03:19 16 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ramazan bayramını ikiqat sevinc içində qarşılayacağıq

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:05 09.05.2021

 

Bir neçə gündən sonra mübarək orucluq ayı başa çatacaq, ardınca müsəlman dünyası əziz bayramını - Ramazan bayramını qeyd edəcək. Hicri-qəməri təqvimlə şəvval ayının 1-də başlayan və bir neçə gün davam edən bu bayram mübarək orucluğun qurtarması ilə əlamətdardır.

Ramazan bayramı Allah-təalanın mömin bəndələrinə bir ay boyunca tutduqları oruc müqabilində verdiyi mükafatdır. Ona görə də bu bayrama ərəbcə “İd əl-fitr” (“İftar bayramı”) deyilir. Yəni bayram günündə müsəlman Ramazan ayında oruc ibadətini başa çatdırdıqdan sonra iftarını açıb normal həyata qayıdır.

Ramazan bayramında oruc tutmaq haramdır. Müsəlmanlar bayram günündə yuyunub təmizlənir, təzə və ya təmiz paltar geyirlər. Hamı bir-birini bayram münasibətilə təbrik edir, bir-biri üçün Allaha dua edir.

Hər bir müsəlman üçün bir ay oruc tutmaq fərz olduğu kimi, Ramazan bayramında fitrə zəkatı vermək də vacibdir. Hədisi-şərifdə deyilir ki, Allah bəndəsindən tələb olunan fitrə verilməyənədək Ramazan ayında tutulmuş oruc yerlə göy arasında asılı qalır.

Müsəlman fitrəni nemətlər bəxş edən Allaha şükür etmək, bayram günü kasıbları sevindirmək üçün verir. Fitrəni yalnız imkanlı şəxslər çıxarmalıdırlar. Ailə sahibi ailənin hər bir üzvünün adından fitrə verməlidir.

Vaxtilə fitrə buğda, arpa, xurma, düyü, kişmiş və s. ərzaq məhsullarından adambaşına təxminən 3 kiloqram həcmində ödənilirdi. Zaman keçdikcə, kasıblara və ehtiyacı olanlara münasibətdə göstərilən bu xeyirxahlıq başqa formalar da almışdır. İndi fitrəni pul şəklində də verirlər. Əslində bu, daha münasibdir. Belə ki, fitrəni pul kimi qəbul edən şəxs onu öz ehtiyaclarına uyğun şəkildə xərcləmək imkanı əldə edir. Özü də fitrə yalnız halal maldan verilməlidir.

Fitrə bayram namazı başlamazdan qabaq çıxarılmalıdır. Əks təqdirdə bu, fitrə hesab olunmur, adi sədəqə sayılır. Fitrə bir kasıbın azı birgünlük qida ehtiyacını ödəməlidir. İmkanlı müsəlmanlar daha çox fitrə çıxarıb savab qazanırlar. Özü də bir şəxsin fitrəsi bir kasıba da verilə, bir neçə kasıb arasında da bölünə bilər.

Ramazan bayramının fəzilətləri təkcə fitrə çıxarmaqla məhdudlaşmır. Bayram günlərində müsəlman ailələrində şənlik əhvali-ruhiyyəsi hökm sürür. Uşaqlara hədiyyə verilir, insanlar arasında inciklik aradan qalxır, küsülülər barışırlar.

Ramazan bayramı həm də müsəlmanların həmrəyliyini, birliyini, onların arasında qarşılıqlı anlaşmanı möhkəmlətmək üçün fürsətdir. Bayramın davam etdiyi günlərdə insanlar bir-birinə qəlbən daha yaxın olur, bayram sevincini bölüşürlər.

Bütün müsəlman dünyasında olduğu kimi, ölkəmizdə də Ramazan bayramı yüksək səviyyədə qeyd edilir. Bu dəfə əziz bayramı ikiqat sevinc içində qarşılayacağıq. Məlum olduğu kimi, 30 ildən bəri Ramazan bayramında doyunca fərəhlənə bilmir, istər-istəməz boynubükük görünürdük. Bu da səbəbsiz deyildi: torpaqlarımızın böyük bir hissəsi işğal altında idi, yurd-yuvalarından didərgin düşmüş yüz minlərlə həmvətənimiz düşmən tapdağı altında inildəyən yurd yerlərinin həsrətini çəkirdi. Güclü havadarlarına arxalanan erməni faşistləri beynəlxalq hüquq normalarına qətiyyən məhəl qoymur, işğal olunmuş ərazimizdə qanunsuz məskunlaşma aparır, şəhər və kəndlərimizi xarabalığa çevirir və elə hesab edirdilər ki, onlara artıq heç kim bata bilməz və “Böyük Ermənistan” xülyasının gerçəkləşməsi prosesi gedir. Neytral mövqe tutduğunu iddia edən, əslində isə erməni təcavüzkarlarına açıq-aşkar dəstək verən beynəlxalq vasitəçilik missiyası qondarma Qarabağ probleminin tənzimlənməsinə kömək etmək əvəzinə, hərbi təcavüzün qurbanına - Azərbaycana təzyiq göstərir, dövlətimizi mövcud reallığı, yəni erməni təcavüzünün nəticələrini qəbul etdirməyə səy göstərirdi.

Lakin Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etmək əzmində idi. Bunun üçün lazımi şərait yaranmalıydı. Nəhayət, belə bir məqam gəlib çatdı. Ötən il sentyabrın 27-də erməni işğalçılarının növbəti təxribatının qarşısını almaq üçün Silahlı Qüvvələrimiz Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatına başladı. Düşmənin başına dəmir yumruq vuruldu, təcavüzkar gözləmədiyi ağır zərbə aldı. 44 gün davam etmiş Vətən müharibəsi ordumuzun tarixi Zəfəri ilə başa çatdı, torpaqlarımız işğaldan azad olundu.

İgid Azərbaycan əsgəri düşməni diz çökdürdü, tariximizə qəhrəmanlıq dastanı yazdı. İndi dünya ordumuzun məharətindən danışır, onun qələbə qazanmaq təcrübəsini öyrənir. Azərbaycan Silahlı Qüvvələrinin zəfər yürüşü həm də özgə torpaqlarına göz dikənlərə dərs olmalıdır. 

Bu il xalqımız Ramazan bayramını başıaşağı yox, böyük ruh yüksəkliyi ilə qarşılayıb qeyd edəcək, fərəh duyğuları cəmiyyəti bürüyəcək. Qalib Azərbaycan belə bir təntənəyə tamamilə layiqdir.

Vətən torpağı uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik. Ramazan ayında tutduğunuz oruc, etdiyiniz dualar qəbul olunsun! Qarşıdan gələn bayramınız mübarək olsun! Allah çıxaracağınız fitrənin əvəzini versin! Amin!

 

Allahverdi MEHDİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM