01 Iyun 2012 12:06
393
Təhsil
A- A+

Şəmkirdə on məktəb binası tikilir

 

Yeni obyektlərdən ən böyüyü Abbaslı kəndində ucalır. İkimərtəbəli binadır, 480 nəfər şagird üçün nəzərdə tutulub.
Abbaslı, Seyfəli bölgəsində yerləşir. Burada azı iyirmi min ailə yaşayır. Odur ki, son illərdə bu yerlər bir neçə yaşayış məntəqəsinə bölünüb. Abbaslı ən iri, ən barlı-bəhərli kəndlərdən biridir. Burada iki məktəb fəaliyyət göstərir. Haqqında söhbət gedən şəhid Ələmdar Ələkbərov adına məktəbin azı doxsan yaşı var. 1923-cü ildə açılıb. Sonralar uyğunlaşdırılmış binaya köçürülsə də, şəraiti heç də yaxşı deyildi. Ona görə də indi müasir quruluşlu ikimərtəbəli məktəb binası inşa edilir.
Bu iş "Fərid" MMC-nin inşaatçılarına həvalə olunub. Təcrübəli kollektivdir. Qərb bölgəsində onlarca məktəb binasını tikib. Bu günlərdə Abbaslı kəndində olduq. Hər iş tərtib edilmiş cədvəl üzrə gedir. Mərtəbədə hörgü işləri, dam örtüyü başa çatıb. Qapı-pəncərələr salınıb. İstilik sistemi quraşdırılıb. Su, işıq, kanalizasiya problemləri həll olunub. Suvaqçılar da bu gün-sabah işlərini görüb qurtarırlar. Əsasən rəngləmə və ətrafın abadlaşdırılması işləri qalır. Ustalardan Saləddin Şirinov, Allahverdi Abdullayev, Zeynal Zeynalov, Əli Hüseynov, Amid Allahverdiyev və başqaları səylə, səliqə ilə çalışırlar.
Məktəbin direktoru Gülbəniz Bayramova deyir ki, tikintinin gedişi ilə kənddə hamı maraqlanır. Müəllimlər, valideynlər tez-tez gəlib baxır, yeri düşəndə  ustalara  kömək göstərirlər. Burada işıqlı-yaraşıqlı 24 sinif otağı, bir neçə laboratoriya, fənn kabineti, kitabxana, yeməkxana və idman zalı olacaqdır. Yeni məktəb binası yeni dərs ilinə kimi istifadəyə veriləcəkdir. G.Bayramova son illərdə məktəb tikintisinə olan qayğı və diqqətdən ürək dolusu danışaraq dedi ki, təkcə bu ətrafda, yəni, Mehrili, Xanallar, Aşağı Seyfəli kəndlərində üç yeni məktəb binası inşa olunur.
Ümumən son illərdə Şəmkir rayonunda digər abadlıq və quruculuq işləri ilə yanaşı, məktəb tikintisinə də xüsusi fikir verilir. Ümumtəhsil məktəblərinin yarıdan çoxu yenidən tikilib, yaxud əsaslı təmir olunub. Bu binaların altısı Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa edilib. Keçən il Qapanlı kəndində 480 yerlik orta məktəb binası istifadəyə verilib. Bu il isə yeni obyektlərin sayı daha çox olacaqdır. Rayonun müxtəlif yerlərində irili-xırdalı on məktəb binası tikilir, yaxud bərpa olunur, yenidən qurulur.
Təhsil şöbəsinin müdiri Məcid Şıxlı dedi ki, onların bir hissəsi yeni dərs ilinə kimi istifadəyə veriləcəkdir. Düyərli və Seyidlər kəndlərində məktəb binalarının inşası sürətlə davam edir. Bu yaxınlarda Sabirkənddə daha bir təhsil ocağının bünövrəsi qoyulub. Nazirlər Kabinetinin 2012-ci il 6 fevral tarixli sərəncamına əsasən Zəyəm qəsəbəsində iki nömrəli orta məktəb üçün 480 yerlik, Qasım İsmayılov kəndində 360 yerlik, Seyfəlidə 360 yerlik, Qaralarda 180 yerlik, Ceyrançöldə 80 yerlik  korpuslar və əlavə sinif otaqları inşa olunur. Günəşli kənd orta məktəbinin bərpasına hazırlıq işləri görülür. Yeni binalar istifadəyə verildikcə tədrisin keyfiyyəti də qat-qat yüksələcək və Şəmkirin təhsil sistemində yeni mərhələ başlanacaqdır.
Bu günlərdə cari ilin birinci rübünün yekunları müzakirə olunarkən toplantıda çıxış edən natiqlər rayonda hər sahənin yüksəlişinə, eləcə də təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən qayğı və diqqətə görə dövlət başçısına dərin minnətdarlıqlarını bildirdilər.

Əhməd İSAYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video