24 Aprel 2020 01:43
1905
SİYASƏT
A- A+

Reytinq yüksəlir, nüfuz artır


Beynəlxalq təşkilatlar qlobal böhran dövründə də Prezident İlham Əliyevin reallaşdırdığı kompleks islahatları yüksək qiymətləndirirlər


2020-ci il dünya iqtisadiyyatı üçün o qədər də uğurlu il olmayacaq. Həm qlobal pandemiya ilə mübarizə, həm də neftin qiymətinin kəskin düşməsi bunu şərtləndirən mühüm amillərdir. Artıq 4 aydır ki, dünyanın əksər dövlətləri koronavirus pandemiyası ilə mübarizə aparmaqdadır. Dünyanın bu bəladan nə zaman qurtulacağı da bəlli deyil. Maraqlıdır ki, infeksiya daha çox inkişaf etmiş ölkələrdə ciddi problemlər yaradır. Avropanın böyük dövlətlərinin səhiyyə sistemi demək olar ki, çöküb. Əlbəttə ki, bu durum qarşıdakı illərdə ölkə iqtisadiyyatına ciddi mənfi təsirlərini göstərəcək.


İnsan sağlamlığı və makroiqtisadi sabitliyin qorunması


Azərbaycan da hazırda qlobal pandemiya ilə mübarizə aparmaqdadır. Ancaq vaxtında görülən qabaqlayıcı tədbirlər bu gün öz nəticəsini göstərir. Ölkədə karantin rejiminin elan edilməsi ilə dövlət həm insan sağlamlığının, həm də makroiqtisadi sabitliyin qorunmasını təmin edir. Karantin rejimi ilə əlaqədar olaraq dövlət və özəl müəssisələrin fəaliyyətinin müvəqqəti dayandırılması da insanların sosial rifah halına mənfi təsir göstərməyib.

Çünki hər zaman müdrik və qətiyyətli qərarları ilə xalqın rifahının yüksəlməsi naminə sosial-iqtisadi paketlər qəbul edən Prezident İlham Əliyev qlobal pandemiya dövründə daha böyük və genişmiqyaslı iqtisadi-sosial paketini təqdim edərək hər kəsi sevindirdi. Maliyyə həcmi 3-3,5 milyard manat olan bu paket əsasında dövlət dəstəyi proqramları hazırlandı və işləməyən vətəndaşlara, aztəminatlı ailələrə, sahibkarlara maddi yardımlar edildi. Bu gün də proses davam etməkdədir.

Əlbəttə ki, bu, Prezident İlham Əliyevin davamlı iqtisadi islahatlarının, dövlətin qüdrətinin göstəricisidir. Onu da nəzərə almalıyıq ki, dövlət bu yardımları heç bir beynəlxalq təşkilatdan kredit almadan həyata keçirir. Əvəzində qlobal böhranla mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına da maliyyə yardımı ayırır.


Qlobal pandemiya dövründə sosial-iqtisadi uğurlar


Təbii ki, pandemiya iqtisadiyyatın bir çox sahələrini qeyri-müəyyən müddətdə iflic edib, qlobal istehlakı daraldıb, nəticədə dünya iqtisadiyyatına və ticarətinə ağır zərbə vurulub, qlobal iqtisadi böhranın ilkin əlamətləri yaranıb. Lakin qlobal böhrandan az itki ilə çıxmaq üçün qabaqlayıcı tədbirlər görən dövlətlər daxili makroiqtisadi sabitliyi qoruya biliblər.

Yəni ilin əvvəlindən bu günədək keçən dövrdə iqtisadi sektorda uğurlar əldə edən ölkələr o qədər də çox deyil. Ancaq ölkəmizin 3 aylıq sosial-iqtisadi göstəricilərinə nəzər yetirsək, o zaman qlobal pandemiya dövründə müxtəlif sahələr üzrə yüksəlişin də şahidi olarıq.

Təkcə 3 ayda ümumi daxili məhsul 1,1 faiz, qeyri-neft sektoru 3 faiz, qeyri-neft sənaye sektoru 23 faiz, informasiya-kommunikasiya texnologiyalar 18 faiz, dağ-mədən sənayesi 12 faiz, kənd təsərrüfatı 3,7 faiz, elektrik enerjisi, qaz-buxar istehsalı 17 faiz, yük daşımaları 7,2 faiz artıb. Həmçinin vergi və gömrük orqanlarından əlavə daxilolma 310 milyon manat təşkil edib. Bu dövrdə orta aylıq əməkhaqqı 28 faiz, orta pensiya 27 faiz artıb, orta pensiya 295 manat, yaşa görə pensiya isə 330 manata yaxındır.

Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə də dövlət başçısı yanvar-mart aylarının sosial-iqtisadi göstəricilərini yüksək qiymətləndirib. Çünki bu müddətdə həyata keçirilən sosial-iqtisadi islahatlar sayəsində qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılıb.


Azərbaycan bütün reytinqlərdə yüksəlişdədir


Son vaxtlar aparılan islahatlar nəticəsində Azərbaycanda biznes mühiti böyük dərəcədə yaxşılaşıb. Bunu bir neçə mötəbər beynəlxalq təşkilat da qeyd edir. Mart ayında dünyanın ən böyük beyin mərkəzlərindən biri olan "Heritage Foundation” tərəfindən hazırlanan "İqtisadi Azadlıq İndeksi 2020” hesabatında Azərbaycan 16 pillə irəliləyərək 180 ölkə arasında 44-cü yerdə qərarlaşıb.

Azərbaycan builki hesabatda Asiya-Sakit Okean regionu ölkələri sırasından çıxarılaraq Avropa regionuna daxil edilib, iqtisadi azadlıq dərəcəsinə görə dünya üzrə orta göstəricidən (61.6) yuxarı, regional göstəricidən isə cəmi 0,5 bal ilə geri nəticə göstərib. Həmçinin "İqtisadi Azadlıq İndeksi 2020” üzrə Avropa regionunda 45 ölkə arasında 24-cü yerdə qərarlaşıb və regionda ən çox irəliləyən ölkələr arasında birinci yerdədir. Bundan əlavə, sözügedən indeks üzrə Azərbaycan Polşa, Belçika, İspaniya, Fransa, Türkiyə, İtaliya və bu kimi ölkələr ilə müqayisədə ön sıralarda yer tutub.

Bundan əlavə, son iki ildə iki kredit reytinq agentliyi "Standard & Poor's” və "Fitch” təşkilatlarının hesabatlarında Azərbaycanın kredit reytinqi yüksəlib.

Dünya Bankı, Davos İqtisadi Forumu və ABŞ-ın İrs Fondunun son hesabatlarında Azərbaycanın mövqeyinin yaxşılaşması bir daha onu deməyə əsas verir ki, dünyanın reytinq tərtib edən bütün mötəbər qurumları Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatların real nəticələrini qəbul edir və Azərbaycanı MDB-də ən islahatçı ölkə kimi təsbit edirlər. Beynəlxalq təşkilatların reytinqləri cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü, kompleks və köklü iqtisadi islahatlara verilən beynəlxalq qiymətdir. Bütün bunlar Azərbaycanın güclü ölkə kimi beynəlxalq aləmdə nüfuzunu günbəgün artırır.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video