08 Sentyabr 2021 00:53
1032
DÜNYA
A- A+

Qvineyadakı hərbi çevriliş və dünya bazarında alüminiumun qiyməti

 

Bunların bir-biri ilə əlaqəsi varmı?

 

Qvineyada dövlət çevrilişi edən və Prezident Alfa Kondeni saxlayan hərbi qiyamın iştirakçıları ölkə daxilində komendant saatı tətbiq ediblər. Bu tədbirin nə vaxta qədər davam edəcəyi hələlik məlum deyil. Hələ ki, qiyamçılar növbəti məlumatları gözləməyi xahiş edirlər. Onlar həmçinin bütün qubernatorların və prefektlərin tezliklə hərbçilərlə əvəzlənəcəyini bildiriblər.

 Qiyamçıların lideri, polkovnik Mamadi Dumbuyanın dediyinə görə, Qvineya parlamenti artıq buraxılıb, sərhədlər bağlanıb, ölkənin əsas qanunu - Konstitusiyası müvəqqəti işləmir. Amma “France Presse” agentliyinin verdiyi xəbərə əsasən, yerüstü və hava sərhədləri artıq açılıb.

Qiyamın səbəbi kimi ölkədə sosial-siyasi və iqtisadi vəziyyətin gərginləşməsi, dövlət təsisatlarının gücsüzlüyü, ədalətsiz hüquq-məhkəmə sistemi, insan hüquqlarına məhəl qoyulmaması və dövlət vəsaitlərindən səmərəsiz istifadə edilməsi bildirilir.

 Fəaliyyət göstərən bütün nazirləri paytaxt Konakridəki Xalq sarayında görüşə dəvət edən Dumbuya onlara ölkəni tərk etməməyi və xidməti maşınlarını təhvil verməyi tapşırıb. O, yeni Nazirlər Kabinetinin yaxın həftələrdə formalaşdırılacağını bildirib.

Bu arada, ABŞ-ın aparıcı maliyyə informasiyası təchizatçısı - “Bloomberg” yazır ki, Qvineyada hakimiyyətin ələ keçirilməsi bütün dünyada alüminiumun qiymətinə təsir göstərmişdir. Məsələn, Londonda qiymətlər 10 illik maksimuma çatıb, Çində isə fyuçerslər 2006-cı ildən bəri ən yüksək həddə yüksəlib. Bundan əlavə, Qvineyada baş verən siyasi sabitsizliyin alüminium filizi olan boksit tədarükü ilə bağlı fasilələrə gətirib çıxarması riski var. Məlumat üçün bildirək ki, dünyada boksitin əsas satıcısı məhz Qvineyadır.

Bütün bunların fonunda Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel ölkədə hakimiyyətin silahlı yolla ələ keçirilməsini Pisləyib, hərbi xuntanı ölkənin qanuni Prezidenti Alfa Kondeni azad etməyə və hadisələrin bütün iştirakçılarını Qvineyada sülh və əmin-amanlığın hökm sürməsi üçün qanuna uyğun hərəkət etməyə çağırıb. Bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş də eyni tələbi irəli sürmüşdü: “Mən hökumətin hər hansı bir silahlı işğalını pisləyirəm və Prezident Alfa Kondeni tezliklə azad etməyə çağırıram”. O, Qvineyada baş verənləri diqqətlə izlədiyini bildirib.

 83 yaşlı Alfa Konde bütün həyatı boyu ölkəsində diktatura rejimlərinə qarşı mübarizə aparmış və hətta həbsxanaya düşmüşdü. 2010-cu ildə o, dünyanın ən yoxsullarından sayılan bu Qərbi Afrika dövlətinin demokratik yolla seçilmiş ilk lideri olub. Lakin tənqidçilərin fikrincə, sonradan Konde avtoritarizmə doğru meyillənməyə başlayıb. 2020-ci ildə o, Konstitusiyaya dəyişiklik edərək əvvəlki iki prezidentlik müddətini sıfırlayıb və üçüncü dəfə seçkilərdə iştirak edərək qalib olub. Müxalifət iddia edir ki, sonuncu seçki pozuntular və saxtakarlıqsız ötüşməyib.

Sonda onu da bildirək ki, 12,4 milyon nəfər əhalisi olan Qvineya aqrar ölkədir. ÜDM səviyyəsinə görə dünyada 165-ci yeri tutur. Əhalinin 43,7 faizi (5,8 milyon) yoxsulluq həddindədir.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video