22 Sentyabr 2011 07:09
477
Mədəniyyət
A- A+

Səsin minbir naxışı

 

Vətəndən uzaqlarda Azərbaycana qanadlanan bir xəbər musiqisevərlərin sevincinə səbəb oldu. Səmərqənd şəhərinin məşhur "Reğistan" meydanında

YUNESKO-nun himayəsi altında keçirilən "Şərq təranələri" VIII Beynəlxalq Musiqi Festivalı uğurla başa çatdı. Bu mötəbər musiqi bayramında dünyanın 56 ölkəsindən gəlmiş 400-dən artıq musiqiçi, muğam nəzəriyyəçisi, həmçinin Özbəkistanın ədəbiyyat, incəsənət, mədəniyyət xadimləri, səfirlər və media nümayəndələri iştirak edirdilər. Festivalın açılış mərasimində Özbəkistan Prezidenti İslam Kərimov bu möhtəşəm musiqi bayramı münasibətilə bütün iştirakçıları ürəkdən təbrik etmişdi. Festivalda Azərbaycanı xalq artisti Nəzakət Teymurova təmsil edirdi. "Xarı bülbül" Xalq Çalğı Ansamblının müşayiəti ilə azərbaycanlı sənətkar xalq mahnılarını və muğam dəstgahını oxudu. Məlahətli səsi ilə tamaşaçıların rəğbətini qazanan muğam ustası bu festivalda YUNESKO-nun "Ən gözəl səs" adlı xüsusi mükafatına layiq görüldü.

Xatırladaq ki, 1997-ci ildə keçirilmiş

I "Şərq təranələri" festivalında Azərbaycanı təmsil edən müğənni Simarə İmanova ən yüksək mükafata - "Qran pri"yə layiq görülmüşdü. Sonrakı illərdə Alim Qasımov, Aygün Bəylər, Qoçaq Əsgərov birinci, Zabit Nəbizadə ikinci yerə layiq görülüblər. Amma Nəzakət Teymurova ilk Azərbaycan muğam ustadıdır ki, məhz YUNESKO-nun "Ən gözəl səs" adlı mükafatı ilə təltif edilib. Bu, sadəcə, bir festival qələbəsi yox, YUNESKO kimi mötəbər beynəlxalq mədəniyyət mərkəzinin azərbaycanlı ifaçıya, milli musiqiyə, muğamlarımıza verdiyi çox yüksək və nüfuzlu qiymətdir. Əlbəttə, musiqimizin tanınması, muğam ifaçılarımızın, müğənnilərimizin beynəlxalq arenada belə yüksək dərəcədə dəyərləndirilməsi  istiqamətində YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük xidməti vardır.

Qələbə sevincli müğənnimizlə redaksiyada görüşdük. Qibtə ediləcək dərəcədə yaddaşı və hafizəsi var. Bütün xalq mahnılarının sözlərini əzbər bilir. Amma yada salanda mütləq zümzümə etməlidir. Avazından gözəl Qarabağın ətri gəlir. Bu səbəbdən də onu dinləyəndə səsini içimizə çəkərək ürəyimizin döyüntüsünə qatırıq. Nəzakət xanım oxuduqca gözlərimiz önündə Qarabağın minbir mənzərəsi açılır, ana yurda gedən yollar görünür. Onun səsinin ahəngində qəribə bir qüdrət var. Bu məlahətli və yanıqlı səs dinləyicinin varlığında qeyri-adi bir təlatüm yaradır. Ona qulaq kəsildikcə bir laylay şirinliyi duyulur, ana əlinin sığalı hiss edilir. Eləcə bu səsə qoşulub əlçatmaz, ünyetməz yerlərin görüşünə getmək istəyirsən.

Təbəssümlü görünsə də, gözlərinin dərinliyində kədər və xiffət duyulur: "Bilirsiniz, mən Qarabağda dünyaya gəlmişəm. Uşaqlığım ağır illərə təsadüf etdi. Bizim evimiz ermənilərin atdığı mərmilərin dağıntısına məruz qaldı. Yurd-yuvamız əlimizdən getdi. Ailədə on uşaq olmuşuq. Atamı da erkən itirmişəm. Anamın sinəsi çox dağlıdır. Bir tərəfdən yurd itkisi, böyük bacımın qəfil ölümü - bütün bunlar hamısı onun şirin laylalarına ağır bir kədər qatıb. Deyirlər ki, Qarabağda adi daşın da səsi olar. Mübaliğəsiz söyləyim ki, anam Firəngizin çox yanılqlı, təsiredici səsi var. Onun zümzümə etdiyi bayatılarında, ağılarında elə sözlər var ki, onu sonralar heç bir ədəbiyyatda oxumadım".

Səsinin hünərinə dünyanı dolaşıb. Çox möhtəşəm konsert salonlarında uğurla çıxış edib. Tamaşaçılar onu saatlarla ayaqüstə alqışlayıblar. Hətta elə müsabiqələr, tədbirlər olub ki, ermənilərlə üz-üzə dayanmaq zorunda qalıb. Bir vətəndaşlıq qeyrəti və hünəri ilə onların xoşagəlməz səslərini Azərbaycan muğamlarının gücünə batırmaq istəyib. Elə bu sonuncu tədbirdə həm İrəvandan, həm də Amerikadan gəlmiş ermənilər də iştirak edirdilər. "Məni yandıran odur ki, bizim balabanı əlinə alaraq dünyanı gəzən Civan Kasparyan adlı birisi bu festivala da öz ismini qoyduğu nəvəsini gətirmişdi. Balabanımız bu erməni "dığa"sının əlində "dudik" adlanırdı". Amerikadan gələnlər məhz balabanda Azərbaycan rənglərini, musiqilərini çalırdılar. İrəvandan olanlar isə qədim xalq mahnı və muğamlarımızı oxuyurdular.

Nəzakət Teymurovaya bu hadisə çox ağır təsir edib. Nə cür əsəbi vəziyyətə düşübsə, bir an ona elə gəlib ki, səsi artıq batdı. Amma düşmənə olan sonsuz nifrəti və vətən sevgisi köməyinə yetib. "Qınamayın məni. Biz ifaçılar da belə yerdə səsimizlə döyüşürük", - söyləyir. Əlbəttə, fərəh duyulmalı haldır ki, belə bir məqamda məhz azərbaycanlı ifaçı ən yüksək mükafata layiq görülüb.

O, 1972-ci ildə Ağdam rayonunun Əlmədədli kəndində doğulub. Uşaq vaxtından musiqiyə, mahnı ifaçılığına böyük marağı olub. Məktəblərindəki özfəaliyyət dərnəyinin üzvü idi. Tez-tez Ağdam şəhərində konsert verməyə gedərdilər. Amma heç kəs onun müğənni olmasını istəmirdi. Bu səbəbdən də orta məktəbin VIII sinfini bitirdikdən sonra Bakı Baza Energetika Texnikumuna daxil olub. Amma ürəyi bu təhsil ocağında axıradək oxumağa imkan verməyib. Müsabiqə yolu ilə Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olub. Nəriman Əliyevin sinfində oxuyub. 1995-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Xalq artisti, professor Arif Babayevdən dərs alıb. Elə həmin ildən də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. İlk işi də "Leyli və Məcnun"da baş rolu yaratmaq olub. Doğrudur, bu səhnədə Leyli rolunun çox mahir, adlı-sanlı, yaddaşlara iz salan, sənətdə öz yolu olan ifaçıları var. Amma bu, bir həqiqətdir ki, Nəzakət Teymurovanın təqdim etdiyi Leyli də fərqli alınıb. Gözləri qəmli, sifəti təbəssümlü, zərif, səsinin ahəngində ürəyinin çırpıntısı duyulan Leyli! Onun tərəf-müqabili xalq artisti Mənsum İbrahimovun fikri çox maraqlıdır: "Səhnəyə çıxana qədər mən Nəzakət xanımı həmkarım kimi görürəm. Tamaşada isə özgə aləmdir. İnanırsınız ki, mən Mənsumluğumu da unuduram. Qarşımdakı əlçatmaz gözəlliyin önündə külə dönürəm. Hər dəfə də belə olur. Tamaşadan sonra sağ qalmağıma heyrətlənirəm. Nəzakət Teymurova həqiqətən bu Leyli qatarının sırasında çox fərqli bir ampluadadır".

Müəllimi Arif Babayev də onun haqqında səmimi danışdı: "Tələbəm çox olub. Hamısından da razıyam. Bəxtimdən gənclər əvvəlcədən özlərinə, səslərinə əmin olduqdan sonra mənim yanıma gəlirlər. Amma bu qızın səsində, vallah, bulaq şirinliyi var. Bilirsiniz də çay, okean, göl, dəniz, bir sözlə, nəhrlər çoxdur. Amma meşədə, dağda, bir qayanın, daşın altından bir ovuc su çıxır e, onun dadı əvəzsizdir, müqayisəsi tapılmaz. Bax, Nəzakət Teymurovanın da səsində bu cazibəni, ecazkarlığı duyuram. Allah ona ömür versin. Hələ nə qədər cavandır, səsi də yerindədir, qoy opera səhnəmizdə çoxlu obraz yaratsın, gələcək üçün də hamısı lentə alınsın".

Obrazlar qalereyası rəngarəngdir. Leylidən başlanan yol Şahsənəm ("Aşıq Qərib"), Gülbahar ("Gəlin qayası"), xanəndə qızlar ("Vaqif", "Natəvan", "Koroğlu") kimi rolların təqdimindən keçib.

Ümummilli lider Heydər Əliyev tərəfindən 2000-ci ildə əməkdar artist, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə 2005-ci ildə xalq artisti fəxri adına layiq görülüb. Nəzakət Teymurova, eyni zamanda, Prezident mükafatçısıdır.

Onun səsinin yayıldığı coğrafi ərazi də çox genişdir. Sənətçimiz Almaniya, ABŞ, Koreya, Yaponiya, Macarıstan, Fransa, Türkiyə, İran, İsveçrə, Küveyt və digər yerlərdə konsert proqramları ilə çıxış edərək Azərbaycan muğamlarını məharətlə ifa etmişdir. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə, xarici ölkələrdə keçirilən Azərbaycan Mədəniyyət Günlərində müntəzəm çıxış edən Nəzakət Teymurova həm də pedaqoji fəaliyyətlə məşğul olur. Milli Konservatoriyada və Musiqi Kollecində muğamdan dərs deyir.

Söhbət zamanı ürəyindən keçən bir fikri də dilə gətirdi: "Elə istəyirəm ki, xarici ölkələrdə təşkil olunan Azərbaycan gecələrində, konsertlərdə balaban ifaçılarımızın fəaliyyəti ayrıca bir nömrə kimi salınsın. Gör neçə illərdir ki, ermənilər bu alətlə dünyanı dolaşırlar. Onlar "Sarı gəlin"ə də sahib durmaq istədilər. Yaxşı ki, ifaçılarımız indi bütün görüşlərdə, beynəlxalq müsabiqələrdə, tədbirlərdə, musiqili gecələrdə bu mahnını oxuyurlar. Elə mənim özüm də uzun illər "Sarı gəlin"ə yaxın dura bilmədim. Hazır deyildim. Amma indi onu hər konsertimdə dilə gətirməsəm, ürəyim partlar".

Əlbəttə, milli sərvət sahiblik sevir. Laqeydlik, unutqanlıq onun əldən getməsinə səbəb ola bilər. Bir məsələ də var ki, ermənilər dədə-babadan oğurluqla məşğuldurlar. Cibində gizlətsən də, aparmağa çalışacaqlar. Əsas odur ki, biz öz sərvətimizin keşiyində mətin dayanmaqla bərabər, onu özümüz işlədək, nümayiş etdirək, göstərək. Elə ifadələr, sözlər var ki, onlar erməni dilində yoxdur. Məhz bizim özümüzə məxsusdur. Eləcə də xalq mahnılarının, muğamların sözlərini ermənicə qarşılığını belə tapmayaraq azərbaycanca işlətməyin özü də onların əliəyriliyindən xəbər verir.

Nəzakət xanımın qovuşmaq istədiyi müqəddəs arzularından biri də doğma Əlmədədliyə dönməkdir. Tez-tez anası Firəngiz xanımın titrək səslə çəkdiyi ağı onun da dilinin əzbəridir:

Ağam gəl, ay ağam, gəl,

Ölməmişəm, sağam, gəl.

Boynumda qəm zənciri

Yolunda dustağam, gəl!

 

Bu həm

 də doğma yerlərin çağırışıdır. Səsi ilə salonlar titrədən, alqışlar qazanan, sevilən, şöhrətlənən xalq artisti Nəzakət Teymurova nə vaxtsa candan əziz tutduğu Ağdama mütləq qayıdacaq! Biz inanırıq ki, YUNESKO-nun dəyərləndirdiyi bu gözəl səs Cıdır düzünü, Çalbayır dağlarını, Dəli dağı lərzəyə gətirəcək...

 

Flora XƏLİLZADƏ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video