaza verdiyi faciə qəhrəmanından gedirdi. 1982-ci il. Sovet dövrü hələ bitməmişdi, heç buna işarələr belə yox idi. Rəsmi sənədlər üzərində bəraətlər verilib, amma düşüncədə hələ də repressiya havası, qorxu və ürpərtisi davam edirdi. Dildə repressiyaya məruz qalanlar haqda gerçəklər tüğyan edirdi, amma kağız üzərində yanlış elmi-ədəbi yalanlar meydan sulayırdı. Çünki xof hələ çəkilməmişdi, ideoloji yanlışlığa uğrama qorxusu gerçəklərdən daha öndə idi. Heydər Əliyev bu addımı ilə gerçəyi qorxulardan önə çıxartdı, Cavidin nəşini vətənə qaytarmaqla  elə, ilk növbədə, qorxunun üzərindəki örtüyü götürüb atmağa müvəffəq oldu.

1982-ci ildə Cavidin qayıdışı ilə milli mədəniyyətin türkçülük istiqamətində yeni epoxası başlayır. Bu həm də Heydər Əliyev siyasətinin 1969-cu ildən bəri xalqın mənəvi dirçəlişinə, ictimai özünüdərk və milli təfəkkür oyanışına doğru addım-addım gəldiyi yolun qanunauyğun sonucu kimi meydana çıxır.

Cavidin nəşinin niyə məhz Naxçıvanda basdırılması da ayrı özəlliyi ilə diqqət çəkir. Nəriman Həsənzadənin xatirələrində buna əmin oluruq: “Bir də Təbriz nisgili var idi Heydər Əliyevin. Hüseyn Cavidin nəşini uzaq Sibirdən vətənə gətirmişdi. Cavidi niyə Naxçıvanda basdırmaq istədi, burda yox? Söhbət gedirdi bu barədə həmin ərəfələr. Mən yanında durmuşdum, kimlərləsə söhbət edəndə dedi elə Naxçıvan yaxşıdı ki, Təbrizdən gələndə onu ziyarət eləyib gələcəklər. Bura qədər dərin düşünürdü Heydər Əliyev”.

***

1970-1980-ci illər Azərbaycan ədəbiyyatı Heydər Əliyevin müəyyənləşdirdiyi əxlaqi-milli-mədəni aktın  ilhamçısı və icraçısıdır. Cari prosesin, yazılan əsərlərin, bütöv ədəbi hərəkatın ideya zəmini rolunda çıxış edən aparıcı simadır Heydər Əliyev. Sovet epoxası daxilində bütün ölkə miqyasında sosial-tarixi, ədəbi-estetik qanunauyğunluqlarla müasir ədəbiyyatın özünün bədii-fəlsəfi ənənəsi arasında əlaqə, körpü rolunu Heydər Əliyev icra etmişdir.

1980-ci illərin sonlarından etibarən ölkə əvvəlcə yenidənqurma adı ilə göstərilən bir absurdun tamaşaçısı olmaq məcburiyyətini yaşadı, ardınca bu ümidlərin də fiaskoya uğraması prosesi başladı. Öz haqqının sahibi olmaq  zamanı çatmışdı. Nəhayət, 1991-ci ilin oktyabrında Azərbaycanda milli müstəqillik elan olundu. Amma bu o qədər də asan başa gəlmədi. Bunun üçün millət 1990-cı ilin 20 Yanvarında sınaq imtahanı verdi. Sonra Xocalı soyqırımı, ard-arda itirilən ərazilər, ölkə daxilində başlanan xaos, siyasi çəkişmələr, hərc-mərclik, şəxsi ambisiyaların tüğyan etməsi... Yeni liderin gəlişinə, xalqın nicat yerinə çevrilməsinə ehtiyac vardı, zəmanə öz qəhrəmanını gözləməkdə idi. Milli-mənəvi həyatımızda hökm sürmüş xaos və stixiyadan sonra dahi işinə ehtiyacın növbəsi gəlmişdi və zamanın sükanını kosmik ahəngə xidməti ilə seçilənlərin öhdəsinə verməyin vaxtı idi. İbrətlidir ki, tarix bu şansı digərinə deyil, elə istiqlal yollarında can qoymuş, məsləkini tərcümeyi-halına çevirmiş seçilmişinə həvalə etdi.

