17 Sentyabr 2021 00:47
1378
SİYASƏT
A- A+

SADƏ, amma QƏTİ

 

İlham Əliyevin dövlət məmurlarından tələbi:  “Nümunə göstərmək, insanlarla bir yerdə olmaq, əhalinin qayğısına qalmaq”

 

Bu yazımızda Prezident İlham Əliyevin Cəlilabad və Şəmkir rayon icra hakimiyyətlərinə yeni başçıların təyinatı ilə bağlı videoformatda keçirdiyi qəbulunu bir neçə baxış bucağından nəzərdən keçirməyə və qiymətləndirməyə çalışacağıq.

30 ilə yaxın davam edən erməni işğalından sonra  44 günlük Vətən  müharibəsinin Ali Baş Komandanın, Azərbaycan Ordusunun və bütünlükdə xalqımızın möhtəşəm qələbəsi ilə başa çatması bizə düşmənlərin və bütün dünyanın qibtə edə biləcəyi gücə, birliyə və əfsanəvi döyüş ruhuna malik olduğumuzu göstərdi. Həmin Vətən savaşında Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında hər gün yeni qələbələrə imza atırdı. Düşmənin üstünə şığıyan igidlərimiz ölümü təbəssümlə - ən yüksək mükafat kimi qəbul edirdilər. Yaralı əsgərlərimizin yerə yıxılmadan, çökmədən, qəzəblə düşmənin üstünə yerimələri bu gün də erməni işğalçıları üçün qorxulu mənzərədir.

Azərbaycan xalqı cəbhəyə gedən oğullarını elliklə, toy-bayramla  yola salırdı və ondan daha təmtəraqla, daha böyük izdihamla şəhidlərini qarşılayırdı. Analarımız, bacılarımız, qız və gəlinlərimiz gözyaşlarını gizlədirdilər, kişilər oğul dərdini, qardaş itkisini içlərinə çəkirdilər, Vətən sağ olsun deyirdilər. Bəli, bu savaş bizə bir daha özümüzü, kimliyimizi tanıtdı. Bildik ki, biz bu gün  gücünü dərk edən yenilməz xalqıq. Bunu hamı, hətta düşmən də anlayır və qəbul edir.

Məhz bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin yeni icra başçılarının təyinatı ilə bağlı keçirdiyi qəbuldakı çıxışının əvvəlkilərinə nisbətən daha sərt və tələbkar olması təbiidir. Çünki bugünkü məmurlar vəzifələrindən və qulluq yerlərindən asılı olmayaraq qalib, özünə güvənən xalqa işləyirlər. Ona görə də onlar, dövlət başçısının dediyi kimi, “...nümunə olmalıdır, ...elə işləməlidirlər ki, daim insanlarla bir yerdə olsunlar”. Sonra da əlavə edir: “Mənim tövsiyələrimin içində bu tövsiyə də həmişə xüsusi yer tutur. Sizə də deyirəm, siz insanların arasında olmalısınız, onlarla daim təmasda olmalısınız, onların qayğıları ilə yaşamalısınız və çalışmalısınız ki, imkan daxilində onlara kömək edəsiniz”.

Prezidentin tələbi sadədir: əgər Vətənimizin azadlığı uğrunda son döyüşdə iqtidar-xalq birliyi ən yüksək zirvəyə ucaldısa, indi heç bir məmurun vəzifəsindən asılı olmayaraq bu möhtəşəm gücə xələl gətirən, ziyan vuran addım atmağa nə mənəvi, nə də hüquqi haqqı var. Bu gün korrupsiyaya əyilən, rüşvətə baş əyən hər bir dövlət məmuru Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə əldə edilən misli görünməmiş iqtidar-xalq birliyinə xəyanət etmiş olur. Prezident  korrupsiyaya meyilli məmurları bir cümlə ilə damğaladı: “Bu insanlar özlərini biabır edirlər, bizim iqtidarımıza ləkə vururlar”.   

Azərbaycan Prezidenti çıxışında Cəlilabad və Şəmkir rayonlarının sosial-iqtisadi inkişafı üçün əsas infrastruktur layihələrinin icra edildiyini, hər iki rayonda böyük abadlıq işlərinin görüldüyünü və elektrik təsərrüfatının tamamilə yeniləndiyini, qazlaşdırma işlərinin yekunlaşmaq üzrə olduğunu qeyd etdi. Bununla belə həmin rayonlarda idarəetmə sistemindəki qusur və çatışmazlıqları ciddi tənqid etdi: “Ancaq əfsuslar olsun ki, real həyatda biz bunun tam əksini görürük. Bunun nəticəsində və eyni zamanda buraxılmış ciddi nöqsanlar, pozuntular, rüşvətxorluq və korrupsiya hallarına görə həm Cəlilabad, həm də Şəmkir rayonlarının keçmiş icra başçıları cinayət məsuliyyətinə cəlb olunmuşlar. İndi hər kəs görür ki, heç kim qanundan yuxarı dayana bilməz və burada hər kəs qanun qarşısında bərabərdir. Heç kimdə immunitet yoxdur və ola bilməz. Bütün dövlət məmurlarını vəzifəyə təyin edərkən mən bu tövsiyələri verirəm. Ancaq sizdən əvvəl bu vəzifələrdə çalışmış insanlar yalnız şəxsi mənafelərini güdürdülər, talançılığa, rüşvətxorluğa və korrupsiyaya qurşanmışdılar, insanlara laqeyd yanaşırdılar, rayonların qarşısında duran gündəlik problemlərlə yox, öz şəxsi problemləri ilə, şəxsi biznesləri ilə məşğul idilər və əlbəttə, insanların haqlı narazılığına səbəb olmuşdular. Bütün bu faktlar üzə çıxandan sonra, əlbəttə ki, hər iki icra başçısı öz vəzifələrindən azad edildi və indi onlar qanun qarşısında cavab verəcəklər. İstintaq gedir, istintaq hər şeyi göstərəcək. Ancaq ilkin məlumatlar, o cümlədən sübutlar və istintaq materialları deməyə əsas verir ki, bu insanların cinayət məsuliyyətinə cəlb edilməsi tam əsaslı idi”.

Bununla dövlət başçısı sadə insanların diqqətinə çatdırdı ki, dövlətin ən məsul vəzifəsi xalq-iqtidar birliyini qorumaq və inkişaf etdirməkdir. Bu birliyin qorunması dövlətin daxili siyasətinin ana xəttidir. Kim bu birliyə biganə yanaşarsa, vəzifəsindən şəxsi məqsədləri, varlanmaq üçün istifadə edərsə, cəzasız qalmayacaq: “Hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz. Bunu mən dəfələrlə demişəm, bir daha demək istəyirəm, sizə də deyirəm və bu gün bütün digər məmurlara deyirəm - əgər məmurlar öz işində yenə də bu çirkin əməllərdən əl çəkməsələr, onların da aqibəti eyni olacaq. Hətta çıxışlarımın birində demişdim ki, əgər təmiz işləmək istəmirsinizsə, getməyin bu işlərə, razılıq verməyin, yoxsa bədbəxt olacaqsınız. Əgər siz bu məsuliyyətin altına girirsinizsə, onda bax, dediyim kimi, qanun çərçivəsində işləməlisiniz və bu yüksək etimadı doğrultmalısınız. Elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar”. Başlıca meyar budur. Dövlət məmuru nümunəvi olmalı, insanların dolanışığı, insanların rahatlığı dövlət məmurunun fəaliyyətinin qayəsini təşkil etməlidir: “Sizə də deyirəm, siz insanların arasında olmalısınız, onlarla daim təmasda olmalısınız, onların qayğıları ilə yaşamalısınız və çalışmalısınız ki, imkan daxilində onlara kömək edəsiniz”.

Prezidentin çıxışından belə qənaətə gəlmək olur  ki, kadr islahatları davam edəcək, korrupsiya ilə mübarizədə heç bir cinayət əməli cəzasız qalmayacaq və heç kimə qanundan yuxarıda dayanmağa imkan verilməyəcək.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video