06 Fevral 2020 03:30
2877
SİYASƏT
A- A+

Regional proqramlar ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə xidmət edir


Danılmaz faktdır ki, ölkənin hərtərəfli inkişafında 2004-cü ildə qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı mühüm rol oynadı. Belə ki, həmin proqramın icrası sayəsində bölgələrin sosial-iqtisadi siması kökündən dəyişməyə başladı. Proqramın icrası sosial-iqtisadi, istehsal, emal, kənd təsərrüfatı, turizm və digər sahələrdə minlərlə obyektin tikintisi ilə müşayiət olundu.

Dövlət başçısı fevralın 3-də "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda 2004-cü ildə qəbul edilən ilk dövlət proqramını tarixi hadisə adlandırdı. Qeyd etdi ki, bu sənədin qəbulu vacib idi. Ona görə ki, həmin dövrdə regionlarda sosial-iqtisadi vəziyyət qənaətbəxş deyildi. Bunu aradan qaldırmaq üçün mühüm dövlət proqramlarının qəbuluna zərurət yarandı.

Prezident İlham Əliyev həmin konfransda qəbul edilən proqramların ölkənin hərtərəfli inkişafındakı əhəmiyyətini vurğulayaraq bildirmişdir: "Deyə bilərəm ki, 2003-cü ildən bugünə qədər bütövlükdə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır. Bu, dünyada rekord göstəricidir. Bütün statistik məlumatlar araşdırıla bilər, inanmıram ki, buna bənzər artım tempi olsun. Bu 16 il ərzində sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarər dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artmışdır... Son 16 ildə orta əməkhaqqı 11 dəfə, orta pensiya 8 dəfə artmışdır, 300 mindən çox məcburi köçkünə, 6700 şəhid ailəsinə evlər, mənzillər verilmişdir”.

Sözsüz ki, iqtisadi və sosial uğurların əldə edilməsində regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramının qəbul edilməsinin mühüm əhəmiyyəti var.

Məlumdur ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları qəbul edilənədək bölgələrdəki infrastrukturun səviyyəsi aşağı idi. Belə ki, yollar bərbad vəziyyətdə idi, qaz və işıq xətləri sıradan çıxmışdı, bununla yanaşı, suvarma sistemləri baxımsızlıqdan yararsız vəziyyətə düşmüşdü. Heç kəs unutmayıb ki, həmin dövrdə qaz və işığın olmaması, işsizlikdən və digər sosial səbəblərdən bölgələrdə yaşayan insanlar Bakıda yaşamağa üstünlük verirdilər. Bölgələrdə bu istiqamətdə aparılan işlərin sayəsində hazırda nəinki paytaxta axın var, əksinə, gələnlərin bir çoxu regionlara qayıdır. Ona görə ki, bölgələrdə insanın rahat yaşaması üçün bütün sosial infrastruktur mövcuddur və yeni iş yerləri yaradılıb. Öz evində hər cür sosial şəraitə malik, üstəlik də işi olan bölgə əhalisinin başqa yerə getməyə ehtiyacı qalmır.

Ölkə üzrə qazlaşdırma prosesi uğurla davam etdirilir. Qazlaşdırmanın səviyyəsi ölkə üzrə 96 faizə çatıb. Belə uğur dünya üzrə yüksək göstərici sayılır. 2003-cü ildə qazlaşdırmanın səviyyəsi 51 faiz idi. Əksər rayon və kəndlərdə əhali mavi yanacaqla təmin edilmirdi. İndi elə rayon yoxdur ki, orada qazlaşdırmanın səviyyəsi 70 faizdən aşağı olsun, əksər rayon və şəhərlərdə bu rəqəm 95 və ya 100 faizdir.

Ötən il 1300 kilometr avtomobil yolu salınıb, baxmayaraq ki, 1000 kilometr avtomobil yolunun çəkilməsi nəzərdə tutulmuşdu. Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə dünyada 27-ci yerdə qərarlaşıb. Bu da bir çox inkişaf etmiş ölkələrdən yüksək pillədə olmağımızdır. Azərbaycanda 7 aeroport tikilib ki, onların 6-sı beynəlxalq əhəmiyyətlidir. Davos hesabatında ölkəmiz hava xidmətlərinə görə 11-ci yerdə qərarlaşıb. Heydər Əliyev Beynəlxalq Aeroportu artıq beşulduzlu aeroport kimi tanınır. Dünyada belə aeroportların sayı təqribən 10-a yaxındır. Onlardan biri Heydər Əliyev Beynəlxalq Aeroportudur.

Regionlarda həyata keçirilən infrastruktur layihələri həm iqtisadi, həm də sosial xarakterlidir. Bəzi hallarda bir layihə hər ikisini özündə ehtiva edir. Həyata keçirilən meliorativ layihələr sosial-iqtisadi infrastruktur layihələri içərisində önəmli yer tutur. İnfrastruktur layihələri dövlət investisiya proqramı hesabına icra edilir. Yəni dövlət bu sahəyə vəsait qoymaqla həm ölkənin inkişafını, həm də insanların sosial rifahının yaxşılaşmasını təmin edir. Kəndlərdə su təminatını yaxşılaşdırmaq üçün bu illərdə 1500-dən çox artezian quyusu qazılıb, cari ildə də bu proses davam edəcək. Ölkə üzrə həyata keçirilən meliorativ tədbirlər sayəsində 80 min hektar torpağa suvarma suyunun verilməsi təmin edilib, 300 subartezian quyusu qazılıb. Sözsüz ki, bu sahədə görülən işlər kənd təsərrüfatının inkişafına öz müsbət təsirini də göstərir. Bunun sayəsində kənd təsərrüfatında istehsalın həcmi rekord həddə - 7 faizdən çox artıb. Bitkiçilikdə isə bu rəqəm 10 faizdən çoxdur. Bu gün qeyri-neft sektorunda ən çox ixrac edilən üç məhsuldan ikisinin kənd təsərrüfatına aid olması görülən işlərin nəticəsidir.

İcra edilən infrastruktur layihələrində təhsil və tibb müəssisələrinin çəkisi də az deyil. Dövlət bu sahəyə xüsusi diqqət göstərir. Çünki əhalinin sağlamlığı və savadlı olması bu sahədə sosial infrastrukturun yüksək olmasından asılıdır. Keçən il bu məqsədlə 84 məktəb və 60 tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Xüsusilə modul tipli məktəblərin tikilməsi ucqar dağ kəndlərində təhsilin inkişafına müsbət təsir göstərir. Belə ki, kiçik və yığcam olan belə məktəblər ölkəmizin bütün ucqar kəndlərində quraşdırılaraq tələbatı ödəyib.

Xüsusi əhəmiyyət daşıyan infrastruktur layihələrindən biri də Bakıətrafı dəmir yolu xəttinin çəkilməsidir. Əvvəllər mövcud olan dəmir yolu nəqliyyatı müasir dünya tələbləri səviyyəsində bərpa edilərək paytaxt ətrafında yerləşən əhalinin ixtiyarına veriləcək. Cari ildə Bakıətrafı dəmir yolunun çəkilişinin əsas mərhələsi başa çatacaq, yəni dairə birləşdiriləcək. Eyni zamanda, dəmir yolu xətti olmayan qəsəbələrə də yeni dəmir yolu xətlərinin çəkilməsi nəzərdə tutulub. Bu, paytaxtda həm nəqliyyat sıxlığını aradan qaldıracaq, həm də onun ekologiyasına müsbət təsir göstərəcək.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video