16:01 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Regionun ən işıqlı ölkəsi - Azərbaycan

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:37 07.09.2021

 

Azərbaycanda həyata keçirilən sənayeləşmə prosesi, əhalinin artım tempi, sosial infrastrukturun genişlənməsi, insanların yaşayış səviyyəsinin yüksəlməsi elektroenergetika sektorunun daim inkişaf etdirilməsi vəzifəsini qarşıya qoyur. Uzun illərdir işğal altında olan torpaqlarımızın azad edilməsindən sonra elektrik enerjisinə tələbatın çoxalması bu sistemdə aparılan tikinti və yenidənqurma işlərinin daha da sürətləndirilməsini şərtləndirir.

Təzadüfi deyil ki, son illər Azərbaycanda enerjisistemin maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkəmizin enerji potensialının daha da artırılması, yeni elektrik stansiyaları və yarımstansiyalarının inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması istiqamətində çox mühüm layihələr icra olunub. Elə son il yarımda ölkədə  neçə-neçə   yeni generasiya gücləri yaradılıb. İstifadəyə verilən stansiya və yarımstansiyaların əksəriyyətinin açılışında Prezident İlham Əliyevin iştirak etməsi diqqəti bir daha bu hadisələrin önəmli olduğuna yönəldir.

Bu il sentyabrın 3-də Enerjisistemin Reabilitasiya Proqramı çərçivəsində inşa edilən “Sumqayıt” Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının açılışı  sözügedən tədbirlərin davamlı olduğunun daha bir təsdiqidir. Prezident İlham Əliyev  ənənəsinə sadiq qalaraq bu enerji  obyektinin də açılışında iştirak edib.

Dövlət başçısının tapşırığına əsasən, 2018-ci ilin sonundan Enerjisistemin Reabilitasiya Proqramının qəbul edilərək icrasına başlanılması   xüsusi əhəmiyyəti ilə seçilən tədbirdir. Əgər bu proqramın icrasına vaxtında başlanmasa və  təcili işlər görülməsəydi, 2019-cu və 2020-ci illərin yayında artan tələbatın, həmçinin Kür və Xəzərdə su səviyyəsinin kəskin aşağı düşməsinin fonunda enerjisistemdə problemlər yarana bilərdi. Odur ki,  proqram çərçivəsində indiyədək 12 elektrik stansiyasında və 23 yarımstansiyada yenidənqurma, təmir və bərpa işləri həyata keçirilib.

Son illər  Xəzər dənizində suyun səviyyəsinin 1,7 metrə qədər aşağı düşməsi “Sumqayıt” Elektrik Stansiyasının soyutma suyunun götürülməsində ciddi problem yaratmaqla yanaşı, stansiyanın avadanlıqlarının da tədricən sıradan çıxmasına səbəb olmuşdu. Yaranmış vəziyyətlə, xüsusilə dənizdə su səviyyəsinin düşməsi ilə əlaqədar il ərzində bir neçə dəfə gərgin vəziyyət yaranmışdı.

Reabilitasiya Proqramı nəticəsində “Sumqayıt” Elektrik Stansiyasında əsas avadanlıqlar, generatorlar və digər qurğular əsaslı təmir edilib. Mövcud su nasos stansiyası  əsaslı şəkildə yenidən qurulub. Aparılan yenidənqurma və əsaslı təmir işləri  indi  stansiyanın etibarlı və səmərəli fəaliyyətinə təminat verir. Eləcə də elektrik enerjisinin istehsalına sərf olunan şərti yanacağın həcminin azalması nəticəsində ildə 10 min ton yanacağa qənaət ediləcək. Əsaslı təmir stansiyanın  yük artımını 20 meqavat çoxaldıb.