Heydər Əliyev əvvəlki inadla millətin yaddaş kultuna həssas yanaşmaqda davam etdi. 1990-cı illərdə dahi şairimiz Məhəmməd Füzulinin 500, Mirzə Cəlilin 128, ilk möhtəşəm söz abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin elmi ictimaiyyət tərəfindən beynəlxalq səviyyədə keçirilməsi ədəbi irsə layiqli münasibətin izharına ən yaxşı nümunə olmaqla yanaşı, dövlət başçısının hansı məsələlərdə dəstək aradığını, mənəvi ülfət tapdığını bəlli etdi. Daha sonra bu missiya klassik sənətkarlarımızın taleyinə münasibətdə davamını tapmağa başladı. Heydər Əliyev qeyd edirdi ki, “Respublikamızın bu ağır dövründə böyük yubileylər keçirilməsi, şübhəsiz ki, müəyyən  qədər çətinliklərlə üzləşəcək. Ancaq çətinliklər nə qədər çox olsa da, mədəniyyətə, mədəni irsimizə,  mənəviyyata daim xüsusi diqqət yetirməli və bu sahələrin geri qalmasına yol verməməliyik”.

Məhəmməd Füzulinin külliyyatı altı cilddə nəşr edildi. Haqqında sanballı elmi monoqrafiyalar, tədqiqat əsərləri ortaya qoyuldu. Yubileyi həm Azərbaycanda, həm  bütün türk-islam aləmində, həm də Rusiya və Avropada böyük təntənə ilə keçirildi.

Heydər Əliyevin müasir ədəbiyyat kontekstində yerinə yetirdiyi “yaradıcılıq” missiyasının realizəsi bir tərəfdən klassik ədəbiyyatı yaşatmaqla bağlı idisə, digər tərəfdən çağdaş ədəbi prosesi gəlişdirmək məqsədilə atılan bir sıra addımlarla əlamətdar oldu. Yaradıcılıq aləminə yeni istedadlı müəlliflərin gəlməsində rol oynayan, sonradan maddi çatışmazlıqlar ucbatından uzun fasilələrlə işıq üzü görən, hətta bağlanmaq təhlükəsi ilə üz-üzə duran ədəbi orqanların: “Azərbaycan”, “Literaturnıy Azerbaydjan”, “Ulduz”, “Qobustan” jurnallarının və “Ədəbiyyat qəzeti”nin ölkə prezidentinin xüsusi qərarı ilə müntəzəm surətdə ölkənin dövlət büdcəsindən maliyyələşdirilməsi ədəbi prosesin gəlişməsində əsaslı rol oynadı.

Heydər Əliyev - milli ədəbiyyatımızın şərəfli tarixidir, faktıdır, əhəmiyyətli və gərəkli məxəzidir. Bu məxəz bütün estetik ruh halı ilə fərqli duyumun, fərqli yaşamın şəklidi. Heydər Əliyev ruhunun ədəbiyyatda gerçəkləşən şəkli...

Və siyasətdə göründüyü qədər həm də ədəbiyyatın obrazıdır.

Heydər Əliyev sözümüzün “yaddaş sirri”dir. O, dövlətin rəmzinə çevrilmiş ilk siyasi lider oldu və kifayət qədər ibrətamizdir ki, belə bir hadisə Azərbaycan tarixində ilk dəfəydi ki, baş verirdi. Belə hadisələri isə tarix sonradan təshih etmir. Çünki yüzillər keçəndən sonra tarix daha çox həqiqətin dilində danışır. Heydər Əliyev Azərbaycanın siyasət dilini dünyaya təlim edən ilk azərbaycanlı oldu. Bu mənada, yüzillər keçəndən sonra da tarix Azərbaycan barədə qurucunun, baninin, Ümummilli Liderin, yəni Heydər Əliyevin üslubunda danışacaq.

Biz Ümumilli Liderin vətən, yurd, xalq adına gördüyü nəhayətsiz əməllərin bir qismindən bəhs etdik. Amma Heydər Əliyevin ən dəyərli əsərlərindən biri Azərbaycan Prezidenti İlham Əliyevin şəxsində layiqincə davam edən möhtəşəm irsdir. Bu gün Heydər Əliyev həm də İlham Əliyevin fəaliyyətində, missiyasında yaşayır, əbədi davam edən tarixə çevrilir.

Ümummilli Lider Heydər Əliyevin onun haqqında söylədiyi gözəl bir fikir var: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bunlar tarix yaradan bir şəxsiyyətin, milli məfkurəli dövlət qurucusunun yalnız inamından hasilə gələn fikirlər deyildi, bu inamın kökündə İlham Əliyevdə ehtiva olunan dövlətçilik şüuruna, dövləti sağlam düşüncə və əzmlə idarə etmək, irəli aparmaq gücünə əminlik dayanırdı.

Zaman bu müdrik şəxsiyyətin qənaətlərində yanılmadığını sübut etdi.

 

Elnarə AKİMOVA,

YAP İdarə Heyətinin üzvü,

filologiya elmləri doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video