20:20 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sarsılmaz və möhtəşəm birliyin təcəssümü

ANA SƏHİFƏ / SİYASƏT
01:45 01.08.2021

 

Azərbaycan-Türkiyə-Pakistan münasibətləri yeni yüksəliş mərhələsinə qədəm qoyur

 

İkinci Qarabağ müharibəsindəki şanlı qələbə regionun siyasi və iqtisadi mənzərəsini müsbətə doğru dəyişib. Məhz buna görə də qalib Azərbaycan dövləti postmüharibə dövrünün reallıqlarına uyğun düşünülmüş addımlar atır.

Yeni reallıqlar fonunda dost və tərəfdaş ölkələrlə münasibətlər daha da gücləndirilir, bu istiqamətdə  əməkdaşlıq platformaları yaradılır. Bütün bunlar isə bir məqsədə xidmət edir: regionda davamlı sülhün təmin edilməsi və açılacaq Zəngəzur dəhlizinin imkanlarından səmərəli istifadə olunması.

İyunun 15-də mədəniyyət paytaxtımız Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsi, iyulun 27-də Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin imzaladığı Bakı Bəyannaməsi də bu prosesin tərkib hissəsidir. Bu sənədlər bir daha təsdiqləyir ki, üç dost ölkənin yaratdığı platforma ilə Avrasiyada yeni iqtisadi-siyasi və hərbi güc birliyi formalaşdırılır.

 

Qardaşlıq nümunəsi və regionda sülhün təminatçısı

 

Şuşa Bəyannaməsi təkcə Qarabağ bölgəsinin və ya Azərbaycan-Türkiyə münasibətlərinin deyil, eyni zamanda bütün regionun gələcək inkişaf perspektivlərini müəyyən edə biləcək mükəmməl bir razılaşmadır.

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birbaşa təşəbbüsü ilə imzalanmış Şuşa Bəyannaməsi nəinki Ermənistanla Azərbaycan arasında, eləcə də bütün regionda sülhün təminatçısına çevriləcək. Onun yaradacağı yeni iqtisadi əlaqələr, Azərbaycanla Türkiyə arasında daha da möhkəmlənən tərəfdaşlıq, qardaşlıq əlaqələri bütün bölgənin xilasıdır.

Azərbaycanla Türkiyə arasında əlaqələr uzun illərdir sürətlə inkişaf edir. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur. Eyni kök, adətlər, oxşar mədəniyyət, dil, din Azərbaycan Türkiyə əlaqələrini şərtləndirən mühüm amillərdir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər.

Atılan qəti addımlar sayəsində Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə dönmədən inkişaf etdirilməsi İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlər zəminində də əsl qardaşlıq nümayiş etdirmələrinin əməli göstəricisidir.

Prezident İlham Əliyev ən müxtəlif beynəlxalq tədbirlərdə həmişə birmənalı şəkildə Türkiyənin problemlərinin həllində qardaş ölkəyə birmənalı şəkildə dəstək verməyin əsl örnəyini nümayiş etdirib. İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, bu gün dünyada Azərbaycan və Türkiyə dövlətləri kimi əsl qardaş ölkələr göstərmək mümkün deyil.

44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstəyi əvəzedilməz, əsl qardaş dəstəyi idi.

İki dost ölkə xoş gündə də, dar gündə də bir-birinə böyük dəstək göstərir. Elə bu günlərdə qardaş ölkədə baş verən təhlükəli yanğınlar bütün Azərbaycanı sarsıtdı. Azərbaycan hər zaman olduğu kimi bu dəfə də qardaş ölkəyə yardım əlini uzatdı və bu gün Türkiyənin yanındadır.

Bir sözlə, sevincdə də, kədərdə də bir olan Türkiyə və Azərbaycana bütün dünya qibtə ilə baxır.

 

Örnək tərəfdaşlıq platforması

 

Bu bir reallıqdır ki, son illər müsəlman ölkələri davamlı olaraq ikili standartlar və ədalətsiz mövqe ilə üzləşirlər. Bu baxımdan müsəlman ölkələri arasında birlik və həmrəyliyin gücləndirilməsi xüsusi önəm daşıyır. Azərbaycan, Türkiyə və Pakistan parlament rəhbərləri arasında imzalanan Bakı Bəyannaməsi də bu məqsədə xidmət edir.

Üç dost ölkənin bir araya gəlməsində təşəbbüskar olan Azərbaycan dialoqlararası məkan olaraq, bu dəfə də xoşməramlı niyyətini ortaya qoydu. Əlbəttə ki, bu, dövlətlərarası münasibətlərdə xüsusi rol oynayan dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə müsbət təsirini göstərəcək.

Müasir dövrdə Azərbaycan, Türkiyə və Pakistan nümunəvi əməkdaşlıq modelini uğurla inkişaf etdirirlər. Bakı Bəyannaməsi isə bu əlaqələrin daha da inkişaf etdirilməsinə real zəmin yaradacaq. Üç ölkə arasındakı münasibətlər dostluq və qardaşlıq əsasında formalaşıb. Təməli qoyulan üçtərəfli parlamentlərarası əməkdaşlıq formatı tarixi əhəmiyyətə malik dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə əlavə təkandır.

Bakı Bəyannaməsi həm də strateji əhəmiyyət kəsb edir. Bu Bəyannamə dövlətlərarası qarşılıqlı hörmət və etimad əsasında mövcud əlaqələrin inkişafında xüsusi rol oynayacaq. Qardaş xalqları daha da yaxınlaşdırmaq üçün həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə parlamentlərarası dialoq və əməkdaşlığını inkişaf etdirməyə yönələn səyləri qətiyyətlə bəyan edir. Bəyannamədə mövcud əlaqələri gücləndirmək və daimi komitələrin, dostluq qruplarının və parlamentlərin inzibati heyət arasında ünsiyyəti inkişaf etdirmək öhdəlikləri diqqətə çəkilib. Tərəflər beynəlxalq anlaşılmazlıqların həllində, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində ikitərəfli və çoxtərəfli parlamentar əlaqələrin rolunu vurğulayıblar.

Bu birlik daha böyük və geniş layihələrin reallaşmasına əsas olacaq, dövlətlərarası  müxtəlif sahələri əhatə edən işbirliyinin uğurla davam etdirilməsinə böyük töhfə verəcək.

Üç ölkənin parlament rəhbərlərinin Şuşaya, Füzuliyə səfəri isə həm Ermənistana, həm də dünyaya bir daha mesaj oldu. Məğlub Ermənistan gördü ki, artıq Qarabağda təxribatlar törətməklə heç nəyə nail ola bilməyəcək. Ən doğru seçim Azərbaycanla hesablaşmaqdır. Zəngəzur dəhlizinin açılması isə bu ölkənin fəlakətdən qurtuluşuna yardımçı ola bilər.   

Bir sözlə, Azərbaycan, Türkiyə və Pakistanın müttəfiqliyi hər üç ölkənin, eyni zamanda bəşəriyyətin mənafeyinə xidmət edir. Bütövlükdə bu üç ölkənin son illərdə daha da möhkəmlənən çoxşaxəli əməkdaşlığı Avrasiyada yeni aparıcı güc mərkəzinin formalaşmasını şərtləndirir.

 

R.BAXŞƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM