12 May 2020 15:14
38715
CƏMİYYƏT
A- A+

Qulançar nədir və niyə baha satılır


Min bir dərdin dərmanı, dadlı və vitaminli təbii qida kimi istifadə edilən bitkilərə maraq artmaqdadır. Əsasən də gözəl dadı ilə seçilən "qulançar” ("mərəçüyüd” də deyilir) qida rasionunda geniş yer tutur. Tovuzun dağətəyi ərazilərindən əllə toplanan qulançar zülalla ən çox zəngin olan tərəvəz bitkilərindəndir.

AZƏRTAC xəbər verir ki, qulançar azyayılmış, qiymətli və çoxillik bitkidir. Tərkibində ən çox zülal olan tərəvəzlərdən sayılır. Qərb bölgəsində indi qulançar yığımının vaxtıdır. Məhsul əllə yığılır və 200-250 qramlıq dəstələrə bağlanıb satılır. Əhalinin bu bitkiyə tələbatı çox olduğundan qiyməti də bahadır.

Rayon sakini Adil Hüseynov hər il yaz ayılarında bu bitkini yığıb həm mətbəxdə istifadə edir, həm də sataraq ailəsinin maddi ehtiyacını ödəyir. "Yabanı halda bitən qulançarı aprel-may aylarında toplayıram. Kənardan yığılması asan gəlsə də min bir əziyyətlə yığılır. Çünki tikanlı kolların dibində olur, yığmaq elə də asan deyil”, – deyə A.Hüseynov bildirir.

Onun sözlərinə görə, dadlı və ləziz qulançar müalicəvi xüsusiyyətə malikdir, tərkibində bir çox vitaminlər var. Tovuzda əsasən yağda qızardılır və üzərinə yumurta əlavə olunur. Buna "qulançar çığırtması” deyilir. Zövqə görə ədviyyatlar da qatılır. Eyni zamanda, soğandan da istifadə etməklə, qovurma kimi bişirmək olur.

Kolların arasından əllə əziyyətlə yığıldığına görə qiyməti də bahadır. Bir dəstəsi təxminən 2-3 manat olan qulançarın kiloqramı 12-14 manatdan çox edir. Beləliklə, 1 kiloqram qulançar ət qiymətinə, bəzən isə ondan da baha satılır.

Hazırda qərb bölgəsinin bazarlarındakı piştaxtalarda qulançara rast gəlmək mümkündür.

Qeyd edək ki, bu bitkinin bir neçə növü var. Azərbaycanda Gəncə-Qazax bölgəsində və Abşeronda xalq arasında qulançar, Qarabağda, Naxçıvanda mərəçüyüd, mərəçöyüd, mərəvçə və s. adlandırırlar. Qulançar hələ 4000 il bundan əvvəl qədim Misirdə, daha sonra isə qədim Romada məlum idi.

Vaxtilə AMEA-nın Botanika İnstitutunun və Mərkəzi Nəbatat Bağının əməkdaşlarının apardığı tədqiqatlar əsasında bu bitkidən karotinoid maddəsi alınıb. Tədqiqat işi nəticəsində onun tərkibində insan orqanizmi üçün daha çox xeyirli olan bir çox maddələr, o cümlədən karotinoid aşkarlanıb. Bu, bir çox bitkilərdən alınan karotinoidin miqdarından qat-qat çoxdur.

Karotinoid yüksək bioloji fəallığa (A vitaminin aktivliyinə) malik maddədir. O, orqanizmdə gedən maddələr mübadiləsində mühüm rol oynayır. Onun insan orqanizmində çatışmaması böyümə və inkişafın ləngiməsinə, gözün görmə qabiliyyətinin azalmasına, müxtəlif xəstəliklərə, xüsusən yoluxucu xəstəliklərə qarşı müqavimətin zəifləməsinə, mədə-bağırsaq sisteminin selikli qişasının aşınmasına və s. səbəb olur. Karotinoidlər müxtəlif mənşəli xərçəng xəstəliklərinin müalicəsində və profilaktikasında geniş tətbiq edilir. Həmçinin orqanizmin qocalmasının qarşısını alır. Eyni zamanda, yeyinti, kosmetika və başqa sənaye sahələrində, yüksək bioloji fəallığa malik məhsulların hazırlamasında, onların saxlanma müddətinin artırılmasında, xarici görkəmlərinin yaxşılaşdırılmasında geniş istifadə edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video