Açılış mərasimində iştirak edən dövlət başçısına məlumat verilib ki, Xəzər dənizində suyun səviyyəsinin düşmə prosesinin hələ də davam etməsi və stansiyanın avadanlıqlarının uzunmüddətli istismarı nəzərə alınmaqla, dayanıqlı və etibarlı iş rejiminə nail olmaq məqsədilə təxirəsalınmaz irimiqyaslı işlərə başlanılıb. Belə ki, dənizin içərisinə doğru, 5 metr dərinlikdən soyuq suyun götürülməsinə imkan verən 750 metr məsafədə estakada, həmçinin yeni su nasos stansiyası tikilib. Bununla da stansiyanın soyuducu su təchizatının etibarlılığı təmin edilib və ən əsası, stansiyanın fəaliyyətinin dayanmasının qarşısı alınıb. Qeyd edilib ki, yeni estakada üzərində tikilən və elektrik stansiyasını xüsusi üsulla soyuq su ilə təmin edən yeni nasosxana istilik energetikası sahəsində ilk təcrübə sayılır.

Görülən işlər bir daha sübut edir ki, ölkənin enerji sisteminin fəaliyyəti Prezidentin daimi diqqət mərkəzindədir.   Keçən il əsaslı yenidənqurmadan sonra “Azərbaycan” İstilik Elektrik Stansiyasının   istifadəyə verilməsini xatırlayaq.  Stansiya qısa müddətdə tamamilə yenidən qurulmuş, 8 blokun hamısı işlək vəziyyətə gətirilmişdir. Obyektin 2400 meqavat generasiya gücü bərpa edilmişdir. Qəza baş verən yarımstansiyalar yenidən tikilmiş, müasir idarəetmə mərkəzi yaradılmışdır. Beləliklə, stansiyanın ömrü ən azı 20-30 il, bəlkə də 50 il uzadılmışdır. Hazırda bu stansiya ölkənin elektrik enerjisinə olan tələbatının 40 faizini ödəyir. Burada istehsal edilən elektrik enerjisi respublikanın enerji sisteminə 330 və 500 kilovoltluq elektrik verilişi xətləri ilə ötürülür.

Mingəçevir şəhərində yenidən qurulmuş “Azərbaycan” İES-in açılış mərasimində Prezident İlham Əliyev demişdir: “Hər bir ölkənin energetika sistemi onun döyünən ürəyidir, əsas motorudur. Bu olmasa, heç nə olan deyil. Bu olmasa, heç bir inkişafdan, heç bir investisiya qoyuluşundan söhbət gedə bilməz. Ona görə enerji olmayan yerdə inkişaf yoxdur”.

Dövlət başçısının  bir il əvvəl   təməlini qoyduğu 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının da tikintisi davam edir. Bu stansiya  Ələt qəsəbəsi yaxınlığındakı  “Azad İqtisadi Zona”nın, eləcə də yaxın illərdə  ölkədə  fəaliyyətə başlayacaq bir sıra qeyri-neft sənayesi obyektlərinin  etibarlı elektrik enerjisi ilə təchizatında mühüm rol oynayacaq. Qeyd edək ki, “Qobu” layihəsinə dünyanın məşhur şirkətləri yüksək rəy verməklə yanaşı, onun tikintisində yaxından iştirak edirlər.

“Qobu” enerji layihəsi, o cümlədən  “Qobu” Elektrik Stansiyasının tikintisi ölkənin enerji sistemində bir mənbədən asılılığı aradan qaldırmaq, Bakı şəhərinin, ümumilikdə Abşeron yarımadasının elektrik enerjisi ilə təchizatının dayanıqlılığını və etibarlılığını maksimum səviyyəyə çatdırmağa hesablanıb.

Təməlqoyma mərasimində Prezident İlham Əliyev  əmin olduğunu bildirmişdir ki, stansiya  uğurla tikiləcək və nəzərdə tutulmuş vaxtda - 2022-ci ilin əvvəlində tam istifadəyə veriləcək, ölkəmizdəki  böyük stansiyalar arasında öz yerini tapacaq.

1990-cı illərdə xaricdən elektrik enerjisi alan Azərbaycan bu gün onu 3 ölkəyə ixrac edir.  Azərbaycan bundan sonra da enerji təminatı sahəsində heç kimdən asılı olmayacağını bəyan edib. Bu məsələdə bərpaolunan enerji növləri də öz töhfəsini  verəcək. Həmin  istiqamətdə böyük planlar var və genişmiqyaslı işlər görülür. Çünki energetiklərin də təsdiqlədiyi kimi, bərpaolunan enerji növlərinin  inkişafı ənənəvi enerji növlərinin inkişafı ilə bilavasitə bağlıdır. Sevindirici haldir ki, bu gün dünyanın ən böyük enerji şirkətləri Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir və artıq bu maraq reallaşır.

