29 Dekabr 2019 12:13
1852
Tədbirlər
A- A+

Respublikamızda genişmiqyaslı islahatlar enerji sektorunu da hərtərəfli əhatə edib


Dekabrın 29-da Bakının Səbail rayonunun Badamdar qəsəbəsində "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq "Müşfiq” və 110/35/10 kilovoltluq "Zabrat” yarımstansiyaları istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

"Azərenerji” ASC-nin prezidenti Baba Rzayev yarımstansiyalarda görülən yenidənqurma işləri barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, 2018-ci ilin sentyabrından ölkəmizin enerji sistemində islahatların keyfiyyətcə yeni mərhələsinə start verilib, yerli və xarici mütəxəssislərin rəyi nəzərə alınmaqla 2018-2021-ci illəri əhatə edən mükəmməl Reabilitasiya Proqramı hazırlanaraq dərhal icrasına başlanılıb. Bu proqramın həyata keçirilməsində əsas məqsəd itirilmiş gücləri bərpa etmək, enerji sisteminin etibarlılığı və dayanıqlılığını təmin edib inkişafa nail olmaqla yanaşı, 800 meqavatdan artıq "itirilmiş” gücü bərpa etməkdir. Bu günə qədər 400 meqavat itirilmiş güc artıq bərpa olunub.

Diqqətə çatdırılıb ki, "Azərenerji” ASC 12 elektrik stansiyasında və sistem əhəmiyyətli 20-dək yarımstansiyada tikinti, yenidənqurma və bərpa işləri həyata keçirir. Ötən ildən başlayaraq mövcud 87 yarımstansiyadan ikisində yenidənqurma işləri artıq başa çatdırılıb, 20-dək yarımstansiyada isə bu tədbirlər davam edir. 220/110/10 kilovoltluq "Müşfiq” və 110/35/10 kilovoltluq "Zabrat” yarımstansiyaları da ən müasir standartlar səviyyəsində yenidən qurulub. Silsilə tədbirlər sayəsində "Müşfiq” və "Zabrat” yarımstansiyalarının dayanıqlılığı, etibarlılığı və təhlükəsizliyi təmin olunub.

Prezident İlham Əliyev "Müşfiq” yarımstansiyasını işə saldı.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən genişmiqyaslı islahatlar enerji sektorunu da hərtərəfli əhatə edib. Azərbaycanın elektrik enerjisi təsərrüfatında köklü islahatların növbəti mərhələsi uğurla reallaşdırılır, enerji sisteminin etibarlılığının təmin edilməsi və bu sahədə mükəmməl infrastrukturun yaradılması üçün ardıcıl və kompleks tədbirlər geniş vüsət alıb. Son illərdə çoxsaylı yeni elektrik stansiyalarının və yarımstansiyaların açılışı, mövcudlarının bərpası ilə yanaşı, bərpaolunan enerjidən istifadəyə də geniş yer ayrılması istiqamətində çox mühüm layihələr icra olunub. Bütün bunlar göstərir ki, hazırda ölkəmizdə enerji sektorunun inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə xüsusi önəm verilir. Görülən işlərin nəticəsidir ki, hazırda Azərbaycan öz daxili enerji tələbatını tam ödəməklə yanaşı, elektrik enerjisini ixrac da edir. Bu işlər ümumilikdə ölkəmizin iqtisadi potensialının möhkəmləndirilməsinə xidmət etməklə, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlu nəticələrinin göstəricisi kimi də xarakterizə olunur. Respublikamızın elektroenergetika sistemi ötən müddətdə tanınmaz dərəcədə dəyişib və bütün yenidənqurma tədbirləri perspektiv də nəzərə alınmaqla reallaşdırılıb. Ardıcıl və məqsədyönlü səylər nəticəsində respublikamızın paytaxtı ilə yanaşı, regionlarında da qısa müddətdə böyük irəliləyişə nail olunub. Həmin tədbirlər elektrik enerjisi ilə təchizatın əsaslı şəkildə yaxşılaşdırılmasına, ən müasir texnologiya və avadanlıqların tətbiqinə, elektrik şəbəkələrində yüklənmələrin azalmasına və texniki itkilərin minimuma endirilməsinə imkan yaradıb. Ən ucqar yaşayış məntəqələrini belə əhatə edən yenidənqurma tədbirləri çərçivəsində yaradılan müasir energetika qurğuları və yeni güc mərkəzləri həm xarici görünüşünə görə əvvəlkilərdən kəskin fərqlənir, həm də böyük texniki üstünlüklərə malikdir. Ölkəmizin bütün bölgələrində qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, eləcə də sənayeləşmə diqqət mərkəzində olduğundan, energetika kompleksinin zamanın tələblərinə uyğun köklü şəkildə təkmilləşdirilməsi də başlıca prioritetlərdəndir.

Dövlətimizin başçısına 110/35/10 kilovoltluq "Zabrat” yarımstansiyasında aparılan yenidənqurma tədbirləri barədə də məlumat verildi.

Bildirildi ki, bu energetika qurğusunun gücü 160 meqavoltamperə çatdırılıb.

Prezident İlham Əliyev "Müşfiq” yarımstansiyasından SCADA Dispetçer İdarəetmə Sistemi vasitəsilə "Zabrat” yarımstansiyasını da işə saldı.

Sonra dövlətimizin başçısına Azərbaycan elektroenergetika kompleksinin sistem olaraq formalaşmasının 120, paylayıcı elektrik şəbəkəsinin yaradılmasının 90 illiyinə həsr edilən "Azərbaycan elektroenergetikası” kitabı təqdim olundu.

Sonda xatirə şəkli çəkdirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video