20 Oktyabr 2021 22:05
716
CƏMİYYƏT
A- A+

Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı səfiri ilə görüşüb

 

Oktyabrın 20-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfiri səmimi salamlayan şeyxülislam Allahşükür Paşazadə dost, qardaş ölkə olan Qazaxıstanla Azərbaycan arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib. Bu əsnada, QMİ sədri Qazaxıstan Senatının sədri Maulen Aşimbayevin dəvəti əsasında Qazaxıstan Respublikasına oktyabrın 5-7-də baş tutmuş səfəri barədə xoş təəssüratlarını bölüşüb. Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin təşəbbüskarı olduğu, 18 illik tarixə malik Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin üzvü olduğunu xatırladan şeyxülislam A.Paşazadə bu qlobal forumda ardıcıl iştirakını qeyd edib.

Nur-Sultan şəhərində Dünya və ənənəvi din liderlərinin Qurultaylarının Katibliyinin XIX sessiyası çərçivəsində dünyanın tanınmış dini və ictimai xadimləri ilə görüşlərinin əhəmiyyətli olduğunu qeyd edən şeyxülislam A.Paşazadə Qazaxıstan paytaxtına səfər çərçivəsində qardaş ölkənin yüksək məqam sahibləri və ölkənin dini lideri ilə görüşlərini məhsuldar və yaddaqalan kimi dəyərləndirdi. QMİ sədri Qazaxıstan Senatının sədri Maulen Aşimbayev, Dövlət Katibi Krımbek Kuşerbayev, informasiya və ictimai inkişaf naziri Aida Balayeva, Nur-Sultan şəhərinin hakimi Altay Kulqinov və digər dövlət rəsmiləri ilə görüşlərinin qardaş xalqlarımız və dövlətlərimizin mənafelərinə xidmət baxımından, ortaq dini-mədəni dəyərlərin qorunub saxlanılması istiqamətində olduqca əhəmiyyətli olduğunu qeyd etdi.

Görüşdə dinlərarası əməkdaşlıq, dinlərarası və mədəniyyətlərarası dialoq ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Şeyxülislam A.Paşazadə Azərbaycan və Qazaxıstanda bu sahədə dövlət səviyyəsində irəli sürülən qlobal təşəbbüslərin böyük əhəmiyyətindən danışıb. QMİ sədri müasir dövrdə türkdilli dövlətlər arasında siyasi, iqtisadi, mədəni sahədə getdikcə daha da dərinləşən qarşılıqlı münasibətlər fonunda müstəqil türkdilli dövlətlərin dini liderlərinin koordinasiyalı əməkdaşlığının da zamanın tələbi olduğu fikrini xüsusi vurğuladı. Bildirilib ki, qardaş türkdilli dövlətlərin ortaq dini-mənəvi dəyərlər müstəvisində birgə səy göstərməsi dövlət rəhbərlərimizin ümumi maraq və mənafelərimizə xidmət edən səy və əməllərinin təşviqinə böyük töhfə verə bilər.

Qazaxıstanlı səfir S.Abdıkarimov, öz növbəsində müasir dünyada dini liderlərin rolunu xüsusi vurğulayaraq bildirib ki, şeyxülislam Allahşükür Paşazadə kimi nüfuzlu, ağsaqqal dini liderlərə cəmiyyətin böyük ehtiyacı vardır. Səfir belə bir mötəbər, dünya miqyaslı fəaliyyətə malik dini liderin Dünya və ənənəvi din liderlərinin Qurultayının XIX sessiyası kimi mötəbər beynəlxalq tədbirdə iştirakını, qiymətli ideyalarla çıxış etməsini yüksək dəyərləndirib. Səfir Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam A.Paşazadəni Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Zəfərin ilk ildönümü münasibətilə təbrik edib, ən xoş arzularını bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video