05 May 2021 00:48
2746
SİYASƏT
A- A+

Şəxsiyyət zirvəsi

 

... 1969-cu ilin yayını ailəliklə Bilgəhdəki bağımızda keçirirdik. Qonaqların, ailə dostlarının gəlib-getdiyi bağ evimizdə böyüklərin söhbətlərinin mövzusu həm də ölkədəki vəziyyət idi.

Yaşımın azlığına baxmayaraq, mən o vaxt da həvəslə tarixi kitabları oxuyurdum və böyüklərin ictimai-siyasi mövzuda söhbətlərini maraqla dinləyirdim.

Bu söhbətlər zamanı müxtəlif sahələrdəki problemlərdən danışılır, fikir mübadiləsi aparılırdı.

Günlərin bir günü, - sonradan həmin tarixin məhz 14 iyul olduğunu biləcəkdim, - atam işdən bağa qayıdarkən elə kandardaca anamla həyəcanla danışmasına, anamın da aramsız suallar yağdırmasına diqqət kəsildim. Valideynlərim çox həyəcanlı idilər, amma üzlərində sevinc, razılıq və ümid hissini aşkar sezmək olardı.

Onların söhbətlərində bir adı cümlələrinin əvvəlində də, sonunda da təkrar-təkrar səsləndirmələrini necə heyrətlə müşahidə etdiyimi, - 52 il sonra bu sətirləri qələmə alarkən də bütün varlığımla hiss edirəm.

O dahi insanın ismini ilk dəfə o gün eşitdim: söhbət sonradan həyatımın birbaşa bağlı olacağı ən mükəmməl siyasi xəttin, əsgəri olacağım kamil dövlətçilik ideologiyasının yaradıcısı olan əbədiyaşar Heydər Əliyevdən gedirdi...

Atamdan nə baş verdiyini soruşdum. Cavab verdi ki, güclü və ədalətli insan respublikanın rəhbəri seçilib. İndi çox şey müsbətə doğru dəyişəcək.

Yaşlı insanlar artıq general Heydər Əliyevi tanıyırdılar. Onun iradəsinə də, qüdrətinə də, milliliyinə də, vətənpərvərliyinə də əmin idilər. İnanırdılar ki, problemlər məngənəsində çapalayan bir məmləkətə yeni ruhu, yüksəlişi məhz bu dahi şəxsiyyət gətirə bilər.

Heydər Əliyev onu ilk mərhələdə tanıyan minlərlə insanın ümidini doğrultdu, qısa müddətdən sonra ona inanan artıq yüz minlərlə vətəndaşının ümidlərini reallaşdırdı, daha sonra isə milyonların nicatına, etimad ünvanına çevrildi.

 

Heydər Əliyevlə gerçəyə çevrilən əfsanə

 

14 iyul gecəsiylə bağlı bir xatirəni də unutmuram. Həmin gün ailə dostlarımız, qonşularımız bizə həmişəki vaxtdan daha tez gəldilər və həm də daha gec getdilər. Mövzu bir idi: ölkədə rəhbər dəyişmişdi. Hamı daha ümidli, daha rahat, daha gülərüz idi...

Sonrakı onilliklərdə, elə indi də xeyli tanışımdan, həmkarımdan 14 iyul gecəsi ilə bağlı xatirələr, həmin günlə əlaqədar təəssüratlar eşitmişəm. Yəni minlərlə ailədə həmin gün adi gün kimi başa çatmayıb, sadəcə “ölkədə rəhbər dəyişdi” xəbərini müzakirə etməyiblər.

Onlar Azərbaycan tarixini tənəzzüldən intibaha doğru dəyişdirən o möhtəşəm məqamı sanki intuitiv dərk etmişdilər və həmin gecəni bu xoş müjdənin ovqatında keçirmişdilər.

Həmin yay bağ evimizdə Heydər Əliyev mövzusu birmənalı olaraq əsas söhbət idi. Çox maraqlı, bir az da mənim üçün hətta detektiv üsluba bənzər faktlar səslənirdi. Bir anlıq 1969-cu ilin mənzərəsini fikrimizdə canlandıraq. İnformasiya kommunikasiyası, əhalinin operativ və geniş məlumat alacağı bir vasitə yox. Televizor tək-tük ailədə ola, ya olmaya. Qəzet hamının əlinə keçmir. Belə bir vaxtda vətəndaşların mütləq əksəriyyətinin üzdən tanımadığı Heydər Əliyevin ölkə boyu reydləri başlayır...

Məsələn, birinci katib xəbərsiz və mühafizəçisiz bazara gedir. Növbəti günlər yolunu yenə ictimai iaşə obyektlərindən, ərzaq dükanından, hansısa bərbad küçədən, məhəllədən, yataqxanadan, paytaxt kəndlərindən, bir sözlə, xalqın daha çox yaşadığı, üz tutduğu, ən əsası isə, narazı olduğu məkanlardan salır. Oradakı əyintiləri, qəbahətləri, nöqsanları öz gözü ilə əyani müşahidə edir, özünü tanıtmadan ünsiyyətə girib problemlərin mahiyyətini, səbəbini öyrənir. Bu ziyarət-reydlərin səsi isə sonra çıxır, özü də çox bərk, sərt və sərrast çıxır.

Danışırdılar ki, mağaza müdirləri və digər iaşə obyektlərinin rəhbərləri qəzetlərdə Heydər Əliyevin dərc olunan şəkillərini kəsib götürərək, işçilərinə paylayırmışlar ki, birdən birinci katib reydə çıxıb, yolunu burdan salar, hazırlıqlı olun.

Mütaliə hərfləri tanıdığım ilk gündən mənim ən yaxın yoldaşım olub. Kitablardan Heydər Əliyevin bədii prototipləri ilə tanış olurdum. Qədimdən ədalətli rəhbərlərin libaslarını dəyişərək bu üsulla ölkələrində olub-keçənlərdən xəbərdar olduqları barədə rəvayətlər dolaşdığını oxumuşdum. Ancaq indi bu idarəçilik üslubu artıq mifik əhvalat deyildi, Heydər Əliyevin timsalında hər gün rastlanan adi faktlara çevrilirdi.

 

Azərbaycanda ədalət Heydər Əliyevin timsalında zəfər çaldı

 

Heydər Əliyev Azərbaycana ən əsası, ədalət gətirirdi. Bu ədalət çox gecikmiş olduğundan, xalq ona uzun illər tamarzı qaldığından insanlar bu dahi şəxsiyyətə böyük inamla yanaşırdılar.

Heydər Əliyev belə vəlvələ salmışdı ölkəni fəlakətə, xalqı narazılığa sürükləyən məmurların, vəzifəli şəxslərin, ümumilikdə isə, içəridən çürüyən bütün sistemin canına! Heydər Əliyev dahi təfəkkürünün məhsulu olan üsullarla yeni dövlət sistemi, müasir xidmət modeli, həm də ən doğru idarəçilik ənənələri formalaşdırırdı.

... Sentyabrda artıq şəhərə qayıtmışdıq və məktəb həyatım başlamışdı. Ovaxtkı Bünyad Sərdarov, şəhər camaatının “Verxnıy Naqornıy” kimi tanıdığı küçədə yaşayırdıq. Məktəbdən qayıdıb, dərslərimi hazırladıqdan sonra həmyaşıdlarımla küçədə gəzişirdik. Birdən küçənin başında bir maşın dayandı. İçindən düşən hündürboy qalstuk-kostyumlu kişi ətrafla maraqlanmağa başladı. Bir müddət sonra başqa maşınlar da gəldi və xeyli adam yığıldı. Bu an “gələn Heydər Əliyevdir” sədası küçəmizə yayıldı. Uşaqlar qarışıq böyüklər də yavaş-yavaş Heydər Əliyevə doğru yaxınlaşırdı. Kənardan bizə baxıb gülümsündü və əli ilə salam göndərdi. Amma sonra dərhal üz ifadəsi dəyişdi. Əsəbi formada qarşısındakı hansısa məsul şəxsi sorğu-suala çəkirdi. Verilən cavabların onu qane etmədiyini anlayırdıq. Bir qədər sonra maşına minib getdi.

Amma bir müddət sonra küçəmiz əməlli-başlı abadlaşdı...

Mən Heydər Əliyevi, dünyanın ən böyük azərbaycanlısını ilk dəfə məhz o küçədə gördüm.

Və sonrakı onillikər boyu küçəmizin timsalında ölkədə hər sahədəki natəmizliyi, nöqsanları aradan qaldıran, sistemi çirkabdan təmizləyən, millətinə arxa-dayaq duran, əsl liderlik nümunəsi yaradan KİŞİnin Azərbaycanı necə fədakarlıqla yenidən qurmasını qürurla müşahidə etmişəm, örnək kimi ondan öyrənmişəm...

Mənim kimi milyonlarla insan üçün Heydər Əliyev küçəmizdən başlayaraq bütün məmləkət boyu abadlığı, quruculuğu, ədaləti, düzlüyü, halallığı, məsuliyyəti bərqərar edən Rəhbər oldu.

Ən maraqlısı da o idi ki, artıq 12 yaşlı yeniyetmə də anlayırdı ki, Azərbaycanda rəhbərliyə Şəxsiyyət gəlib!

“Literaturnaya qazeta”da dərc olunan müsahibəsinin sərlövhəsi - “Qoy Ədalət zəfər çalsın!” fikri bütünlüklə Heydər Əliyev idarəçilik sisteminin fəlsəfəsini izah edirdi.

Həmin dövrdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib, komsomol təşkilatında çalışırdım. Dahi şəxsiyyətin fəaliyyətini artıq kənardan müşahidə etmirdim, partiyanın Mərkəzi Komitəsinin “ehtiyyatı” olan komsomol hərəkatının təmsilçisi kimi çoxsaylı rəsmi tədbirlərin iştirakçısı, bəzən də təşkilati heyətinin üzvü kimi çalışırdım.

Biz gənclər Heydər Əliyevin hər çıxışını, mülahizəsini diqqətlə dinləyir, oxuyur, öyrənirdik. O, bizim üçün ən mükəmməl ensiklopediya idi. Həm də örnək idi.

Ondan problemə yanaşmanı öyrənirdik. Heydər Əliyev Azərbaycan idarəçilik sisteminə tənqidi, özünətənqidi gətirmişdi. Bu, inqilabi dəyişiklik sayılırdı. O, problemi dəqiqliklə müəyyənləşdirir, ən səmərəli çıxış yolunu seçir və qarşıya ən düzgün vəzifələri qoyurdu. Cəmiyyətin bəlasına çevrilən rüşvətxorluğa qarşı amansız mübarizəsi real nəticələr verirdi.

Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycana ittifaqın harasından baxırsansa bax, parlayırdı!

Təsadüfi deyil ki, SSRİ-nin 40-dan artıq strateji sahəsinə birbaşa rəhbərlik səlahiyyəti də məhz ona həvalə edildi. SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini, Siyasi Büro üzvü kimi kiçik Azərbaycanın adını böyük dünyada fəxrlə səsləndirdi!

 

Heydər Əliyev missiyası - Güclü Şəxsiyyət, Qüdrətli Dövlət və Möhtəşəm Tarix

 

Uzun illərdir təşkilati işlərdə, ictimai-siyasi həyatda fəal çalışsam da, hansısa prosesə yanaşmam siyasi-inzibatçı təfəkküründən daha çox məhz tarixçi məntiqi ilə əlaqəli olur. Tarix isə şəxsiyyət faktoruna kompleks yanaşmanı əsas götürür.

Heydər Əliyevə verilən “şəxsiyyət” qiyməti yalnız ifadə vasitəsi deyil (təəssüf ki, indi adi şəxsə də şəxsiyyət demək adi hal alıb). O, şəxsiyyət amilinin bütün müddəalarını artıqlaması ilə öz nümunəsində təsbit edib və şərəflə yaşadıb.

Ən maraqlısı da budur ki, Heydər Əliyevin timsalında biz Şəxsiyyət-Dövlət-Tarix üçbucağının tam vəhdətini, siyasi harmoniyasının təntənəsini görürük. Heydər Əliyev missiyasında Güclü Şəxsiyyət, Qüdrətli Dövlət və Möhtəşəm Tarix ən unikal formada təşəkkül tapır.

Harada ki Dövlət və Şəxsiyyət faktorları vəhdətdədir, orada inkişaf var, rifah var, müsbət hər şey var. O vaxt ki Dövlət və Şəxsiyyət sintezi pozulur, onda fəlakət, böhran, deqradasiya, bir sözlə, bütün neqativlər bir anda meydana çıxır.

Heydər Əliyevin Azərbaycanı - SSRİ-nin 15 respublikası arasında 14-cü yerdən qısa müddətə 3-cü yerə yüksəlmək deməkdir, inkişafdır, ədalətli cəmiyyətdir, bütün ölkə boyu quruculuqdur, respublikanın böyük tikinti meydanına çevrilməsidir.

Heydər Əliyevin rəhbər olmadığı Azərbaycan - Qarabağ savaşıdır, etnik separatizmdir, hakimiyyət çevrilişləridir, dövlət aparatının aşkar quldurluğudur, xaosdur, siyasi xəyanətdir, aclıq və səfalətdir, boş büdcədir.

1988-1993-cü illərin siyasi təlatümlərindən, iqtisadi böhranlarından daha ağırı Azərbaycanın real parçalanma təhlükəsi ilə üzləşməsi idi. O vaxt xalq yaranan problemlərdən nicat ünvanı kimi yalnız Heydər Əliyevi görməkdə tam haqlıydı.

Vətəndaşlarımız müqayisə edirdilər və Heydər Əliyevli Azərbaycanla Heydər Əliyevsiz Azərbaycanın fərqini tam mahiyyəti ilə anlayırdılar. Onu da başa düşürdük ki, Azərbacana qarşı rəzil Moskva-erməni məkri məhz Heydər Əliyev ittifaq rəhbərliyindən getdikdən sonra başladı.

1992-ci ildən etibarən xalq arasında geniş yayılan “Heydər Əliyev hakimiyyətə qayıtmalıdır” tələbi bütün ölkəni əhatə edirdi. İnsanlarımızın mütləq əksəriyyəti məhz vətəndaş mövqeyinin ifadəsi ilə Heydər Əliyevi yeganə xilaskar kimi görürdülər. Bu əhvali-ruhiyyənin dalğasında da Yeni Azərbaycan Partiyası yarandı.

 

İlham Əliyevin “Dəmir yumruğu” və qüdrətli Azərbaycanı

 

1993-cü ildən sonra yenidən Heydər Əliyevli Azərbaycan dövrü - tariximizin qurtuluş, intibah, yüksəliş, əsl müstəqillik mərhələsi başlandı.

Bir anlıq təsəvvürümüzə gətirək, dahi şəxsiyyət hakimiyyətə 6 aydan sonra gəlsəydi, ölkənin halı necə olacaqdı? Məlumdur, erməni işğalçıları Kürü keçib Şirvan bölgəsinə irəliləyəcəkdilər, etnik separatizm “domino effekti” kimi cənubdan şimala doğru yayılacaqdı, fövqəldövlətlərin arzuladığı və çalışdığı kimi, bugünkü Azərbaycanın mövcudluğu sual altında olacaqdı.

Heydər Əliyev bax bu naqis gedişatı dəyişib, dövlətinə, xalqına və tarixinə sahib çıxdı - əsl Böyük Şəxsiyyət kimi!

Belə şəxsiyyətlər yalnız tarixə düşəcək hadisələrin müəllifi olmurlar, onlardan həm də tarix yaratmaq və bu tarixi davam etdirəcək irs-varis ənənəsi formalaşdırmaq tələb olunur. Bunlara nail olmayan şəxsiyyətlərin yaratdıqları da onlardan sonra yox olur, itir. Tək dünya tarixində deyil, elə məmləkət salnaməsində də çox belə acı faktlarla rastlaşmışıq.

Minilliklərin tarix süzgəcindən baxsaq aydın görərik ki, qürur mənbəyimiz olan çox hökmdarın yaratdığı qüdrətli dövlət onun ölümündən dərhal sonra adi titrəyişdən tar-mar olub, süquta uğrayıb. Onlar dövlət qurmaqda mahir olublar, varis yaratmaqda isə çox zəif...

Heydər Əliyevin əzəmətli Şəxsiyyət fərqi də məhz budur ki, o, yaratdığı müstəqil, qüdrətli dövləti etibar etməyə özü qədər inandığı siyasi varis formalaşdırdı və şah əsəri olan Azərbaycanı ona etibar etdi. Xalqın böyük dəstəyi ilə hakimiyyətə gələn cənab İlham Əliyevin 18 il ərzində yürütdüyü fəaliyyət tarixin ən şanlı səhifələrini təşkil edir.

Bu 18 ildə hansı fövqəladə nailiyyətlər qazanılıb, hansı müsbət irəliləyişlər əldə olunub, bunu xalqımız öz güzəranında, yaşamında və vətəndaşı olduğu dövlətin dünya miqyasında necə böyük nüfuza yüksəlməsində əyani görür.

Möhtərəm Prezident İlham Əliyev Heydər Əliyevin Azərbaycanını qorudu və daha möhtəşəm bir zirvəyə ucaltdı - Tarixin ən qüdrətli Azərbaycanını yaratdı!

Cənab Prezident iki əsr davam edən münaqişəyə 44 gün ərzində son qoymaqla adını artıq Azərbaycan tarixinə deyil, dünya tarixinə yazdıran Şəxsiyyət oldu!

Son əsrlər ərzində torpaq itirməyən, əksinə geri alan ən qüdrətli Sərkərdə kimi adını millətin yaddaşına əbədi həkk etdirdi!

İnformasiya savaşının yenilməz Komandanı kimi antiazərbaycançı şəbəkənin qlobal media vasitələrini hər dəfə sarsıtdı, onları bütün həmlələrdə iflas və ifşa etdirdi!

Möhtərəm Prezidentimiz dahi intellektinin nəticəsi olaraq, yalnız Ermənistan ordusunu məhv edib, bu dövləti diz çökdürmədi, bütünlüklə türk-islam dünyasını təhdid edən dünya erməniliyinə, lobbisinə sarsıdıcı zərbə vurdu!

İlham Əliyevin “Dəmir yumruğu” bundan sonra Qafqazın sabitliyini, inkişafını, gələcəyini müəyyənləşdirən əsas güc olacaq!

İlham Əliyev “Zəngəzur dəhlizi”ni reallığa çevirməklə dünənədək torpaqlarımızı işğal edən dövləti artıq öz iqtisadi-kommunikasiya təsiri altına alaraq, onun müqəddəratının sahiblərindən biri olacaq!

Azərbaycanı Qafqazın liderliyindən Avrasiya məkanının əsas söz sahiblərindən birinə, qlobal siyasi aktora çevirən İlham Əliyev həm də artıq özü dünya miqyaslı liderlər sırasının önündədir!

Heydər Əliyev irsinin uğurla davam etdirilməsində, qələbələr qazanmasında Mehriban xanım Əliyevanın da böyük fədakarlığı, layiqli xidməti var. Birinci vitse-prezident kimi ölkə rəhbərinin ən etibarlı silahdaşı, Azərbaycan boyda böyük məsuliyyətin çiyindaşı olmaqla bərabər, həm də xalqın inam, etimad ünvanına çevrilməsi Mehriban xanımın şəxsində bütünlüklə Əliyevçilik irsinin təntənəsidir.

Mehriban Əliyevanın dahi şəxsiyyətin adını daşıyan fondun rəhbəri kimi ölkə və dünya miqyasında həyata keçirdiyi mərhəmət aksiyaları, sosial layihələr Heydər Əliyevin əbədiyaşar ruhuna ən böyük ehtiram nümunələridir.

 

Hər nailiyyətdə Heydər Əliyev izi, imzası var

 

Heydər Əliyevin Azərbaycana rəhbərlik illərinin hər iki dövrü barədə cild-cild kitablar, araşdırmalar hazırlanıb. Dünyanın məşhur tədqiqatçıları bu tarixi mərhələləri öyrənib, təhlil ediblər, çox dəyərli əsərlər yaradıblar. Ancaq yenə də yetərli deyil.

Heydər Əliyev dühasından nə qədər yazılsa da, bəhs edilsə də, yenə də bu şəxsiyyətin bütün fəaliyyəti, əməlləri əks olunmaqda acizdir. Hər dəfə yeni bir müsbət məqam, yeni bir yanaşma ortaya qoymaq olur.

Eləcə də bu gün hansı sahədə nailiyyət, inkişaf varsa, möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, istisnasız olaraq, onların hər birində Heydər Əliyev izi, Heydər Əliyev imzası var!

Bu dahi lider elə bir layihələr, planlar hazırlayıb ortaya qoyub ki, onlar hətta 30-40 il sonra da nəinki aktuallığını qoruyub, hətta daha qlobal miqyasa çıxıb. Məsələn, ötən əsrin 70-ci illərində icrasına başladığı yeni neft strategiyası nəticəsində ciddi durğunluq yaşayan bu sektor böhrandan qurtuldu, bütün infrastruktur yeniləndi, avadanlıqların milli istehsal sahələri yaradıldı, neft hasilatı artdı, ən əsası isə, indiyədək ittifaq büdcəsinə gedən neft gəlirlərinin respublika büdcəsinə yönəlmə həcmi faizlə yox, məhz dəfələrlə artdı. Heydər Əliyevin neft strategiyasının ikinci mərhələsi olan “Əsrin müqaviləsi”nin reallaşması (bu proseslərdə möhtərəm İlham Əliyevin fövqəladə diplomatik məharəti, peşəkar iqtisadi yanaşması, mahir təşkilatçı bacarığı, yüksək siyasi fəhmi ən başlıca faktorlardan biri olmuşdur) nəticəsində neft potensialı müstəqillik illərində ölkə iqtisadiyyatının inkişaf lokomotivi, həm də müstəqillyimizin etibarlı bünövrəsi oldu.

50 il öncə əsası qoyulan neft strategiyası üçüncü mərhələdə - bu gün artıq Avropanın enerji təhlükəsizliyini təmin edən əsas mənbələrdən birinə çevrilib, “Bakı-Tbilisi-Ceyhan”, TANAP, TAP kimi transmilli layihələr əsasında Azərbaycan dünyanın yeni enerji xəritəsinin müəyyənləşməsində vacib aktorlardan biri kimi mütləqləşib.

Demək, Heydər Əliyev onilliklər sonrasını da düzgün proqnozlaşdırmağı bacaran, qlobal düşüncəyə sahib olan misilsiz siyasətçi, qüdrətli strateq idi!

Yalnız neft strategiyasını? Əlbəttə ki, yox. Onlarca belə misal çəkmək olar. Bu gün Azərbaycanın qitələrarası ən səmərəli nəqliyyat-logistik məkana, kosmos ölkəsinə çevrilməsinin əsasları hələ ötən əsrin 70-ci illərində qoyulub.

Yaxud elə azərbaycançılıq ideyası. Sovet ideologiyasının əsas prinsipləri olan bədnam kosmopolit, fəsadlı beynəlmiləlçilik meyillərinə qarşı Heydər Əliyevin sakit və düşünlümüş şəkildə həyata keçirdiyi milliləşmə siyasəti heç də aparıcı xalqın dominatlığını təsbit etmirdi. Azərbaycançılıq bayrağı altında bu ərazilərdə tarixən yaşayan xalqların milli identifikliklərini qorumaq şərtilə birləşməsi 1993-cü ilin etnik separatizm cəhdlərinə qarşı da ən böyük zərbə oldu.

Vətən savaşında bütün xalqların vahid orqanizm kimi “Dəmir yumruğ”a çevrilməsi və düşmənin başını əzməsi, şəhid və əlil olanlar arasında Azərbaycanda yaşayan bütün xalqların təmsilçilərinin olması bir daha sübut etdi ki, Heydər Əliyevin Azərbaycançılıq ideyası dövlətin və müstəqilliyin bütünlüyünün əsas təminatçısıdır.

 

“Z nəsli”nə Heydər Əliyevi necə tanıtmalı?

 

Heydər Əliyev əsrlər sonra belə Azərbaycan tarixində ən möhtəşəm mövqe, nüfuz sahibi kimi xatırlanacaq. Buna əsla şübhə yoxdur.

Bəzən belə deyirlər ki, Heydər Əliyevin təbliğata ehtiyacı yoxdur. Əslində, bu yanaşmanı ilk halda haqlı saymaq olar. Ətrafda, ictimai həyatda, dövlət fəaliyyətində hansı nailiyyət, qələbə varsa, onların hər birində Heydər Əliyev amili aşkar görünür. Ancaq bununla yanaşı, hesab edirəm ki, Heydər Əliyev siyasi irsini öyrənmək, təbliğ etmək və daha müasir təbliğat üsulları, kreativ metodlarla vətəndaşlarımıza, xüsusən də gənclərimizə, yeniyetmələrə çatdırmaq gərəkdir.

Unutmayaq ki, yeni yetişən nəsil, o cümlədən barəsində çox bəhs edilən “Z nəsli” bu dahi şəxsiyyətin müasiri olmayıb, Heydər Əliyevi ancaq bizim danışdıqlarımızdan, bir də kitablardan öyrənirlər. Onlar azad ölkədə, problemsiz cəmiyyətdə, davamlı inkişaf meyillərinin yaşandığı ictimai abu-havada formalaşıblar. Onlar Qarabağ savaşının acı məğlubiyyətini, etnik separatizm meyillərini, gecəli-gündüzlü çörək növbələrini, aclığı və səfaləti görməyiblər.

Açıq etiraf edək və gizlətməyək: yeni nəslin bir hissəsi Qurtuluş gününün əsl mahiyyətini də anlamır, həmin günlərin səbəb və nəticələri barədə dolğun təsəvvürə də malik deyil. Sanki 2021-ci ilin qalib, müzəffər Azərbaycanının davamlı inkişaf edən iqtisadiyyatı, yüksələn rifahı elə 1988-ci ildə də, 1992-1993-cü illərdə də, elə lap 1995-ci ildə də eyni olub. Acınacaqlı hal odur ki, - mən tarixçi olaraq, bunu ümumiyyətlə bağışlanmaz sayıram, - biz 28-30 ilin həqiqətlərini bəzi hallarda unuduruq.

Günahkar axtarmayaq. Ailədə valideyndən məktəbdəki pedaqoqlara, elmi araşdırma mərkəzlərindən siyasi təsisatlara, ictimai qurumlardan dövlət orqanlarınadək, İdarə Heyətinin üzvü olduğum Heydər Əliyev Partiyasının - Yeni Azərbaycan Partiyasının 760 min üzvündən, əlbəttə ki, dahi şəxsiyyətin şah əsərlərindən olan gözəl və füsunkar Bakının İcra Hakimiyyətinədək - hər birimizin bu prosesdə ciddi məsuliyyəti var. Hamımızın daha fəal səfərbərliyi vacib və mütləqdir.

Yenə də qayıdaq “Z nəsli”nə, - gələcəyimizi etibar edəcəyimiz bu gənclərə Heydər Əliyev irsinin təşviqatını taftaloji, standart yanaşmalardan uzaq, daha peşəkar, novator üsullarla, inandırıcılıq təsiri güclü və effektiv tərzdə, onların qəbul edəcəyi dil ilə, müasir informasiya və sosial media şəbəkəsindən düzgün bəhrələnməklə təlqin etməliyik.

Kampaniyaçılıqdan, mövsümi təşviqatlardan, populizmdən uzaq olmalıyıq. Heydər Əliyev elə bir qüdrətli düha, elə bir misilsiz xidmətlər sahibidir ki, onun nə mübaliğəyə, nə də obrazlı şişirtmələrə ehtiyacı var.

Heydər Əliyevi gələcəyimizə düzgün çatdırmalı, doğru anlatmalı, səmimi heyran etməliyik. Bu, bizim ən mühüm borcumuzdur!

Ümumilikdə Heydər Əliyevin təbliğatı prosesini yalnız bir şəxsiyyətin təşviqi üzərində qurmaq da düzgün deyil. Unutmamalıyıq ki:

- Heydər Əliyev bir şəxsiyyət dühasından əlavə, mükəmməl dövlətçilik sistemidir!

- Heydər Əliyev irsi müstəqil dövlətçilik kursudur!

- Heydər Əliyev siyasi xətti Azərbaycanın inkişaf, rifah prioritetləridir!

- Heydər Əliyev amalları məmləkətin etnik bütövlüyünü, ərazi birliyini, siyasi suverenliyini möhkəmləndirən əsas amildir!

- Heydər Əliyev şəxsiyyəti ən ali vətənpərvəplik, qüdrətli liderlik, intellektual dahilik örnəyidir!

- Heydər Əliyevin fəaliyyəti mümkünsüzü mümkünə çevirən, xaosdan intibaha keçidi təmin edən, xalqın və dövlətin əsrlər boyu inkişafına təkan verəcək proqramları hazırlayan təkmil məktəbdir!

Fikrimcə, bu prosesdə Heydər Əliyev Fondunun yanaşması, fəaliyyət üslubu ən doğru, ən düzgün, ən səmərəli nümunə kimi hamıya örnək olmalıdır. Çox hörmətli Mehriban xanım Əliyevanın formalaşdırdığı və fondun peşəkar komandasının ləyaqətlə, vicdanla həyata keçirdiyi Heydər Əliyev irsinin təbliği-təşviqi işini hər birimiz daha dərindən öyrənməklə yanaşı, prosesə töhfələr verməyə çalışmalı, öz sahəmizdə tətbiq etməliyik.

Heydər Əliyev elə müasir Azərbaycan deməkdir.

Dahi şəxsiyyət özü də 1998-ci ilin prezident seçkiləri kampaniyası dövründə seçiciləri ilə görüşündə “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda həmişə olacağam” deyə bəyan etmişdi.

Bəli, Heydər Əliyev həmişə var olacaq, hər zaman yaşayacaq - dövlətimizin müstəqillyində, uğurlarında, inkişafında və cənab İlham Əliyevin yaratdığı Tarixin Ən Qüdrətli Azərbaycanında...

 

Eldar ƏZİZOV,

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı,

YAP İdarə Heyətinin üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video