Məlumdur ki, bütün  dünyada bərpaolunan enerjidən istifadə getdikcə  özünə daha geniş yer alır. Azərbaycanda da bu məsələyə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Çünki  bərpaolunan enerji sahəsinin inkişafı üçün ölkəmizdə  əlverişli şərait mövcuddur. Bu növ enerjinin yaradılmasının əsas mənbəyi günəş və küləkdir, Azərbaycan isə dünyada  məhz günəşli ölkə kimi  tanınır. Coşqun Xəzərin sahilində və dağlar qoynunda yerləşən ərazilərimizdə  külək enerjisindən istifadə üçün  də  geniş  imkan var. Bu səbəblərdən  Azərbaycanın  bir sıra  bölgələrində bərpaolunan enerji stansiyalarının tikilməsi gündəmə gəlir.

Bu il  aprelin  2-də Prezident İlham Əliyev “Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” sərəncam  imzalayıb. Bu, Azərbaycanı “yaşıl enerji” məkanına çevirmək  istiqamətində atılan növbəti mühüm  addımdır. Ona görə ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də  ən ümdə istiqamətlərdən biri kimi enerjidən istifadənin genişləndirilməsi müəyyən edilib.

Prezident İlham Əliyev həmin vaxta qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasının hədəf kimi  götürüldüyünü bildirib. Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığının “ACWA POWER” şirkəti ilə  külək  və  Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə günəş elektrik stansiyasının tikintisinin   reallaşması bu istiqamətdə önəmli addım olacaq.   

Eyni zamanda  Qarabağ “yaşıl enerji” zonasına çevrilir. Əslində, bu regionda bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək “yaşıl zona”, yaxud “yaşıl məkan” konsepsiyasının hazırlanmasına hələ Vətən müharibəsindəki şanlı qələbəmizdən az sonra başlanmışdır. Bu il mayın 3-də isə Prezident “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalamışdır. Dövlət başçısı bu ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Energetika Nazirliyinə 1 milyon 391 min 40 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılmasını qərara almışdır.

Bütün bunların nəticəsində  Qarabağ bölgəsi “yaşıl enerji” zonası kimi dünya üçün bir nümunə olacaq.  Məlum olduğu kimi, Qarabağın bərpaolunan enerji istehsalı üçün potensialı böyükdür. Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlik hissəsi - Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan Muxtar Respublikası ərazisindən sonra ikinci yerdə dayanır. Burada bir kvadratmetr üfüqi səthə düşən günəş radiasiyası ildə 1600-1700 kilovat/saat təşkil edir. Bu ərazilərin ümumi günəş enerjisi potensialı 3000-4000 meqavatdır. Ərazidə ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə potensialın daha dəqiq hesablanması həyata keçiriləcək.

Qarabağda eləcə də külək enerjisi istehsal etmək mümkün olacaq. Belə ki, regionun dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Ümumilikdə Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300-500 meqavat kimi qiymətləndirilir. Ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə bu sahənin də dəqiq potensialı hesablanacaq.

Bütün bunlardan başqa, Kəlbəcərdə və Şuşada termal su ehtiyatları var. Qarşıda dayanan vəzifələrdən biri də termal mənbələrdən enerji məqsədli istifadənin mümkünlüyünü tədqiq etməkdir.

Bir sözlə,  ölkənin elektrik enerjisi  sistemində görülən ardıcıl  və çoxşaxəli işlər  yurdumuzun hər guşəsini daha çıraqban edir. Nə xoş ki, işğaldan azad  edilmiş  bölgələrimizin də işığı gündən-günə artır. Şuşada 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyası  istifadəyə verildi, şəhərin nurunu, işığını daha da artırdı.  Şuşa, eləcə də energetika qurğularının tikintisi  sahəsində yeni bir rekorda  şahidlik etdi. Belə ki, Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilişi fasiləsiz, növbəlilik prinsipi ilə iki ay yarımdan da az bir müddətdə icra olundu. Bu isə yalnız Azərbaycan energetikasında deyil, bütün regionun energetika tarixində bir rekorddur. Belə rekordlarımız hələ çox olacaq!

 

Flora SADIQLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM