02 Iyul 2021 19:35
1290
PARLAMENT
A- A+

Sahibə Qafarova: Qırğızıstanla ikitərəfli münasibətlərimiz parlamentlər səviyyəsində də yüksələn xətlə inkişaf edir

 

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 2-də ölkəmizdə səfərdə olan Qırğızıstan Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova qonaqları səmimi salamlayaraq Azərbaycanın dost Qırğızıstanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini söyləyib. Qeyd edilib ki, xalqlarımız arasındaki mədəni və mənəvi yaxınlıq münasibətlərimizin daha da dərinləşməsi üçün yaxşı zəmin yaradır. Tarixən mövcud olan əlaqələrimiz ölkələrimiz müstəqillik əldə etdikdən sonra keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Yüksəksəviyyəli qarşılıqlı səfərlər zamanı aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər əməkdaşlığımızın dərinləşməsində əhəmiyyətli rol oynayır. İqtisadi sahədə də yüksək nailiyyətlər əldə etmək üçün potensial imkanlar mövcuddur.

Milli Məclisin sədri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə Zəfər qazanaraq işğal altındakı torpaqlarını azad etdiyini və bununla da BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərini özü yerinə yetirdiyini diqqətə çatdırıb. Bildirilib ki, Qarabağda işğaldan azad olunmuş ərazilərdə bütün mülki infrastruktur, mədəni abidələr erməni vandalları tərəfindən dağıdılıb. Bu dağıntıları ancaq Xirosima ilə müqayisə etmək olar. Münaqişənin artıq həll edilməsinə baxmayaraq, Ermənistan öz çirkin niyyətlərindən əl çəkmək istəmir. Burada aparılan bərpa, quruculuq işlərinə mane olmaq, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması prosesini ləngitmək məqsədilə minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir, ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tələblərini yerinə yetirməkdən boyun qaçırır. Ermənistan, həmçinin sərhəddə təxribatlar törədir, azad olunmuş ərazilərə terrorist qrupları göndərir. “Hərbi əsirlər” məsələsində beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. S.Qafarova Azərbaycan həqiqətlərini dəstəklədiklərinə görə Qırğızıstan tərəfinə minnətdarlığını ifadə edib.

Söhbət zamanı Sahibə Qafarova bildirib ki, ikitərəfli münasibətlərimiz parlamentlər səviyyəsində də yüksələn xətlə inkişaf etməkdədir. O, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Onların fəaliyyəti barədə fikirlərini bölüşüb. Qeyd olunub ki, beynəlxalq təşkilatlar çərçivəsində deputatlarımızın mütəmadi görüşləri ümumi mənafelərə xidmət edir. Milli Məclisin sədri TÜRKPA çərçivəsində əməkdaşlığın da əhəmiyyətini vurğulayıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Ruslan Kazakbayev ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Bildirilib ki, Azərbaycan Qırğızıstan üçün önəmli ölkədir. Ruslan Kazakbayev bəşəriyyətin bəlasına çevrilmiş pandemiya ilə əlaqədar Azərbaycanın Qırğızıstana etdiyi humanitar yardıma görə minnətdar olduqlarını deyib. Nazir parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsinin həyatın digər sahələrinə də müsbət təsirini göstərəcəyinə əmin olduğunu söyləyib.

Sonra tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.

Görüşdə Milli Məclisin komitə sədri, Qırğızıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Musa Quliyev, komitə sədri Səməd Seyidov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucov və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video