15:11 22 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Səmanın fatehi

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:51 25.07.2021

 

Gözlərinin qarşısından uşaqlıq illərindən bir kadr kino lenti kimi gəlib keçdi. Kağızdan düzəltdiyi təyyarəni eyvanın bir başından o biri başına uçurdub, qırğı kimi səkib o başda “təyyarəsini” özü qarşılayıb yerə düşməyə qoymadan tuturdu. Anası - “ay Zaur, bala, çox qorxulu oyun oynayırsan, “təyyarənin” arxasınca atılanda yerə düşə bilərsən, vallah tikən ələ gəlməz”, - deyə onu azarlayır, anası üzünü çevirən kimi Zaur eyni oyunu yenə təkrarlayırdı. Yenə “təyyarəsini” yerə düşməyə qoymadan tuturdu.

İndi onun təyyarəsini düşmən vurmuşdu. Təyyarə ilə yerin ara məsafəsi getdikcə azalırdı...

Bu dar macalda xatırladığı oyun olsa da, indi üz-üzə qaldığı oyun deyildi, həyat və ölüm məsələsi idi.

Qarşısında iki yol vardı, ya katapult oturacağı açıb özünü xilas etməli idi, ya da vurulmuş təyyarəsini düşmənin zirehli texnikası və çoxsaylı canlı qüvvəsinin üstünə çatdırmaqla döyüşü Azərbaycan Ordusunun xeyrinə həll etməlidir. Bir peşəkar təyyarəçi üçün ikinci yol daha məqbuldur. Zaur Nudirəliyev - “bir mən olmasam da olar, təki qələbə Azərbaycanın olsun”, - deyib yanan təyyarəni düşmən qüvvələrinin üstünə istiqamətləndirdi. Təyyarə sürətlə düşmənin zirehli texnikasına çırpılıb partladı. Yüzlərlə düşmən onun özü də içində olan təyyarəsinin partlaması ilə məhv oldu. O gün Cəbrayıl rayonu və ətraf kəndlər düşmən işğalından azad edildi.

Söhbət Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevdən gedir...

 

Vətən ikimizin də anasıdır

 

Zaur Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakıda anadan olub. Bir yaşı olanda atası dünyasını dəyişib. Anası Zauru böyütmək üçün çox çətinliklərlə üz-üzə qalıb, zavodda fəhlə işləyib.

Zaur anasının bu çətinliklərə necə cəsarətlə sinə gərdiyini görə-görə böyüyürdü.

Zaur orta təhsilini Zabrat qəsəbəsindəki 192 nömrəli məktəbdə alıb. Onun təhsil illəri ötən əsrin 90-cı illərinin əvvəlinə, Birinci Qarabağ müharibəsi dövrünə düşmüşdü. O, Qarabağdakı uğursuzluqların səbəblərindən birinin də ölkənin nizami ordusunun, ixtisaslı zabitlərinin olmaması ilə bağlılığı haqda müəllimlərindən çox eşitmişdi. Bir gün evdə anasına deyir ki, zabit olmaq istəyir və 7-ci sinifdən hərbi liseyə getmək fikri var. Anası deyib: “Mən səni bu yaşa çatdırmışam. Başqa heç kimim yoxdur, sən zabit olsan, vətənin övladı olacaqsan, bəs mənim övladım kim olacaq?”. “Sən mənim anamsan, vətən ikimizin də anasıdır, ikimizə də baxar” - deyə Zaur yaşına xas olmayan tərzdə anasının sualına cavab verib.

Müharibənin qızğın vaxtlarında, onun yaşadığı qəsəbəyə də şəhid tabutları gəldiyi 1992-ci ildə Zaur Nudirəliyev sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verir. Sənədlərini götürən qadın deyir ki, çox cılızsan, cüssən yoxdur, çətin ki, səni bura qəbul edələr. Zauru fikir götürür, evə qayıdıb bir plan tutur. Tibbi komissiyaya gedənə qədər həmin planla hər gün idman edir, rejimlə qidalanır. Tezliklə qaməti düzəlir, çəkisi artır və rahatlıqla komissiyadan keçir.

Hərbi liseydə oxuduğu illərdə isə qərar verir ki, pilot olacaq. Bunun üçün elə oxumalı idi ki, göstəriciləri onun Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbinə sənəd verməsinə imkan versin. O məktəbə yalnız liseyi əla qiymətlərlə başa vurmuş məzunları götürürdülər. Beləliklə, Zaur Nudirəliyev 2000-ci ildə arzu etdiyi ali hərbi məktəbi arzusunda olduğu təyyarəçi ixtisası üzrə oxuyub başa vurur.

“Zaurla tanış olanda o, artıq peşəkar zabit idi, mən Neft və Sənaye Universitetinin Kimya texnologiyaları fakültəsində axırıncı kursda oxuyurdum”, - deyə həyat yoldaşı Nazilə xanım Zaurlu günlərini vərəqləyir. Deyir Zaurun anası bizim qonşu qadınla bir yerdə Zabratda zavodda işləyirdilər:

- Qonşunun evində məclis vardı, məni də çağırmışdı ki, ona kömək edim. Zaur da anası ilə qonaqların arasında idi. Orda tanış olduq. Əvvəlcə kimya texnologiyası ilə maraqlandı, sonra zabit həyatının çətinliklərindən danışdı. Çox danışan adam deyildi, bir neçə kəlmə ilə fikrini çatdırıb çəkilərdi kənara. Sonralar ailə həyatımızda da elə oldu.

Bir neçə gün sonra anası gəldi bizə. Zaurla söhbətdən onun niyyətini anladım. Onu da hiss etmişdim ki, işləməyimə razı olmayacaq. Demişdi, zabit hardadısa, ailəsi də gərək orada olsun. Belə vəziyyətdə qadının işləməsi mümkün deyil. İşləmək arzuma əlvida deyəsi oldum. 2000-ci ilin avqustunda ailə qurduq, bir yerdə getdik Kürdəmirə. Səkkiz il orda yaşadıq. Uşaqlar məktəb yaşına çatandan sonra Bakıya qayıtdıq.

 

Fikri, düşüncəsi yalnız oxumaq idi

 

Həmin il Zauru Almaniyaya ikiillik təhsil almağa göndərirlər. O, Almaniyadan qayıdandan sonra yenə onunla getdik Kürdəmirə. Uşaqlar yuxarı siniflərdə oxuyanda yenə qayıtdıq Bakıya.

Zaur işinə çox bağlıydı. Bəzən deyirdim ki, nə qədər oxuyacaqsan, təhsil dalınca düşməyin kifayət deyil? Elə vaxt olurdu bir həftəlik kurs, yaxud təlim üçün okeanın o tayına gedirdi. Deyirdi, mənim peşəm elədir ki, oxumaqdan dayandınsa, qanadların qırılacaq, düşəcəksən yerə. Deyirdi, yalnız mənim peşəmdə yox, bütün peşələrdə təhsili davam etdirmək, öyrənmək lazımdır. Uşaqlara da oxumağı aşılayırdı. Mənə deyirdi ki, uşaqları dil kurslarına göndər. Qızına demişdi ki, elə oxu ki, sonra təhsilini xarici ölkələrdə davam etdirə biləsən. Deyirdi Almaniyada, Amerikada oxumaq istəsən, durmuşam arxanda. Evdə olanda yalnız uşaqların təhsili haqda danışardı, onlara istiqamət verərdi.

İşini çox sevirdi, amma bizə heç vaxt işindən danışmazdı. Onun əvvəlki döyüşlərdə də iştirak etməsini, qəhrəmanlıq göstərməsini 44 günlük Vətən müharibəsində şəhid olandan sonra zabit yoldaşlarından eşitdim. Bəzən səhər Kürdəmirdən gəlirdi, bir neçə saat evdə olurdu, uşaqlarla söhbət edirdi, axşam işinə qayıdırdı. Uşaqlar sınaq imtahanlarında az bal yığanda çox əsəbiləşirdi. İnternetdə tapdığı məlumatları atırdı uşaqlara, deyirdi ki, bunları oxuyun, öyrənin, dünyagörüşünüzü, intellektinizi hər zaman artırın.

 

Son illər atam ən yaxın dostum idi

 

Bayaqdan anasının söhbətlərini kənardan dinləyən qızı Pəri Nudirəliyeva söhbətə qoşulur: “Atam həmişə bizə diqqətli olub, qardaşıma da, mənə də xüsusi yanaşıb. Son vaxtlar isə lap dostlaşmışdıq. Sənət seçimində, harda oxuyacağımı məsləhətləşirdik. Atam məni özünə oxşadırdı, deyirdi ki, sən mənim kimisən, bir yerdə oturan, aza qane olan deyilsən. Rus dilini, ingilis dilini öyrənməyim çox xoşuna gəlirdi, deyirdi, hansı dili istəsən get kursa, öyrən. Ölkələri, onların təhsil proqramlarını yaxşı bilirdi, zəngin təcrübəsi vardı. Mənim iqtisadiyyatı seçməyim ürəyincə idi. Deyirdi xarici dilləri bilən iqtisadçıya ehtiyac var.”

 

Uğurlu araşdırma

 

Zaur Nudirəliyev 2011-ci il noyabr ayının 2-dən 2013-cü il iyunun 24-nə qədər Almaniyanın Hürt şəhərində alman dilini öyrənmək məqsədi ilə Hərbi liseydə təhsil almışdı.

20 illik xidməti ərzində “Hərbi xidmətdə fərqlənməyə görə” ayrı-ayrı illərdə 3-cü, 2-ci və 1-ci dərəcəli medallarla təltif edilib. Bunlar müharibəyə qədərki təltifləridir.

2020-ci il sentyabrın 27-də başalayan Vətən müharibəsində komandanlıq Zaur Nudirəliyevi yenidən kəşf etdi. Vətən müharibəsində “Su-25” hücum təyyarələri yeni üsullarla vuruşurdu. Həmin üsulu ilk dəfə Zaur Nudirəliyev icra etmişdi. O, nişangahdan istifadə etmədən, riyazi üsullarla bombaları düşmənin başına yağdırmışdı. “Su-25” təyyarəsindən lazer güdümlü bombaların birinci atışını reallaşdırmaq da Zaur Nudrəliyevin qismətinə yazılıbmış. Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində endirdiyi hava zərbələri nəticəsində Ermənistan ordusunun dayaq məntəqələri, canlı qüvvələri məhv edilmişdi. Onun sayəsində hücum edən Azərbaycan Ordusu qurudan ciddi üstünlüyə sahib idi.

Polkovnikin döyüş yoldaşı, Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru Cavid Fərəcovun sözlərinə görə, “Su-25” hücum təyyarəsi aşağı hündürlükdə istifadə üçün təyin olunub: “Orta hündürlükdə uçduğu halda isə hava hücumundan müdafiə vasitələri tərəfindən asanlıqla vurula bilər. Zaur Nudirəliyev araşdırıb ortaya çıxardı ki, “Su-25”in göstəriciləri daha çoxdur. Onlardan istifadə etməklə Zaur yeni döyüş üsulunu ərsəyə gətirdi. “Su-25” hücum təyyarəsindən ilk dəfə aşağı və orta hündürlükdən deyil, məhz yuxarı hündürlükdən istifadə etməklə gözlənilməz nəticə əldə etdi. Bu üsul təcrübədə uğurlu alındığı üçün sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı ondan geniş istifadə etdik. Nəticədə Ermənistan silahlı qüvvələrinin dayaq məntəqələrinə və canlı qüvvələrinə ağır zərbələr endirdik”.

...Həmin gün 12-ci uçuşu zamanı Zaur Nudirəliyevin təyyarəsi Cəbrayıl rayonu istiqamətində döyüşlərdə vurulur. Pilot ölümü ilə də qəhrəmanlıq tarixi yazaraq Azərbaycan Ordusuna Qələbə bəxş edən qəhrəmanlardan biri olur.

Zaur Nudirəliyev Azərbaycan Hərbi Hava Qüvvələri tarixində şəhid olan yeganə polkovnikdir. O, 1941-ci ildən sonra “Atəş ramı” reallaşdıran ilk pilotdur.

Polkovnik Zaur Nudirəliyev II Fəxri xiyabanda dəfn olunub. Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

...Onun təyyarəsini düşmən vurmuşdu. Təyyarə ilə yer arasındakı məsafə getdikcə azalırdı... Gözlərinin önündə çox gənc atası, artıq qırışları artmış anası durmuşdu. Hər ikisinin üzündə işıq yanırdı. Anası - “Ay Zaur, bala, sənə dedim axı, təhlükəli oyun oynayırsan, - deyə Zauru yerdən qaldırıb bağrına basdı. Cəbrayılın, Hadrutun, Füzulinin, Xocavəndin səması işığa büründü...

 

Ramilə QURBANLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM