14:18 03 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qurtuluşdan başlanan böyük tərəqqi yolu

ANA SƏHİFƏ / SİYASƏT
01:10 15.06.2021

 

Düz 28 il öncə Azərbaycan xalqının taleyinə yeni bir tarix yazıldı və bu gün fəxarət hissi ilə həmin günü xatırlayırıq - Milli Qurtuluş Gününü.

Təqvimin bu günü qaranlıq və ümidsizliyə, səfalət və fəlakətə sürüklənmiş Azərbaycanın nicat günüdür, işıqlı sabaha doğru addımladığı tarixin başlanğıcıdır.

Ölkəmizin və xalqımızın tarixində əvəzsiz xidmətləri olan, şərəfli və mənalı ömrünü xalqının nicatına, milli dövlətçiliyinin dirçəlməsinə həsr edən Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının başlandığı Qurtuluş Günü ilə bağlı birmənalı fikir söylənilir. Müasir Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq dövlət kimi formalaşması Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının nəticəsi, uzaqgörən siyasi fəaliyyətinin bəhrəsidir.

 

Qurtuluş günü yeni ideologiyanın əsasının qoyulduğu tarixdir

 

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev deyir ki, 1993-cü ilin 15 iyununda Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, bu gün müstəqil, qüdrətli, sürətlə və davamlı inkişaf edən, yeniləşən, demokratiya yolunda inamla irəliləyən, şanlı zəfərlər qazanan Azərbaycan dövləti bəlkə də yox idi. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunun əsası qoyuldu və nəticədə, qurtuluş savaşında tənəzzüldən tərəqqiyə doğru dönüş başlandı. Ulu Öndərin qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu: “Bu gün Azərbaycan dövləti tarixinin ən qüdrətli dövrünü yaşayır və bu uğur 28 il əvvəl təməli qoyulan ideologiyanın bəhrəsidir. 1993-cü il iyunun 15-dən başlanan tərəqqi yolu tariximizə qızıl hərflərlə yazılıb. Amma əldə edilən nailiyyətlər o qədər də asan başa gəlməyib”.

Bəxtiyar Əliyevin sözlərinə görə, 1991-ci ildə Azərbaycan müstəqilliyinə qovuşsa da, özünü müstəqil elan etsə də, sözün həqiqi mənasında, müstəqil dövlət hesab etmək mümkün deyildi. Çünki müstəqil dövlətlərə xas olan əlamətlərin heç biri Azərbaycanda yox idi və bunun nəticəsi kimi cəmi üç il sonra - 1993-cü ildə ölkə tarixinin ən ağır günlərini yaşamağa bağladı. Dövlət ağır, çətin sınaq qarşısında idi və o dövrdəki hakimiyyətin yarıtmaz fəaliyyəti nəticəsində vəziyyət daha da dramatikləşdi: “Bir tərəfdən, torpaqlarımız işğal edilirdi, digər tərəfdən, on minlərlə soydaşımız köçkün həyatı yaşamağa məcbur qalırdı. Bu azmış kimi ölkədə vətəndaş müharibəsinə də rəvac verildi. Döyüş bölgələrindəki hərbi birləşmələr çıxarılaraq Bakı və Gəncə arasında üz-üzə gətirilib toqquşmalara sövq edilirdi. Bu da Azərbaycanın dövlət kimi taleyini sual altında qoyurdu. Məhz belə bir məqamda xalqın çağırışı ilə Bakıya gələn Ümummilli Lider Heydər Əliyev, ilk növbədə, hadisələrə obyektiv qiymət verdi, vəziyyətdən çıxış yollarını göstərdi və sonra qanlı hadisələrin qarşısını almaq üçün Gəncəyə getdi, qardaş qırğınının qarşısını aldı”.

Komitə sədri deyir ki, hələ 1991-ci ilin yayında dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sessiyasında çıxış edərək Qarabağın başı üzərindəki qara buludların hansı ağır nəticələrə səbəb ola biləcəyi haqqında mesaj verib və problemin qarşısının alınması istiqaməti ilə bağlı təkliflərini səsləndirmişdi. Çox təəssüflər olsun ki, həmin dövrdə Ayaz Mütəllibovun rəhbərlik etdiyi və AXC rəhbərliyinin dəstəklədiyi bir komanda Heydər Əliyevin bu çağırışına nəinki səs verdi, hətta ona qarşı qarayaxma kampaniyasına başladılar. Bunun nəticəsi isə çox ağır oldu,  Azərbaycan xalqı ağır məşəqqətlər yaşadı. Milli birliyə və müstəqilliyə xəyanət edildi.

 

Nicata aparan yol

 

“Bu tarixi həqiqətləri Azərbaycan xalqı yaşadı və bütün proseslərə şahidlik etdi. Çünki həmin zaman hakimiyyət dairəsində vəziyyətdən çıxış yolunu göstərə biləcək, ağır yükü çiyinlərinə götürəcək nə siyasi qüvvə, nə də siyasi lider var idi. Nicat, qurtuluş yolu yalnız Heydər Əliyevin uzaqgörən siyasətindən keçirdi”.

Bəxtiyar Əliyevin fikrincə, həmin dövrdə Azərbaycan getdikcə daha böyük təhlükəyə doğru yuvarlanırdı. O zaman ölkənin müstəqilliyinin  əleyhinə olan bəzi xarici dairələrin ölkə daxilində dəstək verdiyi qüvvələr də hərəkətə keçmişdi. Ölkəmizin cənub bölgəsində separatçı Əlikram Hümbətovun yaratdığı qondarma qurum, şimal bölgəsinə yeridilən separatçı dəstələr dövlətçiliyimizin əsasını sarsıtmağa cəhd edirdilər. Bütün bunlar Azərbaycanı parçalamağa yönəlmişdi və bütövlükdə müstəqil dövlət kimi mövcudluğunu sual altına qoyurdu: “Lakin xalq Ulu Öndərin ətrafında sıx birləşməklə öz gələcək taleyini həll etdi. Ümummilli Lider Heydər Əliyev həyatı üçün real təhlükələrə baxmayaraq, xalqın çağırışına səs verərək Bakıya gəldi və daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addımlar atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi və böyük risklərə baxmayaraq, dövlətin və xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü”.

Komitə sədri deyir ki, məhz bu dövrdən sonra Ulu Öndər ciddi şəkildə dövlət quruculuğu işlərinə başlamaqla yanaşı, eyni zamanda Ermənistanın Azərbaycana qarşı hücumlarının qarşısını aldı. Qısa müddətdə çevik ordu birləşmələri yaradıldı, əks-hücumlara başlanıldı. İtirilmiş yaşayış məntəqələrinin bir qismi geri alındı, amma daha böyük təhdidlər olduğuna görə müvəqqəti atəşkəs elan edildi. Çünki həm də dövlətin büdcəsində müharibə aparmaq, əhalinin normal həyat fəaliyyətini təmin etmək üçün vəsait yox idi. İnsanlar gecədən səhərə qədər çörək növbəsinə dayanırdılar, bəzən çörək çatmadığı üçün bir çoxları da evə əliboş qayıdırdılar. Arzular puç olur, ümidlər qırılırdı. Hər şey dağıdılmış və ya talan edilmişdi. Biz bunu heç vaxt unutmamalıyıq, ona görə ki, bir daha belə dövrə qayıtmayaq, vicdanlarını və ləyaqətlərini itirənlərə bel bağlamayaq. Çünki o qəbildən olan səslər ara-sıra bu gün yenidən eşidilir.

Digər tərəfdən, həmin dövrdə hakimiyyətdə olanlar vəzifələrini dondurmaqla dövlətin fəaliyyətini iflic vəziyyətinə salmaq yolunu tutmuşdular. Bu, məsuliyyət hissini itirən məmurların dövlətə və xalqa qarşı xəyanəti idi. Ona görə də Azərbaycan bu vəziyyətdən qurtulmaq üçün zaman qazanmalı idi və belə də oldu.

Ümummilli Lider Heydər Əliyev bütün istiqamətlər üzrə inkişaf konsepsiyasını müəyyən edərək Azərbaycanın xarici əlaqələrini gücləndirməyə başladı. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmaqla möhkəm dövlətçiliyin əsası qoyuldu. Ölkədə sabitlik yaradıldı, xarici şirkətlər Azərbaycana investisiya yatırmağa başladılar: “Heydər Əliyev uzaqgörənliyi 1993-cü ildə məhv olmaq təhlükəsi ilə üzləşən Azərbaycanın anarxiyadan 1995-ci ildə sabit, güclü dövlət quruculuğu prosesinə keçidini tam təmin etdi. 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi yaddaşlarda və tarixdə qaldı. Müstəqil Azərbaycan Respublikasının yeni tarixi yazıldı. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, dünya birliyində yüksək yer tutan ölkəmiz nəinki beynəlxalq təşkilatlara üzv oldu, həm də həmin təşkilatlarda söz sahibi oldu”.

 

Heydər Əliyevin görmək istədiyi Azərbaycan

 

Bu gün Azərbaycan tarixinin intibah dövrünü yaşayır və əminliklə deyə bilərik ki, bu uğurların əsası 28 il öncə qoyulub. Bəxtiyar Əliyev hesab edir ki, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf konsepsiyasını uğurla reallaşdıran Prezident İlham Əliyev ölkəmizi məhz Heydər Əliyevin görmək istədiyi Azərbaycana çevirib.

Bu gün Azərbaycanın qətiyyətli və tam müstəqil siyasət yürüdən güclü siyasi lideri, möhkəm iqtisadiyyatı, qüdrətli ordusu var. 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəmiz isə bunu bir daha təsdiqlədi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman, igid əsgər və zabitlərimiz Qarabağı erməni-faşist işğalçılarından  azad etdi. Bu, həm də təməli 1993-cü ildə Ulu Öndər tərəfindən qoyulmuş  Azərbaycan Silahlı Qüvvələrinin gücünün, qüdrətinin göstəricisi oldu: “Bu gün biz Ulu Öndər Heydər Əliyevin müstəqil, güclü Azərbaycan üçün işləyib hazırladığı və həyata keçirdiyi siyasətin təntənəsinin şahidiyik və bu uğurlar Vətən müharibəsindəki şanlı Qələbəmizdə  də bir daha özünü göstərdi. Bu siyasəti uğurla davam etdirən və ölkənin keyfiyyətcə yeni inkişaf mərhələsinə keçidini təmin edən müasir milli dövlət quruculuğu modelinin müəllifi cənab İlham Əliyev Azərbaycan Respublikasını dünyanın ən qüdrətli dövlətləri ilə bir sırada dayanan dövlətə çevirib. Bu gün Azərbaycan inkişaf etmiş böyük güclərlə birgə müştərək beynəlxalq layihələr həyata keçirir, BMT-dən sonra dünyada ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına rəhbərlik edir. Azərbaycan müstəqil siyasət aparan az sayda dövlətlərdən biridir. Əminliklə deyə bilərik ki, Azərbaycanın ən yeni tarixini yazan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövləti daha da sürətlə inkişaf edəcək, hər bir vətəndaşın rahat, təhlükəsiz, firavan və xoşbəxt həyatını təmin edəcəkdir”.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM