23 Noyabr 2019 03:36
1484
SİYASƏT
A- A+

Qürur doğuran yüksəliş nümunəsi


Azərbaycanın qüdrətlənməsi, qlobal miqyasda özünün layiqli yeri və söz sahibi olan dövlət kimi fərqlənməsi beynəlxalq ictimaiyyət tərəfindən təsdiq olunan reallıqdır. Hər bir sahədə özünü doğruldan fəaliyyət proqramlarının real nəticəsi olaraq respublikamız hərtərəfli inkişaf yolu ilə inamla addımlayır. İndi ölkədə iqtisadiyyatın vaxtilə əlçatmaz görünən tərəfləri belə sürətlə inkişaf edir, sosial rifah səviyyəsi durmadan yüksəlir, bütün sahələrdə dünya standartlarına uyğun müasir infrastruktur formalaşır.


Sosial-iqtisadi uğurlarda regionların öz payı var


Ötən 16 ilin statistikasına nəzər salsaq, qürur doğuran nailiyyətlərin qazanıldığını görərik. Ən mühüm uğurlarımızın sırasında Azərbaycanda iqtisadiyyatın 3,2 dəfə artımını xüsusi qeyd etməliyik. Azərbaycanın sənaye potensialı 3 dəfəyə yaxın çoxalıb ki, bu da ölkənin keçdiyi nümunəvi inkişaf yolunun mühüm göstəricisidir. Valyuta ehtiyatlarımızın bu dövrdə 50 milyard dolları ötməsi, iqtisadiyyata 270 milyard dollardan artıq sərmayənin yatırılması, 15 min kilometrdən çox avtomobil yolunun çəkilməsi və ya yenidən qurulması kimi diqqətəlayiq göstəricilərin hər biri keçdiyimiz şərəfli inkişaf yolunun ayrı-ayrı səhifələridir. Bu, ümumiyyətlə, analoqu olmayan yüksəliş nümunəsidir.

Azərbaycanın iqtisadi uğurları sosial sferanı əhatə edən sahələrin də yüksəlişinə yol açıb. İşsizlik və yoxsulluğun 5 faiz həddinə enməsi, 3 min 200-dən çox məktəb binasının, 640-dan çox səhiyyə ocağının əsaslı təmiri və ya yenidən qurulması, 44 olimpiya mərkəzinin, yüzlərlə idman qurğularının inşası əslində onu göstərir ki, qısa dövrdə Azərbaycan bir neçə onilliyə bərabər inkişaf yolu keçib.

Xüsusilə qeyd etməliyik ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası ölkə iqtisadiyyatının yüksəlməsində mühüm əhəmiyyət kəsb etməklə makroiqtisadi sabitliyin təmin olunmasında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, infrastruktur və kommunal xidmətlərin daha da yaxşılaşmasında, yoxsulluq səviyyəsinin aşağı düşməsində və əhalinin rifah halında müstəsna rol oynamaqdadır. Bu baxımdan ölkədə qazanılan sosial-iqtisadi uğurlarda Azərbaycanın regionlarının öz payı var. Ona görə də indi istənilən şəhər və rayonumuzun timsalında Azərbaycanın nail olduğu yüksəlişi görmək mümkündür.

Regionların inkişafının başqa bir təsdiqi isə bu il üçün 35 şəhər və rayonun dövlət büdcəsindən maliyyələşməməsidir. Bəli, hazırda bu sayda şəhər və rayon özünün daxili imkanları hesabına büdcəsini formalaşdırır. Gələn il isə belə şəhər və rayonların sayı 39-a çatacaq.


Bütün şəhər və rayonlar davamlı inkişafdadır


Yenidən qurulan, abadlaşan və iqtisadi potensialı hərəkətə gətirilən bölgələrimiz həm də inkişafın milli modelinin bariz nümunələridir. Ölkəmizin ümumi tərəqqisinə hər birinin böyük töhfəsi olan şəhərlərimizin sırasında Sumqayıtın yeri tamamilə başqadır.

Bu şəhərin tarixi ənənələr əsasında inkişaf edərək nəinki Azərbaycanın və Cənubi Qafqazın, ümumən Avropanın iri sənaye mərkəzlərindən birinə çevrilməsi, Bakı şəhəri ilə tam rəqabət aparmaq imkanına malik olması Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən və dövrün tələbinə uyğun zənginləşdirən Prezident İlham Əliyevin müəyyənləşdirdiyi əsas hədəflərdəndir.

Bu gün Sumqayıt ölkə Prezidenti İlham Əliyevin daim diqqət və qayğısını duyur və hiss edir. Bu diqqət və qayğının bariz nümunəsi kimi dövlət başçısının 15 ildə Sumqayıta 24 dəfə səfərini göstərmək olar. Bu dövrdə şəhərdə qazanılan hər bir sosial-iqtisadi uğur cənab Prezidentin adı ilə bağlıdır. Xüsusən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla icrası çərçivəsində qarşıya qoyulan vəzifələrin reallaşdırılması Sumqayıt şəhərini də dinamik inkişaf yoluna çıxarıb. Olkənin makroiqtisadi gostəricilərində bu şəhərin xüsusi cəkisi yuksəlib, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, istehsal və emal muəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması istiqamətində uğurlu nəticələr qazanılıb.

Digər tərəfdən, Sumqayıt müəyyən dövrdə itirdiyi sənaye şəhəri adını özünə qaytarır və bu işlərdə inamla irəliləyir. İndi Sumqayıt həm də Azərbaycanın müasir sənaye mərkəzidir. Şəhərin iqtisadi strukturuna kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri daxildir. Şəhərdə mövcud olan ağır sənaye müəssisələrinin əksəriyyəti müasir texnologiya əsasında yenidən qurulub. Sənayenin inkişafı istiqamətində xəyal görünən, dumanlı təsir bağışlayan layihələr məhz Prezident İlham Əliyevin dolğun, aydın, konkret fəaliyyət prioritetləri çərçivəsində - əzmlə, inadla, fədakarlıqla həyata keçirilir.

Bu günlərdə Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edən Prezident İlham Əliyev deyib: "Ulu Öndərin Sumqayıt şəhərinə də həmişə çox isti münasibəti olmuşdur. Həm sovet vaxtında, həm də müstəqillik dövründə dəfələrlə Sumqayıtda olmuşdur. Mən də bu siyasəti davam etdirirəm. Mənim Sumqayıta bugünkü səfərim 15 il ərzində sayca 24-cü səfərdir. Yəni bu, özlüyündə göstərir ki, Sumqayıta daim diqqət, qayğı göstərilir”.

Bəli, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası nəticəsində sürətlə inkişaf edən Sumqayıt şəhərində qeyri-neft sənayesinin davamlı inkişafının təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. "Azərkimya” İB-nin müəssisələri yenidən qurulmuş, "Azgüntex” Zavodu, "Sağlam qida” Aqrar-Sənaye Kompleksi, kağız və karton emalı kombinatı və yağ istehsalı fabriki, "Gilan” Tekstil Parkı, Mis Emalı Zavodu, uniformalar istehsalı fabriki, beton boru və beton döşəmə daşı istehsalı müəssisələri yaradılmış, Kimya Sənaye Parkında polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsalı zavodu, "STP” MMC-nin müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış zavodları, İnşaat Kimyəviləri Zavodu, Bakı Əlvan Metallar və Ferroərintilər Zavodu, tütün məmulatları istehsalı fabriki, pestisid və aqrokimyəvi məhsullar, azot gübrəsi istehsalı, xortum və fitinq birləşmələri, sürtkü yağları, polipropilen və yüksək sıxlıqlı polietilen, elektron təhsil avadanlıqları, şüşə və saxsı məmulatları istehsalı müəssisələri, Məlumatların Emalı Mərkəzi istifadəyə verilib, 84 mindən çox yeni iş yeri açılıb. Yeni istehsal sahəsinin yaradılması nəticəsində ümumi daxili məhsul istehsalının həcmi 2,5 dəfə, sənaye məhsulu istehsalı isə 3 dəfə artıb.

Eyni zamanda, şəhərdə Olimpiya və Paralimpiya İdman kompleksləri, Bayraq Muzeyi, Gənclər Mərkəzi, Şahmat məktəbi, Uşaq İncəsənət Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 240 mənzilli 5 yaşayış binası inşa edilib, Şəhər Mərkəzi Xəstəxanasının, "Kimyaçılar” Mədəniyyət Sarayının, Sumqayıt Dövlət Dram Teatrının, Tarix Muzeyinin, 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin, 3 nömrəli Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin binaları əsaslı təmir olunub, "ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb, yeni Dənizkənarı Bulvar-Kompleksi salınıb, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb.

Cənab Prezidentin şəhərə son səfəri əlamətdar və yaddaqalan oldu. Dövlət başçısının iştirakı ilə bu dəfə Muğam Mərkəzi və "Nizami” kinoteatrının yeni binası istifadəyə verildi. Sumqayıtın 70 illik yubileyi günlərində dövlət başçısı tərəfindən 9 sərəncam imzalandı. Bütün bunlar Azərbaycan Prezidentinin Sumqayıta olan diqqət və qayğısı kimi tarixə düşdü.

Sumqayıtın timsalında bir daha göründü ki, Azərbaycanın şəhər və rayonları davamlı inkişaf yolundadır. Qazanılan uğurlarda Azərbaycanın hər bir iqtisadi zonasının, hər bir bölgəsinin böyük rolu var.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video