09 Mart 2021 12:59
582
PARLAMENT
A- A+

Sahibə Qafarova: Yeni Azərbaycan Partiyasının üzvləri ölkəmizin xoşbəxt gələcəyi naminə bundan sonra da var qüvvələrini sərf edəcəklər

 

Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mən YAP-ın qurultayı münasibətilə partiyanın bütün üzvlərini ürəkdən təbrik edirəm. Qurultayda Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş nitqlə çıxış edib. Proqram xarakteri daşıyan bu nitqdə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan partiyanın yaranma tarixinə, ölkəmizin ictimai-siyasi inkişafında oynadığı son dərəcə mühüm rola nəzər salınıb, Azərbaycanın siyasi, iqtisadi və hərbi potensialının gücləndirilməsi, dünyanın hesablaşdığı nüfuzlu bir dövlətə çevrilməsi üçün görülmüş işlərdən, qarşıda dayanan vəzifələrdən bəhs edilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasındakı çıxışında bildirib.

Sahibə Qafarova deyib: “Bu gün biz qürurla söyləyirik ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ölkəmizin başlıca problemini həll edib, 30 ilə yaxın müddətdə Ermənistanın işğal altında saxladığı torpaqlarımızı azad etmiş, dövlətimizin ərazi bütövlüyünü bərpa edib. Bununla da ölkəmizdə və bölgədə tamamilə yeni geosiyasi vəziyyət yaranıb. Möhtərəm Prezidentimizin dediyi kimi, biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun”.

Qurultayda bir sıra mühüm qərarlar qəbul edildiyini, struktur və kadr dəyişikliklərinin həyata keçirildiyini söyləyən parlamentin sədri deyib: “Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, partiyamızın yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Mən bütün həmfikirlərim adından Mehriban xanım Əliyevanı təbrik edir, bu şərəfli və məsul vəzifədə ona uğurlar arzulayıram. Eyni zamanda, partiyanın rəhbər orqanlarına seçilmiş həmkarlarımızı təbrik edirəm. İnanıram ki, onlar bu yüksək etimadı öz fəaliyyətləri ilə doğruldacaqlar”.

Sədr qeyd edib ki, Yeni Azərbaycan Partiyası xalqın istək və arzularını təcəssüm etdirən siyasi qüvvə kimi tarixi zərurətdən yaranıb, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və suverenlik, azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində inkişaf etmiş və ölkəmizin siyasi həyatında indiki mövqeyinə yüksəlmişdir. Mən əminəm ki, Yeni Azərbaycan Partiyasının üzvləri möhtərəm Prezidentimiz, partiyamızın Sədri İlham Əliyevin həyata keçirdiyi möhtəşəm işləri və yeni quruculuq siyasətini dəstəkləmək üçün onun ətrafında daha sıx birləşərək Azərbaycanın xoşbəxt gələcəyi naminə bundan sonra da var qüvvələrini sərf edəcəklər.

Ölkəmizdə ordu quruculuğu, silahlı qüvvələrin kompleks inkişafı və modernləşdirilməsi məsələlərinin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu söyləyən parlamentin sədri deyib: “Şanlı ordumuzun vəziyyəti və nailiyyətləri Milli Məclisin iclaslarında da dəfələrlə vurğulanıb və yüksək qiymətləndirilib. Bu gün dünyanın güclü orduları sırasında layiqli yer tutan Azərbaycan Ordusu Vətən Müharibəsinin gedişində ölkəmizin və dünyanın hərb tarixinə yeni şanlı səhifələr yazmışdır. Bunu da unutmaq olmaz ki, erməni faşizmi üzərində qələbə silahlı qüvvələrimizin texnoloji təminatı hesabına deyil, əsgər və zabitlərimizin mərdlik və şücaəti, fədakarlığı sayəsində əldə edilmişdir. Möhtərəm Prezidentimizin dediyi kimi, “bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. ...bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”. Bununla əlaqədar xüsusi qeyd etmək istəyirəm ki, hərbi qulluqçuların təminatının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə həyata keçirilən hərbi siyasətin ən mühüm istiqamətlərindən birini təşkil edir. Bildiyiniz kimi, bu günlərdə post-müharibə dövrünün bir sıra təhdidləri, xidmətin xüsusiyyətləri, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyi nəzərə alınaraq hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilmişdir. Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilmişdir. İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunmuşdur. Biz hamımız yaxşı bilirik ki, maaş əlavələri ilə bağlı bu qərar zaman tələb edən bir prosesin nəticəsində qəbul olunub. Bütün bunlar onu göstərir ki, hərbi qulluqçular dövlətin daimi qayğısı ilə əhatə olunurlar və onların problemlərinin həlli hər zaman olduğu kimi bundan sonra da dövlətimizin rəhbərliyinin diqqət mərkəzində olacaqdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video