21 Oktyabr 2021 02:00
669
CƏMİYYƏT
A- A+

Şəhid məktəb direktorunun xatirə kompleksi açılıb

 

Vətən müharibəsi başlayanda minlərlə Azərbaycan övladı kimi, Elvin İmaməliyev də sakit dayana bilmədi. O da torpaqlarımızın düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmək üçün könüllülər sırasına qatıldı. Direktoru olduğu Ağstafa şəhər 1 saylı tam orta məktəbdən birbaşa cəbhəyə yollandı.

Həmin günlər Füzuli, Cəbrayıl, eləcə də Şuşa şəhəri uğrunda gərgin döyüşlər gedirdi. Azərbaycan əsgərlərinin sıralarında Elvin də var idi. Lakin o, Şuşanın azad edilməsini görə bilmədi, gərgin keçən döyüşlərin birində qəhrəmancasına şəhid oldu. Ölümündən sonra Elvin İmaməliyev “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edildi.

Həmyerliləri və vaxtilə direktoru olduğu məktəbin kollektivi Elvini unutmur, onun qısa, lakin mənalı ömür yolunu gənc nəslə nümunə kimi göstərirlər. Bu günlərdə isə şəhidin vaxtilə direktor olduğu məktəbdə onun şərəfinə xatirə kompleksinin açılışı olmuşdur. Açılış mərasimində rayon rəhbərliyi, şəhidin ailə üzvləri, döyüş yoldaşları, qazilər, ictimaiyyət nümayəndələri, eləcə də təhsil işçiləri iştirak etmişlər.

Elvin İmaməliyev 1989-cu il mayın 9-da Ağstafa rayonun Qırılı kəndində anadan olmuşdur. 2019-cu ildə direktorların işə qəbulu üzrə müsabiqəyə qatılmış və yüksək bal toplayaraq Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbinə direktor təyin edilmişdir. O, gənc direktor kimi işgüzarlığı və təşəbbüskarlığı ilə tanınırdı.

Şəhidin atası Elsevər İmaməliyev deyir ki, Elvin Vətənini, torpağını, dövlətini çox sevirdi. Bu sevgini şagirdlərinə də aşılayırdı. Hər zaman şagirdlərinə vətənpərvərlik hissi aşılayırdı. Evdə isə iki oğul böyüdürdü. Evə gələndə övladları onu əllərinə bayraq alıb “Qarabağ Azərbaycandır!” deyərək qarşılayırdılar. Elvinin həyat yoldaşı Əsmər deyir ki, həmin bayraqlar indi də uşaqlarının əlindən düşmür.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video