19 Sentyabr 2021 00:57
1478
SİYASƏT
A- A+

Saxta erməni iddiaları

 

XX əsrin əvvəllərində indiki Ermənistanda 2310 coğrafi addan 2000-ə qədəri türkmənşəli olub

 

Tarixdə vandallığı ilə seçilən, qonşu torpaqlarına göz dikən ermənilər 200 ilə yaxındır Qərbi Azərbaycanda tariximizi saxtalaşdırmağa, türkmənşəli toponimləri dəyişdirib erməniləşdirməyə çalışırlar. Ermənilər (oxu: haylar) tarixdə bir neçə dəfə Azərbaycan türklərinə qarşı amansızlıq törədib, hətta onları öz ata-baba yurdlarından deportasiya etməyə müvəffəq olublar. Tarixçilər bildirirlər ki, daşnakların məqsədi türklərə aid torpaqları ələ keçirmək, onları öz yurdlarından çıxarıb “dənizdən-dənizə böyük Ermənistan” xülyasını gerçəkləşdirmək olub.

Elə bu faktı göstərək - türk tarixində, coğrafiyasında, mənəviyyatında, eposlarında önəmli yer tutan Ağrı dağının adının ermənilər tərəfindən dəyişdirilməsini.

Ağrı dağını Ararat adlandırmaqla onların məqsədləri özlərini bu yerlərin guya ulu sakinləri kimi dünyaya göstərməkdir. Hansı ki, Ağrı dağı türklərin milli simvollarından biridir.

Toponimlərimizin saxtakarcasına erməniləşdirilməsini təsdiq və ifşa edən arxiv materialları yetərincədir. Konkret desək, Azərbaycan Prezidenti İlham Əliyevin

18 aprel 2012-ci il tarixli sərəncamına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan, rus və ingilis dillərində çap olunan “Cənubi Qafqaz. 1903-cü il” xəritəsi saxta erməni iddialarını alt-üst edir. Həmin sərəncamda bildirilir ki, son vaxtlar ayrı-ayrı ölkələrdə Azərbaycanın ərazi bütövlüyünün, tarixi və coğrafi adlarının təhrif olunması, inzibati ərazi vahidlərinin, sərhədlərinin dəyişdirilməsi istiqamətində təxribat xarakterli materialların xəritələrdə və KİV-də yayılması halları artıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Kəlbəcər rayonuna səfəri zamanı bir daha dövlət başçısı bu məsələyə toxunaraq vaxtilə indiki Ermənistanda mövcud olmuş toponimlərin ermənilər tərəfindən saxtalaşdırılmasına diqqət çəkərək xalqımıza məxsus yer-yurd adlarının özlərinə qaytarılması, bu istiqamətdə təbliğatı gücləndirməyin, həqiqətin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğuladı.

Tarixi sənədlərə nəzər salsaq görərik ki, ermənilər İrəvanın yaxınlığındakı Molla Dursun, Kərpicli, Qurbağalı, Yeni Bəyazit, Qaraqola, Qızıldağ, Ahdağ və s. toponimlərimizi də dəyişdirib. Bunlar Azərbaycan Prezidentinin sərəncamı ilə nəşr olunan “Cənubi Qafqaz. 1903-cü il” xəritəsində də yer alan toponimlərdir.

Qərbi Azərbaycanda adı ermənilər tərəfindən dəyişdirilən yurdlarımız yüzlərlədir. Ermənistanda bir vaxtlar Barana tayfasının adı ilə böyük bir rayon mövcud olub. Sonra ermənilər onun adını dəyişdirərək Noyemberyana çeviriblər. Türkmənşəli Barana o vaxt Gəncə quberniyasının Qazax qəzasının nəzdində olub. Ermənilər bu rayonun adını saxtalaşdırmaqla əslində özlərini ifşa ediblər. Çünki bunun heç bir əsası yoxdur. Barana adını yaddaşlardan silmək onlara nəsib olmayıb. Əskipara kəndinin də adı dəyişdirilərək əvvəlcə saxtakarcasına Sarxan, sonra isə Voskipar qoyulub.

Bu cür çirkin siyasətlə Aşağı Körpülü kəndinin adı Axtanaq edilib. Rayonun Çalakənd toponimi erməniləşdirilərək Mikçnazor, God Şavar Şavan, Qalaça Bertavan, türk kökənli Lənbəli isə Baqrataşenə çevrilib. Barananın ikiaddımlığındakı Allahverdi də taleyi gətirməyən türkmənşəli toponimlərdəndir. Ermənilər onun da “adına əl gəzdirib” - Tumanyan adlandırıblar.

Məşhur Göyçə mahalında da həm sovet dövründə, həm də son illər addəyişmə əməliyyatı, yəni erməni saxtakarlığı davam etdirilib. Azərbaycan tarixində misilsiz yeri olan Göyçə mahalı Göyçəgölün sahilləri boyu geniş bir ərazini əhatə edən qədim yurdlarımızdandır. Bu ərazi Rusiya çarlığına müharibə yolu ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Sovet hakimiyyəti dövründə Göyçə mahalı süni şəkildə beş inzibati rayona bölünüb: Çəmbərək, Basarkeçər, Aşağı Qaranlıq, Kəvər və Yelenovka.

1920-ci ildən demokratik respublikamızı işğal edən sovet-bolşevik imperiyası Azərbaycan ərazisi olan Zəngəzur, Göyçə, Şərur, Dərələyəz, Dilican ərazisini qanunsuz şəkildə ermənilərə verib. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycanın tərkibində olub.

XVII əsrdən XIX əsrin əvvəllərinə kimi indiki Ermənistan ərazisi əhalisinin çoxunu Qafqaz müsəlmanları (azərbaycanlılar) təşkil edib. Cəfər Qiyasi və İbrahim Bozyelin “Armenian acts of cultural terrorism” kitabında göstərilir ki, ermənilərin özləri keçən əsrin ortalarına kimi təsdiq edirdilər ki, onlar indiki Ermənistan ərazisinə köçürülmüşlər. Əvvəllər burada etnik xalq kimi azərbaycanlılar yaşayıblar.

Təkcə XX əsrin əvvəllərində indiki Ermənistanda 2310 coğrafi addan 2000-ə qədəri türkmənşəli olub. Ermənistanda türkmənşəli toponimlərin dəyişdirilməsi dövrünü belə bölmək olar: 1918-1920-1930-1960-1980 və 1991-ci ildən sonra dəyişdirilənlər.

İlk addəyişdirmə (oxu: saxtakarlıqla erməniləşdirmə) 1801-ci ildə baş verib. Addəyişmənin birinci dövründə türkmənşəli adlar rus mənşəli toponimlərlə əvəz edilib. Bu da ərazinin çar Rusiyası tərəfindən işğalı və ora milliyyətcə rusların kütləvi şəkildə köçürülməsi ilə bağlı olub. İlk dəfə Cəlaloğlu rayonundakı (indi Stepanovan adlandırılır) Qaraməhəmməd kəndinin adı dəyişdirilərək Aleksandrovka qoyulub.

Tariximizin 1918-1920-ci illərə aid səhifələrində xalqımızın başına ermənilər tərəfindən gətirilən müsibətlər, əslində, soyqırımıdır. Belə ki, Bakıda, Şamaxıda, Qubada, Naxçıvanda, indiki Ermənistanda şaumyanların, lalayanların başçılığı ilə minlərlə azərbaycanlı qətlə yetirilib. Onlar xalqımıza işgəncə verməklə yanaşı, qədim tarixi, dini, mədəniyyət abidələrimizi, hətta yaşayış binalarını yandırmaqla və yenidən addəyişmə əməliyyatını davam etdirməklə mənəvi soyqırımını da davam etdiriblər. 1918-1920-ci illərdə indiki Ermənistan ərazisində dəyişdirilən bir qisim türkmənşəli adlar bunlardır: Molla Dursun - Şaumyan (Eçmiədzin), Yuxarı Ağdam - Qanzakar (İcevan) Hamamlı - Burastan (Artaşat) və s.

SSRİ dövründə toponimlərin dəyişdirilməsi prosesi nəticəsində təkcə 1924-1930-cu illər ərzində Ermənistanda 80 toponim dəyişdirilib. Onların dəyişdirilməsinə səbəb kimi isə 3 yanvar 1935-ci il tarixdə Ermənistan SSR-in rəsmi qərarı əsas göstərilib. Əsl səbəb isə gizlədilib. Bu gün hər kəsə aydındır ki, Ermənistandakı Türk toponimlərinin dəyişdirilməsinə əsas səbəb bu adların türkmənşəli olmasıdır. Bu da indiki Ermənistanda etnik əhalinin o dövrlərdə azərbaycanlılar olduğunu sübut edən əsas dəlildir.

Ermənistanda toponimlərin dəyişdirilməsi prosesi İkinci Dünya müharibəsindən sonra (1946-1950) daha da sürətlənib. Buna əsas səbəb 1946-1948-ci illərdə Yaxın Şərqdən, Şərqi Avropa və Amerikadan Ermənistana köçürülən ermənilərin sayının artması idi. Bu illər ərzində təqribən min nəfər erməni Qərbi Azərbaycana köçürülüb.

Toponimlərin dəyişdirilməsinin digər səbəbi Ermənistan ərazisindən azərbaycanlıların kütləvi çəkildə deportasiyası idi. SSRİ Nazirlər Şurasının 10 mart 1948-ci il tarixdə təsdiq etdiyi 745 nömrəli qərarına əsasən, azərbaycanlıların Ermənistan SSR-dən Azərbaycanın Kür-Araz ərazisinə köçürülməsi başlanıb. Həmin bədnam qərara əsasən, 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min azərbaycanlı öz tarixi ərazilərindən - indiki Ermənistandan köçürülüb.

Addəyişmə 1935-ci ildə müvəqqəti olaraq təxirə salınıb. Lakin 1935-ci il yanvarın 3-dən buna ermənilər yenidən başlayıb və Ermənistan SSRİ Ali Soveti Rəyasət Heyəti ilk fərmanı imzalayıb. Həmin fərmanla 29 rayonda 72 türk toponimi dəyişdirilərək mənəvi soyqırımı qurbanı olub. Məsələn, Qızıl kilsəni Karmiravan (Qukasyan), Böyük kəpənək Musaelyana (Axuryan), Künən Getaşenə (İcevan), Boğaz kəsən Dzorakana (Ani), İtquan Gülüstana (Əzizbəyov) çevrilib.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video